Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-517/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə, xx.xx.1991-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Tovuz rayonu Çeşməli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Məscidin yanı ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 21:20-də texniki cəhətdən saz vəziyyətdə olan Renault 420 markalı, ** SF *** qeydiyyat nişanlı, Schmitz markalı, ** ZK *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 21,3-cü kilometrliyində, «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir kimi bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, təmirlə əlaqədar bağlı olan Şamaxı istiqamətli yolda hərəkəti istiqamətində 1.23 «Yol işləri» və 3.1 «Giriş qadağandır» yol nişanlarının yanından keçərək rayon istiqamətində hərəkət etmiş, yolun beton sədlə bağlandığını görüb geriyə qayıdaraq Bakı istiqamətində 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 50-60 km/saat sürətlə hərəkətdə olarkən qarşıda yolun solundan «Alyans» şadlıq sarayının meydançasının kənarından sağa doğru keçən piyada X7 avtomobilin kabinasının ön sol tərəfi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Vüsal Əsgərova başın ənsə nahiyəsinin dərialtı hematoması, həmin nahiyədə başın yumşaq örtüyü altına qansızma, kəllə tağı sümüklərinin kəllə əsasına keçən sınıqları, baş beyinin sərt və yumşaq qişaları altına, beyin toxumasına qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək xx.xx.2024-cü il tarixdə saat 21:40-da X11 ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, texniki cəhətdən saz vəziyyətdə olan Renault markalı, ** SF *** dövlət qeydiyyat nişanlı, ** ZK *** dövlət qeydiyyat nişanı olan qoşqulu avtomobillə yük daşımaqla məşğul olur. 07 oktyabr 2024-cü il tarixdə saat 21:20-də həmin avtomobillə Şamaxı istiqamətli yolda hərəkətdə olarkən Bakı-Şamaxı yolunun sağ tərəfində yerləşən «Alyans» şadlıq sarayını keçdikdən sonra həmin yolun təmirlə əlaqədar bağlı olduğunu görüb geri Bakı istiqamətinə dönərək hərəkətə başlamış, «Alyans» şadlıq sarayının qarşısına çatdıqda avtomobili yolun sağ tərəfi ilə təxminən 40-50 km/saat sürətlə hərəkət etdirərkən qarşıda yolun sol kənarında olan həmin «Alyans» şadlıq sarayının qarşısımdan keçən zaman qarşıda asfalt üzərində bir qaraltı görmüş və ayağını tormoza atmış, lakin piyada avtomobilin ön sol tərəfmə dəymiş, o, tez avtomobildən yerə düşmüş, piyada kişinin asfalt üzərində xəsarət aldığını görmüş, dərhal təcili tibbi yardım zəng vuraraq hadisə barədə məlumat vermiş, həmin vaxtı üzü Şamaxı istiqamətində təcili tibbi yardım maşınının hərəkət etdiyini görüb qabağıma qaçaraq həmin maşını saxlatmış, xəsarət almış piyadanı təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salmış, sonra isə hadisə barədə polisə məlumat vermişdir. Mərhumun ailə üzvlərinə maddi yardım etmiş və onlarla barışmışdır. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə əri X10 xalası oğlu Şahid3lə birlikdə axşam vaxtlarında Bakı-Şamaxı-Yevlax yolunun kənarında yerləşən «Alyans» şadlıq sarayına tanışlarının toy məclisinə getmişlər. O, həmin gün axşam yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi Qobu yolu Koroğlu küçəsindəki evində olarkən saat 22 radələrində qayınanası Hamaya onun mobil telefonuna zəng vuraraq Vüsalın toy məclisindən çıxarkən yolda yük maşını ilə vurulduğunu, Semaşka xəstəxanasında olduğunu bildirmiş, o, qonşularla birlikdə xəstəxanaya getmiş, orada ona məlum olmuşdur ki, Vüsal xalası oğlu Bəşirlə birlikdə «Alyans» şadlıq sarayından toydan çıxarkən həmin şadlıq sarayının qarşısındakı Şamaxı istiqamətli təmirə bağlanmış yolu Vüsal Bəşirdən əvvəl Bakı istiqamətli yolun kənarına keçmək istəyərkən sağdan yolun, hərəkətin əksinə gələn yük qoşqulu tir avtomobili ön hissəsi ilə Vüsalı vurmuş, sonuncu almış olduğu xəsarətlərdən 11 oktyabr 2024-cü il tarixdə saat 21:40-da müalicədə olduğu X11 ölmüşdür, meyit Məhkəmə Tibbi Ekspertizasının eksperti tərəfindən daxili və xarici müayinə olunduqdan sonra xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu, Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn edilmişdir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə axşam vaxtı qohumu X10 ilə birlikdə tanışı bərbər işləyən Vüqarın oğlunun kiçik toy məclisində iştirak etmək üçün Bakı-Şamaxı-Yevlax yolunun sağ kənarından yerləşən «Alyans» şadlıq sarayına getmişlər. O, Vüsal ilə birlikdə eyni masa arxasında üzbəüz oturmuşlar. Hər ikisi 500 qram spirtli içki olan araq qəbul etmiş, saat 21:15-də hər ikisi toy məclisində pul yazdırıb şadlıq sarayından çıxmışlar. Vüsal ondan təxminən 5-6 metr qabaqda hərəkət etmiş, Vüsalın arxasınca o, yolu Bakı şəhər istiqamətində olan hərəkət hissəsinin sağ kənarına keçmək üçün getmişlər. «Alyans» şadlıq sarayının qarşısındakı meydançanın kənarında təmirə bağlanmış Şamaxı istiqamətli hərəkət hissəsinin sağ kənarında o, içkili olduğu üçün bir anlıq yola daxil olmayıb dayanmış, Vüsal ondan qabaqda Şamaxı istiqamətli yolu keçib orta beton zolağın bəri üzündə dayanmış, onun gəlmədiyini görüb geriyə şadlıq sarayının meydançasına tərəf gəlmiş, birdən necə oldusa yenidən təmirə bağlanmış Şamaxı istiqamətli yola daxil olub asta-asta hərəkət etməyə başlamış, o, da yolu keçmək istəmiş, lakin sağdan yolun əksinə Şamaxı istiqamətindən sürətlə ağ rəngli tır yük avtomobilinin möhkəm tormoz verdiyini və avtomobilin kabinasının sol tərəfi ilə Vüsalı vuraraq dayandğını görmüş, zərbədən Vüsal arxası üstə irəliyə sola yıxılmışdır. O, tez qaçaraq Vüsala yaxınlaşmış, Vüsal danışmamış və baş nahiyəsində qan olmuş, sürücü maşından düşüb Vüsala yaxınlaşmış, yolan keçən təcili tibbi yardım maşını saxlatdırıb Vüsalı həmin maşına yerləşdirərək xəstəxanaya yola salmışdır. Özü yol maşını ilə getmişdir. xx.xx.2024-cü il tarixdə Vüsal xəstəxanada ölmüşdür. Səhəri günü Vüsalın meyiti Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində dəfn edilmişdir. Hadisə zamanı Vüsalı vuran tır avtomobilinin sürəti yüksək olmuş, belə ki, hadisə yerində həmin avtomobilə məxsus uzun tormoz izi olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı-Şamaxı-Yevlax yolunun sağ kənarında yerləşən «Alyans» şadlıq sarayında nəzarətçi işləyir. xx.xx.2024-cü il tarixdə axşam vaxtı şadlıq sarayının qarşısındakı meydançada avtomobillərin yerləşdirilməsinə nəzarət etmiş, saat 21 radələrini keçdikdən sonra o, şadlıq sarayının qarşısındakı meydançada Şamaxı istiqamətli təmirə bağlanmış asfalt yola yaxın dayanmış, həmin toy məclisindən çıxan iki nəfər orta yaşlı kişinin həddən artıq içkili vəziyyətdə olduqlarından onun nəzərini cəlb etmiş, onlar bir-birinin ardınca sarayın qarşısından Bakı istiqamətli yola tərəl səndələyə-səndələyə keçərkən onlardan biri arxada gedən oğlan Şamaxı yoluna daxil olan kimi dayanmış, qabaqdakı oğlan isə orta beton zolağa çatıb geriyə yenidən şadlıq sarayına doğru qayıtmış, birdən yenidən geriyə dönüb yola çıxmış, sanki yıxıla-yıxıla asta yerişlə Bakı istiqamətli yola tərəf beton zolağa doğru gedərkən birdən sağdan təmirə bağlanmış yol ilə sürətlə bir ağ rəngli tır yük maşınının gələrək tormoz verdiyini və kabinanın qabaq sol tərəfi ilə həmin piyada kişini vuraraq dayandığını görmüş, zərbədən piyada kişi arxası üstə azca irəliyə asfalta sola yıxılmış, yolun Saray tərəfə asfaltın kənarında dayanmış ikinci oğlan qışqıraraq piyadanın yanına çatmış, sürücü maşını dayandırıb əks yoldan keçən təcili tibbi yardım maşınını saxlatmış, piyada ağır xəsarət aldığı üçün onu xəstəxanaya aparmışlar. Hadisə vaxtı asfalt üzərində uzun tormoz izi qalmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 2019-cu il təvəlllüdlü oğlu Yusif Vəliyev üçün Bakı-Şamaxı yolunun kənarında yerləşən «Alyans» şadlıq sarayında kiçik toy məclisi etmiş, həmin gün axşam toy məclisində Qobu yolunda yaşayan tanışları Vüsal və qohumu Bəşiri də toy məclisinə dəvət etmiş, onlar həmin məclisdə iştirak etmişlər. Vüsal və Bəşir toy məclisində spirtli içki olan araq içmişlər. Həmin günü saat 21:00-dan sonra Vüsal və Bəşir onunla sağollaşıb çıxıb getmiş, hər ikisinin sərxoş vəziyyətdə olduğu hiss olunurdu. Az sonra şadlıq sarayının işçilərindən təmirdə olan yolda toydan çıxan piyada kişinin vurulduğunu eşitmişdir. O, çölə çıxdıqda şadlıq sarayının qaşısındakı yolda qarşı tərəfi Bakı istiqamətində dayanmış ağ rəngli qoşqulu tır avtomobilini görmüş, orada xəsarət almış piyada təcili tibbi yardım maşınına yerləşdirilmiş, ətrafa vətəndaşlar toplaşmışdır. O, Bəşirin həyəcanlı olduğunu görmüş, sonuncu Vüsalın yolu keçərkən tır maşını ilə vurulduğunu ona bildirmişdir. Toy məclisi qurtardıqdan sonra o, xəstəxanaya gedib Vüsalın vəziyyyəti ilə maraqlanmış, xx.xx.2024cü il tarixdə axşam vaxtı Vüsalın xəstəxanada öldüyünü eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 144 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X6 meyitinin üzərində - başın ənsə nahiyəsinin dərialtı hematoması, həmin nahiyədə başın yumşaq örtüyü altına qansızma, kəllə tağı sümüklərinin kəllə əsasına keçən sınıqları, baş beyinin sərt və yumşaq qişaları altına, beyin toxumasına qansızmalar xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən mərhumun X13 daxil olduğu və qərarda göstərilən xx.xx.2024-cii il tarixdə törənmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb kəllə tağı sümüklərinin kəllə əsasına keçən sınıqları, baş beyinin sərt və yumşaq qişaları altına, toxumasına qansızmalar olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə saat 21:40-da X11 baş vermişdir ki, bu vaxt ilkin meyit əlamətləri ilə təsdiq olunur. Mərhum V.İ.Əsgərovun meyitində aşkar edilmiş xəsarətlər baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan yük avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar) aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 8/2995 nömrəli rəyindən məlum olur ki, Renault markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1 -ci hissəsinin (3.1 «Giriş qadağandır» və 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanlarının) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli 5447 №-li aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən_ verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2-173408/2024 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1991 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 060649 nömrəli «B C CE» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Renault markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə Təqsirləndirilən şəxs qaytarılmışdır. Mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. AZEMİS Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Hüseyn Qurbanlı və xx.xx.2015-ci il təvəllüdlü İlahə Qurbanova Təqsirləndirilən şəxs himayəsindədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Adı çəkilən Plenum qərarında habelə göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.1, 59.1.12 və 59.1.4.-cü maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış Renault markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Renault markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-517/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-517/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver