Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-524/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs ƏliağayevTərlanMərdağa oğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə, Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ƏliağayevTərlan Mərdağa oğlunun Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ƏliağayevTərlan Mərdağa oğlu istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 11 ədəd narkotik tərkibli çətənə bitkisi toxumlarını yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində şəxsi istifadəsi üçün əkmiş və həmin bitki toxumlarından əmələ gəlmiş 11 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq göstərib diblərini alaq otlardan təmizləyərək sulamaqla qanunsuz kultivasiya etməklə yetişdirmiş, xx xxxx 2020-ci il tarixdə Abşeron rayon X7 Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə keçirilmiş baxış zamanı həmin qanunsuz kultivasiya etməklə becərdiyi ümumi çəkisi 255,0 qram olan 11 (on bir) ədəd yaş halda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yaşayır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evində olarkən qapı döyülmüş, qapını açanda görmüşdür ki, Abşeron rayon X7 Polis bölməsinin əməkdaşları özlərini təqdim etdikdən sonra, ona yaşadığı evdə tərkibində narkotik maddələr olan bitki kollarını əkib becərməyi ilə əlaqədar əməliyyat məlumatlarının olduğunu və baxış keçirmək istədiklərini bildirmişdirlər. Heç bir etiraz etməmiş, polis əməkdaşlarına həyətinə, evinə baxış keçirmələrinə, üzərində axtarış aparmalarına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçi və aqronomun iştirakı ilə, həyətyanı torpaq sahəsinə video çəkilişlə baxış keçirmişdirlər. Baxış zamanı həyətində iki ay əvvəl, ağacların ətrafında əkib becərdiyi, diblərinin alaqlarını təmizləyərək suladığı on bir ədəd çətənə kollarını müəyyən etmişdirlər. Bundan sonra orada olanların iştirakı ilə 11 ədəd əkib becərdiyi çətənə kollarını, becərdiyi torpaq sahəsindən çıxararaq torpağın üzərinə yerə düzüb, həmin 11 ədəd çətənə kollarının hər birinin ayrı-ayrı uzunluğu ölçülərək, sonra isə ağ sellofan tobaya qoyularaq üzərinə möhür vurulmuş, bu barədə protokol tərtib edilərək, iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşlarına həyətində olan 11 ədəd çətənə kolundan başqa, həyətində, evində və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları onun həyatyanı sahəsindən başqa, evinə, üzərinə baxış keçirsələr də, qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bütün keçirilmiş hərəkətlərlə əlaqədar protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunaraq, imzalarla təsdiq edilmişdir. Qeyd etmişdir ki, o, həmin 11 ədəd kolları iki ay əvvəl özü istifadə etmək üçün əkmişdir. Hər gün həmin kollara qulluq etmişdir. Onun ailə üzvləri həmin kolların gül olduğunu zənn etmişdirlər. Həmin 11 ədəd çətənə kolunu əkəndə evdə hamıya həyətdə gül əkdiyini demiş, ailə üzvlərindən heç kim həmin bitkilərin çətənə kolu olduğunu bilməmişdir. Həmin çətənə kollarını təxminən iki ay olarmış ki, əkmiş, ona görə də hələ həmin kollardan qurudub istifadə etməmiş və heç kimə verməmişdir. Birinci dəfədir ki, belə bir işlə məşğul olduğunu, yəni çətənə kolları əkib becərdiyini bildirmişdir. Narkotik vasitənin marixuana növündən hərdən istifadə etdiyini, bu məqsədlə həmin 11 ədəd çətənə kolunu özü istifadə etməsi üçün əkdiyini, həmin çətənə kollarının toxumlarını tanımadığı, təsadüfən marşurutda tanış olduğu bir nəfər şəxsdən aldığını bildirmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon X7 polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində polis leytenantı rütbəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi Ə.Bayramov küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində narkotik tərkibli çətənə bitkisi əkib becərməsi ilə bağlı daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə Abşeron rayon X7 polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Anar Həsənovun, müdafiəçi Mirəyyub Qasımlının və mütəxəssis kimi dəvət olunmuş aqronom Həzi Əzizovun iştirakı ilə bir yerdə Abşeron rayonu Qobu qəsəbəsi Ə.Bayramov küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinə getmişdir. Həmin ünvanda qapını döymüş, Tərlan qapını açaraq onların qarşısına çıxmışdır. Onlar Tərlana yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı gəldiklərini, Tərlan isə yaşadığı evin həyətinə onların tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Həmin vaxt videoçəkiliş ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun iştirakı və razılığı ilə, qeyd olunan şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi Ə.Bayramov küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən torpağa əkilmiş 11 (on bir) ədəd çətənə bitkisinə bənzər müxtəlif ölçülərdə kollar aşkar edilmişdir. Baxışda mütəxəssis kimi iştirak edən aqronom Həzi Əzizov onlara bildirmişdir ki, “həmin 11 ədəd kol çətənə bitkisidir və onlara xüsusi qaydada qulluq olaraq yetişdirilmişdir”. Təqsirləndirilən şəxs həyətində həmin 11 ədəd çətənə bitkisinə bənzər müxtəlif ölçülərdə olan kolları nə məqsədlə əkib becərməsini soruşduqda, Tərlan həmin kolların çətənə kollarları olduğunu, özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Bundan sonra həmin çətənə kolları onların tərəfindən torpaqdan çıxarılaraq sellofan kisənin içərisinə yığılaraq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa onların tərəfindən Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilmiş, ancaq heç bir qanunla qadağan olunmuş əşya, predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda övladları Təqsirləndirilən şəxs və X3 ilə birlikdə yaşayır. Həyat yoldaşı 2013-cü ildə rəhmətə getmişdir. Oğlu Tamerlan uzun müddətdir ki, Ağcəbədi rayonunda işlədiyi üçün orada kirayə yaşayır. O, isə oğlu Tərlan ilə birlikdə yaşayır. Onun ayağında xəstəlik olduğu üçün yeriyə bilmir, yataq xəstəsidir. Oğlu Tərlan ona qulluq edir. Evli olan qızları ayda 2-3 dəfə gəlib yaşadığı evdə təmizlik işləri görür. Yataq xəstəsi olduğuna görə yaşadığı evin həyətinə də çıxa bilmir. Oğlu Tərlanın yaşadıqları evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə heç bir məlumatı olmamışdır. Yataq xəstəsi olduğu üçün evin həyətinə çıxa bilmədiyindən həmin bitkiləri görməmişdir. Tərlan arada ona həyətdə əkdiyi gülləri sulamağa getdiyini deyirmiş. Ancaq Tərlanın həqiqətən gül sulamağa, yoxsa əkdiyi narkotik tərkibli çətənə kollarını sulamağa getdiyini bilməmişdir. xx.xx.2020-ci il tarixdə oğlu Tərlan tutulan zaman bilmişdir ki, Tərlan yaşadıqları evin həyətində narkotik tərkibli çətənə kolları əkmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci tarixli 7/302 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş maddi sübutlar” yazılar və imzalar olan bir ədəd polietilen torbada yaş vəziyyətdə, ümumi sayı 11 (on bir) ədəd, ümumi çəkisi 255,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir(qalıq çəkisi 245,78 qram – 0,22 qram (hər obyektdən 0,02 qram) çətənə bitkisi tədqiqata sərf edilmişdir). Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1763 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Qobu qəsəbəsi, Əli Bayramov küçəsində yerləşən 92 nömrəli fərdi yaşayış evinin həyətinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış və götürmə zamanı evin həyətindən qanunsuz olaraq kultivasiya edilməklə əkilib becərilmiş 11 (on bir) ədəd yaş halda 1 ədəd 55 sm, 2-ci kol 45 sm, 3-cü kol 37 sm, 4-cü kol 27 sm, 5-ci kol 34 sm, 6-cı kol 15 sm, 7-ci kol 30 sm, 8-ci kol 37 sm, 9-cu kol 9 sm, 10-cu kol 22 sm, 11-ci kol 35 sm ölçüd ə narkotik xassəli çətənə (kannabis) bitkisi polis əməkdaşları tərəfindən aşkar edilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə ic ra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 11 (on bir) ədəd ümumi çəkisi 254,78 qram olan çətənə bitkisi (kannabis) məhv edilməlidir. İş üzrə 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut tədqiqatdan sonra qalıq çəkisi 11 (on bir) ədəd ümumi çəkisi 254,78 qram olan çətənə bitkisi (kannabis) məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-524/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-524/2020
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver