Məhkəmə qərarları › İş №1(012)-538/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-538/2020

28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-538/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər sədrliyi,Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Hüseyn oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1966-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 09 radələrində, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 07 saylı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs özünə məxsus “MERCEDEC 230” markalı avtomaşınını saxladığına görə sonuncu ilə aralarında yaranmış mübahisə zamanı evinin giriş qapısının qarşısından yerdən götürdüyü qopmuş ayaqqabı dabanı ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən qəsdən vuraraq, ona başın sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Familin qızı Ləmanın avtomaşını açmasını görmüş, atasına maşını çıxarmasını demişdir. Famil arvadı Arzu ilə 10 dəqiqə sonra qapını döyərək nə üçün sifariş göndərdiyini, maşını burda saxlayacağını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranaraq Familin arvadı ona nalayiq sözlər demiş, Famil onun üzərinə gəlmişdir. Buna görə əsəbləşərək evdən qapının qarşısından yerdən, qopmuş ayaqqabı dabanını götürərək Familin başına vurmuş və xəsarət yetirmişdir. Mübahisə 5-10 dəqiqə davam etmiş və kənar şəxslərin narahatlığına səbəb olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində qızı Xuduzadə Ləmanı göndərərək avtomaşından açarları götürüb gətirməsini demişdir.Qızı Ləman qayıdan zaman Əhmədin onu çağırdığını və gəlib avtomaşını çəkməsini demişdir. O isə Əhmədin qapısını döyüb çağıraraq avtomaşını saxladığı yerin öz qapısı olduğunu bildirmiş, bu zəmində aralarında mübahisə yaranmış, bu vaxt arvadı Şahid ora gələrək mübahisəyə müdaxilə etmişdir Əhməd onun arvadını nalayiq söyüşlərlə söyüb təhqir etmişdir.Sonra Əhməd evə keçərək əlində daşa oxşar əşya götürmüş və onun başına vuraraq xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş “Azəbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 1821 saylı ekspert rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın sağ təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası bərk –küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmənin məhkəmə iclasında Təqsirləndirilən şəxs yazılı ərizə təqdim edərək, cinayəti etiraf etdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri tamamilə ödəməsini və onunla barışmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəmənin baxışı iclasında Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkdiyini, ona dəymiş maddi və mənəvi ziyanı tamamilə ödədiyinə görə onunla barışdığını nəzərə alaraq sonuncunun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı şahid ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar