Məhkəmə qərarları › İş №1(012)-539/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-539/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-539/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: X3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altanı vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə saat 21:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində yerləşən “Bazarstore” marketin qarşısında meyvə-tərəvəz satışı ilə məşğul olan qohumu Şahid3 yanında olarkən marketdən alver edib çıxan Şahid1 aldığı malların pulunu tam ödəməməsinə görə marketin nəzarətçisi Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisəyə heç bir əsaslı səbəb olmadan müdaxilə etmiş, marketin qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs hücum edib heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında əlbəyaxa olaraq yumruq zərbələri ilə sonuncunun sifət nahiyəsinə qəsdən vurub həmin marketin pilləkənlərinə yıxaraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sağ gözün üst və alt göz qapaqlarının, sağ gözaltı nahiyəsinin qançırşişkinliyi, burun, üst dodaq, sağ iç topuq nahiyələrinin, sol əlin ön səthinin, sol əlin İ barmağının sıyrıqları, sol bazu nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında qanuni nümayəndəsi üzrə X2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bibisinin əri Şahid3 qardaşı Şahid2la birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində Bazarstore marketin qarşısında meyvə və tərəvəz satışı ilə məşğul olmuş, o arada bir qonaq gələndə Rövşənə meyvə satışında köməklik etmişdir. 12 avqust 2024-cü il tarixdə günorta saatlarında Rövşənlə Natiqin meyvə satdığı yerə gəlib köməklik etdiyi gün saat 21:30 radələrində meyvə satılan yerin qarşısında dayanarkən bir nəfər sonradan adının Elnur olduğunu bildiyi oğlan Natiqlə Bazarstore marketin qarşısında mübahisə etdiklərini, Elnurun bir nəfər qadını qolundan tutub zorla marketə aparmaq istədiyini, Natiqin isə Elnura irad tutub qadınla elə rəftar etməməsini deyərək sonuncuya mane olmağa çalışdığını görmüşdür. Elnur isə Natiqlə kobud danışaraq öz işi ilə məşğul olmasını deyərək həmin qadını marketdən oğurluq etməkdə günahlandırmış, Elnur mübahisə zamanı Natiqin ünvanına nalayiq söyüşlər söydüyü üçün o sonuncuya yaxınlaşaraq qolundan tutub, kənara çəkib nə üçün söyüş söydüyünü soruşanda Elnur ünvanına söyüş söyərək itələmiş və ayağı büdrəyib pilləkənlərin üzərinə yıxılmışdır. Bundan sonra o Elnurun sifət nahiyəsinə yumruqla zərbə endirmiş, Natiq və orada olan tanımadığı şəxslər onları ayırmışlar. Bildirmişdir ki, həmin vaxt marketdə işləyən işçilər də mübahisə etdikləri yerə gəlib ayırmışlar. Mübahisə zamanı yalnız Elnur onu itələdiyi üçün yumruqla bir dəfə sifət nahiyəsinə vurmuşdur. Bundan başqa digər şəxsləri vurmamış, yalnız Elnurla əlbəyaxa olmuşlar. Həmin vaxt orada olan marketin işçisi Turanə adlı qız isə kənarda dayanarkən hansı şəraitdə xəsarət almasını bilməmişdir. Aralarındakı mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Elnur onu itələdiyi üçün ayağı büdrəyib sol çiyni üstündə pilləkənin üstünə yıxıldığı üçün sol çiyni əzilərək xəsarət almışdır. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək müddət keçməklə bağlı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Azərsun Holdinqin Bazarstore MMC-də nəzarətçi işləyir. 2019-cu ildən Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən filialda nəzərətçi işləmişdir. 12 avqust 2024-cü il tarixdə saat 21 radələrində marketdə müştəri olan sonradan adının Şahid1 olduğunu bildiyi qadın marketdən götürdüyü ərzaqlardan bir neçəsinin pulunu ödəmədən marketi tərk etdiyi üçün həmin qadını marketin qarşısında saxladıb ona bildirmişdir ki, aldığı ərzaqların pulunu tam ödəməmişdir. Şəlalə isə mübahisə edərək guya şər atdığını bildirmiş, bu səbəbdən o sonuncuya marketə gedib video çəkilişə baxmasını təklif etmiş, sonuncu isə səbəbsiz olaraq səs-küy yaradıb qışqırmışdır. Bu vaxt marketin qarşısında meyvə-tərəvəz satan Şahid2 adlı şəxs yaxınlaşıb nə baş verdiyini soruşmuş, o isə Şəlalənin marketdən aldığı ərzağın pulunu tam ödəmədiyini bildirmişdir. Sonuncu Şəlalənin tərəfini saxlayıb iradını bildirmiş və Natiqə demişdir ki, gedib öz işi ilə məşğul olsun. Həmin vaxt bildirmişdir ki, “qadına yalandan şər atma oğru özünsən”. Buna görə aralarında söz mübahisəsi yaranmış, həmin vaxt arxadan Natiqin qohumu, sonradan adının Süleyman olduğunu bildiyi cavan oğlan ona tərəf gələrək yumruqla sifət nahiyəsinə vurmuş və həmin vaxt pilləkəndə yerə yıxılmışdır. Bundan sonra orada olan şəxslər onları ayırmağa başlamışlar. O cümlədən iş yoldaşı Turanə də onları ayırmışdır. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları onları polis idarəsinə gətirmişlər. Qeyd etmişdir ki, aralarındakı mübahisə təxminən 3-4 dəqiqə davam etmişidir. Hadisə nəticəsində baş və göz nahiyəsindən xəsarət almış, hadisə zamanı orada Süleyman, Natiq, Natiqin qardaşı Rövşən və iş yoldaşı Turanə olmuşdur və digər şəxsləri isə tanımır. Bildirmişdir ki, Natiqi və Süleymanı vurmamış, Natiqlə aralarında söz mübahisəsi olmuş, Süleyman isə Natiqlə mübahisə etmələrini görüb ona yaxınlaşaraq vurmuşdur. Təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 avqust 2024-cü il tarixdə saat 21 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Bazarstore supermarketə alış-veriş üçün getmişdir. Marketdən 1 ədəd Bizon enerji içkisi, 1 ədəd Rexona spreyi və təxminən 1 kq şaftalı meyvəsi alıb kassaya yaxınlaşmış, aldığı mallardan Bizon içkisinin və meyvənin pulunu ödəsə də, diqqətsizlikdən 1 ədəd Rexona spreyinin pulunu ödəmədən marketdən çıxdığı üçün marketdə nəzarətçi işləyən sonradan adının Elnur olduğunu bildiyi şəxs onu saxladıb aldığı malların pulunu tam ödəyib-ödəmədiyini soruşmuş, o isə çantasına baxdıqda Rexona spreyinin pulunu ödəmədiyi məlum olmuşdur. Nəzarətçi Elnur onun malın pulunu bilərəkdən ödəmədiyini fikirləşib qolundan tutub məcburi marketə aparmaq istəyəndə sonuncuya iradını bildirib qolunu buraxmasını demiş, həmin vaxt Elnurla arasında söz mübahisəsi yaranmışdır. Bu vaxt yaxınlıqda meyvə-tərəvəz satan sonradan adının Natiq olduğunu bildiyi şəxs Elnura yaxınlaşıb qolundan tutub çəkdiyi üçün iradını bildirmişdir. Elnur isə onunla mübahisə edib kobud danışdığı üçün aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı Elnur söyüş işlətdiyi üçün Natiqin yanında olan cavan oğlan Elnura söyüş söyməməsini bildirdikdə Elnur onu itələmiş və həmin vaxt sonradan adının Süleyman olduğunu bildiyi oğlan pilləkəndə ayağı büdrəyib yıxılmış, Süleyman ayağa qalxıb Elnurun sifət nahiyəsinə yumruqla vurmuşdur. Bu vaxt Natiq, marketin işçisi Turanə və adlarını bilmədiyi digər şəxslər onları ayırıb dava etməyə qoymamışlar. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları Elnuru, Natiqi, marketdə işləyən Türanə adlı qadın və onu polis idarəsinə aparmışlar. Bildirmişdir ki, mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt Elnur onu vurmamış və yalnız aralarında söz mübahisəsi olmuşdur. Elnur Natiqə söyüş söydüyü üçün Natiqin qohumu Süleyman sonuncunu vurmuşdur. Həmin vaxt orada marketin işçiləri və tanımadığı bir neçə şəxslər olmuş Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2-ci qrup qarabağ əlilidir. Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospektində “Bazarstore” marketin qarşısında qardaşı Şahid2la birlikdə meyvə-tərəvəz satışı ilə məşğul olur. 12 avqust 2024-cü il tarixdə meyvə satdığım yerdə olarkən qaynı oğlu Təqsirləndirilən şəxs yanına gəlmişdir. Axşam saat təxminən 20 radələrində Süleymana gözləməsini, ona köməklik edib işdən sonra birlikdə evə getmələrini bildirmişdir. Həmin vaxt “Bazarstore” marketinin qarşısında marketin işçisinin bir nəfər qadınla mübahisə etməsini görmüşlər. Həmin vaxt marketdə işləyən adını sonradan bildiyi Elnur həmin qadının qolundan tutub zorla marketə aparmaq istədiyi üçün qardaşı Natiq onlara tərəf getmiş və Elnura iradını bildirmişdir. Bu vaxt Elnur Natiqlə mübahisə edərək sonuncuya nalayiq cavab verərək qarışmamasını bildirmişdir. Buna görə Natiqlə Elnurun arasında söz mübahisəsi yaranmış və həmin vaxt Süleyman Natiqin mübahisə etməsini görüb sonunculara tərəf gedəndə Elnur Natiqin ünvanına söyüş işlətdiyi və itələdiyi üçün Süleyman Elnurun sifət nahiyəsinə vurmuş və sonra isə onlar əlbəyaxa olmuşlar. Həmin vaxt o Süleymanın pilləkəndə yıxıldığını görüb onlara yaxınlaşıb aralaşdırmış və bu vaxt marketdə işləyən qadın da onları ayırmağa çalışmışdır. Mübahisə olduğu üçün orada xidmət aparan polis əməkdaşları yaxınlaşıb Elvini, iş yoldaşı Türanə adlı qadını və Natiqi polis idarəsinə aparmışlar. Bildirmişdir ki, baş vermiş mübahisə marketin nəzarətçisi Elnurun müştəri qismində marketə gəlmiş qadının aldığı ərzağın pulunu tam ödəmədiyi üçün həmin qadınla mübahisə etməsi, Natiqin isə Elnurun qadına qarşı kobudluq etməsini görüb ona irad bildirməsi səbəbindən yaranmışdır. Mübahisə Bazarstore marketin qarşısında olmuş və təxminən 2-3 dəqiqə davam etmiş, mübahisə zamanı o və qardaşı Natiq xəsarət almamış və həmin vaxt Elnur Natiqlə söz mübahisəsi edib söyüş söydüyü üçün Süleyman Elnurla əlbəyaxa olmuş və onu yumruqla vurmuşdur. Elnur isə Süleymanı itələdiyi üçün ayağı pilləkəndə büdrəyib yıxılmış, mübahisə zamanı orada tanımadığı bir neçə şəxs də olmuş, Elnur onu və qardaşı Natiqi vurmamış və sonuncuları ayırıb dava etməyə qoymamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid4 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid4 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2014-cü ilin dekabr ayından Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Bazarstore marketdə müdir müavini işləyir. 12 avqust 2024-cü il tarixdə saat 21 radələrində marketə müştəri qismində gələn sonradan adının Şəlalə olduğunu bildiyi qadın marketdən aldığı ərzaqların pulunu tam ödəmədən çıxarkən marketin nəzarətçisi Elnur bunu bilib marketin qarşısında Şəlaləni saxlayıb sonuncuya pulu tam ödəməsini tələb etdiyi üçün Şəlalə Elnura ona şər atmasını bildirib səs-küy saldığı üçün ona bu barədə bildirmiş və bu zaman marketdən çıxıb onlara tərəf gələrkən görmüşdür ki, marketin qarışısında meyvə-tərəvəz satan Natiq Elnurla mübahisə edirlər. Sonuncular mübahisə edərkən Natiqin qohumu Elnura yaxınlaşıb yumruqla vurduğu üçün sonuncuları ayırmağa başlamış, həmin vaxt orada əl-qol hərəkətləri etdikləri üçün o da qolundan və baş nahiyəsindən zərbələr almış və onları ayırdıqdan sonra hadisə yerinə post patrul xidməti əməkdaşları gəlib polis idarəsinə aparmışlar. Qeyd etmişdir ki, həmin vaxt Natiq söyüşlər işlətdiyi üçün Elnur da söyüşlə cavab qaytarmış, Elnur göz nahiyəsindən xəsarət aldığı üçün hər ikisi xəstəxanaya müraciət etmiş, hadisədən bir neçə gün sonra Süleyman və onun valideyni, həmçinin Natiq onlardan üzr istəyərək hadisənin anlaşılmamazlıq səbəbindən olduğunu bildirmişlər. Onlar isə sonuncuların uzun müddət marketin qarşısında satış apardıqları üçün tanıdığına görə bağışlamışlar. Mübahisə saat təxminən 21:30 radələrində baş vermiş, 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt orada Elnur, o, Natiq, Süleyman, Natiqin qardaşı Rövşən və tanımadığı bir neçə şəxs olmuş və hadisə zamanı o Elnurla Sülemanı ayırarkən başına və qoluna zərbələr dəymiş, ancaq həmin zərbələri kimin vurmasını dəqiq bilməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid5 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin PPXB-də polis nəfəri kimi xidmət göstərir. xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində, 4 saylı marşrutda polis nəfəri Şahid6lə birlikdə xidmət aparan zaman saat 21:25 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF parkda xidmət aparan piyada patrulların çağırışına uyğun olaraq AAAF park yaşayış kompleksində yerləşən “Bazarstore” supermarketinin qarşısına yaxınlaşmışlar. Köməyə çatan zaman bir qrup şəxsin “Bazarstore” supermarketinin qarşısında mübahisə etdiklərini görmüş, həmin şəxsləri sakitliyə dəvət etdik və qanuni tələblərə tabe olmağı tələb etmişlər. Bundan sonra supermarket işçiləri xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və xx.xx.1996-cı il təvəllüdlü Şahid4, habelə hadisə iştirakçıları digər 3 nəfər tərəfilərindən Abşeron rayon Pİnə dəvət olunmuş və növbətçi hissəyə təhvil verilərək raportla məruzə edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid6 digər şahidi Şahid5 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Xırdalan şəhəri, AFF parkın qarşısında yerləşən Bazarstore marketinin yanında dayandığı zaman marketin işçisi, sonradan adını bildiyi Şəlalə adlı qızın qolundan tutaraq sonuncuya marketdən oğurluq etdiyini deyib həmin an qızın üstünə qışqırmışdır. Əvvəlcə o marketin işçisinə yaxınlaşaraq sözlə irad bildirmiş, bundan sonra qardaşı Rövşən və qaynı oğlu Süleyman gəlmişdir. Həmin vaxt marketin işçisi onları söyüb təhqir etmiş və qardaşı və Süleymanla marketin işçisi arasında mübahisə olmuşdur. Mübahisə zamanı sonuncu Süleymanı vurmuşdur. Bundan sonra həmin yerə Post Patrul əməkdaşları deyilən yerə gələrək onları Abşeron rayon Polis idarəsinə gətirmişlər. Baş vermiş mübahisə 5 dəqiqə olmuş və bu zaman kənar şəxs olmamış, mübahisə vaxtı onu heç kəs vurmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul etmək” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanımaq barədə” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 128-ci maddəsindən Həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınması haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 iş üzrə yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi” X5 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1839 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sağ gözün üst və alt göz qapaqlarının, sağ gözaltı nahiyəsinin qançır-şişkinliyi, bunun üst dodaq, sağ iç topuq nahiyələrinin, sol əlin ön səthinin, sol əlin İ barmağının sıyrıqları, sol bazu nahiyəsinin qançırı – küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəni hissəsinin təsirindən əmələ gəlməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi və elan edilmiş ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, əməlin törədildiyi vaxtdan bir ildən artıq müddət keçdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, həmçinin təqsirləndirilən şəxs və müdafiyəçi etiraz etmədiyindən, iş üzrə icraata xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Bundan başqa cinayət işinin materiallarından göründüyü kimi iş üzrə icraat dayandırılsa da, dayandırma Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmış və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən müddət axımının dayandırılmasına səbəb olmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə baxışının gedişində dövlət ittihamçısı cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Belə olan halda məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və ona təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 10 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 280 manat (10 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 280 (iki yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun müvafiq hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar