Məhkəmə qərarları › İş №1(012)-530/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-530/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-530/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, işləməyən, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8-də qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Kərpc zavodun yaxınlığında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Məmmədli kəndi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin plastik materialdan olan pəncərəsini özü ilə gətirdiyi vintaçan vasitəsilə sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evdə olan sonuncuya məxsus ümumi dəyəri 3350 manat olan qızılzinət əşyalarını oğurlamaq məqsədilə otaqları axtararkən həmin vaxt yataq otağından səsə çıxan ev sahibi Zərərçəkmiş şəxs tərəfindən tutularaq saxlanıldığına görə bilavasitə oğurluq cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs subaydır və heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə məhkum olunmuşdur. Son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixə keçən gecə saat 00:10 radələrində Abşeron rayonu Məmmədli kəndi yeni məhəllədə piyada hərəkət etdiyi zaman zaman 2 mərtəbəli bir evin işıqlarının sönmüş vəziyyətdə olduğunu görüb evdə heç kimin olmadığını zənn etmişdir. Bundan sonra o, həmin evə yaxınlaşmış və ətrafda da heç kimin olmadığına əmin olduqdan sonra özü ilə götürdüyü fəhlə əlcəklərini əlimə geyinərək hasarı aşmaqla həmin evin həyətinə daxil olmuşdur. Daha sonra isə evin 1-ci mərtəbəsinin pəncərəsindən evə daxil olmaq qərarına gəlmiş və evin həyətində olan taxta nərdivanı həmin pəncərəyə söykəyib nərdivanla yuxarı qalxıb plastik materialdan olan pəncərəni sıxıb özü ilə götürdüyü vintaçan vasitəsilə açaraq evə daxil olmuşdur. Sonra isə o, mobil telefonunun işığı ilə evə göz gəzdirib evdə qiymətli əşyaların saxlandığı yeri müəyyən etmək üçün əvvəlcə otaqlara nəzər yetirmək üçün evin 2-ci mərtəbəsinə qalxmaq istəmişdir. Bu zaman isə evin 2-ci mərtəbəsindən bir nəfər şəxsin pilləkən vasitəsilə aşağı düşdüyünü görmüş və qaçaraq evə daxil olduğu pəncərədən evin həyətinə tullanmışdır. Bu zaman ev sahibi də onun arxasınca qaçıb onu tutmaq üçün həmin pəncərədən arxasınca evin həyətinə tullanmışdır. Bundan sonra o, evin həyətinin hasarını aşmaqla küçəyə çıxsa da ev sahibi həyətin darvazasını açıb küçəyə çıxaraq onu tutub saxlamış və onu öz həyətinə aparmışdır. Daha sonra isə ev sahibi, sonradan adını bildiyi Samir adlı şəxs mobil telefonla polis bölməsinə zəng edib bu barədə məlumat vermişdir. Bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək onu sorğu-sual etmişlər. Bir daha bildirir ki, maddi vəziyyəti yaxşı olmadığına görə o, xx.xx.2022-ci il tarixə keçən gecə saat 00:10 radələrində həmin evdə heç kimin olmadığını zənn etdiyi üçün həmin evdən oğurluq etmək istəmişdir. O, əvvəlcə həmin evin yeni inşa edildiyini düşündüyü üçün orada divarlara çəkilmiş elektrik naqillərini oğurlamaq üçün evə daxil olmuşdur. Lakin o, evə daxil olduqdan sonra həmin evdə artıq yaşayış olduğunu, evdə əşayaların olduğunu görmüşdür. Ona görə də evdən başqa əşyaları oğurlamaq qərarına gəlmişdir. Bu zaman isə ev sahibinin evdə olduğunu görüb həmin yerdən qaçmağa çalışsa da ev sahibi tərəfindən yaxalanmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olsa da təxminən 6 il olar ki, Abşeron rayonu, Məmmədli kəndi, yeni məhəllədə yerləşən evində ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, xx.xx.2022-ci il tarixə keçən gecə saat 00:10 radələrində yaşadığı evin 2-ci mərtəbəsində olduğu zaman evin 1-ci mərtəbəsində ayaq səsləri eşitmiş və tələsik evin birinci mərtəbəsinə enən zaman tanımadığı, əlinə fəhlə əlcəkləri geyinmiş bir nəfər şəxsin qonaq otağının plastik materialdan olan pəncərəsini açaraq içəri daxil olduğunu və pilləkənlə evin ikinci mərtəbəsinə çıxmaq istədiyini görmüşdür. Həmin şəxs onu görən kimi qaçaraq evinə daxil olduğu pəncərədən evin həyətinə tullanmışdır. Bu zaman o, da həmin şəxsin arxasınca qaçıb onu tutmaq üçün pəncərədən evin həyətinə tullanmışdır. Həmin şəxsin evin həyətinin hasarını aşmaqla küçəyə çıxmaq istədiyini görüb o, həyətin darvazasını açıb küçəyə çıxaraq onu tutub saxlamış və həmin şəxsi öz həyətinə aparmışdır. Bundan sonra da o, dərhal DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə mobil telefonu ilə zəng edib bu barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra da həmin yerə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməyə başlamışlar. Həmçinin o, həmin vaxt evinə pəncərədən daxil olan həmin şəxsi polis əməkdaşlarına təhvil vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bildirir ki, o, həmin şəxsi tutub saxladıqdan sonra ilkin olaraq ondan evinə nə məqsədlə daxil olduğunu soruşduqda həmin şəxs maddi vəziyyətinin yaxşı olmadığını deyib evinə oğurluq etmək məqsədilə daxil olduğunu etiraf etmişdir. Həmçinin həmin şəxs evinə həyətindən götürdüyü taxta nərdivanı pəncərəyə söykəyərək özü ilə gətirdiyi vintaçan vasitəsilə pəncərəni açıb içəri daxil olduğunu demişdir. Bildirir ki, evi tam təmirlidir və hadisə baş verən zaman evində pulu olmasa da evin bütün otaqlarında da məişət əşyaları, yəni mətbəxdə bir ədəd 350 manat dəyərindəki İndesit markalı soyuducu, qonaq otağında bir ədəd 300 manat dəyərindəki LG markalı 83 ekran plazma televizor, evin ikinci mərtəbəsinə çıxmaq üçün nəzərdə tutulmuş pilləkənin altında bir ədəd 780 manat dəyərində olan Samsunq markalı paltaryuyan maşın, yataq otağındakı dolabda saxladığı bir dəst (1-cüt qadın sırğası, boyunbağı, bilərzik, üzükdən ibarət) 2000 manat dəyərində olan qadın qızıl-zinət əşyaları, bir ədəd 500 manat dəyərində olan qadın nişan üzüyü, bir ədəd 500 manat dəyərində olan kişi nişan üzüyü, bir ədəd 250 manat dəyərində olan uşaq üzüyü və bir cüt 100 manat dəyərində olan uşaq üzüyü, ümumilikdə 3350 manat dəyərində qızıl-zinət əşyaları olmuşdur. Oeyd edir ki, həmin şəxsin evinə həmin 3350 manat dəyərində olan qızıl-zinət əşyalarını oğurlamaq məqsədilə qanunsuz daxil olduğunu düşünür. Şikayətçidir, ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilərkən Şahid ifadəsində bildirmişdir ki, Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 00:17 radələrində Mehdiabad PB-də xidmətdə olduğu zaman vət. Zərərçəkmiş şəxs Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evə oğurluq etmək məqsədilə daxil olan şəxsi tutub saxlaması barədə DİN-in “102” xidmətinə zəng edərək verdiyi məlumat Mehdiabad PB-nin növbətçi hissəsinə daxil olmuşdur. Bu səbəbdən də o, əməliyyat qrupu ilə birlikdə dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatan zaman həqiqətən də ev sahibi Zərərçəkmiş şəxs yaşadığı evin həyətində bir nəfər şəxsi tutub saxladığını görmüşdür. Həmçinin təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs məxsus evin birinci mərtəbəsinin pəncərəsinin qarşısına taxta materialdan olan nərdivanın söykənildiyini, pəncərənin də açıq vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs bildirmişdir ki, tutub saxladığı həmin şəxs evinə pəncərənin qarşısına söykədiyi nərdivanla çıxaraq pəncərəni açmış və oğurluq etmək məqsədilə evinə daxil olmuşdur. Həmçinin ev sahibi Zərərçəkmiş şəxs tutub saxladığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri həmin şəxs də sorğu zamanı həmin evə oğurluq etmək məqsədilə pəncərədən daxil olduğunu, həmin vaxt da ev sahibi tərəfindən tutularaq saxlandığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İstintaq zamanı kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə X2 02 avqust 2022-ci il tarixli 2797 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yüngül kəmağıllıq (orta dərəcəli debillik) əlamətləri aşkar olunur. Qeyd edilməlidir ki, yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən Yüngül kəmağıllıq (orta dərəcəli debillik) diaqnozlu əqli geriliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs sadəlövlük, səthilik, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təfəkkürü konkretdir, təhlil-tərkib prosesləri primitivdir, proqnozlaşdırma qabiliyyəti zəif çıxış edir, mülahizələri səthi, intellektual imkanları, bilik ehtiyatı dünyagörüşü yaşına və aldığı təhsilə uyğun olmamaqla, əqli inkişafında gerilik əlamətləri müşahidə olunur.Buna baxmayaraq Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 01 (bir) gün müddət, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq alınan 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 01 (bir) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 21-1/3-13163/21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış xx.xx.2021-ci tarixli hökmün surəti və onun icra olunması barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə icraya qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuş və məhkum həmin tarixdə qeydiyyata alınmışdır. Cəzanın əvvəli məhkumun Bakı şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar zamanı cinayətin residivi nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur və məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan ölüm haqqında və doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası Mətləb Ağayev 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, Yüngül kəmağıllıq (orta dərəcəli debillik) xəstəsi olmasını, atasının 1-ci Qarabağ müharibısində şəhid olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs psixi xəstə olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə tərəfimdən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsindən ötrü Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımova verilmiş vəsatət təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi haqqında Abşeron rayon məhkəməsinə təqdimat göndərilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs şəhid övladı olması və törətdiyi cinayət əməlindən peşman olduğu nəzərə alınaraq onun barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina olunduğundan həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 10 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzası hazırda təyin edilmiş hökmlə qismən birləşdirilməklə qəti cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 03 (üç) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar