Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-515/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Zənglian şəhərində anadan olmuş, ali təhsilli, evli, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi,Bəşir Bünyadov küçəsi ev 17, mənzil 7-də qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə ev 5 mənzil 33-də, yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti Xırdalan məscidi yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd bükümdə çəkisi 0,498 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 25 oktyabr 2024-cü il tarixdə saat 20:57-də Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti Xırdalan məscidi yaxınlığında saxlanılıb, orada video çəkilişlə üzəri yoxlanılan zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə çəkisi 0,498 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, əvvəllər marixuanadan istifadə etmişdir, məhlədə olduğu vaxt ona yaxınlaşıb polis əməkdaşları idarəyə aparmışlar, narkotik vasitəni üstünə qoyublar, istintaqda özünü təqsirli bilməsi belə olmuşdur ki, daha çox miqdar narkotik vasitə ilə məsuliyyətə cəlb edilmədən qorxduğu ilə əlaqədardır.Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatında göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Xırdalan məscidinin yaxınlığında piyada gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərinə videoçəkilişlə baxış keçirmiş, həmin zaman üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, həmin zaman o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən şəxsi istifadəsi üçün saxladığı 1(bir) ədəd şəffaf rəngli sellofana bülükmüş narkotik vasitə olan heroini təqdim etmiş, həmin narkotik vasitə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunub, polis əməkdaşı tərəfindən götürülmüş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, həmin narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda tanımadığı şəxsdən almış, cibinə qoymaqda məqsədi öz şəxsi istifadəsi üçün üzərində gəzdirmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, “Rahid” adlı şəxs Xirdalan şəhəri, H.Əliyev prospekti, Xırdalan məscidinin yaxınlığında narkotik maddələrdən istifadə edir və satışı ilə məşğul olur, daxil olmuş əməliyyat məlumatı bölmənin rəhbərliyinə raportla məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və “Rahid” adlı şəxsin cinayət əməlini ifşa etmək məqsədi ilə üç nəfər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra xx.xx.2024-cü il tarxidə saat 20:57 radələrində Abşeron rayonu Xırdalan şəhəri, kənd Xırdalan Məscidinin yaxınlığında bir nəfər xarici görünüşcə “Rahid” adlı şəxsə oxşar şəxsin hərəkət etidyini görüb, həmin şəxsə yaxınlaşmış, həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, həmin şəxsin də özünü təqdim etməyi xahiş etmiş, bundan sonra həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra həmin şəxsin üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığı soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin (kakos) olduğunu bildirmiş, həmin narkotik vasitəni özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitəni Yasamal rayon ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə edib, üzərində saxladığını, belində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə etidiyini bildirmiş, daha sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı ondan hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş büküm zərfə qoyularaq, qablaşıdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunub, möhürlənmiş, həmin büküm isə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadələrində Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Təqdim olunan əşyaya baxış və götürmə keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibində 01 ədəd şəffaf bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş üzrə 25 oktyabr 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertiasının təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/5017 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56 dairəvi möhür əks olan “Təqsirləndirilən şəxs” sözləri yazılan, soy adlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,498 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə 27 oktyabr 2024-cü il tarixdə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxş tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 7247 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,498 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,448 qram narkotik vasitə olan heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş 02 ədəd DVD istintaq materiallarına əlavə edilmişdir. Hər bir DVD diskdə 1 ədəd qovluq vardır. xx.xx.2024-cü il il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti Xırdalan məscidi yaxınlığında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü DVD diskdə olan 05 dəqiqə 08 saniyəlik video görüntü saat 20:57-dən 23:03dək olan müddət ərzində olan anı fiksə etmişdir. Qeyd olunan qovluqdakı görüntüyə məhkəmədə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti Xırdalan məscidi yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd bükümdə şəffaf selofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,498 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 25 oktyabr 2024-cü il tarixdə saat 20:57-də Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti Xırdalan məscidi yaxınlığında saxlanılmaqla orada video çəkilişlə üzərinə keçrilən baxış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə şəffaf selofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,498 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşya və predmetlərə baxış keçirilməsi prosesinin köçürüldüyü 07 dəqiqə 06 saniyəlik video görüntü xx.xx.2024-cü il tarixdə saat 22:50-dan 23:50-dək olan müddət ərzində olan anı fiksə etmişdir. Qeyd olunan qovluqdakı görüntüyə məhkəmədə baxış zamanı müəyyən olundu ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Fərman Rəhimov tərəfindən idarənin CAŞ-nin əməkdaşları tərəfindən təqdim edilmiş 01 ədəd ağ rəngli kağız zərfə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı Fərman Rəhimov kağız zərfi açaraq içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə kütləyə iştirakçılarla birlikdə baxış keçirib həmin kütlənin qəhvəyi rəngli, heroinə bənzər kütlə olmasını müəyyən edir, yenidən həmin kütləni, başqa zərfə qoyaraq qablaşdırıb, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürür. Bunula da videoçəkiliş sonlandırılır. Həmin 2 (iki) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Onun elan edilmiş ittiahamda özünü təqsirli bilməməsi iş materialları ilə təkzib olunduğundan məhkəmə bunu özünü müdafiə kimi qiymətləndirir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə Zaqatala rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318.2, 67.1, 71.5-ci maddələri ilə təqsirli bilinərək 03 il, 06 ay müddətinə azadlıqdan məhrum edilmiş,CM-nin 71.5 və 67.1 –ci maddələrinə əsasən barəsində Bakı ACM-nin 19 fevral 2010-cu il tarixli hökmü ilə təqsirli bilindiyi CM-nin 177.2.2 və 177.2.4 maddələri həmin Məcəllənin 177.2.2 maddəsinə tövsif edilmiş və CM-nin 66.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasıdəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı Şəhər Nizami rayon Məhkəməsinin 7(007)-1308/2018 saylı, 15 avqust 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Zaqatala rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 71.5 və 67.1-ci maddələri xaric edilmişdir. 26 yanvar 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2021 təvəllüdlü İbrahim və 2022-ci il təvəllüdlü Aqşin adlı azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlnılmalı və cəzasının əvvəli hökmün çıxarıldığı gündən hesablanmalıdır. Məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə saat 21:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27 oktyabr 2024-cü il tarixdə isə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi qalıq çəkisi 0,448 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cəmi 30 (otuz) saat hüquqi yardıma görə ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra qalıq qalan 0,448 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-515/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-515/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver