Məhkəmə qərarları › İş №1(012)-543/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-543/2021

27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-543/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə xx.xx.2003-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci, 321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən və vəzifədən azad edən saxta rəsmi sənəddən istifadə etməklə qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Belə ki, o, 2021-ci ilin aprel çağırışına cəlb edildiyi zaman bölgüyə əsasən Dövlət Sərhəd Xidmətində qulluq keçməli olduğu halda, bir müddət hərbi xidmətdən kənar qalarsa məşğul olduğu “Cüdo” idman növündə Respublika və beynəlxalq səviyyədə nailiyyətlər qazanacağı qənaətində olduğundan bu mövqedən çıxış edib qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq məqsədi ilə 29 sentyabr 2020-ci il tarixdə attestat aldıqdan sonra istintaqa məlum olmayan yerdə hazırlanmış, guya 17.02.2021-ci il tarixli əmrlə Gürcüstan Respublikasında yerləşən Milenium Tədris Universiteti Məhdud Məsuliyyətli Cəmiyyətin “biznes inzibatçılığı” ixtisası üzrə tələbə kimi qəbul olunmasına dair məzmununda yalan məlumatları əks etdirən rəsmi sənəd olan və blankı, mətni, möhür əksi və imzası axınlı printerdə çap edilmiş saxta arayışı əldə edib 09 aprel 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə şəxsən təqdim etdikdən sonra 2021-ci ilin iyul ayında olan çağırışlara da müxtəlif bəhanələr gətirərək hərbi xidmətə getməkdən boyun qaçırmaqla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq səhhətinin hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verməsinə baxmayaq bilə-bilə çağırışçıya möhlət hüququ verən saxta rəsmi sənəddən istifadə etməklə qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10-cu sinfədək Qobu qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə, son iki ili isə həmin qəsəbənin 2 saylı tam orta məktəbində oxumuşdur. 1-ci sinfə gedəndən “cüdo” idman növü ilə məşğul olmuş, hazıradək təxminən 30-a yaxın respublika və beynəlxalq səviyyədə nailiyyətləri vardır. 10 aprel 2021-ci il tarixdə 18 yaşı tamam olmuşdur. 2020-ci ilin iyunun 14-də orta məktəbi tam olaraq başa vurmuş və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmaq üçün sənədlərini vermiş, lakin keçid balı çatmadığına görə universitetə qəbul olunmamışdır. Atası Elçin onun hərbi xidmətə getməzdən əvvəl ali təhsil almasını arzulamış, bu səbəbdən Sahil qəsəbəsində yaşayan və oğlu Gürcüstan Respublikasında yerləşən universtetlərdən birində oxuyan dostu Rafiqin vasitəsi və məsləhəti ilə Yaylaq və Aygün adlı şəxslərlə tanış olmuş, həmin şəxslər 3000 manat pulun müqabilində onun Gürcüstan Respublikasında yerləşən “Milenium” tədris universitetinə qəbul etdirə biləcəyini vəd etdikdə atası razılaşıb 3000 manat pulu onlara vermiş, Yaylaq deyilən şəxs az müddət keçdikdən sonra onun Gürcüstan Respublikasında yerləşən “Milenium” tədris universitetinin biznes inzibatçılığı ixtisası üzrə qəbul olunduğunu onlara bildirmiş, qəbul olunmasına dair arayışı isə onunla birlikdə SHXÇDX-nin Abşeron rayon şöbəsinə təqdim etmişlər. Atası onun Gürcüstan Respublikasında yerləşən “Milenium” tədris universitetinin biznes inzibatçılığı ixtisası üzrə qəbul olunmasına dair arayışın saxta olduğunu bildikdən sonra dəfələrlə verdiyi 3000 manat pulu Yaylaqdan tələb etdikdə o, əvvəl qaytaracağını bildirsədə sonradan mobil telefonunu söndürmüş, atasının zənglərinə cavab vermədikdə isə atası onun qeydiyyatda olduğu Şirvan şəhərinə getmiş, orada yaşayan yaşlı anası ilə görüşdükdən sonra Yaylaq atasının verdiyi 3000 manat puldan 1000 manat məbləğinı qaytarmış, təxminən bir aydan sonra Qobu qəsəbəsinə işləyən marşurut sürücüsü vasitəsi ilə atasına 1000 manat məbləğində puluda göndərmiş, qalan 1000 manat pulu isə qaytarmamışdır. Onun barəsində Abşeron rayon prokurorluğunda araşdırma aparılarkən atasının Yaylaq deyilən şəxslə 4-5 dəfə araşdırmanı aparan Abşeron rayon prokuror köməkçisi X5 və bir neçə dəfə Abşeron rayon prokurorluğunun müstəntiqi X1 olduğunu görmüş, hər ikisi izahat vermiş, sonra Yaylaq deyilən şəxs bütün işlərin yaxşı olacağını atasına bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, həmin ifadələrin ona oxunmadan imza etdirildiyini bildirmişdir. Sonda o, bu cinayətin törədilməsində günahı olmadığını, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, 10-cu sinfədək Qobu qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə, son iki ili isə həmin qəsəbənin 2 saylı tam orta məktəbində oxumuşdur. 1 -ci sinfə gedəndən “cüdo” idman növü ilə məşğul olmuş, hazıradək təxminən 30-a yaxın respublika və beynəlxalq səviyyədə nailiyyətləri vardır. 10 aprel 2021-ci il tarixdə 18 yaşı tamam olmuşdur. 2020-ci ilin iyunun 14-də orta məktəbi tam olaraq başa vurmuş və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmaq üçün sənədlərini vermiş, lakin keçid balı çatmadığına görə universitetə qəbul olunmamışdır. Burda instituta qəbul olunmadığına görə 2021-ci ilin yanvar ayında pandemiya vəziyyəti ilə əlaqədar Respublika hüdudlarını tərk edə bilmədiyinə görə onlayn şəkildə Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən “Milenium” tədris universitetinin biznes inzibatçılığı ixtisası üzrə sənədlərini vermiş və həmin universitet onu qəbul etmişdir. Universitet onu qəbul edəndə təhsilin rus dilində keçəcəyini ona bildirmişlər. Universitetin təhsil haqqı bir semestrə görə 1200 ABŞ dolları təşkil etmişdir. Həmin universitetin ödənişini 2021-ci ilin may ayında etməli imiş ki, 2021-ci ilin sentyabr ayında həmin universitetdə təhsilə başlaya bilsin. Sonradan təhsilin rus dilində yox, gürcü dilində keçiriləcəyini öyrəndiyindən həmin universitetə ödəniş etməmişdir. Həmin universitet Gürcüstan Respublikasında keçirilən “cüdo” üzrə yarışda qazandığı nailiyyəti əsas götürərək maneəsiz universitetə qəbul etmişdir. 2021-ci ilin aprel ayında ad gününə bir neçə gün qalmış onu SHXÇDX-nin Abşeron rayon şöbəsinə çağırmışlar. O da universitetə qəbul olunmağı ilə bağlı arayışı onlara təqdim etmişdir. Təxminən 2021-ci ilin may ayın axırında Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Daxili İşlər üzrə Milli Universitetə sənədlərini onlayn şəklində təqdim etmişdir. Həmin universitet də onu Ukrayna Respublikasında keçirilən “cüdo” üzrə yarışda qazandığı nailiyyəti əsas götürərək 28 may 2021-ci il tarixdə hüquq fakültəsinə maneəsiz qəbul etmişdir. Lakin bu da müəyyən səbəblərə görə alınmamışdır. Təqsirləndirilən şəxs ifadəsində hərbi xidmətdən yayınmaq fikrinin olmadığını, nə vaxt lazımdırsa vətənə xidmət etməyə hazır olduğunu bildirmişdir. Sadəcə bu yaxınlarda idman sahəsində beynəlxalq səviyyədə uğurlar qazanmaq istəyir. X7 qəbul olunmadığı üçün Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən “Milenium” tədris universitetinin biznes inzibatçılığı ixtisası üzrə sənədlərini vermiş və həmin universitet onu qəbul eləmişdir. Sadəcə tədris gürcü dilində olduğu üçün 2021-ci ilin may ayına qədər semestrə görə ödəniləsi 1200 ABŞ dolları məbləğində pulu ödəmədiyi üçün həmin universitet onu qəbul olunanların siyahısından çıxartmışdır. Hərbi komissarlığa universitetə qəbul olunmağı ilə bağlı arayışı 06 aprel 2021-ci il tarixdə təqdim etmişdir, həmin vaxtı adı qəbul olunanların siyahısında olmuşdur. Çünki ona bu barədə arayış universitet tərəfindən göndərilmişdir. Arayışın əslini SHXÇDX-nin Abşeron rayon şöbəsinə təqdim etmişdir. SHXÇDX-nin Abşeron rayon şöbəsinin “Milenium” tədris universitetindən aldığı məktub isə 11 iyun 2021-ci il tarixlidir. Universitet ödəniş olunmadığı üçün onu qəbul olunanların siyahısından çıxarmışdır. Həmçinin onların hərbi komisarlığa göndərdiyi məktubda onun həmin universitetdə tələbələr siyahısında keçməməyi göstərilmişdir. Hal-hazırda oranın tələbəsi olmamış, sadəcə ora qəbul olunmuşdur. Universitet tərəfindən təqdim olunan arayış Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn yük daşıma xidməti vasitəsi ilə ona çatdırılmışdır. Həmin arayışı əlbəəl adını bilmədiyi həmin yük-daşıma xidmətinin sürücüsündən almışdır. “Milenium” tədris universiteti tərəfindən hərbi komissarlığa təqdim olunması üçün arayışı özü tərtib etməmişdir. Ən azından bunun cinayət olduğunu bilmişdir. Hər bir vətəndaşın Vətənə xidmət etmək borcudur. Onun hərbi xidmətdən yayınmaq məqsədi olmamışdır. Sadəcə Azərbaycan Dövlətini beynəlxalq səviyyədə yaxşı bacardığı “cüdo” idman növü üzrə təmsil etmək arzusunda olduğu üçün müxtəlif universitetlərə sənədlərini təqdim etmiş, universitetlər də onu qəbul etmişlər. Universiteti oxuyub bitirdikdən sonra hərbi xidmətə mütləq gedəcəyini və bununla da öz Vətənə olan borcunu yerinə yetirəcəyini bildirmişdir. 2021-ci ilin yanvar ayında “Milenium” tədris universitetinə onlayn şəklində sənədlərini təqdim edərək qəbul olunmuşdur. Həmin universitetə qəbul olunanda hər hansı imtahandan keçməmişdir. Sənədlərini həmin universitetə göndərdikdən təxminən bir ay sonra universitetin rəhbərliyi, daha doğrusu özünü universitetin rektoru kimi təqdim etmiş Marina adlı xanım üç nəfər universitetin müəllimi ilə birlikdə onunla canlı videobağlantı yaradaraq sorğu-sual etmişlər. Onlar kimliyi barədə məlumatı, hansı məktəbdə oxumağını və digər məlumatları soruşmuşlar. Sorğu sualdan təxminən 15-20 gün sonra Marina adlı xanım özü şəxsən zəng edərək onun universitetə qəbul olunmağı ilə bağlı məlumat vermiş və 2021-ci ilin may ayının axırına kimi İ semestrə görə 1200 ABŞ dolları məbləğində pulu universitetin balansına köçürməyini bildirmişdir. Sonradan atası Elçin Əliağayev onun həmin universitetdə oxumağına etiraz etmişdir. Səbəblər isə tədrisin rus dilində keçməməsi, həm də ki, universitetin reputasiyasının aşağı olması olmuşdur. “Milenium” tədris universitetinə qəbul olunandan sonra universitetin rektoru Marina xanımla telefon əlaqəsi yaradaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə təqdim olunması üçün universitetə qəbul olunmağı ilə bağlı arayışın göndərilməsini xahiş etmişdir. Marina onun xahişini nəzərə alaraq həmin arayışı təzə avtomobillərin daşınması üçün nəzərdə tutulmuş yük daşıma avtomobilinin sürücüsü ilə Bakı şəhərində yerləşən X6 göndərmişdir. Tanışı Yaylaqla birlikdə həmin yerə getmiş və arayışı götürmüşdür. Həmin yük avtomobilinin sürücüsünü tanımamışdır. Tibbi müayinədən 18 yaşı tamam olmamış təxminən 2021-ci ilin mart ayında keçmişdir.“Milenium” tədris universitetinə ödəniş edilmədiyi üçün o universitetin qəbul olunanların siyahısından çıxarılmış və dərhal Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Daxili İşlər üzrə Milli Universitetinə qəbul olunması üçün sənədlərini onlayn şəklində göndərmişdir. Həmin universitet də onu Ukrayna Respublikasında keçirilən “cüdo” üzrə yarışda qazandığı nailiyyəti və digər xüsusiyyətlərini əsas götürərək 28 may 2021-ci il tarixdə hüquq fakültəsinə maneəsiz qəbul etmişdir. Həmin universitetdə sentyabr ayından təhsilə başlamalı imiş. Həmin universitetə qəbul olunmağı ilə bağlı arayışı SHXDÇDX-nin Abşeron rayon şöbəsinə təqdim olunması üçün universitetin rektoru Oksana xanımla telefon əlaqəsi yaradaraq Azərbaycan Respublikasına göndərilməsi istənilmiş, lakin sonuncu həmin sənədi elektron poçt vasitəsi ilə göndərəcəyini bildirmişdir. Həmin arayış həmin universitetə qəbul olunduğu gündən, yəni 22 iyun 2021-ci il tarixdən istənilsə də təxminən bir aydan sonra arayış elektron poçtla daxil olmuş və o həmin arayışı Azərbaycan dilinə tərcümə olunması üçün 1 saylı tərcümə mərkəzinə vermişdir. Ona görə həmin arayışı vaxtında SHXÇDX-nin Abşeron rayon şöbəsinə təqdim edə bilməmişdir. Xarici pasportunun vaxtı bitdiyindən həmin universitetə gedə bilməmişdir. Bu səbəblə həmin universitetə qəbul olunmağı alınmamışdır. Möhlət hüququ alandan sonra, təxminən 2021-ci ilin iyun ayının əvvəlində birinci dəfə SHXÇDX-nin Abşeron rayon şöbəsindən ona zəng olunaraq komissiyadan keçmək üçün şöbəyə gəlməyini bildirmişlər. Həmin vaxt Qusar rayonunda təşkil olunan “cüdo” üzrə yığma komandasının toplantısında 1 aylıq kursda olmuşdur. Kurs təzə başlanmış və o yaxın gələcəkdə Azərbaycan dövlətini beynəlxalq səviyyədə təmsil etmək üçün məşqlərini dayandırmaq istəmədiyinə görə hərbi komissarlığın işçisinə məşqlər qurtarandan sonra Abşerona gələcəyini bildirmişdir. Məşqlərin qurtarmasına 3 gün qalmış həmin əməkdaş onunla yenidən əlaqə saxlayaraq şöbəyə gəlməyini bildirmişdir, o da əməkdaşa 3 günə məşqləri bitirib şəhərə qayıdacağını və hərbi xidmətə gedəcəyini bildirmişdir. Əməkdaş isə ona telefonda gəlmədiyi halda işi prokurorluğa göndərəcəyini vurğulamışdır. O isə əməkdaşdan işini heç bir yerə göndərməməsini xahiş etmiş və gələn kimi hərbi xidmətə gedəcəyini bildirmişdir. İyun ayının axırında Qusardan qayıdan kimi Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Daxil İşlər üzrə Milli Universitetdən qəbul olunmağı ilə bağlı arayışı SHXÇDX-nin Abşeron rayon şöbəsinə təqdim etmək üçün gözləmişdir. 2021-ci ilin iyul ayının 10-da SHXDÇDX-nin Abşeron rayon şöbəsindən ona yenidən zəng olunaraq şöbəyə gəlməyini bildirmişlər. Əmisi oğlu Cabir Əliağayev uzun sürən xəstəlikdən sonra 2021-ci ilin iyun ayının 10-da rəhmətə getmişdir. Həmin vaxtı yasda başı qarışdığı üçün yanında olan tanışı Yaylaq Quliyevə telefonu vermiş və sonuncu onlara yası yola verəndən sonra ora gələcəklərini bildirmişdir. Yaylaq telefonda SHXÇDX- nin Abşeron rayon şöbəsinin işçisinə onun Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Daxil İşlər üzrə Milli Universitetə qəbul olunduğunu və ordan arayış gözlədiyinə bildirmişdir. SHXÇDX-nin Abşeron rayon şöbəsinin işçisi Yaylağa işini rayon prokurorluğuna göndərəcəyini bildirmişdir. Həmin gün SHXÇDX-nin Abşeron rayon şöbəsindən atasına da zəng olunmuş və eyni şeyi atasında da demişlər. Attestatını 2021ci ilin aprel ayında götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən SHXÇDX-nin Abşeron rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, mayor Şahid1 ifadəsində bildirmişdir ki, 2007-ci il ildən Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə çalışmış, son iş yeri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində Həqiqi hərbi Xidmətə Çağırış bölməsinin rəisi olmuşdur. Vəzifəsi Abşeron rayon ərazisində 18 yaşı tamam olan və çağırışdan möhlət hüququ olmayan 35 yaşınadək vətəndaşların çağırış komissiyasına cəlb edilməsi, komissiyadan keçirilməsi və müddətli həqiqi hərbi xidmətə göndərilməsindən ibarətdir. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayı çağırışına cəlb edilmiş və müddətli həqiqi hərbi xidmətə getməsi üçün adı adlı siyahıya əlavə edilərək SHXÇDX-nin aparatına göndərilmişdir. SHXÇDX-nin aparatının rəisinin sərəncamına əsasən çağırışçı Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə xidmət etməsi üçün Dövlət Sərhəd Xidmətinə təyin edilmişdir. 09 aprel 2021-ci il tarixdə ad günü ərəfəsində Təqsirləndirilən şəxs Gürcüstan Respublikasında yerləşən "Milenium” tədris mərkəzinə qəbul olunması ilə bağlı Azərbaycan dilinə tərcümə olunmuş variantda notariat qaydasında təsdiq olunmuş arayışı və əslini şəxsən ona təqdim etmişdir. Həmin arayışın həqiqiliyindən şübhələndiyinə görə həmin universitetə sorğu edilməsi üçün xidmətin aparatına sorğu göndərmişdir. Şübhələndiyinə səbəb isə həmin arayışda Təqsirləndirilən şəxs universitetə qəbul vaxtı fevral ayına təsadüf etməsi olmuşdur. Ümumiyyətlə universitetlərə qəbul payız semestri yəni sentyabr-oktyabr aylarında olmuşdur. Həmin ərəfədə Təqsirləndirilən şəxs bitirdiyi Qobu qəsəbəsində yerləşən məktəbə sorğu göndərərək sonuncunun attestatı 2021-ci ilin aprel ayında əldə etdiyini müəyyən etmişdir. Yalçın məktəbi 2020-ci ilin iyul ayında bitirmişdir. Sonradan təxminən 2021-ci ilin iyun ayın əvvəllərində universitetə göndərdikləri sorğunun cavabı xidmət aparatı vasitəsi ilə göndərilmiş və məktubda çağırışçının həmin universitetdə təhsil almaması göstərilmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək təqdim etdiyi arayışın saxta olmasını və bununla bağlı şöbəyə yaxınlaşmasını bildirsə də, sonuncu ona hazırda idmanla məşğul olduğunu və hərbi xidmətə getmək istəmədiyini demişdir. Arayışın saxta olmasını müəyyən etdikdən sonra Yalçına təxminən 1 ay ərzində dəfələrlə iyul çağırışına cəlb olunması üçün komissiyadan keçməyə dəvət etmişdir. Təqsirləndirilən şəxs çağırışlarına əhəmiyyət verməyib yenidən idmanla məşğul olmaq istədiyini, bu səbəbdən hərbi xidmətə getmək istəmədiyini bildirmişdir. Yalçın onun tələbini nəzərə almadığına görə çağırışçının əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materialın Abşeron rayon prokurorluğuna göndərilməsindən ötrü şöbə rəisinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən SHXÇDX-nin Abşeron rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi Şahid2 ifadəsində bildirmişdir ki, 1994-cü ildən Abşeron rayon hərbi komissarlığında müfəttiş vəzifəsində işləyir. İşdə vəzifəsi çağırışçılarla işləmək və həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisinin vəzifələrini icra etməkdir. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında 18 yaşı tamam olduğundan aprel ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 2021 -ci ilin aprel ayında Yalçın Gürcüstan Respublikasında yerləşən Milenium Universitetinə qəbul olunması ilə bağlı arayışı SHXÇDX-nin Abşeron rayon şöbəsinə təqdim etmişdir. Bölmə rəisi mayor Şahid1 həmin arayışın saxta olduğundan şübhələnərək Xidmətin aparatına yuxarıda qeyd olunan universitetə sorğu verilməsi üçün məsələ qaldırmışdır. Bir müddətdən sonra sorğuya cavab gəlmiş və universitetdə oxuyan tələbələrin siyahısında Təqsirləndirilən şəxs olmaması məlum olmuşdur. Bu da Təqsirləndirilən şəxs verdiyi arayışın saxta olduğunu göstərmişdir. İyul ayında da Təqsirləndirilən şəxs idmanla məşğul olduğunu, bu səbəbdən hərbi xidmətə getmək istəmədiyini bildirmişdir. Daha sonra onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Abşeron rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən X8 göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 10-cu sinfədək Qobu qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə, son iki ili isə həmin qəsəbənin 2 saylı tam orta məktəbində oxumuşdur. 1-ci sinfə gedəndən “cüdo” idman növü ilə məşğul olmuş, hazıradək təxminən 30-a yaxın respublika və beynəlxalq səviyyədə nailiyyətləri vardır. 10 aprel 2021-ci il tarixdə 18 yaşı tamam olmuşdur. 2020-ci ilin iyunun 14-də orta məktəbi tam olaraq başa vurmuş və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmaq üçün sənədlərini vermiş, lakin keçid balı çatmadığına görə universitetə qəbul olunmamışdır. Oğlunun hərbi xidmətə getməzdən əvvəl ali təhsil almasını arzulamış, bu səbəbdən Sahil qəsəbəsində yaşayan dostu Rafiqin vasitəsi ilə Yaylaq və Aygün adlı şəxslərlə tanış olmuş, həmin şəxslər 3000 manat pulun müqabilində oğlu Təqsirləndirilən şəxsnın Gürcüstan Respublikasında yerləşən “Milenium” tədris universitetinə qəbul etdirə biləcəyini vəd etdikdə o, razılaşıb 3000 manat pulu onlara vermiş, Yaylaq deyilən şəxs az müddət keçdikdən sonra oğlu Təqsirləndirilən şəxs Gürcüstan Respublikasında yerləşən “Milenium” tədris universitetinin biznes inzibatçılığı ixtisası üzrə qəbul olunmasına dair arayışı ona vermiş, arayışı birlikdə SHXÇDX-nin Abşeron rayon şöbəsinə təqdim etmişlər. Oğlu Təqsirləndirilən şəxs Gürcüstan Respublikasında yerləşən “Milenium” tədris universitetinin biznes inzibatçılığı ixtisası üzrə qəbul olunmasına dair arayışın saxta olması ona məlum olduqda dəfələrlə ona verdiyi 3000 manat pulu Yaylaqdan tələb etdikdə əvvəl qaytaracağını bildirsədə sonradan mobil telefonunu söndürmüş, onun zənglərinə cavab vermədikdə isə qeydiyyatda olduğu Şirvan şəhərinə getmiş, orada yaşayan yaşlı anası ilə görüşdükdən sonra Yaylaq onun verdiyi, 3000 manat puldan 1000 manatını qaytarmış, təxminən bir aydan sonra Qobu qəsəbəsinə işləyən marşurut sürücüsü vasitəsi ilə 1000 manat pul göndərmiş, qalan 1000 pulu isə ala bilməmişdir. Oğlu Təqsirləndirilən şəxs barəsində Abşeron rayon prokurorluğunda araşdırma aparılarkən Yaylaq deyilən şəxslə 4-5 dəfə arşdırmanı aparan Abşeron rayon prokuror köməkçisi X5 və bir neçə dəfə Abşeron rayon prokurorluğunun müstəntiq X2 yanında olmuş, hər ikisi izahat vermiş, sonra Yaylaq deyilən şəxs bütün işlərin yaxşı olacağını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Abşeron rayon prokurorunun köməkçisi X9 göstərdi ki, Təqsirləndirilən şəxs Gürcüstan Respublikasında yerləşən “Milenium” tədris universitetinin biznes inzibatçılığı ixtisası üzrə qəbul olunmasına dair saxta arayışını SHXÇDX-nin Abşeron rayon şöbəsinə təqdim edilməsi faktını araşdırarkən X8 və tanışı Yaylaq adlı şəxs bir neçə dəfə onun yanında olmuş, izahatlarını almış, lakin izahatlarına imza etmədiyinə görə iş materiallarına əlavə etməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Abşeron rayon prokurorluğunun müstəntiqi X4 göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci, 321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqı apararkən təqsirləndirilən şəxsin atası X8 və onun tanışı Yaylaq adlı şəxs bir dəfə onun yanında olsa da onların izahatlarını almamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan sənədlərin texniki ekspertizasının 12 avqust 2021-ci il tarixli 5/858 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ”X3” MMC-nin gürcü dilində tərtib edilmiş 06.04.2021-ci il tarixli 02/256 nömrəli sənədin blankı, mətni, möhür əksi və imza axınlı printerdə çap edilmişdir. Arayışın və möhürün axıntılı printerdə çap olunması bır daha arayışın saxta olmasını təsdiq edir. İş materiallarında olan "xxxx" Ali Təhsil Müəsisəsindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş 11.06.2021-ci il tarixli 01/328 saylı sorğuya rəsmi qaydada tərcümə edilmiş cavab məktubundan görünür ki, xx xxxxx 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adı Ali Təhsil Müəsisəsi MMC-nin tələbələri siyahısında keçmir. İş materiallarında olan Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli tam orta məktəbdən verilmiş 29 mart 2021-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2019-2020-ci tədris ilində Abşeron rayonu Ə.S. İbrahimov adına Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin Xİ (on birinci) sinfini bitirmişdir. İş materiallarında olan Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru S. Abbasovanın Abşeron rayon prokurorluğuna 12 aprel 2021-ci il tarixdə verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 01.04. 2021-ci il tarixdə E 348582 saylı attestatı almışdır. Təqsirləndirilən şəxs müdafiəçisi E. Məmmədbəylinin məhkəməyə təqdim etdiy Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru S. Abbasova tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 29.09. 2020-ci il tarixdə E 348582 saylı attestatı almışdır. Məhkəmə Təqsirləndirilən şəxs E 348582 saylı attestatın alınması tarixində ziddiyətin aydınlaşdırılması üçün Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru S. Abbasovaya sorğu vermiş, həmin sorğuya cavab olaraq məktəbin direktoru tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli, 247 saylı arayışda göstərilmişdir ki, 06 saylı, 12.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş arayışda texniki səhv olmuşdur. Məktəbin məzunu Təqsirləndirilən şəxs E 348582 saylı attestat 29 sentyabr 2020-ci il tarixdə verilmişdir. İş materiallarında olan "xxxx" Tədris Universiteti MMC tərəfindən verilmiş 06.04.2021-ci il tarixli 02/256 nömrəli arayış notariat qaydasında aparılmış tərcüməsindən görünür ki, Təqsirləndirilən şəxs 4-17/ 278 N-li 17.02.2021-ci il tarixli əmrə əsasən MMC Tədris Universiteti “Milleniuma”, biznes inzibatçılığı ixtisası üzrə təhsil proqramının birinci kursuna qəbul olunmuşdur. Təhsil forması gündüz-əyani. Təhsil planına müvafiq olaraq qeyd edilən təhsil proqramını 31.07.2024-cü il tarixində bitirəcək. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş 06.09.2021-ci il tarixli 7472 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olunmamışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 07.09.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qobu qəsəbəsi, Ə. Bayramov küçəsi, ev 52-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci, 321.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci, 321.1-ci maddələri ilə maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci, 321.1-ci maddələri ilə ona elan edilmiş həmin ittiham üzrə özünü təqsirli bilməməsi barədə göstərdiyi, ona elan edilmiş həmin ittiham üzrə təqsirli olması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə həmçinin hesab edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci, 321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə olan sübutlar cinayət prosessual qanunvericiliyə uyğun əldə olunduğundan sübut kimi qəbul olunmalıdır. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən və vəzifədən azad edən saxta rəsmi sənəddən istifadə etməklə qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırması üzrə ittiham verilmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək, istintaq orqanı və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübutların Azərbaycan Respublikası Konstitusiyasının və cinayət qanunvericiliyinin tələblərinə uyğun əldə edildiyi qənaətinə gəlir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statstik İnformasiya İdarəsinin daxil olmuş 02 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyası həddində islah işi cəzası növündə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən islah işinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci, 321.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, 28.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun cəzası həbs edildiyi 27.12.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il müddətə aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla islah işi cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla islah işinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 03 ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Təqsirləndirilən şəxs cəza çəkmənin əvvəli həbs edildiyi 27.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbs edilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar