Məhkəmə qərarları › İş №1(012)-516/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-516/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-516/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürsunun vəkili X2 iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində yaşadıqları Abşeron rayonu, Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi 19 nömrəli evdə oğlu Zərərçəkmiş şəxs ilə sonuncunun evin qapısını kilidləməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə və baş nahiyəsinə yumruq, təpik və dabankeşlə qəsdən vuraraq ona ənsə nahiyəsinin və alın nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, 2 övladı vardır. Onlardan böyük olanı Zərərçəkmiş şəxsdur. Təxminən 2017-ci ildə Məsud ailə həyatı qurmuşdur. Həmin vaxt o, həyat yoldaşı, Məsud və ailəsi birlikdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi Gündüz Abdullayev küçəsi ev 19-da birlikdə yaşamışlar. Məsudun 2 övladı olmuşdur. Onunla münasibətləri ata oğul münasibəti kimi yaxşı olmuşdur. Son iki ildir ki, Məsud ona qarşı dəyişmişdir. Belə ki, Məsud onu 2 ildir ki, danışdırmır. Ona heç vaxt əl qaldırmamışdır. xx.xx.2024-cü il tarixdə gündüz vaxtı həyat yoldaşı və o həyətdə oturan zaman Məsud evin qapısını kilidləmişdir. Qapını döyərək Məsudun qapını açmasını istəmişdir. Lakin Məsud buna əhəmiyyət verməmişdir. Təkrarən qapını möhkəm döyərək, onun qapını açmasını istəmişdir. Həmin vaxt Məsud əsəbi halda qapını açaraq onu nalayiq küçə ifadələri ilə söymüşdür. Əsəbləşdiyindən qapının yanında olan dabankeşlə onun çiyin nahiyəsinə vurmaq istəyən zaman, Məsud kənara çəkildiyindən dabankeş onun baş nahiyəsinə dəymiş və onun baş nahiyəsindən qan gəlmişdir. Bundan sonra o xəstəxanaya getmişdir. Sonradan etdiyi əmələ görə peşman olmuşdur. Məsud onu söydüyü üçün özünü cilovlaya bilməyib, ona xəsarət yetirmişdir. Həmin vaxt həyat yoldaşı Şahid həyətdə olmuşdur. Məsudun azyaşlı övladları da, evin ikinci mərtəbəsində olmuşlar. Hadisə ona pis təsir etdiyindən həmin dabankeşi, sonradan evin yaxınlığında olan zibil yeşiyinə atmışdır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Cinayət işinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunmağı barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. O sabiq polis əməkdaşı olmuşdur. 2015-ci il tarixdə ailə həyatı qurmuşdur. Həmin vaxtdan bəri atası Söhbət və anası Fəridə ilə birlikdə onlara məxsus evdə yaşamışlar. Özünü tanıdığı vaxtdan bəri, atası və anasıyla soyuq münasibətdə olmuşdur. Onlarla birlikdə yaşasa da, onlarla çox ünsiyyətdə olmamışdır. Lakin onlarla dalaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində evdə hamamda çimən zaman, atası Söhbətin evin qapısını təpik və yumruqla qırmaq istəməsini eşitmişdir. Həmin vaxt qapını açıb çıxan zaman atası köynəyindən tutub onu evin həyətinə çəkmişdir. Həmin vaxt atası onu qapını açmadığına görə təhqir edərək, təpik və yumruqla onun bədəninin müxtəlif nahiyələrinə, daha sonra dabankeşlə də baş nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra onun başından qan açılmış və onun əlindən çıxıb bu barədə DİN- nin 102 xidmətinə müraciət etmişdir. Daha sonra polis əməkdaşları oraya gəlmişlər və o həmin evdən çıxmışdır. Həmin vaxt orada azyaşlı övladları, anası və atası olmuşdur. Mübahisə 10-15 dəqiqə davam etmişdir. Mübahisənin baş vermə səbəbi onun qapısını kilidləməyinə görə olmuşdur. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "MTE və PA ETT Birliyi" X8 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2266 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – ənsə nahiyəsinin və alın nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən metal parçası və eləcə də kənar şəxsin bədən hissəsinin təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. İş üzrə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Odur ki, o, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs atasıdır, onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, o, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zaman 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürsunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürsunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar