Məhkəmə qərarları › İş №1(012)-527/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-527/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-527/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun Xırdalan şəhər Vəkil Bürosunu vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Daevo Gentra” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Xırdalan dairəsi istiqamətindən “AAAF-Park” yaşayış kompleksi istiqamətinə hərəkətdə olarkən həmin prospektlə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin yerdə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qarşı hissəsi ilə vuraraq, nəticədə ehtiyatsızlıqdan sonuncuya sol qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, “Daevo Gentra” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sürmək üçün etibarnamə ilə o, idarə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində o, həmin avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Xırdalan dairəsi istiqamətindən üzü “AAAF- Park” yaşayış kompleksi istiqamətində təxminən 45-50 km/saat sürətlə hərəkətdə olarkən “Kristal-Abşeron-2” yaşayış kompleksinin qarşısında olan piyada keçidi ilə piyadaların keçdiyini görüb avtomobili saxlayaraq onlara yol vermişdir. Bundan sonra da o, hərəkətə başlayıb təxminən 70-80 metr getdikdən sonra sağa, yəni Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə dönmək istədikdə həmin küçədən gələn bir nəfər piyadanın H.Əliyev prospektində yolun sağ tərəfindən sol tərəfinə keçdiyini görmüşdür. Bu zaman o, həmin piyadanı vurmamaq üçün əyləci basaraq sükanı sağa doğru çəksə də piyada ilə avtomobilinin arasında olan məsafə çox yaxın olduğuna görə o, həmin piyadanı avtomobilinin qabaq sol tərəfi ilə vurmuşdur. Bundan sonra o, dərhal avtomobilini saxlayaraq yerə yıxılmış həmin piyadaya köməklik göstərməyə başlamış və həmin şəxsi idarə etdiyi avtomobilə əyləşdirib Bakı şəhərində yerləşən Travmataloğiya və Ortopediya instituna aparmışdır. Həmçinin o, adını sonradan bildiyi həmin Elmir adlı piyadaya mobil telefon nömrəsini də verərək mütəmadi olaraq ona baş çəkib müalicəsi ilə maraqlanmışdır. Həmçinin dəvət olunduğuna görə Abşeron rayon polis idarəsinin Təhqiqat şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Bir daha bildirir ki, hadisə vaxtı avtomobilində ondan başqa heç kim olmamışdır və o, spirtli içki qəbul etməmişdir. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirir ki, 2022-ci ilin oktyabr ayının əvvəllərindən etibarən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən obyektlərdən birində bərbər işləməyə başlamışdır. Həmin vaxtlarda o, müvəqqəti olaraq Xırdalan şəhəri, “Kristal-Abşeron-2” yaşayış kompleksində kirayədə yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 20:30 radələrində o, işdən çıxaraq M.Ə.Rəsulzadə küçəsi ilə H.Əliyev prospektinin kəsişdiyi yerə gələrək yaşadığı evə getmək üçün H.Əliyev prospektini əks tərəfə keçən zaman Bakı şəhəri istiqamətindən gələn “Daevo Gentra” markalı avtomobil onun sol yanından vurmuş və o, yerə yıxılmışdır. Hadisədən sonra onu vuran avtomobilin sürücüsü dərhal avtomobili saxlayaraq onu öz avtomobilinə ətyləşdirib Bakı şəhəri Travmatalogiya xəstəxanasına aparmışdır. Həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra sol ayağında sınıq olduğunu bildirmişlər. O, təxminən 5 gün Travmataloğiya xəstəxanasında qaldıqdan sonra müalicəsini “City Hospital”da davam etdirmişdir. Təxminən 1 ay “City Hospital”da müalicə aldıqdan sonra da yaşadığı Mingəçevir şəhərinə qayıtmışdır. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, o, Ağdam rayonu, Sarıcallı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi, 22-ci küçə, ev 15, mənzil 1-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs həyat yoldaşının əmisi oğludur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, yaşadığı evdə olduğu zaman qohumu Elmiri xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində yolu əks tərəfə keçən zaman avtomobil vurduğunu və Elmirin Bakı şəhərində yerləşən Travmataloğiya İnstitunda olduğunu eşitmişdir. Ona görə də o, ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə Elmirin müalicə aldığı Travmatalogiya xəstəxanasına getmişdir. Həmin vaxt Elmirdən nə baş verdiyini soruşanda vəziyyəti yaxşı olmadığına görə ona kifayət qədər cavab verməmişdir. Həmçinin o, əvvəlcə Elmiri vuran avtomobilin sürücüsünün məlum olmadığını düşündüyü üçün həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Lakin bundan bir qədər sonra Elmirlə danışarkən ona məlum olmuşdur ki, onu vuran avtomobilin sürücüsü, sonradan adını bildiyi İsmayıl adlı şəxs avftomobili ilə Elmiri vurduqdan sonra sonuncuya dərhal köməklik edərək Travmatalogiya xəstəxanasına aparmış və müalicəsi üçün lazım olan bütün tədbirləri görmüşdür. xx.xx.2022-ci il tarixdə onlar Elmiri müalicəsinin davam etdirilməsi üçün City Hospitala aparmışlar. Həmçinin qeyd edir ki, sonrakı vaxtlarda da Elmiri vuran avtomobilin sürücüsü İsmayıl adlı şəxs Elmirlə mütəmadi əlaqə saxlayaraq müalicəsinə köməklik göstərmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2728 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilməsi mümkündür, ağırlıq dərəcəsi zərərçəkən şəxsin müalicəsi başa çatdıqdan və təkrar müayinəsi aparıldıqdan sonra əlavə olaraq təyin ediləcəkdir. İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 13 Ə saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 26 dekabr 2022-ci il tarixli 8/3391 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daevo Gentra” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-39635/2023 saylı məktubla müəyyən edilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB 430534 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş üzrə “Daevo Gentra” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin o, cinayət prosesini həyata keçirən orqandan gizlənməklə istintaqa gəlmədiyindən ona göstərilən maddə ilə ittiham elan etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSYnə təhvil verilmiş və xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. “Daevo Gentra” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs idarə etdiyi “Daevo Gentra” markalı, **- HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş materiallarında olan “Daevo Gentra” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar