Məhkəmə qərarları › İş №1(012)-546/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-546/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-546/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.2001-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Nissan Note” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsində 60 km/saat sürətlə hərəkətdə olarkən həmin küçədə yerləşən “Yeni” marketin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçmək qadağan olduğu, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda sükan arxasında yatdığına görə idarə etdiyi avtomobili əks hərəkət zolağı ilə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxardaraq əks hərəkət zolağında üzü Masazır qəsəbəsi istiqamətində yolun sağ kənarı ilə hərəkətdə olan və toqquşmamalarından ötrü avtomobili yolun sağ kənarında dayandırma həddinə qədər çatdıran Abşeron RPİ-nin PPXB-nin sürücü polis nəfəri, polis serjantı Şahid1 idarə etdiyi “Mercedes-Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin sol yan tərəfindən vurmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes-Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin sürücüsü Şahid1 sol dirsək oynağı və said nahiyələrinin dərialtı hematoması, sağ diz oynağının yumşaq toxumaların əziyi, qançırı ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və həmin xidməti avtomobildə olan Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs sol tərəfli X qabırğanın və sol bayır topuğun qapalı sınıqları, sağ bayır topuq nahiyəsinin qançır-şişkinliyi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri alması və Abşeron RPİ-yə məxsus “Mercedes-Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə 16855,50 manat maddi ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini ehtiyatsızlıqdan törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, sürmək üçün etibarnamə əsasında idarə etdiyi “Nissan Note” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edərək və taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanmasına köməklik etmuişdir. xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində o, həmin avtomobil ilə Abşeron rayonu, Masazır qəsəbəsindən Novxanı kəndinə gələrək İ.Abdullayev küçəsi ilə 60 km/saat sürətlə hərəkətdə olduğu zaman yorğun olmağı səbəbindən həmin küçədə yerləşən “Yeni market”in qarşısında sükan arxasında yuxuya getmişdir. Nəticədə də idarə etdiyi həmin avtomobil qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxaraq əks hərəkət zolağı ilə gələn “Mersedes Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı Post Patrul Xidməti avtomobili ilə toqquşmuşdur. Yuxudan ayılan zaman zərbənin təsirindən idarə etdiyi avtomobilin fırlaaraq əks hərəkət zolağından ara küçəyə daxil olub dayandığını görmüşdür. Bundan sonra o, avtomobildən düşərək toqquşma yerinə yaxınlaşanda həmin avtomobili ilə vurduğu PPX avtomobilində olan 2 nəfər polis əməkdaşının həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldıqlarını görmüşdür. Bundan sonra da o, həmin polis əməkdaşlarının xəstəxanaya yola salınmasına köməklik etməyə başlamışdır. Onu da əlavə edir ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində o, heç bir xəsarət almamışdır. Həmçinin hadisə vaxtı spirtli içki qəbul etməmiş, avtomobilində başqa şəxs və əlavə yük olmamışdır. Bir daha bildirir ki, həmin yol-nəqliyyat hadisəsi onun səhlənkarlığı, yəni idarə etdiyi avtomobillə hərəkətdə olduğu zaman sükan arxasında yatmağı səbəbindən baş vermişdir. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonu Qalaboyunu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” şəhərciyi, ev 6, mənzil 71 də ailəsi ilə birlikdə yaşayır. 2018-ci ildən DİO-da və həmin vaxtdan da Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 təhkim olunmuş “Mersedes Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə 4 saylı marşrut üzrə Abşeron rayonu Novxanı kəndi ərazisində xidmətdə olaraq İ.Abdullayev küçəsi ilə üzü Masazır qəsəbəsi istiqamətinə asta sürətlə hərəkət edərkən həmin küçədə yerləşən “Yeni” marketin qarşısında qarşıdan əks hərəkət zolağı ilə gələn “Nissan” markalı avtomobil qəflətən onların hərəkət zolağına istiqamətlənmişdir. Bu zaman iş yoldaşı Şahid1 idarə etdiyi “Mercedes-Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin həmin avtomobil ilə toqquşmamasından ötrü yolun sağ kənarında dayandırma həddinə qədər çatdırsa da “Nissan” markalı həmin avtomobil onların avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Bu səbəbdən də zərbənin təsirindən sürücü Şahid1 və o, müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarına görə Bakı şəhəri Travmatalogiya xəstəxanasına müraciət etmişlər. Bildirir ki, hadisə vaxtı sürücü Şahid1 xidməti avtomobili təxminən 40 km/saat sürətlə idarə etmişdir. Sürücü onun müalicə xərclərinin tam ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. 2020-ci ildən DİO-da və həmin vaxtdan da Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Abşeron RPİ-nin rəhbərliyi tərəfindən ona təhkim olunmuş “Mersedes Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə 4 saylı marşrut üzrə Abşeron rayonu Novxanı kəndi ərazisində xidmətdə olaraq İ.Abdullayev küçəsi ilə üzü Masazır qəsəbəsi istiqamətinə asta sürətlə hərəkət etdiyi zaman həmin küçədə yerləşən “Yeni” marketin qarşısında qarşıdan əks hərəkət zolağı ilə gələn “Nissan” markalı avtomobil onlara yaxınlaşmağına təxminən 10 metr qalmış qəflətən onların hərəkət zolağına istiqamətlənmişdir. Bu zaman həmin “Nissan” markalı avtomobil ilə onun idarə etdiyi “Mercedes-Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin toqquşmamasından ötrü o, avtomobili yolun sağ kənarında dayandırma həddinə qədər çatdırsa da “Nissan” markalı həmin avtomobil onun idarə etdiyi avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Bu səbəbdən də zərbənin təsirindən o və iş yoldaşı Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarına görə Bakı şəhəri Travmatalogiya xəstəxanasına müraciət etmişlər. Bildirir ki, hadisə vaxtı o, idarə etdiyi xidməti avtomobili təxminən 40 km/saat sürətlə idarə etmişdir və həmin vaxt avtomobildə iş yoldaşı Elməddindən və ondan başqa heç kim yox idi. Həmçinin xidməti avtomobilimizdə əlavə yük olmamışdır. Bildirirəm ki, Atəşgah Sığorta ASC-nin mütəxəsisləri tərəfindən aparılmış hesablamalar nəticəsində həmin yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “Mersedes Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə 16855,50 manat maddi ziyan dəydiyi məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Ağdam şəhəri, T.İsmayılov küçəsi ev 124-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr. M.Cəlal küçəsi 1, mənzil 71-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, “Nissan Note” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər ona məxsus olmuşdur. Sonradan isə o, həmin avtomobili xx.xx.2022-ci il tarixdə baş etibarnamə ilə bibisi oğlu Şahid3 satmışdır. O, həmin avtomobili Tahirə satsa da onlar qohum olduqları üçün Tahir həmin avtomobilin texniki şəhadətnaməsini öz adına rəsmləşdirməmişdir. xx.xx.2022-ci ildə bibisi oğlu Tahir ona zəng edərək işi olduğuna görə Abşeron rayonu, Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs 1 il müddətinə sürmək üçün etibarnamə verməyini xahiş etmişdir. Ona görə də o, həmin gün “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada həmin “Nissan Note” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs idarə edə bilməsi üçün ona sürmək üçün etibarnamə vermişdir. Bundan sonrakı vaxtlarda da Təqsirləndirilən şəxs həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi barədə heç bir məlumatı yoxdur. Qeyd etmək istəyir ki, “Nissan Note” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki şəhadətnamə ilə onun adına olsa da həmin avtomobil ona məxsus olmadığı üçün həmin yol-nəqliyyat hadisəsi zamanı avtomobilin əzilməsinə görə maddi ziyan ona yox, bibisi oğlu Tahirə dəymişdir. Ona görə də onun bu barədə Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli 1081 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol tərəfli X qabırğanın və sol bayır topuğun qapalı sınıqları, sağ bayır topuq nahiyəsinin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə onun salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli 1094 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Şahid1 məhkəmə tibb ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol dirsək oynağı və said nahiyələrinin dərialtı hematoması, sağ diz oynağının yumşaq toxumaların əziyi, qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişdirlər; yetirilmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Sərxoşluq vəziyyətinin tibbi düayinəsinin xx.xx.2022-ci il tarixli, 2/11767 nömrəli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 iyul 2022-ci il tarixli 8/1583 nömrəli rəyində göstərilmişdir ki, « Nissan Note » markalı, **-FE-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Nissan Note” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etmişdir. Baş Dövlət Yol Polisi İdaəsinin xx.xx.2022-ci il tarixli ********* nömrəli məktubundan müəyyən edilmişdir ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BD 015790 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “Mercedes-Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı minik avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Şahid1 qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Citan” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Şahid1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar