Məhkəmə qərarları › İş №1(012)-527/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-527/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-527/2024 27.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Abşeron rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli qərarı ilə axtarış verilərək, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə özünü yalandan vəkil kimi təqdim edib sonuncunun oğlu X3 yol-nəqliyyat hadisəsi törədərək vurduğu piyadanı 2400 manat pul verməklə razı salacağını və Ramiz Əkbərovu məsuliyyətdən azad etdirəcəyini yalandan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sülh küçəsində yerləşən «Murad» marketin qarşısında Zərərçəkmiş şəxs 2400 (iki min dörd yüz) manat pulunu alaraq verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, zərərçəkmiş uzaq qohumudur. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində o, Xızı rayonu Altı Ağac kəndində yaşayan əmisi qızı Mahizər Haşımovanın evində qonaq olan zaman sonuncu ona Zərərçəkmiş şəxs oğlunun avtomobillə piyadanı vuraraq xəsarət yetirməsi və həmin piyadanın qohumları ilə söhbət edib barışıq məsələsini həll etmək lazım olması barədə məlumat verdikdə o, əmisi qızına əlindən gələn köməkliyi etməsinə söz vermişdir. Bundan bir neçə gün sonra o Bakı şəhərinə qayıtmış və daha sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs evinə getmiş, özünü Mahizərin qardaşı kimi təqdim etmiş və baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı əlindən gələn köməkliyi etmək məqsədi ilə gəldiyini bildirmişdir. Sonra xəsarət alan şəxsin qohumları ilə danışsa da onları razı sala bilməmişdir. Pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs zəng edərək bildirmiş ki, həmin işin həlli üçün təxminən 2500-3000 manat xərcləri çıxacaqdır. Bu zaman Zərərçəkmiş şəxs 2400 manat pul verə biləcəyini demiş və onlar razılığa gəlmişlər. Daha sonra onlar Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində görüşmüşlər və sonuncu ona 2400 manat pulu verib getmişdir. Bundan sonra o, həmin işi həll etməyə çalışsa da, lakin həll edə bilmədiyi üçün pulu şəxsi istifadəsi üçün müxtəlif yerlərdə xərcləmişdir. Son olaraq etdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməyə imkanı olmasa da, bundan imtina etmədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, X5 onun doğma oğludur, o, hazırda hərbi xidmətdədir. Təxminən 2022-ci ilin oktyabr ayının sonlarında oğlu qohumlarının avtomobilini idarə edərkən həmin nəqliyyat vasitəsi ilə bir nəfər şəxsi vuraraq ona xəsarət yetirmişdir. Oğlunun işi Abşeron rayon Polis İdarəsinin X1 və həmin vaxt zərərçəkənlə arasında barışıq olmadığı üçün fikirləşmişdir ki, oğlunu həbs edərlər. Həmin vaxt qohumu Mahizər ona zəng vuraraq, qardaşı Tahirin ona kömək edə biləcəyini bildirərək, qardaşının nömrəsini ona vermişdir. Bundan sonra o, istifadəsində olan mobil telefonla Tahirə zəng vurmuş və baş verən hadisəni danışdıqda, sonuncu vəkil işlədiyini və onun oğlunun avtomobillə vurduğu şəxsin telefon nömrəsini və ünvanını istəmiş və işi yaxın günlərdə həll edəcəyini bildirəcəyini demişdir. 28 noyabr 2022-ci il tarixdə Tahir onun yaşadığı ünvana gələrək, zərərçəkən şəxslə danışaraq 2400 manat pulun müqabilində barışıq əldə etdiyini və bununıla bağlı ərizə verəcəyini demişdir. Tahir onun ərinin əmisi arvadının qardaşı olduğu üçün ona inanmış və 2400 manat pulu yaşadığı evin yaxınlığında Murad marketin qarşısında sonuncuya vermişdir. Bir müddət keçəndən sonra Tahirlə əlaqə saxlamış və işin nə yerdə olmasını soruşmuş, sonuncu ona işi yaxın günlərdə həll edəcəyini bildirsə də, lakin bir neçə gün sonra o, polislərdən eşitmişdir ki, oğlunun işi yaxşı vəziyyətdə deyil. Bundan sonra başa düşmüşdür ki, Tahir pulu zərərçəkmişə verməmişdir. Həmin vaxtdan sonra Tahirdən dəfələrlə pulunu tələb etməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələrlə pulu bu günə kimi qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadının əmisi oğludur, onunla hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2022-ci ilin sentyabr ayında arvadı Şahid1 evdə olan zaman Tahir onları yaşadıqları evə qonaq gəlmişdir. Həmin ərəfədə qardaşı oğlu X5 idarə etdiyi avtomobillə piyadanı vuraraq xəsarət yetirmiş və onun işi Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsində araşdırılmada olmuşdur. Söhbət əsnasında Ramizin işi barədə müzakirə edən zaman Tahir də söhbətə müdaxilə edib, onun bir nəfər tanışının olmasını və onun köməkliyi ilə işin həllinin mümkün ola biləcəyini demiş və telefonla kiməsə zəng vurub, hadisəni danışmışdır. O, telefonla söhbətini bitirdikdən sonra danışdığı şəxsin belə işləri həll edə biləcəyini dedikdə o, qardaşı arvadı Şəfa ilə telefonla danışaraq, onun oğluna kömək edə biləcək tanışının olmasını bildirmiş, telefonu arvadına vermiş və arvadı Şəfaya Tahirin telefon nömrəsini vermişdir. Bir neçə gün sonra Tahir Şəfadan kömək etmək üçün 2400 manat pul istədiyini, hətta onların görüşərək həmin pulu verməsini eşitmişdir. Bir müddət keçəndən sonra Tahirin zərəçəkmişə şəxsə verməli olduğu pulu vermədiyini və dələduzluq edərək pulu ələ keçirtdiyini eşitdikdə o və arvadı bir neçə dəfə sonuncuya zəng vursalar da o, telefonlara cavab verməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Onunla əvvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2022-ci ilin sentyabr ayında əmisi oğlu Tahir yaşadığları evə qonaq gəlmişdir. Həmin vaxt evdə əri Şahid2 Hükmülla oğlu olmuşdur. Həmin ərəfədə ərinin qardaşı oğlu X5 idarə etdiyi avtomobillə piyadanı vuraraq xəsarət yetirmiş və onun işi Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsində araşdırılmada olmuşdur. Söhbət əsnasında evdə Ramizin işində danışmışlar, əri bildirmiş ki, zərərçəkən şikayətini geri götürmür. Tahir də söhbətə müdaxilə edib demiş ki, onun bir nəfər tanışı var onun köməkliyi ilə Ramizin işini həll etmək olar və telefonla kiməsə zəng vurub hadisəni danışmış və telefonla danışıb qurtardıqdan sonra bildirmiş ki, telefonla danışdığı şəxs belə işləri həll edə bilir. Bundan sonra əri Şəfa ilə telefonla danışıb demiş ki, bir nəfər var onun oğluna kömək edə bilər, sonra əri telefonu ona vermiş və o, Şəfaya Tahirin telefon nömrəsini vermişdir. Bir neçə gün sonra Şəfadan eşitmiş ki, Tahir ondan 2400 manat pul oğluna kömək etmək üçün istəmişdir. Hətta Şəfa ilə Tahir görüşmüşlər Şəfa da Tahirə oğlu Ramizin işinin düzəlməsi üçün 2400 manat pulu Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində vermişdir. Bir müddət keçəndən sonra o, Şəfadan eşitmiş ki, Tahir zərəçəkmişə çatan pulu verməmişdir və dələduzluq edərək 2400 manat pulu ələ keçirmişdir. Bundan sonra bir neçə dəfə Tahirə o və əri zəng vursalar da sonuncu telefonlara cavab verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 09 noyabr 2023cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılması üçün icraata qəbul edimişdir;

3. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

5. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” barədə 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;

6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli arayışına əsasə görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 24 aprel 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, Qobustan rayon Məhkəməsinin 16 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qərarına əsasən Qobustan rayon Məhkəməsinin 16 iyun 2010-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, həmin hökm üzrə Ali Məhkəmənin 12 dekabr 2017-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qərarı dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi hökmdən xaric olunmaqla, cəza 04 ilə endirilmiş, 14 mart 2020-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur;

7. “Cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir;

8. “Cinayət işinin icraatının dayandırılması” haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat həmin Məcəllənin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır;

9. “Təqsirləndirilən şəxsin könüllü gəlməsi” barədə 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən 23027169 nömrəli cinayət işi üzrə təqsirləndirilən Haşımov X6 RPİ-nin İstintaq Şöbəsinə gələrək özünü təqdim etmiş və istintaqa çağrılmasından xəbərsiz olduğunu bildirmişdir;

10. “Cinayət işi üzrə icraatının təzələnməsi” haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək, icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir;

11. “Sübutların qiymətləndirilməsi” haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahud qismində dindirilmiş Şahid2 və Haşımova Мahizar Cümşüd qızının ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir;

12. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 1(012)-527/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, sonuncu 01 iyun 2024-cü il tarixdə saxlanılaraq, 03 iyun 2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir;

13. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 1(012)- 527/2024 saylı qərarına əsasən həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış verilmiş, sonuncu 11 noyabr 2024-cü il tarixdə tutularaq, aidiyyəti üzrə təhvil verilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Qeyd olunan normanın tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bir neçə dəfə istintaqdan və ya məhkəmədən gizləndiyindən həmin maddənin müddəaları sonuncunun təqsirləndirildiyi cinayət işi üzrə tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə cinayət işi üzrə tutulduğu 04 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində məhkəmə dövründə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 11 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 2400 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 2400 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar