Məhkəmə qərarları › İş №1(012)-526/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-526/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-526/2022 15.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 və onun vəkili Xırdalan şəhər vəkil bürosunun vəkili X3, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət təqibinin başlanmasını xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X1 2021-ci il tarixlərdə İstagram vasitəsi ilə sosial şəbəkələrdə kütləvi şəkildə bildirmişdir ki, “X8 barəmdə Xəzər rayon Polis İdarəsində sifarişli cinayət işi başlatdırmışdır. Bu sifarişin təşkilatçısı Vəkillər Kollegiyasının üzvü X8 olmuşdur. Məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edib. Həmin vaxt vəkillər kollegiyasının üzvü idi. Hal-hazırda barəsində Bakı İnzibati Məhkəməsində vəkillər kollegiyasından xaric olunma prosesi davam edir. Vəkil Zaman Səmədov bilə-bilə saxta ifadə vermək, yalan danışmaq, polisə şər atmaq cinayət məsuliyyətinə gətirib çıxardır. Amma əməlindən əl çəkməmiş, hələ üstəlik tanışlarını da bu işə cəlb etmişdir. Zaman Səmədovun arxasında Xəzər rayon prokurorunun köməkçisi Zaur Abakişiyev dayanır. Çünki Zaman özü mənə demişdir ki, Zaur mənim dostumdur. X14 biç istirahət mərkəzini əxlaqsız yuvası kimi qələmə vermişdir. Bunun arxasında nə dayanır. Çox müəmmalıdır. Zaman Səmədov bir çox adamların vasitəsilə ona təzyiq göstərir, kimlərəsə zəng vurduraraq kimlərdənsə xahiş elətdirir ki, gəlsinlər polisə üzümə dursunlar, hamısını mənə çatdırırlar, hədə qorxu gəlir, məhkəmələrə və hakimlərə təsir edir. Vəkil Zaman Səmədov nə böyük adamdır ki, hakimlərə, məhkəmələrə təsir edir. Vəkil Zaman Səmədov deyir ki, məni şantaj edir. Şantajçı sən özünsən. Özün bu şantaj əməlləri ilə məşğul olursan. Başqalarına şər atırsan. Sən müdafiə etdiyin adamları məhkəmədə, sonra onların qarşı tərəfini tapırsan. Şəxsi xarakterli konfidensial məlumatları toplayaraq onlara verirsən. Həmin adamlara deyirsən ki, jurnalistləri gətirin məhkəmələrə təsir edin. Kim bu adama səlahiyyət verib adi adamları şərləyir, gözəl güzəranlı istirahət mərkəzlərini ləkəliyir. Məndə dəqiq məlumatlar var. Bu adam haqqında ölçü götürülməlidir”. X7 çıxışında istinad edilən və edilməyən ifadələr onun şərəf və ləyaqətini ləkələmişdir. X10 tərəfindən barəsində olan böhtan və təhqir dolu çıxış kütləvi informasiya vasitəsi ilə hesab olunan sosial şəbəkələrdə yayılmışdır. X7 onun barəsində ləkələyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda məqsədi onu ağır cinayətdə ittiham etmək, nüfuzunu alçaltmaq, ictimaiyyət arasında onun haqqında yanlış fikirlər formalaşdırmaq, alçaltmaq olmuşdur. Qeyd olunnaları nəzərə alaraq X7 əməlinə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinə əsasən hüquqi qiymət verilərək cinayət təqibinin başlanması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X8 izahatında bildirmişdir ki, şikayət ərizəsində qeyd olunan məlumatlar X10 tərəfindən kütləvi informasiya vasitəsi ilə hesab olunan sosial şəbəkələrdə yayılmışdır. X7 onun barəsində ləkələyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda məqsədi onu ağır cinayətdə ittiham etmək, nüfuzunu alçaltmaq, ictimaiyyət arasında onun haqqında yanlış fikirlər formalaşdırmaq, alçaltmaq olmuşdur. Qeyd olunnaları nəzərə alaraq X7 əməlinə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinə əsasən hüquqi qiymət verilərək cinayət təqibinin başlanması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 şikayət ərizəsinin dəlillərinə etiraz edib əsassız olduğundan məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 vəkili Xırdalan şəhər vəkil bürosunun vəkili X6 çıxışında bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək vəzifəsi həmin ərizəni vermiş şəxsin üzərinə düşür, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizəni Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq tərtib etməli və məhkəmə aidiyyətini düzgün müəyyən etməlidir. X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, o, Azərbaycan Respublikası CPMnin 293.3.1- 293.3.7-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, hadisənin törədildiyi yer hesab edilən və məlumatların yayılması iddia edilən “İnstagram” sosial şəbəkəsinin hüquqi ünvanı ümumiyyətlə müəyyənləşdirilməmiş, ərizənin tərtib edildiyi yer göstərilməmişdir. Bundan başqa şikayət ərizəsində törədilməsi ehtimal edilən cinayət əməlinin mahiyyəti, onun törədilməsi vaxtı, yayılmış məlumatların baxış sayı və s. göstərilməmişdir. Odur ki, göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1)şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2)törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3)cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4)şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5)cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7)şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Beləliklə, məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Qeyd olunur ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin həmin məhkəməyə aid olmadığını aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. Hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayət vermiş X8 şikayətin Abşeron Rayon Məhkəməsinə verilməsini məhkəmənin hazırlıq iclası zamanı onunla əsaslandırmışdır ki, ərizədə qeyd olunan məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin faktiki yerləşdiyi ünvanı Abşeron rayon ərazisində yerləşdiyindən, hazırki şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsində baxılmasını xahiş edir. Lakin o məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin hüquqi ünvanına dair məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir. Ona görə məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 tərəfindən törədildiyini, bunun nə ilə, hansı sübutla təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə qeyd edir ki, ərizədə istinad olunan əməlin həqiqətdə baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, ərizədə istinad olunan əməlin məhz X10 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə isə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Qərarın 5-ci bəndinə görə isə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə məlumatların yayıldığı “İnstagram” sosial şəbəkəsinin hüquqi ünvanı ümumiyyətlə müəyyənləşdirilməmiş və ərizənin tərtib edildiyi yer göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödəniləcək məbləğ 6 manat müəyyən edilmişdir. Odur ki, vəkili X4 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ona ödənilməsi üçün Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil X4 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ona ödənilməsi üçün Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar