Məhkəmə qərarları › İş №1(012)-535/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-535/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-535/2024 07.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 28 avqust 1987-ci ildə Bərdə rayonu, Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 1(006)-343/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının çəkilməyən hissəsi 06 ay 01 gün təşkil edən, işləməyən, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu. Çiçək qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi evində yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq gümüşü rəngli kağız parçasına bükülmüş, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş bir ədəd bükümdə çəkisi 0,942 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Mürsəlov küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib həmin gün saat 02:07-dən 02:15-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə 0,942 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. X6 Dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 27 oktyabr 2023-cü il tarixdə, təxminən gecə 00:30 saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Mürsəlov küçəsində piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, polis olduqlarını bildirməklə onu polis idarəsinə dəvət etmişdirlər. İdarədə könüllü olaraq əynində olan şalvarının sağ cibindən içərisində narkotik vasitə heroin olan gümüşü rəngli kağız parçasını çıxarıb, təqdim etmiş və şəxsi istifadəsi üçün əldə etdiyini və öz üzərində saxladığını bildirmişdir. Narkotik vasitə heroin olan həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış, zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuş və bu barədə protokol tərtib edilərək, ucadan oxunaraq, doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Sonda polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir olunmadığını, etdiyi əməldən peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi barədə Şahid1 daxil olmuş məlumat əsasında sonuncu ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Mürsəlov küçəsinə gedib gözləməyə başlamışlar. 27 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində zahiri görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin olması barədə məlumatlarının olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunsuz əşya və maddələr olduğu halda təqdim etməsi təklif edilmiş, o, üzərində özü istifadə saxladığı narkotik vasitə olan heroini cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Proses vəkil iştirakı ilə videoçəkilişlə aparılmışdır. Sorğudaöz istifadəsi üçün əldə etdiyini bidirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan heroinə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq, qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması haqqında” 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5759 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 56” dairəvi möhür əksi və “(imza)” Təqsirləndirilən şəxs” yazısı və imzası olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,942 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,942 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq - 0,892 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir;

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi barədə” 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir.

7. “Maddi sübut kimi tanıma” haqqında 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş 01 (ədəd) büküm təmiz çəkisi 0,942 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekpertiza tədqiqatından sonra qalıq çəkisi 0,892 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir;

8. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir;

9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında 14 dekabr 2023-cü il tarixli, 8215 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür;

10. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 13 yanvar 2024cü il tarixli qərardan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və ona əlavə olunmuş 01 ədəd DVD formatlı kompak disk, diskə baxış keçirilməsi haqqında protokol , ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0, 942 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,892 qram narkotik vasitə heroinin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir.

11. Sumqayıt şəhər Probasiya Şöbəsinin 07 oktyabr 2024-cü il tarixli, 21-2/3-210361 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 343/2024 saylı, 28 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək cəzasının çəkilmiş hissəsi 11 ay 24 gün, çəkilməmiş hissəsi isə 06 ay 01 gün təşkil edir.

12. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 avqust 2018-ci il təvəllüdlü X2 adlı uşağı vardır.

Şəxsi axtarış və götürmə aparılması barədə 27 oktyabr 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli kağızın içərisində olan qəhvəyi rəngli, toz formalı narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə olan heroin olmasını, bükülmüş bükümün içərisindəkinin el arasında “kokos” adlanan maddə, yəni heroin olmasını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-343/2023 saylı, 28 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzas təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, o cümlədən ona əvvəllər analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb, yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 01 gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 27 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 07 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 ekspert komissiyasının 14 dekabr 2023cü il tarixli, 8215 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,892 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-343/2023 saylı, 28 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 01 (bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 27 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,892 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar