Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-529/2025 01.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqlnda iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, İ.Abdullayev küçəsi, “Panarama” dairəsi adlanan ərazidə yerləşən avtoyuma məntəqəsinin yaxınlığında vətəndaşların gur toplaşdığı yerdə tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun barəsində Abşeron rayon prokuroluğunda aparılan araşdırma ilə bağlı dindirmə zamanı onun iki oğlunun adını çəkməsini bəhanə gətirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə yumruqla qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir dəfə vuraraq ona burun sümüyünün yerdəyişməyən sınığı, burun və sağ çənə bucağı nahiyələrinin qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək bu hərəkətlərini 5 dəqiqə davam etdirməklə oraya olan xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək , istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, zərərçəkənlə barışıq əldə etdiklərini bildirib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda iş üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs tanıyır, Xəyalla əvvəllər aralarında normal münasibətləri olmuşdur. X5, Şahid2 və Şahid1 onun qayınlarıdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18.30-da yaşadığım evdə olan zaman arvadının qaynının arvadı ilə telefonla danışdığını görmüşdür. Bir qədər sonra arvadı ona yaxınlaşıb bildirmişdir ki, “Xəyal barəsində aparılan araşdırmada izahat yazaraq bildirmişdir ki, Nəzrin Kərimliyə qarşı seksual xarakterli hərəkəti guya mənim 2 oğlum etmişdir”. Bundan sonra o, əsəbiləşib tanışı Ramilə zəng vurub Ramildən Xəyalın nömrəsini istədikdə Ramil Xəyalın onun yanında olduğunu bildirmişdir. O da Ramildən mobil telefonu Xəyala təqdim etməyi xahiş etmişdir. Xəyalla mobil telefonda danışan zaman Xəyaldan nəyə görə onun övladlarının adına söz çıxardıb onları etmədikləri işlə günahlandırdığını soruşduqda, Xəyal “yaxşı edib yazmışam” demişdir. O, həmin vaxt əsəbiləşib Xəyalı nəlayiq söz və ifadə ilə təhqir edib harada olmasını soruşmuşdur. Xəyal ona “Panarama” adlanan ərazidə olmasını qeyd etmişdir. Bundan sonra o, evdən çıxıb qeyd edilən ünvana getmiş, orada Xəyal ilə aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı Xəyal onun boğazından tutub sıxdığı üçün o, özünü müdafiə etmək üçün yumruqla Xəyalın burun nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Elə bu vaxt orada onların yanında olan Ramil onları ayırmağa çalışmışdır. Bir qədər sonra qaynları Heydər və Raqib mübahisə olan yerə yaxınlaşmışlar. Qayınlarının və ətrafda olan şəxslərin köməkliyi ilə mübahisə sakitləşdirilmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş çəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də lakin fərdi əməklə məşğul olur. Şahid2 və Şahid1 onunla yaxınlıqda qalan X2 qardaşlarıdır. Həmin şəxslərlə münasibətləri həmişə normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində o, tanışı Ramil ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, “Panarama” dairəsinə gedərək oradan qutab almaq istəmişdir. Həmin vaxtı Ramillə birlikdə ora çatmışlar, bu zaman Ramilə zəng gəlmişdir. Zəng edən qonşusu Talehin yeznəsi Vüqar olmuşdur. Vüqar Ramildən onun telefonunu istəmiş, Ramil də onun yanında olmasını demiş və telefonu ona vermişdir. O da telefonu götürmüş, həmin vaxtı Vüqar ona demişdir ki, “niyə görə prokuroluqda olan cinayət işində onun uşaqları Anar və Nihadın adını çəkmişəm”. O da Vüqara olduğu yeri demişdir. Təxminən 5-10 dəqiqədən sonra Vüqar tək gəlmişdir. Onunla görüşmüş, bu zaman Vüqarla aralarında sözlə mübahisə baş vermiş, Vüqar gözlənilmədən onun sifətinə yumruq zərbəsi vurmuşdur.Ətrafdakılar onları aralaşdırmışdır.Artıq hadisən bir il keçir, Təqsirləndirilən şəxslə barışmışdır.Ona qarşı şikayəti, tələbi yoxdur.Bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun yeznəsidir. X4 tanıyır, Xəyalla əvvəllər aralarında normal münasibətləri olmuşdur. X5 və Şahid1 onun qardaşlarıdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18:20-da məhlədə olan zaman oğlu ona yaxınlaşıb Vüqarın Xəyalla görüşməyə getdiyini bildirmişdir. O, da düşünmüşdür ki, Vüqarla Xəyalın aralarında mübahisə olacaq, bu səbəbdən “Panarama” adlanan əraziyə getmişdir. Həmin vaxt görmüşdür ki, Vüqarla Xəyal mübahisə etmişlər. X7 yaxınlaşdıqda qardaşı Əliheydərin də mübahisəyə müdaxilə etdiyi görmüşdür. Hadisəyə müdaxilə edən zaman Vüqarın Xəyalı vurmasını görməmişdir. Bildirmişdir ki, o, ora yaxınlaşan zaman Vüqarın Xəyalı vurmasını görməmişdir. Həmin vaxt Vüqarla Xəyal yalnız bir birilərinin paltarlarından tutub dartışmışlar. Həmin vaxt o, Xəyala qarşı heç bir fiziki zorakılıq hərəkətləri etməmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun yeznəsidir. X3 tanıyır, Xəyalla əvvəllər aralarında normal münasibətləri olmuşdur. X5 və Şahid2 onun qardaşlarıdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18.30-da “Panarama” deyilən ərazidə dəmir təhvil verən zaman orada Xəyalla yeznəsi Vüqarın mübahisə etdiklərini görüb onlara yaxınlaşmışdır. Dərhal onlara yaxınlaşıb Xəyalla yeznəsi Vüqarın mübahisəsini sakitləşdirməyə çalışmışdır. Elə bu vaxt qardaşı Raqib də onlara yaxınlaşmışdır. Bildirmişdir ki, o, ora yaxınlaşan zaman Vüqarın Xəyalı vurmasını görməmişdir. Həmin vaxt Vüqarla Xəyal yalnız bir birilərinin paltarlarından tutub dartışmışlar. O, həmin vaxt Xəyala qarşı heç bir fiziki zorakılıq hərəkətləri etməmişdir. Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən təqdim edilmiş 01 ədəd 11 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, İ.Abdullayev küçəsi, “Panarama” dairəsi adlanan ərazidə quraşdırılmış kameradan götürülmüş video çəkiliş görüntüləri olan gümüş rəngli üzərində “BİNGO DVD-R” sözləri yazılmış DVD farmatlı diskdə olan bir ədəd görüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman müəyyən edildi ki, Abşeron rayonu, Saray qəsəbəsi, İ.Abdullayev küçəsi, “Panarama” dairəsi adlanan ərazidə yerləşən avtoyuma məntəqəsinin yaxınlığında bir neçə nəfər şəxsin mübahisə etməsi, həmin şəxslərdən birinin digər bir şəxsi yumruqla vurması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsi, İ.Abdullayev küçəsi, “Panarama” dairəsi adlanan ərazidə yerləşən avtoyuma məntəqəsinin yaxınlığında mübahisə edən şəxslərdən biri o, digəri isə Zərərçəkmiş şəxsdur. Bildirmişdir ki, Zərərçəkmiş şəxs barəsində Abşeron rayon prokuroluğunda aparılan araşdırma ilə bağlı dindirmə zamanı onun iki oğlunun adını çəkməsi ilə bağlı 11 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, İ.Abdullayev küçəsi, “Panarama” dairəsi adlanan ərazidə yerləşən avtoyuma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs ilə bu mövzuda şəxsi münasibətlər zəminində mübahisə edən zaman yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş, sonuncu da onun boğazımdan tutub sıxmışdır. Orada olan şəxslər onları ayırmışlar. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmədi. Tərəfimdən DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olundu və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edildi. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2024-cü il tarixli 2133 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun sümüyünün yerdəyişməyən sınığı, burun və sağ çənə bucağı nahiyələrinin qançırları, küt əşya, (əşyaların) təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları vəs.) təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2024-cü il tarixli 2139 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-boyun nahiyəsinin qançırları, küt əşya, (əşyaların) təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları vəs.) təsirindən əmələ gələ bilməsi mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən təqdim edilmiş 01 ədəd 11 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, İ.Abdullayev küçəsi, “Panarama” dairəsi adlanan ərazidə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsini əks etdirən gümüş rəngli üzərində “BİNGO DVD-R” sözləri yazılmış DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs bu əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir.Onun təqsirliliyi özünün, zərərçəkənin, şahidin ifadəsi, ekspertizanın rəyi və işin materialları ilə sübuta yetirilmişdir.Ona göprə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır.Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini yüngülləşdirən hal zərərçəkənlə barışıq əldə etməsidir. Təqsirləndirilən şəxs əməlində cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə cəzası təyin edilməlidir. İşin materiallarından görünür ki, məhkəməyə gəlməkdən yayındığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Pİ Saray PB-nin 17 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdə tutulmuş və MSY-ə təhvil verilmişdir.Məhkəmənin 17 sentyabr 2025-ci il tarixli Qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdən azad edilmişdir.Göründüyü kimi Təqsirləndirilən şəxs 01 ay həbsdə olmuşdu. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.4.maddəsinə görə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzasının məbləğinin yüngülləşdirilməsini lazım bilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500(min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilsin 1000 (min) manat təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-529/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-529/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver