Məhkəmə qərarları › İş №1(012)-54/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-54/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-54/2021 01.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1980-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Həmid Soltanov küçəsi fərdi evdə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin İnzibati Binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda siqaretin gümüşü kağızına bükülü, ümumi təmiz çəkisi 0,249 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2019-cu il tarixdə saat 04 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazidə Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılıb PB-nə gətirilmiş və orada xidməti otaqda üstünə şəxsi axtarış keçirilən zaman onun əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülü ümumi təmiz çəkisi 0,249 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən iki ay olar ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsində, H. Sultanov küçəsində yerləşən işlədiyi avtotəmir sexinin qarşısından 1 ədəd siqaret kağızında olan bükülü tapıb içərisinə baxdıqda içərisində narkotik vasitə heroin olduğunu görüb həmin bükülünü sonradan özünün istifadə etməsi məqsədi ilə əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin bükümdəki narkotik vasitə heroindən bir hissəsini falqa kağızda yandırıb tüstüsünü trubka ilə çəkdikdən sonra qalan hissəsini isə gödəkçəsinin cibinə qoymuşdur. xx.xx.2019-cu il tarixdə şəxsi işi ilə əlaqədar gecə saat 04 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlara narkotikdən istifadə etdiyini bildirmişdir və bu səbəbdən onu yoxlamaq üçün polis bölməsinə dəvət olunmuşdur. Onu bölməyə gətirdikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və narkotik vasitə olub-olmadığını soruşmuşdular və axtarış aparılmadan əvvəl ona üzərində qanunla qadağan edilmiş nə varsa təqdim etməyin təklif etmişdilər. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkiliş aparmaqla üzərində şəxsi axtarış keçirilmişdir və o əynindəki idman gödəkcəsinin sağ yan cibindən bir bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Üzərində aşkar edilmiş içərisində narkotik vasitə heroin olan kütlə onun iştirakıyla ağ zərfə qoyularaq bağlandığını. Onun üzərində axtarış aparılması barədə tərtib edilmiş protokola imza edərək təsdiq etdiyini bildirmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1980-cı il təvəllüdlü, Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi H. Sultanov küçəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq gəzdirilməsində və qəbulunda şübhəli olduğu üçün xx.xx.2019-cu il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılılmışdır və Abşeron rayon Pİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır və həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə dəvət edilmişdir. Polis İdarəsində rəhbərliyə raportla məruzə edildikdən sonra xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşub və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs oğlu həmin vaxtı əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülünü çıxarıb təqdim etmişdir və həmin vasitənin narkotik vasitə heroin olduğunu, üstündə olan narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etdiyini və üstündə saxladığını bildirmişdir. Həmin büküm açıldıqda arasında olan maddə tünd qəhvəyi rəngli, kəskin və spesifik iyə malik olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsində işlədiyi yerin yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqdim edilmiş bir ədəd gümüşü kağızında olan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılıb və möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmişdir və tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və Abşeron rayon Pİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid1, Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 31612 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərində…» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,249 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı-İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının «01 ».04.2020-ci il tarixli «836 » №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədirinin seçilməsindən imtina olunub və dərhal məhkəmə zalından azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmiş və bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək saxlanıldığı 02 gün, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, Bakı Şəhər Narkoloji Dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0.199 qram narkotik vasitə herion məhv edilməlidir. İş üzrə 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, Xırdalan şəhər vəkil bürosunun və Abşeron rayon Vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçisi Xırdalan Şəhər Vəkil bürosunun vəkili, müdafiəçi X2 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili, Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək saxlanıldığı 02 gün, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, o, Bakı Şəhər Narkoloji Dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut qalıq çəkisi 0,199 qram qalmış olan heroin məhv edilsin. İş üzrə 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi Xirdalan Şəhər Vəkil bürosunun vəkili, müdafiəçi X2 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar