Məhkəmə qərarları › İş №1(012)-517/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-517/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-517/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci ildə Laçın rayonu Tərxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Laçın rayonu Tərxanlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində saxlaması üçün həmin həyətdə yığdığı əşyalarını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən vurub sağ əlinin 5-ci barmağını sıxıb itələyərək ona sağ əlinin 5-ci barmağının qançırı və şişkinliyi ilə müayiət olunan orta falanqasının qopma xarakterli natamam sınığı kimi xəsarətlər yetirərək, sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, fərdi əməklə yəni, taksi kimi fəaliyyət göstərir, həmdəki, təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs 7 ildir tanıyır. Onun qızı Şahid3 ilə qeyri-rəsmi olaraq bir yerdə yaşamışlar. Birgə heyvan saxlamışlar. Həmçinin yay mövsümündə heyvanları Şamaxı rayonundakı yaylağa aparmışlar. 1 il əvvəl o, Xəyaləni başqa şəxslə münasibətdə olduğunu aşkar etmiş, buna görə onunla ayrılmışdır. Həmin vaxtdan sonra özünə məxsus heyvanları onların təsərrüfatından ayırıb satmışdır. Onlarla birgə yaşadığı dövrdə Xəyalə ilə ona məxsus Mehdiabad qəsəbəsində yerləşən evində yaşamışlar. Onunla yaşadıqları müddətdə şəxsi işi üçün ondan borc almışdır. Həmin pulu ona vermədiyi üçün evini satmış və əşyalarını Xəyaləyə məxsus Masazır kəndində Duz gölünün yanındakı fermanın həyətinə yığmışdır. Həmin əşyalar soyuducu, televizor, DVD aparatı, plasmas çən 2 ədəd, 10 ədəd dəmir çənlər, 1 maşın isə taxta materiallardan ibarət olmuşdur. Həmin əşyaları Xəyalənin evindən götürmək üçün Saray polis bölməsinə müraciət etmişdir ki, əşyaları götürməyə gedərkən orada ona qarşı qanunsuz hərəkətlərə yol verilməsin. Səhə müvəkkili və bir nəfər digər polis əməkdaşı ilə 27 may 2022-ci il tarixdə saat 16 radələrində Xəyalənin evinə gedib əşyalarını tələb etmişdir. Həmin vaxt Xəyalənin anası Saçlı və Xəyalə bildirmişdirlər ki, onun onların həyətində heç bir əşyasıyoxdur. Onlar hasarın çöl tərəfində olan ona məxsus taxta materiallarını göstərib başqa hər hansı bir əşya olmadığını bildirmişdirlər. O, isə polis əməkdaşlarına onların yalan danışdığını bildirəndə Saçlı onun ünvanına söyüş söyərək əlindəki lapatka sapı ilə onun böyrək nahiyəsinə 3 dəfə zərbə vurub həyətdən çıxmağını tələb etmişdir. O, isə onun hərəkətlərinə görə əsəbləşib demişdir ki, qoy vursun. Buna görə həyətdən çıxmış və polisin yanında Saçlı biədəb söyüş işlətmişdir. Onlar isə mübahisə olmasın deyə oradan getmişdirlər. Zərərçəkmiş şəxs qərəzli olaraq onun barəsində şikayət etdiyini, Saçlının barmağına xəsarəti o, yetirmədiyini onu döymədiyini onun özü yıxılaraq xəsarət aldığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildirki, qızı Xəyalə ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən 5 ildirki, Şamaxı rayonu ərazisində ondan bal alan zaman tanımışdır, ancaq, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Sonradan Eldənzilə münasibətləri yarandığı üçün onun heyvanlarına çobanlıqda etmişdir o, bunun müqabilində ona aylıq 800 manat pul vermişdir. Eldəniz onun fermasında 4 ay işləmişdir. Onun ferması Abşeron rayonu Masazır qəsəbəsi Duz gölünün yaxınlığında yerləşir. Eldəniz onun fermasında işlədiyi müddətdə onun qızı Xəyalə ilə ailə qurmaq təklifini etmişdi lakin, buna qızı və eləcədə özü razı olmadığı üçün bu baş tutmmışadır. Bundan sonra Eldəniz onlardan küskün kimi fermadan çıxıb getmiş, harda qaldığını bilməmişdir. O, isə başqa çoban tapıb gətirib ki, fermasında işləsin. Həmin çobanda fermamda 3 ay işləyib sonra çıxıb getmişdir. Eldəniz isə getdi fikirləşdiki, bəlkə ondan xahiş edib onu geri qaytarar. Lakin, o onu geri qaytarmamış, o, özü fermaya gəlib gedirmiş. Bundan sonrada o heyvanlarımı satıb fermamı ləğv etmişdir. Buna baxmayaraq Eldəniz onun evinə ara sıra gəlib gedirmiş. Həmin vaxtı gəlib onunla hal əhval sorub gedirmiş. Eldəniz onun fermasında yaşadığı müddətdə özünə aid bəzi əşyaları gətirib fermaya yığmışdır. O, fermadan çıxıb getdikdən sonra o, ona zəng vurub demişdir ki, gəlsin özünə aid əşyalarını yığıb aparsın. O, da gəlib öz elektrik əşyalarını özünə məxsus qara rəngli Opel Zafira markalı avtomobili ilə yığıb aparmışdır. Taxta dəmir və boçkalarını isə özü onların həyətindən çıxardıb çöldən qonşunun setkasının kənarına yığıb getmişdir. Həmin əşyalar hələdə həmin yerdə qalır. Eyni zamanda Eldənizin sələmə pul veridiyinidə göstərmişdir. Onun fermasında işlədiyi müddətdə o, Eldənizdən 1500 manat sələmə pul aldım. Həmin pulu 1 ilə qaytarıb verdim lakin, sələmini verə bilməmişdir. Eldəniz fermadan çıxdıqdan sonra onun telefonuma zəng vurub onadediki, ondan sələmə götürdüyüm 1500 manat pulumun faiz pulunu istədi məndə ona demişdirki, hazırda pulu yoxdu olanda verəcək bundan sonra əgər belədirsə mənimdə səndə olan pullarımı sən gətir mənə qaytar sonra hesablaşaq. Yəni o, da öz heyvanlarını Eldənizə vermişdirki, kəssin satıb pulunu versin ona o, heyvanın ətini guya nisyə paylayıb pulunu yığa bilmir, fermada saxladığı arını yeşik qarışıq ona vermişdiki, satsın oda guya nisyə satıb pulunu ala bilmədiyi üçün pulunu ona verməmişdir. O, Eldənizi təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində fermamdan çıxartmış 6 ay sonra Eldəniz gedib Saray PB-nə onun barəsində şikayət etmişdir ki, guya onun əşyaları onun fermasında qalıb. Elə həmin günü yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində evində olan zaman görmüşdür ki, Eldəniz 2 nəfər tanımadığı polislə onların həyətinə gəlib guya onda qalmış ona məxsus əşyaları aparmaq istəyir. Həmin vaxtı o, tanımadığı polislərə onun onda əşyalarının olmadığını demiş, polislərdə çölə çıxıb onun qonşularının hasarının kənarına yığdığıı əşyalarına baxan zaman Eldəniz öz həyətində təklikdə onunla sözlə mübahisə edib onu və övladlarını hədələməyə başlamışdır. Həmin vaxtı o, demişdirki, guya onun oğlunu və qızını tutduracaq. Onunlada isə özünün tək bə tək söhbət edəcəyini və onun ayağına gedib ona yalvaracağını demişdir. O, əlini ona tərəf uzadıb ona demişdirki, sənə ayıb olsun sən utanmırsan sənə verdiyim çörəkdən sən indi onun üstünə gəlirsən həmin vaxtı Eldəniz onun sağ əlimin çeçələ barmağını tutub sıxıb onu itələmişdir. O, yerə yıxılmış sonra ayağa qalxıb onun ardınca çölə çıxıb, çöldə yenidən sözə mübahisə etmiş, həmin vaxtı polislər onları sakitləşdirib ona demişdirlərki, həyətinizə gir qapını bağlı Eldənizə isə demişdirlərki, otur maşınına çıx get. Bundan sonra o, həyətinə girmiş, Eldəniz isə maşınını sürüb çıxıb getmişdi. O, evə gəlib görmüşdür ki, sağ əlinin çeçələ barmağı şişib və çox ağrı verir. Qızı Xəyaləyə göstərmiş o, isə demişdirki, həkimə gedək göstərək.O, həmin vaxtı qızı Xəyaləyə xəsarət almağım barədə demişdir. Mübahisə zamanı orada heç kim olmamış çünki, qızı Xəyalə polislərlə Eldənizin qonşularının hasarının çöl tərəfinə yığdığı öz əşyalarını onalara göstərməyə getmişdi həmin vaxtı isə təklikdə Eldənizlə onunla mübahisə edib ona xəsarət yetirmişdir. Mübahisə öz evinin həyətində təxminən 5-6 dəqiqəı davam etmiş, həmin vaxtı orada qızı Xəyalə olmuş lakin, Eldəniz ona xəsarət yetirən zaman onu kimsə görməmişdir. O, isə Eldənizi vurmamış ancaq, əlində lapatka sapı var imiş istəyirmişdir ki, onu vursun lakin, polislər buna imkan verməmişdirlər bunun üçün o, onu vurub döyə bilməmişdir. Eldənizin yalan danışdığını onu döymədiyini və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Polislərlərin imkan vermədiyini o, onu döymək istədiyinidə qeyd etmişdir. Eldənizin isə bədənində olan xəsarətləri harda necə almasından məlumatının olmadığını da qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs nənəsi Zərərçəkmiş şəxs işçisi olmuş və buna görə onlara gəlibgetmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Eldəniz yanında iki nəfər polis əməkdaşları ilə Masazr qəsəbəsinə yaşadıqları evə gəlib onlarda olan əşyalarını götürmək istədiyini bildirmişdir. X5rda əşyları olmadığını bildirmiş, əşyaları Eldənizin özünün küçədə hasarın kənarına yığdığını bildirmişdir. Buna görə Eldənizlə nənəsi Saçlı arasında mübahisə başlamışdır. Anam Xəyalə polis əməkdaşları ilə həyətdən küçəyə çıxıb əşyaları polislərə göstərən zaman Eldəniz nənəsi Saçlının sağ əlini tutub sıxmış və itələmişdir. Bundan sonra nənəsi Saçlı və Eldəniz küçəyə çıxmışlar və polis əməkdaşları Eldənizi sakitləşdirib oradan aparmışlar. O, nənəsi Saçlının Eldənizi vurmadığını, nənəsi Saçlının istəyi ilə nənəsinin yıxılıb sağ əlindən xəsarət almasını qonşuluqda yaşayan Reyhan adlı qadına bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ucar rayonundan Abşeron rayonu, Masazır qəsəbsində yaşayan rəfiqəsi Şahid3 gilə qonaq gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Xəyaləgilin tanışı kimi tanıdığı Eldniz adlı şəxs yanında iki nəfər polis əməkdaşı ilə Xəyaləgilə gəlib Xəyalənin anası Saçlıya əşyalarını verməyini bildirmişdir. Saçlı Eldəniz adlı şəxsə əşyalarının onlarda olmadığını, qalan əşyalarını küçədə hasarın kənarına yığdığını bildirmişdir. Eldənizlə Saçlı arasında mübahisə başlamış və həmin vaxtı Xəyalə iki nəfər polis əməkdaşı ilə küçəyə çıxmışdır. O, da pəncərədən həyət baxmışdır. Xəyaləgil küçəyə çıxdıqdan sonra Eldəniz Saçlınn sağ əlindən tutub itələmişdir. Bundan sonra polis əməkdaşları həyətə daxil olmuşlar və Eldənizi sakitləşdirib oradan aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evində anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 5 ildirki, Şamaxı rayonu ərazisində ondan bal alıb onu tanımışdır. Ancaq, onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Sonradan Eldənzilə münasibətləri yarandığı üçün onların heyvanlarına çobanlıqda etmişdir anası da bunun müqabilində ona aylıq 800 manat pul vermişdir. Eldəniz anasının fermasında 4 ay işləmişdir. Anasının ferması Abşeron rayonu Masazır qəsəbəsi Duz gölünün yaxınlığında yerləşir. Eldəniz onların fermalarında işlədiyi müddətdə onunla ailə qurmaq təklifini etmiş lakin, buna o və eləcədə anası Saçlı razı olmadığı üçün bu baş tutmamışdır. Bundan sonra Eldəniz onlardan küskün kimi fermadan çıxıb getmiş, harda qaldığını bilməmişlər. Onlar isə başqa çoban tapıb gətirib fermalarında işlətmışlər. Həmin çobanda fermamda 3 ay işləmiş, sonra çıxıb getmişdir. Eldəniz isə getmiş, fikirləşmişdirki, bəlkə onlar ondan xahiş edib onu geri qaytararlar. Lakin, anası Saçlı onu geri qaytarmamışdır. O, özü fermaya gəlib gedirmiş. Bundan sonrada onlar heyvanlarını satıb fermanı ləğv etmişlər. Buna baxmayaraq Eldəniz onların evinə tanış kimi anası ilə hal əhval sormaq üçün gəlib gedirmiş. Eldəniz onların fermalarında yaşadığı müddətdə özünə aid bəzi əşyaları gətirib fermaya yığmışdır. O, fermadan çıxıb getdikdən sonra anası ona zəng vurub demişdirki, gəlsin özünə aid əşyalarını yığıb aparsın. O, da gəlib öz elektrik əşyalarını özünə məxsus qara rəngli Opel Zafira markalı avtomobili ilə yığıb aparmışdır. Taxta dəmir və boçkalarını isə özü onların həyətindən çıxardıb çöldə qonşunun setkasının kənarına yığıb getmişdir. Həmin əşyalar hələdə həmin yerdə qalmaqdadır. Eyni zamanda Eldənizin sələmə pulda verdiyini göstərib, onların fermalarında işlədiyi müddətdə anası Eldənizdən 1500 manat sələmə pul da almışdır. Həmin pulu anası Eldənizə 1 ilə qaytarıb vermiş lakin, sələmini verə bilməmişdir. Eldəniz fermadan çıxdıqdan sonra anasının telefonuna zəng vurub ona demişdirki, ondan sələmə götürdüyü 1500 manat pulun faiz pulunu versin, anasıda ona demişdirki, hazırda pulu yoxdu olanda verəcək bundan sonra əgər belədirsə səndə olan pullarını sən gətir özünə qaytar sonra hesablaşaq. Yəni, anası öz heyvanlarını Eldənizə verirmişki, kəssin satıb pulunu versin ona o, isə heyvanın ətini guya nisyə paylayıb pulunu yığa bilmir, fermada saxladıqları arını yeşik qarışıq ona vermişdirki, satsın oda guya nisyə satıb pulunu ala bilmədiyi üçün pulunu anasına verməmişdir. Anası Eldənizi təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində fermadan çıxartmış, 6 ay sonra Eldəniz gedib Saray PB-nə anasının barəsində şikayət etmişdir ki, guya onun əşyaları anasının fermada qalıb. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində evlərində olan zaman görmüşdürlər ki, Eldəniz 2 nəfər tanımadıqları polis əməkdaşları ilə onların həyətinə gəlib guya bizdə qalmış Eldənizə məxsus əşyaları aparmaq istəyirər. Həmin vaxtı anası tanımadıqları polislərə Eldənizin onlarda əşyalarının olmadığını demiş və o, polislərlə çölə çıxıb, onun qonşularının hasarının kənarına yığdığı əşyaları onlara göstərsin, həmin vaxtı isə Eldəniz öz həyətlərində təklikdə anası ilə sözlə mübahisə etmişdir. Anasının düz dediyini həmin tarixdə Eldənizin onların həyətinə polislərlə gəldiyini anası ilə o, təklikdə onların həyətində qalmış, o isə polislərlə çölə çıxıb ki, Eldənizin öz əşyalarını yığdığı yeri onlara göstərim. Onları göstərdikdən sonra həyətə polislərlə birlikdə daxil olmuş, və görmüşdür ki, anası ilə Eldəniz sözlə mübahisə etməkdə davam edirlər polislər isə Eldənizi sakitləşdirib ona demişdirlərki, çıx çölə otur maşınına çıx get, onlara isə demişdirlərki, həyətinizə girin qapını bağlayın. Bundan sonra onlar həyətlərinə girmiş,Eldəniz isə maşınını sürüb çıxıb getmişdir. Onlar evə gəlmiş anası ona demişdirki, sağ əlinin çeçələ barmağı şişib və çox ağrı verir. Anası barmağını ona göstərmiş, o isə demişdirki, həkimə gedək göstərək. Həmin vaxtı o, anasına barmağının harda xəsarət aldığını soruşmuş, o isə demişdirki, həmin xəsarəti siz çölə çıxanda Eldəniz onunla mübahisə edib əli ilə barmağımı sıxmış və nəticədə belə bir xəsarət almışdır. Ancaq, o həmin anı görməmişdir. Bundan sonra öz avtomobili ilə anasını Bakı şəhəri Travmatologiya İnistituna aparmış orada müayinə olunduqdan sonra tibbi yardım göstərilmiş, barmağı gipsə qoyularaq onları evə göndərmişdirlər. Eldənizin yalan danışdığını anası Saçlı və o, onu döymədiklərini bunu orada olan polis əməkdaşları da təsdiq edə bilmələrini qey etmişdir. Bundan başqa Eldənizin yalan danışdığını onun onunla aralarında heç bir əlaqə və münasibətlərinin olmamasını da bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi vəzifəsində xidmət edir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır, onlarla aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində PB-nin inzibati binasında olan zaman əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona şifahi formada müraciət edərək Zərərçəkmiş şəxs ona məxsus soyuducunu vermədiyini, həmin soyuducunu və digər ona məxsus əşyaları ondan alıb ona verilməsində köməklik olunmasını bildirmişdir. Bundan sonra qeyd olunan tarixdə saat təxminən 17 radələrində ona təhkim olunmuş ərazidə yaşayan Zərərçəkmiş şəxs ünvanına həmin ərazinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1la və Təqsirləndirilən şəxslə birlikdə getmişdirlər. Həmin vaxtı onlar həyətin dəmir darvazasınmı döyüb ev sahibini səsləmişlər, həyətə adını sonradan Saçlı olduğunu bildiyi qadın çıxmış ardınca isə onun qızı Xəyalə çıxmışdır. Onlar həmin qadınlardan Eldənizin orada soyuducusunun və başqa ona məxsus əşyasının olub olmasını soruşmuşlar, onlar isə demişdirlərki, burada Eldənizin heç nəyi yoxdur Eldəniz nəyi var idisə hamısını aparıb ona məxsus olan əşyalarını isə qonşularının çəpərlərinin kənarına yığdığını Xəyalə göstərmişdir. Həmin vaxtı orada onlar orada bir biriləri ilə sözlə mübahisə edib və bir birilərini təhqir etmişlər. Onlar isə onları sakitləşdirib Eldənizi də yola salıb çıxıb getmişdirlər. Həmin vaxtı orada onlar bir biriləri ilə mübahisə etmişlər, bir birilərini söyüb təhqir etmişlər, onlar isə soyuducu ilə əlaqədar Zərərçəkmiş şəxs yaşadığı evə onun öz razılığı ilə gedib baxmış lakin, orada soyuducu aşkar etməmişlər. Ancaq, həmin vaxtı onlar bir birilərini təhqir etsələrdə onlar orada bir birilərini döymədiklərinidə qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Saatlı rayonu Sarıcallar kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Qaranuru kəndində oğlu ilə birlikdə yaşayır. Özü fərdi əməklə yəni, kimə lazım olsa həmin şəxsin fermer təssərüfatında işləyir. Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin may ayının əvvələrindən etibarən tanımışdır. 24 mart 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində Saçlı gilin qonşuluğunda Vüsal adlı şəxsə məxsus fermada işləməyə başlamışdır. Elə həmin vaxtdan da X2 tanımış beləki, həmin vaxtdan da o, fermaya yem gətirirdi. O, isə elə bilirmiş ki, Saçlı Eldənizin bibisidır. O, işlədiyi iş yerindən müəyyən səbəblərə görə xx.xx.2022-ci il tarixdə çıxıb öz rayonuna getmişdir. O, Eldəniz ilə Saçlının arasında baş vermiş dava dalaşı görməmiş ancaq, təxminən xx.xx.2022-ci il tarixdə evdə olan zaman Saçlının nəvəsi gəlib ona demişdirki, nənəsi yıxılıb barmağı çıxıb ona kömək edə bilərsənmi o, isə demişdirki, bunu bacarmır. Bundan bir neçə gün sonra Eldəniz fermaya yem gətirmiş, o, isə ondan soruşmuşdur ki, bibinin barmağı necə olub o, isə nə baş verdiyini ondan soruşmuş cavab olaraq ona demişdirki, bəs Saçlının nəvəsi gəlib ona demişdirki, nənəsi yıxılıb barmağı çıxıb ona kömək etmək lazımdır bacmardığım üçün getməmişdir. Ona görə vəziyyətinin nə yerdə olduğunu ondan soruşmuşdur. Eldəniz isə nə vaxt baş verdiyini ondan soruşmuş, o isə təxminənən bir neçə gün əvvəl olduğunu ona demişdir və ona Eldəniz demişdirki, Saçlı onun bibisi deyil o, isə bundan sonra bilmişdir ki, onlar qohum deyillər. Təxminən bir neçə gün sonra Saçlı onun yaşadığı fermaya gəlib demişdirki, Eldəniz onun balaca barmağımı sıxıb sındırıb və demişdirki, sən polislərə demisənki, guya onun barmağı yıxılaraq çıxmışdı, sən niyə elə söz demisən. O, isə bundan sonra ona demişdirki, bilə bilməz ki, sənin barmağın hansı şəraitdə çıxıb yaxud sınıb onu göydəki bilər nəvən gəlib demişdirki, sən yıxılmısan barmağının çıxıb. Bundan sonra Saçlı çıxıb getmişdir. Sonra nə baş verdiyini o bilməfiyini qeyd etmişdir. Eyni zamanda onun həmin şəxslərlə heç bir qohumluluq O, Saçlı gil ilə çəpər qonşusu kimi yaşayırmış, həmin günü fermada yəni həmin evdə olmuş ancaq, heç bir səs küy dava dalaş eştməmiş və görməmişdir. Bu haqqda sonradan ona Eldəniz özü demişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2022-ci il tarixli 1101 saylı rəyindən müəyyən edilir ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin ön səthinin qançırı, sağ əlin 5-ci barmağının qançır və şişkinliklə müşayiət olunan orta falanqasının qopma xarakterli natamam sınığı bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə davadalaş nəticəsində nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2022-ci il tarixli 1131 saylı rəyindən müəyyən edilir ki, 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- qarının sağ yan səthinin 1 ədəd, sağ dirsək nahiyyəsinin 1 ədəd qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində nəticəsində ağac zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Həsənov X4 Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6-cı maddələri ilə təqsili bilinərək, CM-in 62-ci maddəsi tətbiq edilərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsi vurmadığını bildirsə də ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşdirilməsi zamanı zərərçəkmiş şəxs onun dediklərini təkzib edərək, sağ əlinin çeçələ barmağını tutub sıxıb onu itələmiş və o, yerəyıxıldığını təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1101 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsi, həmin xəsarətlərin bərk küt əşya(əşyalar) təsirindən əmələ gəlməsi və davadalaş nəticəsində nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3 maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsnov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar