Məhkəmə qərarları › İş №1(012)-53/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-53/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-53/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 və 23 avqust 2003-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Cəbrayıl rayonu, Qışlaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 244-1.2.2 və 244-1.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil etmə və keçirmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2022-ci ilin yanvar ayının əvvəllərində ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb onlardan “Fastloto.com” və “Chcplay.net” internet saytında təşkil edilmiş qanunsuz idman və loto oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adlarına həmin saytlarda istifadəçi hesabları yaratmış, bundan sonra istifadə etdikləri 1 ədəd “HP” markalı notbuk, 1 ədəd “Acer” markalı netbuk, 1 ədəd “iPhone 11” markalı və 1 ədəd “X2 11” markalı mobil telefonlar vasitəsilə “instagram” sosial şəbəkəsində “İnam.kazino.777” və “777.kazino.777” adlı səhifələr yaradaraq orada qanunsuz təşkil etdikləri qumar oyunlarının reklamını yerləşdirməklə həmin tarixdən 28 yanvar 2023-cü il tarixədək olan müddət ərzindən müraciət edən şəxslərə pul müqabilində “Fastloto.com” və “Chcplay.net” internet saytlarında öz istifadəçi hesabında olan kodları Bakı şəhəri, Səbail rayonu ərazisində istintaqa məlum olmayan ünvanda fəaliyyət göstərən hosteldə və sonradan kirayə tutduqları ünvan 4 ünvanında yerləşən mənzildə vahid niyyətlə əhatə olunan qəsdlə sataraq onların həmin saytlarda internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunları oynamalarını təşkil edərək keçirmişdir. Təqsirləndirilən şəxs2 internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil etmə və keçirmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayının əvvəllərində ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb onlardan “Fastloto.com” və “Chcplay.net” internet saytında təşkil edilmiş qanunsuz idman və loto oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adlarına həmin saytlarda istifadəçi hesabları yaratmış, bundan sonra istifadə etdikləri 1 ədəd “HP” markalı notbuk, 1 ədəd “Acer” markalı netbuk, 1 ədəd “iPhone 11” markalı və 1 ədəd “X2 11” markalı mobil telefonlar vasitəsilə “instagram” sosial şəbəkəsində “İnam.kazino.777” və “777.kazino.777” adlı səhifələr yaradaraq orada qanunsuz təşkil etdikləri qumar oyunlarının reklamını yerləşdirməklə həmin tarixdən 28 yanvar 2023-cü il tarixədək olan müddət ərzindən müraciət edən şəxslərə pul müqabilində “Fastloto.com” və “Chcplay.net” internet saytlarında öz istifadəçi hesabında olan kodları Bakı şəhəri, Səbail rayonu ərazisində istintaqa məlum olmayan ünvanda fəaliyyət göstərən hosteldə və sonradan kirayə tutduqları ünvan 4 ünvanında yerləşən mənzildə vahid niyyətlə əhatə olunan qəsdlə sataraq onların həmin saytlarda internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunları oynamalarını təşkil edərək keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 244-1.2.2 və 244-1.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, fiziki və psixi cəhətdən sağlam, heç bir psixotrik dispanserdə qeydiyyatda deyildir. Əvvəllər müxtəlif online kazino oyunları oynamışdır. Sonradan həmin oyunların necə təşkil edilməsi ilə maraqlanmış və özü də online kazino oyunu təşkil etmək qərarına gəlmişdir. Bu barədə tanışı və onunla bir məhəllədə yaşayan Təqsirləndirilən şəxs2 məlumat vermişdir. O əvvəllər onun yanında işləmişdir. O görəcəkləri iş barəsində məlumat verib, hər işi özü həll edəcəyini onun sadəcə kodların satılmasında, oynamaq istəyən şəxslərlə danışıqların aparılmasında kömək edəcəyini bildirmişdir. Həmçinin görəcəkləri işin qanunsuz olduğunu bildikləri üçün heç kimə bu barədə məlumat verməməyi tapşırmışdır. O da borcları olduğu və pula ehtiyacı olduğu üçün razılaşmışdır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində online qumar təşkil etmə ilə məşğul olmuşlar. Belə ki, ilk əvvəl “Chcgreen.net” saytına daxil olaraq tanımadığı Ukrayna vətəndaşına 1000 manat pul ödənişi etməklə online qumar təşkil etmək məqsədi ilə ondan “ana kassa” əldə etmişdir. Həmin kassada 3.000 manat dəyərində kod olmuşdur. Həmin kassanı qeyd edilən saytda şəxsi kabinet yaratmışdır. Ana kassanın logini “p0190”-dır. Bundan sonra həmin kassadan kodları istəyən şəxslərə kod satmışlar. Bunun üçün “İnstagram” sosial şəbəkəsində “777.kazino.777” və “İnam.kazino.777” adlı səhifələrini yaradıb orada kazino-qumar oyunları barədə reklamlar paylaşmışlar. Həmin səhifədə əlaqə hissəsinə Rusiya Federasiyası mobil operatorlarına aid +7 ilə başlayan vatsap vitual nömrəsini qeyd etmişdir. Beləcə qumar oynamaq istəyən şəxs onlarla həmin üsulla əlaqə saxlamışdır. Vatsapda yazan şəxsə Sulduz cavab vermişdir. Bunun üçün o iki ədəd notbuk, və mobil telefonlar almışdır. Həmin notbuk və telefonları yalnız qanunsuz qumar oyunlarının təşkili üçün istifadə etmişlər. Həmin notbuk və telefonları o öz şəxsi pulu ilə almışdır. Onlar “Chcplay.net” və “fastloto.com” saytlarında meyvələrin barabanda fırlanması fonunda loto oyunu üçün kod istəyən şəxslərə kodların birini 5 manatdan maksimum 300 manatadək satışını etmişlər. Oynayan şəxs udarsa ona kartdan pulu göndərmişlər. Təxminən 2022-ci ilin yanvar ayından Sulduzla bu formada işləmişlər. Əldə olunan gəliri də yarı bölmüşər. Həmin müddət ərzindən bir müddət Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən hosteldə qalıb işləmişlər. Təxminən 2022-ci ilin noyabr ayında həmişə gedib qəlyan çəkdiyi “50 qəpik” restoranında qəlyançı işləyən Şahid1 ilə birlikdə Xırdalan şəhəri, Körpü-Bina Tikinti Massivi, ev 100 ünvanında ev kirayələyib orda qalmağa başlamışlar. Sonradan Sulduzun anasından icazə alıb onu də həmin evə gətirmiş ki rahat şəkildə orada online qumar oyunlarını təşkil etsinlər. Sulduza işi öyrətdikdən sonra o qumarxana işinin təşkilində və online qumar üçün kod satışında ona kömək etmişdir. Belə ki, onun işi ana kassanı əldə edib evi kirayələyib qumarxana təşkili üçün rahat şərait yaratmaq, instagram sosial şəbəkəsində profilləri Sulduz idarə etmişdir. İnstagramda “İnam.kazino.777”, “777.kazino.777” adlı səhifələr açmış və orada qumar oyunları barədə paylaşımlar etmişdir. Həmçinin instagramda əlaqə nömrəsi kimi aldığı virtual nömrəni yerləşdirmişdir. Oyun oynamaq istəyən şəxs həmin nömrəyə vatsapdan yazmışdır. Həmin şəxs onlarla işlətdikləri bank kartlarına pul göndərdikdən sonra ona bala kassadan kod verilmişdir. Həmin şəxs kodla oyun oynamış, udduğu təqdirdə onlarla əlaqə saxlayır və ona uduşu karta ödəmişlər. Uduzanda isə gəlir onlara qalmışdır. Beləcə əldə edilən gəliri o götürüb Sulduzla aralarında bölmüşlər. Beləcə bu fəaliyyət nəticəsində ümumilikdə adama 9.000- 10.000 manata yaxın gəlir qazanmışlar. Pulları köçürülməsi üçün öz adına, Sulduz öz adına və tanışım Şahid2 adına kartlar açıb işlətmişlər. Həmçinin marketdə satışda olan heç kimin adın rəsmiləşdirilməmiş bir neçə kart almışlar. Lakin nə anasın, nə də Şahid2 adlarına açılmış kartlara qanunsuz fəaliyyətlə məşğul olma nəticəsində pul gəldiyini bildirməmişlər. Onların onun törətdiyi cinayətdə heç bir iştirakı və rolu olmamışdır. Bundan başqa Şahid1 də onun tanışıdır. O əvvəl restoranda qəlyançı işləmişdir. Onunla münasibəti yarandığından Bakıda kirayədə qaldığını bildiyi üçün onunla razılaşmışlar ki, yeni ev tapıb birlikdə qalsınlar və kirayəni də birlikdə ödəsinlər. O evi 450 manat kirayə tutmuşdur. Nüsrət də ayda 100-150 manat köməklik etmişdir. Onun online qumar oyunları təşkil etdiyini bilsə də, bu işdə ona heç bir kömək etməmişdir. Ona kömək edəcəyi təqdirdə ona da gəlir verəcəyimi bildirsə də o törətdiyi əməlin qanunsuz olduğunu bildiyindən məsuliyyətdən qorxduğundan onunla razılaşmamışdır. Şahid1 onun törətdiyi cinayət əməlində heç bir iştirakı və rolu olmamışdır. Qumar oyunları nəticəsində pul qazansa da həmin pullu içkiyə xərcləmişdir. Son ayda Sulduzla arasında narazılıq yaranmışdır. Ona verməli olduğu pulu yubatmış, verməmişdir. Buna görə də Sulduz evdən ayrılmışdır. O da özü tək işləmişdir. Online qumar oyunu təşkil etməyini və əməlini, məsuliyyətini dərk edir və tutduğu əməldən səmimi peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ona qarşı elan olunmuş ittihamı qəbul etmir. İşin ona aidiyyatı yoxdur. Belə ki, sadəcə işçi olmuş və baş verənlərdən məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi izahatı və ifadəsini ona oxunmamış, oxumadan imza edərək, izahatını və ifadəsini təsdiq etmişdir. Özünü təqsirli bilmir. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fiziki və psixi cəhətdən sağlam, heç bir psixotrik dispanserdə qeydiyyatda deyildir. Təqsirləndirilən şəxs1 onun qonşusudur. Onunla yaxın dostluq münasibəti vardır. O əvvəl obyektlərə kameraların quraşdırılması ilə məşğul olmuşdur. Onun yanında işləmişdir. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Əhəd ona online kazino oyunu ilə bağlı məlumat vermişdir. O online kazino oynamışdır. Söhbət zamanı tanımadığı Ukrayna vətəndaşından “fastloto.com” və “Chcplay.net” kazino oyun saytlarında oynanılması üçün kod ala bildiyini, həmin kod ilə ana kassa yaradıb satışı ilə məşğul olub yaxşı gəlir qazana biləcəklərini bildirmişdir. O oyunun qaydaları barədə məlumat vermiş və onunla birlikdə işləmək qərarına gəlmişdir. Onun elə də başı çıxmadığı üçün kod almaq və digər məsələləri Əhəd özü təşkil etmişdir. Onlar instagram sosial şəbəkəsində “İnam.kazino.777” və “777.kazino.777” adlı səhifələr yaradaraq orada oyunun reklamını etmişlər. Həmin səhifədə Əhədin aldığı + 7 ilə başlayan nömrəni də əlaqə vasitəsi kimi qeyd etmişlər. Oynamaq istəyən şəxslər həmin nömrənin vatsapına yazmışdır. O, yada Əhəd onları cavablandırıb, oyun oynamaq üçün Əhədin aldığı ana kassadan admin login və parolunu daxil edib orda həmin məbləğdə kodu oyun oynamaq istəyən şəxsə göndərmişlər. Həmin şəxs də ona atdığları kart hesabına pul göndərmişlər. Həmin şəxs oyunu udarsa yenidən onlara yazır və onlar uduşu onun kartına göndərmişlər, ilk əvvəl kartı Əhəd öz adına açmışdır. Lakin sonradan o da öz adına kartlar açaraq istifadə etməyə başlamışdır. Təxminən 2022-ci ilin yanvar ayından Əhədlə bu formada işləmişlər. Əldə olunan gəliri də yarı bölmüşlər. Həmin müddət ərzində təxminən hərəyə 9- 10 min manat gəlir əldə etmişlər. Qeyd olunan müddətdə bir ara Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən hosteldə qalıb işləmişlər. Lakin sonradan Əhəd Nüsrət adlı şəxslə Xırdalan şəhərində ev tutduğunu bildirmişdir. Təxminən 2022-ci ilin dekabr ayından o da orda qalmağa başlamışdır. Orada Əhədə məxsus Notbuk və netbuk, həmçinin telefonlarla oyunların kodlarını satmışlar. Son zamanlar Əhədlə aralarında pulla bağlı problemlər yaranmışdır. Əhəd ona çatası pulları verməmişdir. Buna görə də onunla işləməmək qərarına gəlmişdir və qaldıqları evi tərk edib öz evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Sabirabad rayonunda yaşayır və heç bir yerdə işləmir. Əvvəllər “50 qəpik” restoranında qəlyançı işləmişdir. Orada işlədiyi müddətdə Təqsirləndirilən şəxs1la tanış olmuşdur. O tez-tez restorana gəlib qəlyan çəkmişdir. Onunla söhbə edən zaman Bakıda qalmağa yeri olmadığını bildirmişdir. Ona təklif etmiş ki, kirayə ev tapsın və birlikdə qalıb aylıq ödənişi də yarı-yarıya ödəsinlər. Onunla razılaşmış və təxminən 2022-ci ilin noyabr ayının sonlarında ünvan 5 ünvanında 2 otaqlı, aylığı 450 manata ev tapmışdır, ilk ayın pulunu Əhəd özü ödəmişdir. Əhəd özünü proqramist kimi təqdim etmişdir. O Əhədlə bir neçə gün qaldıqdan sonra onun əslində proqramist olmadığını görmüşdür. O istifadə etdiyi telefon və notbuklarda qanunsuz idman-mərc oyunu yarışlarını təşkil etmişdir. Bir neçə gündən sonra Əhəd evə qohumu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 gətirmiş və onun da onlarla qalacağını bildirmişdir. O günorta işə gedir gecə saatlarında qayıtdığı üçün onlarla çox əlaqəsi olmamış, lakin görmüş ki, Əhəd və Sulduz kompüter və telefonla qanunsuz mərc oyunları üçün kod satırlar. Əhəd bir neçə dəfə ona da oynamağı və hətta oyun kodlarının satılmasında ona kömək etməsini istəsə də o qanunsuz olduğu, həmçinin marağı olmadığı üçün imtina etmişdir. Onların həmin oyunları necə təşkil etməklərindən məlumatı olmamışdır. Əhəd hər gün evdə qalsa da Sulduz arada-bir gedib gəlmişdir. Təxminən iki aya yaxın onlarla birlikdə qalmışdır. Təxminən 2023-cü ilin yanvar ayının sonlarında Əhəd və Sulduzun arasında pulla bağlı problem yaranmağa başlamışdır. Lakin onlar arasında olan məsələnin tam mahiyyətini bilməmişdir. Həmin problemə görə Sulduz evi tərk etmiş və 2-3 gün evə gəlməmişdir. Evin iki dənə açarı olmuşdur. Həmin açarların biri onda biri isə Əhəddə olmuşdur. Lakin axır günlər Əhəd açarı itirdiyini bildirmişdir. 28 yanvar 2023-cü il tarixdə evdə olan zaman gecə saat 04-05 radələrində Əhəd ona ayağı ağrıdığı üçün marketə getməkdə ona köməklik etməsini istəmişdir. Həmin zaman Əhədin azyaşlı oğlu da evdə olmuşdur. Onlar evdən çıxan zaman Əhəd qapını bağlamışdır. O evdən çıxmaq üzrə olduğu üçün özündə olan açarı da Əhədə təhvil vermişdir. Onlar marketə gedib qayıdandan sonra Əhəd evdən kompüter, telefon və digər əşyalarının oğurlandığını bildirmişdir. Həmin zaman o içkili olmuşdur. Ondan soruşduqda marketə onunla birlikdə getdiyini bildirmişdir. Ona əşyaların Sulduz oğurladığını bildirmiş və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evə polis əməkdaşları gəlmiş və Abşeron polisində izahat verdikdən sonra onu sərbəst buraxmışlar. Bundan sonra onun onlarla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindəgöstərmişdir ki, özünə məxsus “Vaz 2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 3 ildir ki, tanıyır. Onunla eyni məhəllədə yaşamışlar. Təxminən 2022-ci ilin aprel ayının ortalarında Əhədlə söhbət edən zaman ona internetdə online satışla məşğul olduğunu bildirmişdir. Onun internet və texnologiyalardan o qədər də yaxşı başı çıxmadığı üçün Əhəddən necə işlədiyini nə alıb- satdığını soruşmamışdır. Onu texnologiyadan yaxşı başı çıxan şəxs kimi tanımışdır. O əvvəllər obyektlərə kameraların quraşdırılması işi ilə məşğul olmuşdur. Söhbət zamanı ona işinin online olduğunu və buna görə də müştərilərin pulu ona karta atdığını, lakin öz adına açdığı kartlarda limit keçdiyi üçün istifadə edə bilmədiyini bildirmişdir. Ona təklif etmiş ki, öz adına bank kartı açdırıb istifadə etmək üçün ona versin. Ona narahat olmamağını heç bir qanunsuz işlə məşğul olmadığını, hətta onun da tanıdığı Təqsirləndirilən şəxs2 də onunla birlikdə işlədiyini bildirmişdir. O kart açdıqdan sonra iş olduqca ona da 15-20 manat pul verəcəyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs2 də Əhədin dediklərini təsdiq etmişdir. O da onlara inandığı üçün razılıq vermişdir. Təxminən 2022-ci ilin aprel ayında o öz adına Kapital Bank” ASC-dən “4169-7385-4373-1255” nömrəli və "xxxx" ASC-dən “4189- 8000- 8048-8651” nömrəli kart əldə edərək həmin kartları Əhəd vermişdir. Kartları həmin banklardan açmağı da Əhəd ona bildirmişdir. Həmin kartların bağlı olduğu mobil tətbiqlər də Əhədin telefonunda olmuşdur. O karta nə qədər pul gəlib çıxarılmasından xəbəri olmamışdır. Onunla arada bir görüşmüşlər və hər dəfəsində ona 15-20 manat pul vermişlər. O Əhədin qanunsuz qumar oyunları təşkil etdiyini və həmin oyundan əldə etdiyi pulu da onun adına açdığı karta köçürdüyünü bilməmişdir. Bu barədə məlumatı olsaydı öz adına kart açıb heç vaxt ona verməzdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə komputer-texniki ekspertizanın 31 yanvar 2023-cü il tarixli 5/121 nömrəli rəyində qeyd edilmişdir ki: Tədqiq olunan “HP Pavilion Laptop” markalı “15-egOxxx” modelli “notebook" tipli kompüter hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Acer” markalı “AO 722” modelli “notebook” tipli kompüter halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “HP Pavilion Laptop” markalı “15-egOxxx” modelli “notebook” tipli kompüterin iş masasında “Kazino” adlı qovluq, “si*isin (işin) başladığı an” adlı qovluq və “SSDDSS” adlı “Mp4” formatlı fayl müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-121” adlı iş çantasında xarici yaddaş qurğuya köçürülərək ekspert rəyinə əlavə edildi. Təqdim edilmiş “HP Pavilion Laptop” markalı “15-egOxxx” modelli “notebook” tipli kompüterin iş masasında yerləşən “SSDDSS" adlı “MP4” formatlı video faylın 21 dekabr 2022-ci il tarixində, “KAZİNO” adlı qovluğun 21 dekabr 2022-ci il tarixində, “si*isin basladigi an” adlı qovluğun 10 aprel 2022-ci il tarixində, “si*isin basladigi an” adlı qovluğun daxilində “png” formatlı faylın 10 aprel 2022-ci il tarixində, “Lazimli Sekiller” adlı qovluğun 21 aprel 2022-ci il tarixində, həmin qovluğun daxilindəki “jpg” formatlı faylların isə 1 aprel 2022-ci il tarixində yaradılmaları (texniki xüsusiyyətlərinə görə) müəyyən edildi. Tədqiq olunan “HP Pavilion Laptop” markalı “15-egOxxx” modelli “notebook” tipli kompüterin yaddaşında “Google Chrome” brauzerinə aid axtarış tarixçəsində “chcplay.az”, “1x-xredbet002400.top” və “fastloto.com” adlı onlayn kazino və qumar saytlarına giriş olunduğunun rəqəmsal izləri müəyyən edildi. Təqdim edilmiş “Acer” markalı “AO 722” modelli “notebook” tipli kompüterin yaddaşında “Google Chrome” brauzerinə aid axtarış tarixçəsində “chcplay.az”, “chcplay.net”, “fastloto.az” adlı onlayn kazino və qumar saytlarına giriş olunduğunun rəqəmsal izləri müəyyən edildi. Tədqiq olunan “chcgreen.net” internet resursunda “0190” istifadəçi adına daxil olduqda balans bölməsində pul vəsaitinin olması müəyyən olundu. Tədqiq olunan “chcgreen.net” internet resursunda “P0190” istifadəçi adına daxil olduqda balans bölməsində pul vəsaitinin olması müəyyən olundu. Təqdim edilmiş bir ədəd sensor ekranli “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “X2H" markalı “2201117TG” modelli “**********14629, **********14637 “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranli “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli “**********59072, **********59080” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranli “İOS 16.2” əməliyyat sistemi ilə təhciz olunmuş “iPhone 11” markalı “A2221” modelli “**********44733” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “X2 11” markalı “2201117TG” modelli mobil smartfonun “files/lmage” bölməsində müxtəlif məbləğlərdə pul ödənişlərinə və “kazino” oynuna aid fototəsvirlər müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-121” adlı iş çantasında xarici yaddaş qurğuya köçürülərək ekspert rəyinə əlavə edildi (bax rəyə əlavə olunmuş “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə olunmş “hesabat’da “files/lmage” bölməsinə). Təqdim edilmiş “iPhone 11” markalı “A2221” modelli mobil smartfonun “files/lmage” bölməsində müxtəlif məbləğlərdə pul ödənişlərinə və “kazino” oynuna aid fototəsvirlər müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-121” adlı iş çantasında xarici yaddaş qurğuya köçürülərək ekspert rəyinə əlavə edildi (bax rəyə əlavə olunmuş “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə olunmş “hesabat’da “files/lmage” bölməsinə). Təqdim edilmiş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonun “files/lmage” bölməsində müvafiq pul məbləğlərinə və “kazino” oynuna aid fototəsvirlər müəyyən olunmadı. Təqdim edilmiş “İPhone 11” markalı “A2221” modelli və “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonların yaddaşında “chcgreen.net” internet resursuna daxil olma izləri müəyyən olundu (bax “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə olunmş “hesabat’da baxılmış veb saytlara). Rəyin “Tədqiqi hissəsi”nin 11-ci bəndində göstərilən səbəblərə təqdim edilmiş “Samsung Galaxy J5 Prime” markalı arxa markalanma göstəricisinə görə “SM-G570F/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında 28 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq götürdüyü online qumar oyunlarının keçirilməsində istifadə etdikləri 01 ədəd “Hp” markalı notbuku, 01 ədəd “Acer” markalı netbuku, 01 ədəd “Samsung” markalı, 01 ədəd “Redmi” markalı mobil telefonları və 07 ədəd bank kartını, həmçinin özünə məxsus 01 ədəd “Redmi” markalı mobil telefonu, eləcə də Təqsirləndirilən şəxs1 istifadə etdiyi 01 ədəd “İphone 11” markalı mobil telefonu könüllü olaraq təqdim etmişdir. Baxış zamanı həmin mobil telfon və notbuklarda qanunsuz online kazino-qumar saytlarına daxil olmalar müəyyən edilmişdir. Məhkəmə komputer-texniki ekspertizasının rəyə əlavə etdiyi 01 ədəd xarici yaddaş qurğusu (flaş kart), həmçinin 01 ədəd “Hp” markalı notbuk, 01 ədəd “Acer” markalı netbuk, 01 ədəd “X2 11” markalı, 01 ədəd “iphone 11” markalı mobil telefonları və 07 ədəd bank kartını öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və 01 ədəd xarici yaddaş qurğusu (flaş kart) cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübutlar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Şahid2 tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş “4169-7385-4373-1255” nömrəli, "xxxx" ASC tərəfindən verilmiş “4189-8000-8048-8651” nömrəli, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş “4169-7388-3670- 2385”, “4169-7388-1462-0203” nömrəli, "xxxx" ASC tərəfindən verilmiş “4098-5844- 5011-7427” nömrəli və Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş “4724-9425-2709-0815” nömrəli bank kartlarından hesabdan çıxarışlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, "xxxx" ASC tərəfindən Şahid2 adına verilmiş “4169-7385-4373-1255” nömrəli karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixdək ümumilikdə 7098 manatdan artıq pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. "xxxx" ASC tərəfindən Şahid2 adına verilmiş “4189- 8000-8048-8651” nömrəli karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixdək ümumilikdə 25 631,56 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş “4169- 7388-3670- 2385” nömrəli karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 25 yanvar 2023-cü il tarixdək ümumilikdə 3564,80 manat və “4169-7388-1462-0203” nömrəli karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixdək ümumilikdə 8 657,71 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş “4098-5844- 5011- 7427” nömrəli karta xx.xx.2022-ci il tarixdən 08 yanvar 2023-cü il tarixdək ümumilikdə 4882,57 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş “4724-9425-2709- 0815” nömrəli karta 2022-ci ilin dekabr ayında ümumilikdə 175 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin 06 karta ümumilikdə 45 000 manatdan artıq pul vəsaiti mədaxil edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 244- 1.2.2 və 244-1.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə müdafiə tərəfin təqsirləndirilən şəxs Şahid2 işçi olması və baş verənlərdən məlumatı olmaması kimi gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təkzib edilmişdir. Belə ki, CPM-nin tələblərinə, xüsusilə də həmin Məcəllənin 139-cu maddəsinə əsasən ilk növbədə cinayətin baş vermə faktı və cinayətin halları sübut olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında keçirilmiş əməliyyat axtarış tədbirlərinin və ibtidai istintaq zamanı toplanmış sübutların nəticəsi olaraq ittiham aktında qeyd olunmuş bank hesabları aşkar edilmişdir. Həmin kartlar ibtidai istintaq orqanı tərəfindən qruplaşdırılmış və həmin 06 karta yəni "xxxx" ASC tərəfindən Şahid2 adına verilmiş (sonuncunun təqdim etdiyi) “4169-7385- 4373-1255” nömrəli, "xxxx" ASC tərəfindən Şahid2 adına verilmiş “4189- 8000-8048-8651” nömrəli, "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş (sonuncunun təqdim etdiyi) “4169- 7388-3670-2385” nömrəli, "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş (sonuncunun təqdim etdiyi) “4098-5844- 5011-7427” nömrəli və "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş (sonuncunun təqdim etdiyi) “4724-9425- 2709-0815” nömrəli kartlara xx.xx.2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək ümumilikdə 45 000 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pulun məxaric edilməsi müəyyən edilmişdir. İttihamda qeyd edilən hesablara 45.000 manatın köçürülməsi faktı işin mübahisəsiz halıdır. Göründüyü kimi ittihamda qeyd olunan pulların təqsirləndirilən şəxslərin rəsmi vergi ödəyicisi kimi müəyyən olunmuş hesabına köçürülməsi müəyyən edilmir. Elə bu faktın özü kart hesablarında olan pulların qanunsuz fəaliyyət nəticəsində əldə edilməsini təsdiq edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cinayət hadisəsinin baş vermə faktının, CPM-in 139.0.1-ci maddəsinə əsasən, sübuta yetirilməsi işin mübahisəsiz halıdır. Belə ki, hesablara xx.xx.2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixdək ümumilikdə 45 000 manat pul mədaxil edilmiş və həmin məbləğdə pulun məxaric edilməsi mübahisəsiz hüquqi faktdır. Bu hesablardan 03-ü təqsirləndirilən şəxslərə məxsusdur. Həmin 06 hesabdan ikisi Təqsirləndirilən şəxs2, biri digər Təqsirləndirilən şəxs1, digər iki isə Şahid2 məxsusdur. Lakin məhkəmə bununla bağlı iş materiallarındakı sübutları nəzərdən keçirərək müəyyən edir ki, əvvəla şəxslərin hesabları təqib orqanı tərəfindən hansı qaydada müəyyən olunmuşdur. Həmin hesablardan ikisi Şahid2 adınadır, hansı ki, sonuncu ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaqında şahid qismində dindirilərkən hər iki təqsirləndirilən şəxsin adını çəkmişdir. Şahid ifadəsində 02 ədəd kartın nömrəsini qeyd etmiş, kartın ona məxsus olduğunu bildirsə də təqsirləndirilən şəxslərin adını çəkərək, sonuncuların (həmçinin digər şahid) əleyhinə birbaşa ifadə vermişdir. Yəni cinayətin baş vermə faktı sübut olunur və işdə olan birbaşa və dolayı sübutlarla bu kartların təqsirləndirilən şəxslərə aidiyyatı təsdiq olunur. Beləliklə, cinayətin baş vermə faktı təsdiq olunur, işdə olan sübutların məcmusu ittihamda qeyd olunan hesabların təqsirləndirilən şəxslərin istifadəsində və sərəncamında olmasını (cinayətə aidiyyatını) müəyyən etmək üçün kifayət edir. Qeyd edilən hallar, xüsusilə, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri ilə müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixdək ittihamda qeyd olunan qanunsuz qumar oyunlarının təşkili ilə məşğul olmuş və bu faəliyyət nəticəsində qeyd olunan məbləğdə pullar onların yönləndirdikləri kart hesablarına köçürülmüşdür. Təqsirləndirilən şəxsin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı kifayət qədər vaxtı və imkanı olmuşdur ki, həmin kartlar hesablarındakı pulların təyinatını sübut etsin. Məhkəmə bununla bağlı qeyd edir ki, bu halda kart hesablarına daxil olmuş pulların təyinatının sübut olunması yükü CPM-in 139.0.6-cı maddəsinə əsasən kart sahiblərinin öz üzərinə düşür, hansı ki, bunu sübut etmək və qanunauyğun fəaliyyət nəticəsində əldə edilməsini təsdiq etmək təsqirləndirilən şəxsin öz üzərindədir. Lakin bu müddət ərzində onlar kart hesablarına daxil olmuş pulların təyinatını sübut etməyə cəhd göstərməmişlər. Bundan başqa təqsirləndirilən şəxsin izahat, daha sonra ifadəsini oxumadan imzası ilə təsdiq etməsi kimi gətirdiyi dəlliləri ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman digər təqsirləndirilən şəxslə birlikdə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunları təşkil etməsi və keçirməsi əməlini törətməsini təsdiq etmiş, eyni zamanda “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında protokollarla birlikdə digər sənədlərə (müdafiəçinin iştirakı ilə) imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin bu dəlillərini formal mülahizə kimi qəbul etməklə əsaslı hesab etmir və qeyd edir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası CPM-in “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməli Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barələrində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidirlər. Təqsirləndirilən şəxslər cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, 01 ədəd “Hp” markalı notbuk, 01 ədəd “Acer” markalı netbuk, 01 ədəd “X2 11” markalı, 01 ədəd “İphone 11” markalı mobil telefonları və 07 ədəd bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılmalı; maddi sübut olan 01 ədəd xarici yaddaş qurğusu (flaş kart) cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 və vəkil Müdafiəçi2 göstərdikləri hüquqi yardıma görə hər birinə, hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 244-1.2.2 və 244-1.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 244-1.2.2 və 244-1.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 130 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd xarici yaddaş qurğusu (flaş kart) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, 01 ədəd “Hp” markalı notbuk, 01 ədəd “Acer” markalı netbuk, 01 ədəd “X2 11” markalı, 01 ədəd “İphone 11” markalı mobil telefonları və 07 ədəd bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 və vəkil Müdafiəçi2 göstərdikləri hüquqi yardıma görə hər birinə, hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar