Məhkəmə qərarları › İş №1(012)-536/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-536/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-536/2023 20.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, Rövşən Nəbiyev küçəsi ev 4-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun anası X2 2021-ci ilin yanvar ayından etibarən dayandırılmış təqaüdünü 2000 manat müqabilində bərpa etdirəcəyinə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən “İdeal” marketdə olan “E-manat” elektron ödəmə sistemi vasitəsilə onun 4169 7385 7079 1057 nömrəli “Kapital bank" kartına göndərdiyi 2020 manat, xx.xx.2021 -ci il tarixdə həmin ödəmə terminalı vasitəsilə 4169 7385 7079 1057 nömrəli “Kapital Bank” kartına göndərdiyi 500 manat, xx.xx.2022-ci il tarixdə "Azərbaycan Beynəlxalq Bankf’na aid 4127 2081 2267 0309 nömrəli kart vasitəsilə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində onun 4169 7377 0483 4890 nömrəli “Kapital Bank” kartına göndərdiyi 300 manat, xx.xx.2022-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankf’na aid 4127 2081 2267 0309 nömrəli kart vasitəsilə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində onun 4169 7377 0483 4890 nömrəli “Kapital Bank” kartına göndərdiyi 50 manat və xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində 4098 5844 6249 9748 nömrəli Leo kartdan onun 4098 5844 5009 6704 nömrəli Leo kartına göndərdiyi 60 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2930 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, Rövşən Nəbiyev küçəsi ev 4-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, yeni məhəllədə ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 2 azyaşlı övladı var. Hazırda fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayəti ilə bağlı bildirir ki, həqiqətən də o, Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayında Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına gedib-gələn zaman tanımışdır. Həmin ərəfədə Vücayla aralarında olan söhbət əsnasında Vücay təxminən 1 ildir ki, anasının təqaüdünün dayandırıldığını bildirmişdir. Bu zaman o, Vücaya guya ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində sosial müavinətlərin təyin olunması işində işlədiyini və anasının dayandırılmış təqaüdünü 2000 manat müqabilində 2021 -ci ilin dekabr ayının sonuna kimi bərpa etdirə biləcəyini bildirmişdir. Vücay da onunla razılaşdığı üçün xx.xx.2021 -ci ildə saat 15:40 radələrində elektron ödəmə sistemi vasitəsilə istifadəsində olan 4169 7385 7079 1057 nömrəli “Kapital bank” kartına 2020 manat göndərmişdir. xx.xx.2021-ci ildə o, Vücaya zəng edərək anasının dayandırılmış təqaüdünün bərpa olunması işinin guya ki, 2000 manata əmələ gəlmədiyini və əlavə olaraq 500 manat da lazım olduğunu bildirmişdir. Ona görə də Vücay həmin gün saat 00:20 radələrində elektron ödəmə sistemi vasitəsilə onun “Kapital bank” kartına 500 manat da göndərmişdir. Həmçinin xx.xx.2022-ci ildə o, yenidən Vücaya zəng edərək işin həlli üçün əlavə 300 manat da lazım olduğunu dediyi üçün Vücay həmin gün onun 4169 7377 0483 4890 nömrəli “Kapital bank” kartına 300 manat da göndərmişdir. Həmçinin 2022-ci ilin mart ayının əvvəllərində o, Vücaya zəng edərək işin həll olunduğunu, anası Cəmilə Novruzovanın adına kart sifariş olunması üçün 110 manat lazım olduğunu dediyi üçün Vücay bu məqsədlə xx.xx.2022-ci ildə onun 4169 7377 0483 4890 nömrəli “Kapital bank” kartına 50 manat və xx.xx.2022-ci ildə də 4098 5844 5009 6704 nömrəli Leo kartına 60 manat göndərmişdir. O, Vücaya 2022-ci ilin mart ayının sonuna kimi guya ki, anasının təqaüd kartının hazır olacağını demiş və bundan sonrakı günlərdə Vücayın onunla əlaqə saxlaya bilməməsi üçün istifadəsində olan mobil telefonunu söndürmüşdür. Ona görə də Vücay onunla əlaqə saxlaya bilməmişdir. Hazırda törətdiyi dələduzluq cinayət əməlini səmimi olaraq etiraf edir və əməlimdən peşimandır. Həmçinin qısa müddət ərzində Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək anasının dayandırılmış təqaüdünü bərpa etdirəcəyinə yalandan vəd verərək hissəhissə ələ keçirdiyi ümumilikdə 2930 manat pulunu qısa müddət ərzində qaytaracağına söz verir. Hazırda dəymiş ziyan ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev 18 Ada qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxsdur və o, Ürfanı 2021 -ci ilin dekabr ayında tanımışdır. Belə ki, o, həmin ərəfədə böyrək daşı xəstəliyi ilə bağlı Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına gedən zaman Ürfan da həmin xəstəxanaya gəlib-getdiyi üçün onu tanımışdır. Söhbət əsnasında Ürfan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində sosial müavinətlərin təyin olunması işində işlədiyini bildirmiş və anası X2 təxminən 1 ildir ki, dayandırılmış təqaüdünü 2000 manat müqabilində 2021 -ci ilin dekabr ayının sonuna kimi bərpa etdirə biləcəyini demişdir. O, da Ürfanla razılaşdığı üçün xx.xx.2021-ci ildə saat 15:40 radələrində yaşadığı Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən “İdeal” marketdə quraşdırılmış “E-manat” elektron ödəmə sistemi vasitəsilə Ürfanın 4169 7385 7079 1057 nömrəli “Kapital bank” kartına 2020 manat göndərmişdir. xx.xx.2021-ci ildə Ürfan ***-***-**-** nömrəli mobil telefonu ilə onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək anasının dayandırılmış təqaüdünün bərpa olunması işinin 2000 manata əmələ gəlmədiyini və əlavə olaraq 500 manat da lazım olduğunu bildirmişdir. Ona görə də o, həmin gün saat 00:20 radələrində “İdeal” marketdə quraşdırılmış “E-manat” elektron ödəmə sistemi vasitəsilə Ürfanın “Kapital bank” kartına 500 manat da göndərmişdir. Həmçinin xx.xx.2022-ci ildə Ürfan yenidən ona zəng edərək işin həlli üçün əlavə 300 manat da lazım olduğunu dediyi üçün o, həmin gün özünə məxsus 4127 2081 2267 0309 nömrəli “Beynəlxalq bank” kartı vasitəsilə Ürfanın 4169 7377 0483 4890 nömrəli “Kapital bank” kartına 300 manat da göndərmişdir. Eləcə də bu məqsədlə xx.xx.2022-ci ildə Ürfanın 4169 7377 0483 4890 nömrəli “Kapital bank” kartına özünə məxsus 4127 2081 2267 0309 nömrəli “Beynəlxalq bank” kartı vasitəsilə 50 manat və xx.xx.2022-ci ildə yaşadığı evdə olarkən 4098 5844 6249 9748 nömrəli “Leo” bank kartı vasitəsilə Ürfanın 4098 5844 5009 6704 nömrəli "Leo” bank kartına 60 manat göndərmişdir. Onu da qeyd edir ki, sonuncu 50 və 60 manatı da Ürfan ona zəng edərək işin həll olunduğunu, anası Cəmilə Novruzovanın adına kart sifariş olunması üçün lazım olduğunu dediyi üçün göndərmişdir, ürfan 2022- ci ilin mart ayının sonuna kimi anasının təqaüd kartının hazır olacağını desə də bundan sonrakı günlərdə o, mobil telefonunu söndürdüyü üçün onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, ürfan tərəfindən aldadılmışdır. Ona görə də o, Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edərək 2930 manat pulunu ələ keçirdiyinə görə Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. hazırda dəymiş ziyan ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınaraq cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, Rövşən Nəbiyev küçəsi ev 4-də qeydiyyatda olan və yaşayan xx.xx.1997-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək məcburi qaydada Abşeron RPİ-nin İstintaq şöbəsinə gətirilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin o, cinayət prosesini həyata keçirən orqandan gizlənməklə istintaqa gəlmədiyindən ona göstərilən maddə ilə ittiham elan etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsinə və onunla bir sıra istintaq hərəkətlərinin yerinə yetirilməsinə zərurət yarandığı üçün xx.xx.2023-cü il tarixdə barəsində axtarış elan edilmiş və həmin tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımova vəsatət verilmişdir. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi məqsədə müvafiq hesab edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin X3 azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 73-1.1, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar