Məhkəmə qərarları › İş №1(012)-533/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-533/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-533/2024 08.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Zəngilan rayonu, Beşdəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Zəngilan rayonu, Məsatalıbəyli kəndində qeydiyyatda olan, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 14 sentyabr 2023-cü il tarixdə günorta radələrində Xırdalan şəhərində qohumu Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 5103-0716-1203-7230 nömrəli hesab kartına informasiya texnologiyalarından istifadə edib qanunsuz daxil olaraq ’’Birbank” mobil tətbiqi vasitəsilə həmin kartın hesabından 90 manat, 18 sentyabr 2023-cü il tarixdə eyni qayda ilə 500 manat pulu özünə məxsus 4169-7388-8884-0257 nömrəli kartın hesabına keçirərək, cəmi 590 manat məbləğində pulunu vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 590 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahid ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-1-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2011-ci ildə X3 ilə ailə həyatı qurmuş və bu evlilikdən 2 övladı olmuşdur. Lakin sonradan boşanmaq üçün məhkəməyə müraciət etmişdirlər. Təxminən xx.xx.2023-cü il tarixdə ailə daxili mübahisələr olduğuna görə yaşadığı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsindən çıxmışdır. Zərərçəkmiş şəxs məxsus kart məlumatları onda əvvəldən olmuşdur. Həmin kartı mobil telefonuna yükləmişdir. Belə ki, Zərərçəkmiş şəxsgil nəvəsinə cehiz almaq üçün bir nəfərdən faizə 3600 (üç min altı yüz) manat pul götürdüyü üçün kartı həmin şəxsə vermiş, ona da kartdan çıxarılan pul məbləğinin hesabını aparmasını tapşırmışdır. O da, kartı telefona yüklədiyi üçün bu barədə qaynatasına bu barədə həmişə məlumat verirmişdir. Evdən çıxdıqdan sonra da yoldaşı ona karta pul göndərmişdir. Qaynatasının borcunu ödəmək məqsədi ilə "xxxx"-a məxsus mobil tətbiqinə daxil olmuş və həmin vaxt kart hesabında olan 590 manat pulu yoldaşına məlumat verib onun razılığını aldıqdan sonra çıxarmışdır. Yoldaşı Qüdrət ona həmin pulu borcla əlaqədar anasına verməsini və qalanında sonra verəcəyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, oğlu Qüdrət Əliyev 2011-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onların birgə nikahlarından iki uşağı olmuşdur. Təqsirləndirilən şəxs 02 sentyabr 2023cü il tarixdə uşaqlarını və ərini ataraq xəbərsiz evdən getmişdir. 13 sentyabr 2023-cü il tarixdə özünə məxsus Kapital Bank ASC-nin təqaüd kartında 625 (altı yüz iyirmi beş) manat pul olmuş, həmin puldan 25 (iyirmi beş) manatı kartdan çıxartmış və kartında 600 (altı yüz) manat pul qalmışdır. Təxmin on gün sonra gedib Kapital Bank ASC-nin təqaüd kartından pul çıxartmaq istədikdə, kartında pul olmadığını görmüşdür. Sonra bu barədə Kapital Bank ASC-yə yaxınlaşıb məlumat almışdır. Bankın əməkdaşları ona məxsus kartdan 590 manat pulun çıxarılmasını bildirmişdirlər sonradan həmin vəsaitin Təqsirləndirilən şəxs Mehman qızı tərəfindən çıxarılması müəyyən edilmişdir. Belə ki, Aytən özü etiraf edərək ona məxsus təqaüd kartının balansına “Birbank” mobil tətbiq proqramı vasitəsi ilə daxil olaraq 590 manat öz hesabına köçürdüyünü demişdir. Beləliklə Təqsirləndirilən şəxs ona ümumilikdə 590 manat maddi ziyan vurmuşdur. Kart məlumatlarının Aytəndə olması səbəbi pensiyanın köçməsi barədə ona məlumat verilməsi ilə əlaqədar olmuşdur. O, heç vaxt Aytənə onun hesabından pul çıxarmasına icazə verməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, kartdan pulun çıxarılması Aytənin onun evində gəlin olduğu vaxt deyil, ailəsini və uşaqlarını tərk edib başqa şəxslə getdiyi vaxta təsadüf edir. Yəni həmin vaxt rəsmi olmasa da, faktiki olaraq onlar ailə olmamışdırlar. Ona ümumilikdə 590 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qızıllarının satması ilə əlaqədar onun məlumatı olmamış və belə bir hadisə baş verməmişdir. Həmçinin oğlu Qüdrət Əliyev arvadı Təqsirləndirilən şəxs ilə başqa ünvanda onlardan ayrı yaşamışdırlar. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilsə də, lakin sonuncu ilə aralarında barışıq olunmadığından Təqsirləndirilən şəxs törətmiş olduğu əməllə bağlı ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəsatət əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 02 sentyabr 2023-cü il tarixdə ailə münaqişəsinə görə yaşadıqları Abşeron rayonu, Pirəkəşkül qəsəbəsindən evdən çıxıb getmişdir. Hazırda rəsmi nikahda olsalar da, boşanmaq üçün məhkəməyə müraciət etmişlər. Atası Zərərçəkmiş şəxs özünə məxsus Kapital Bank ASC-nin təqaüd kartını Aytənə verməmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs məxsus kartdan 590 (beş yüz doxsan) manat pulu çıxaran zaman ona heç bir məlumat verməmiş, ümumiyyətlə həmin vaxt onlar arasında münasibətlər pis olduğundan onlar arasında əlaqə olmamışdır. Həmçinin onun atasına məxsus vəsait barədə qərar verməyə ixtiyarı olmamışdır. Onun Aytənin anasına borcu olması və atası Fazilin hesabından pulu çıxararaq qaynanası Rənaya verməsini deməsi barədə Aytənin dedikləri həqiqəti əks etdirmir. Məhkəmə iclasında vəsatət əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. X2 iki ailəli olmaqla Zərərçəkmiş şəxs gəlini olmuşdur. Həmişə Qüdrətgilə maddi köməkliklər etmiş, lazım olanda borc vermişdir. Onlar da, heç vaxt onu incitməmiş vaxtında pulu geri qaytarmışdırlar. 2023-cü ilin mart ayında qızı Aytən ona zəng edərək, 3600 (üç min altı yüz) manat pul lazım olduğunu bildirmişdir. Aytəndən bu barədə soruşduqda, Aytən pulun Qüdrətə lazım olduğunu bildirmişdir. O, da 3600 (üç min altı yüz) manat pulu Qüdrətə vermişdir. Pulu verən zaman Qüdrət pulu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. Sonradan Qüdrət pulu hər ay 360 (üç yüz altmış) manat olmaqla ödəyəcəyini bildirmiş, həmin puldan ayda 360 manat olmaqla beş ay ödənilmişdir. Aytən onların evindən çıxmışdır. Bundan sonra sentyabr və oktyabr aylarında Qüdrət müəllim ona iki dəfə 360 manat pul ödəmişdir. Həmin 3600 manat puldan Qüdrətgilin ona 1080 (bir min səksən) manat borcu qalmışdır. X9 Əliyevə məxsus Kapital Bank kartından pulu çıxaran zaman Qüdrətə məlumat vermiş, sonuncu isə Aytənə həmin pulu “apar ver anana ona borcum var” deyə bildirmişdir. Bu barədə bir başa məlumatı olmamış Aytən ona belə demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materiala əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 590 (beş yüz doxsan) manat maddi ziyan tam şəkildə ödənilmiş, lakin aralarında barışıq əldə olunmadığından Təqsirləndirilən şəxs törətmiş olduğu əməllə bağlı ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi 14 sentyabr 2023-cü il tarixdə günorta radələrində Xırdalan şəhərində qohumu Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 5103-0716-1203-7230 nömrəli hesab kartına informasiya texnologiyalarından istifadə edib qanunsuz daxil olaraq ’’Birbank” mobil tətbiqi vasitəsilə həmin kartın hesabından 90 manat, 18 sentyabr 2023-cü il tarixdə eyni qayda ilə 500 manat pulu özünə məxsus 4169-7388-8884-0257 nömrəli kartın hesabına keçirərək, cəmi 590 manat məbləğində pulunu vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 590 manat ziyan vurmaqla oğurluq etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs oğlunun cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxsə vurulmuş zərərin tam ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 60.1-cü maddəsinə müvafiq olaraq Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 1-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron Ryon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar