Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-524/2023 12.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 18 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq 30 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, siqaretin gümüşü kağızına bükülmüş 1 (bir) ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil edilmiş 0,556 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynində olan qara rəngli parça şalvarının sağ yan cibində saxlayaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılıb Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli parça şalvarın sağ yan cibində saxladığı həmin bir ədəd siqaretin gümüşü kağızı bükümündə çəkisi 0,556 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 18 ünvanında yaşayır. Təxminən 5 ildir ki, hərdən-bir narkotik vasitələr qəbul edir. 13 fevral 2023-cü il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində piyada hərəkətdə olan zaman tanımadığı bir nəfər şəxs mənə yaxınlaşmış, ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. O da həmin şəxsə narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs onda heroin olmasını və 30 manata satmasını bildirmişdir. O da həmin şəxsə 30 manat verib siqaretin gümüşü rəngində olan bükümdə heroini götürüb cibinə qoymuşdur. 13 fevral 2023-cü il tarixdə saat 21 radələrində mən ünvan 3 ünvanına gedərkən, yolun kənarında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona demişlər. Həmin vaxt o, həyacanlı olmuşdur. Polis əməkdaşları onu yaxınlıqdakı Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə dəvət etmişlər. Buna görə o, polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə getmiş və orada xidməti otaqların birində onun razılığı ilə video çəkiliş aparmaqla və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, daha sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki qara rəngli parça şalvarının sağ yan cibində 1 ədəd siqaretin gümüşü rəngində olan kağızına bükülmüş narkotik vasitə olan heroin bükülünü masanın üzərinə qoyub polis əməkdaşlarına təqdim etmiş və narkotik vasitə heroin olduğunu, 13 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 30 manata aldığını, həmçinin özü qəbul etmək üçün üstündə saxladığını bildirmişdir. Polis əməkdaşları təqdim etdiyi həmin heroini götürmüşlər və qablaşdıraraq, sənədləşmə aparmışlar. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib olunmuş və ucadan oxunmuşdur. Həmin protokolun düzgün tərtib edildiyini imza etməklə təsdiq etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 13 fevral 2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan və Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid2 Qaraoğlan oğlundan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1978-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin Saray PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun və Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid2 Qaraoğlan oğlunun və prossesə dəvət edilmiş vəkil X4 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz halında maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində narkotik vasitə heroindir”. Bildirmişdir ki, “təxminən 5 il olar ki, narkotik vasitə istifadəçisidir. Təqdim etdiyi narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 30 manata alıb əynində olan qara rəngli parça şalvarının sağ yan cibində qoyaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşıdığını bildirmişdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüş kağızı bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlarda həmin protokola imaza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış və toplanmış material baxılmasından ötrü Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri Şahid2 Qaraoğlan oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli 6/897 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “DİN-nin Zərflət üçün №246 saylı” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs..” sözlər və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,556 qram olan qəhvəyi rəngli maddəkütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq çəkisi 0,506 qram – 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 10 aprel 2023-cü il tarixli 2027 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,506 qram çəkidə olan narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq təqdim edərək, içərisində qəhvəyi rəngli toz halında maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən xx.xx.2011-ci il təv. Əli Əliyev və xx.xx.2015-ci il təv. Nuray Əliyeva onun himayəsində olması yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,506 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 81 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 80 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,506 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayt şəhər Probasiya Şöbəsinə həvalə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-524/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-524/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver