Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-532/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 2000-ci il tarixdə Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tər-tər rayonu, İrəvanlı kəndində qeydiyyatda olan və yaşayan barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində tanışı Zərərçəkmiş şəxsın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 88, ev 1 mənzil 18-də olarkən oturacağın üzərində sonuncuya məxsus 01 ədəd sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş 1900 manat dəyərində olan “İphone 15 Pro Max” markalı mobil telefonu Zərərçəkmiş şəxs gözü qarşısında götürüb, qaçaraq açıq talamaqla soyğunçuluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə sosial şəbəkədə tanış olmuşdur. O, Nəzrinlə bir neçə dəfə görüşmüş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə tanışının yaşadığı evdə təxminən 10-dəqiqə görüşmüş və ona məxsus olan bir ədəd İPhone 15 Pro Max markalı mobil telefonu götürüb, qaçmışdır. Həmin zaman Nəzrin onun arxasınca qışqıraraq mobil telefonunu geri istəsə də, lakin onun pula ehtiyacı olduğundan həmin mobil telefonu Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında ünvanı xatırlamadığı lombarda girov qoyaraq 1750 (min yeddi yüz əlli) manat əldə edərək, şəxsi ehtiyacı üçün xərcləmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, əməlindən səmimi peşman olmasını, niyyətinin özgə əmlakını ələ keçirmək omamasını sadəcə pula ehtiyacı yarandığına həmin telefonu satmasını bildirərək barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Orucla sosial şəbəkədə tanış olmuşdur. O, 09 oktyabr 2024-cü il tarixdə Oruc ilə sosial şəbəkəsdə danışarkən ona evində sanitar qovşaqdan istifadə etmək istədiyini bildirdikdə o, etiraz etməmişdir. Təxminən 10 dəqiqə sonra sonuncu onun evinə gəlmiş və anidən ona məxsus İPhone 15 pro Max markalı mobil telefonu götürüb, qaçmışdır. O, həmin zaman Orucun arxasınca qaçmaq istəyəndə yıxılmış və ayağı zədələnmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə müraciət etmişdir. Sonda əlavə olaraq bildirir ki, ona məxsus mobil telefon polis tərəfindən lombartdan götürülərək geri qaytarılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanunauyğun cəzasının verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təxminən 4-aydır ki, Bakı şəhəri Nizami rayonu, Neftçilər metrosu Q.Qarayev prospekti 74-də yerləşən Lombarda işləməyə başlamış iş vaxtı həftənin bütün günü olmaqla saat 10-da başlayıb, həmin günü saat 21:00 radələrində qurtarmış, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində həmişə olduğu kimi işlədiyi Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu, Q.Qarayev prospekti 74-də yerləşən Lombarda gəlmiş və öz işinə başlamış, həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində işlədiyi iş yerinə yəni Lombard mağazasına iki nəfər 20-30 yaşlarında olan oğlan daxil olub, bir ədəd İPhone 15 Pro Max markalı mobil telefonu təqdim edib, həmin mobil telefonu satmaq istədiklərini bildirmiş, həmin zaman o, mobil telefona baxıb, həmin mobil telefonun işlək vəziyyətdə olduğunu və istifadə üçün yararlı olduğunu görüb, həmin mobil telefon aparatına 1750 (min yeddi yüz əlli) manat pul verə biləcəyini bildirmiş, bundan sonra həmin şəxslər onunla razılaşmış, daha sonra o, həmin şəxslərin ona təqdim etdikləri **********97376 və **********735715 imei kodlu İPhone 15 Pro Max markalı mobil telefon aparatını AA ******* seriyalı X2 adına olan şəxsiyyət vəsiqəsi ilə 1750 (min yeddi yüz əlli) manata almış, həmin şəxslə razılaşmışdır ki, bir aydan sonra 2000 (iki min) manat ödəməklə həmin mobil telefonu götürəcəkdir. Bundan sonra həmin şəxslər çıxıb getmiş, o isə həmin mobil telefonun alınması barədə müvafiq qeydlərini aparıb, telefonu ona girov qoyan şəxsə girov biletini təqdim etmiş, bu hadisədən sonra o həmin şəxsləri görməmiş, xx.xx.2024-cü il tarixdə işlədiyi iş yerində olan zaman polis əməkdaşları onun işlədiyi iş yerinə xx.xx.2024-cü il tarixdə İPhone 15 Pro Max markalı mobil telefon aparatını girov qoyan şəxslərdən biri ilə gəlib bildirmişlər ki, ona xx.xx.2024-cü il tarixdə verilən İPhone 15 Pro Max markalı mobil telefon aparatı cinayət yolu ilə əldə edilmiş mobil telefon aparatıdır, həmin mobil telefon aparatı isə cinayət işi üzrə maddi sübutdur, bundan sonra o polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlib, baş vermiş hadisə ilə əlaqədar olaraq ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 31 oktyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
2. “Zərərçəkmiş şəxs qismində tanıma” haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. “Cinayət işinin başlanması və icrataa qəbul edilməsi” barədə 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırılma aparılması üçün icraata qəbul edilmişdir;
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;
5. Abşeron rayon Məhkəməsinin 4(012)-763/2024 saylı, 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin əvvəli 31 oktyabr 2024-cü il taridən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
6. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2024-cü il tarixli, 5/1389-9/10287 №-li rəyə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş 01 ədəd “İphone 15 Pro Max” markalı, mobil smartfon hal hazırda işlək vəziyyətdədir; həmin mobil telefon aparatının satış üçün komplektləşdirməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alaraq, 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 1900,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir;
7. “Sübutların qiymətləndirilməsi” haqqında 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 15 Pro Max” mobil smartfon teıefon aparatı iş üzrə maddi sübut kimi tanınmaqla, zərərçəkmiş şəxsə qayarılması nəzərə alınmalı, cinayət işinin materiallarında olan şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin dindirmə protokolu, şəxsin tanınma haqqında protokolu, əşyanın tanınması haqqında protokol, ifadənin yerində yoxlanması protokolu, məhkəmə əmttəşünaslıq ekspertizasının rəyi və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir;
8. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13 yanvar 2025-ci il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə, 06 ay sınaq müddəti müəyyən olunmaqla 03 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və həmin cəzanın müddəti 21 dekabr 2023-cü il tarixdə başa çatmışdır; Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs məxsus “İphone 15 Pro Max” markalı mobil telefonu sonuncunun gözü qarşısında götürərək, açıq talamaqla soyğunçuluq edib, ümumilikdə zərərçəkmiş şəxsə cəmi 1900 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-c maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənilməsini ona təyin iləcək cəzanın yüngülləşdirici halı kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Füzuli rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə, 06 ay sınaq müddəti müəyyən olunmaqla 03 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər törətmiş olduğu cinayət əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal cinayətlərin residivini yaratmasa da lakin hazırki cinayət əməlini digər hökm üzrə cəza çəkdiyi, yəni məhkumluq müddəti ərzində törədildiyindən sonuncunun şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən əvvəlki məhkumluğundan nəticə çıxarmayıb yenidən qəsdən cinayətin törətməsini, bununla da ona islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin əməli məhkumluq müddətində törətdiyi üçün həmin halın şəxsiyyətini mənfi xarakterizə edən hal olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin, həm də şəxsin islah olunmasına və gələcəkdə bu kimi hüquq pozuntularına yol verməməsinə xidmət edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 31 oktyabr 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni 31 oktyabr 2024-cü il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “01 ədəd “İphone 15 Pro Max” markalı, mobil smartfon telefon aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, həmçinin iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “01 ədəd sensor markalı “İphone 15 Pro Max” markalı, mobil smartfon telefon aparatı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov