Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-531/2023 02.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Gürcüstan Respublikasının Tibilisi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, Gürcüstan Respublikasının Tibilisi şəhəri Qubaşvili küçəsində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 38, mənzil 8-də yaşamış, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almaq məqsədi ilə 14 dekabr 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “Bəhram” adlı İran İslam Respublikası vətəndaşı ilə “WhatSapp” sosial şəbəkəsi vasitəsi ilə danışaraq 48 manat müqabilində razılığa gəlib 15 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkın yaxınlığında olan şam ağacının dibinə Bəhram adlı şəxs tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə qoyulmuş şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffav rəngli sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,977 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffav rəngli sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan 0,367 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq götürüb əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X12 əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində saxlanılıb Abşeron RPİ-yə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən həmin bir ədəd şəffav rəngli sellofan bükümdə 0,977 qram çəkidə narkotik vasitə heroin və bir ədəd şəffav rəngli sellofan bükümdə 0,367 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Bildirmişdir ki, 1989-cu ildə Azərbaycan Respublikası, Bakı Yeyinti Sənayesi Texnikumuna daxil olmuş və 1993-cü ildə Süd və süd məhsullarının texnologiyası ixtisası üzrə tam kursu rus dilində bitirmişdir. Təxminən 5 ilə yaxındır ki, Bakı şəhəri və Abşeron rayonunda tanımadığı müxtəlif şəxslərdən narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin alıb, qəbul etmişdir. Təxminən iki aya yaxındır ki, sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı “Bəhrəm” adlı şəxslə ilə tanış olmuşdur. Bir neçə dəfə həmin şəxsə kart vasitəsilə pul göndərib, şəxsi istifadəsi üçün narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin almışdır. “Bəhrəm” adlı şəxsə kart vasitəsilə pul göndərdikdən sonra, telefonda ona dediyi müxtəlif yerlərdən gedib, tanımadığı və görmədiyi şəxslər tərəfindən qoyulmuş heroin və ya metamfetamin bükümlərini şəxsi istifadəsi üçün götürmüşdür. Yenə narkotik vasitə alıb qəbul etmək üçün sonuncu dəfə 14 dekabr 2022-ci il tarixdə, saat təxminən 09 radələrində “Bəhrəm” adlı şəxs ilə “Whatsapp” vasitəsi ilə danışmış və həmin şəxsin ona verdiyi hesab kart nömrəsinə 48 manat göndərmişdir. “Bəhrəm” adlı şəxs ona məkan göndərəndən sonra Bəhramın göndərdiyi məkan əsasında 15 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkın yaxınlığında, şam ağacın dibindən bir büküm sellofana bükülmüş heroinin və bir büküm metamfetamini götürüb, əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoymuşdur. Oradan uzaqlaşıb yaşadığı Bakı şəhəri, Yasamal rayonundakı evinə gedərkən, yolda Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edərək, onu özləri ilə Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Ona görə həmin polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində, inzibati otaqların birində adını və soyadını xatırlamadığı polis əməkdaşı üzərində, cinayət xarakterli hər-hansı bir əşyanın olub-olmadığını soruşduqda, o, üzərində 2 büküm narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə öz razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman, əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibində saxladığı bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi həmin bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə olan metamfetamini polis əməkdaşları zərfə qoyaraq möhürləmişlər və bu barədə protokol tərtib etmişlər.O da həmin protokola imza atmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Əlahiddə X12 12-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. Bildirmişdir istəyirəm ki, xx.xx.2022-ci il tarixdə 05:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Heydər Əliyev prospektində iş yoldaşı DİN-nin Əlahiddə X12 12-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə bir yerdə xidmət aparan zaman bir nəfər şəxsin qaranlıq yerdə özünü şübhəli aparmasını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istədikdə həmin şəxs üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Onlar həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Həmin şəxs onların dəvətini qəbul edib onlarla bərabər Abşeron rayon polis idarəsinə gəlmişdir. Yolda həmin şəxs onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şəxsi Abşeron rayon polis idarəsinə gətirib idarə rəisinin adına raportla müraciət etmişlər və həmin şəxsi idarənin növbətçi hissəsinə təhvil vermişlər. İdarədə həmin şəxsin xx.xx.1974-cü ildə Gürcüstan Respublikasının Tibilisi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstan Respublikasının Tibilisi şəhəri Qubaşvili küçəsində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 38, mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs oğlunun olduğu müəyyən olunmuşdur. Sonra idarə rəisinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə etmək üçün təhqiqatçı tərəfindən dövlət hesabına tutulmuş vəkil X5 iştirakı ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş sonra onun və DİN-nin Əlahiddə X12 12-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərin içərisinə baxdıqda bükümlərdən birinin içərisində qəhvəyi rəngli toz halında maddənin, digər bir ədəd şəffav rəngli sellofan bükümdə isə ağ rəngli kristalşəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən çıxararq təqdim etdiyi iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərdən birinin içərisində olan narkotik vasitə heroin, digər bir ədəd şəffav rəngli sellofan bükümdə olan isə psixotrop maddə metamfetamindir. Bildirmişdir ki, təxminən “5 il olar ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 14 dekabr 2022-ci il tarixdə saat 09 radələrində İran İslam Respublikası vətəndaşı olan “Bəhrəm” adlı şəxs ilə “Vaatsap” vasitəsi ilə danışaraq sonuncunun ona verdiyi hesab kart nömrəsinə 48 manat göndərmiş, “Bəhrəm” adlı şəxs ona məkan göndərəndən sonra göndərdiyi məkan əsasında 15 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkın yaxınlığında, şam ağacın dibindən götürüb, əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoyaraq özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə daşıdığını bildirmişdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffav rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. Sonra isə təhqiqatçı tərəfindən X2 izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Əlahiddə X12 12-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekstertizanın 15 dekabr 2022-ci il tarixli 6/7053 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “DİN-nin Zərflət üçün №56 saylı” dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs aşkar... ” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,977 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir(qalıq çəkisi 0,927 qram – 0,05 qram narkotik vasitə olan heroin tədqiqata sərf edilmişdir). Digər bir ədəd bükümdə təmiz çəkisi 0,367 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq çəkisi 0,317 qram – 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil (Siyahı 1), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil (Siyahı 1),daxildir”. Məhkəmə-narkoloji ekspertizasının 04 may 2023-cü il tarixli 2549 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cüil tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,927 qram narkotik vasitə heroin və 0,317 qram qalmış psixotrop maddə olan metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən çıxararq təqdim etdiyi iki ədəd şəffav rəngli sellofana bükülmüş bükümləri təqdim edərək, birinin içərisində olan narkotik vasitə heroin, digər bir ədəd şəffav rəngli sellofan bükümdə olan isə psixotrop maddə metamfetamin olamasını bildirməsi müəyyən edilmişdir. AZE № 02188558 seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs anası X3 Azərbaycan Respublikasının vətəndaşıdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMin 59-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Topchiev X8 Respublikasının vətəndaşı olsa da anası X3 Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinin başa çatmaqda olması nəzərə alınaraq, yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrasının təmin edilməsi məqsədi ilə, onun barəsində həbs qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, digər Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,927 qram narkotik vasitə heroin və 0,317 qram qalmış psixotrop maddə olan metamfetamin məhv olunmalı; maddi sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmün icrasının təmin edilməsi məqsdəi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan X6 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,927 qram narkotik vasitə heroin və 0,317 qram qalmış psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-531/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-531/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver