Məhkəmə qərarları › İş №1(012)-546/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-546/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-546/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Abşeron rayonu, Hökməli qəsəbə ərazi dairəsi, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi ev 9-da qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəffaf sellofan kəsiyinə bükülmüş, bir ədəd bükümdə çəkisi 1,104 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manat müqabilində əldə edib, üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirilib, orada xidməti otaqların birində həmin gün saat 04:10-dan 04:17-yə kimi üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə 1,104 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olduğu zaman öz istifadəsi üçün tanımadığı şəxsdən 15 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin alaraq, cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə axşam yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, onu yerə yıxdıqdan sonra özlərinin polis olduqlarını bildirərək onu bölməyə aparmışdırlar. Orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuş, o, könüllü olaraq üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş, içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxarıb təqdim etmişdir. Həmin psixotrop maddə olan metamfetamini də xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən istifadə etmək məqsədilə 15 manat müqabilində alaraq öz üzərində saxladığını bildirmişdir. Sonra içərisində psixotrop maddə metamfetamin olan həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və protokolun doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Lakin hesab edir ki, ondan götürülmüş psixotrop maddə olan metamfetamin düzgün çəkilməmişdir, həmin maddə bir-iki dəfə istifadə ediləcək miqdarda olmuşdur. 15 manata 1,104 qram metamfetamin əldə etmək mümkün deyildir. Verilmiş suallara cavabında bölməyə gətirilənə gədər və ya bölmədə polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji işgəncəyə məruz qalmadığını, yalnız saxlanılan zaman onu yerə yıxdıqlarını, cibindən çıxarıb təqdim etdiyi maddənin ona məxsus olduğunu lakin çəksinin qeyd ediləndən az olduğunu bildirmişdir. Həmçinin ifadəsinə şahidlərdən birini Şahid1 xatırladığını, digər şahidi Şahid2 xatırlamadığını bildirmişdir. Sonda törətdiyi əməldən peşman olmasını, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin cüzi miqdarda olmasını, narkotik vasitə istifadə etməmək üçün müalicə almaq niyyətində olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, 03 noyabr 2023-cü il tarixdə saat 00:15 radələrində ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlaması və daşıması, həmçinin bir qədər sonra Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evin yaxınlığına gedəcəyi, üzərində də psixotrop maddə olan metamfetamin olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Qobu PB-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə apardıqdan sonra bölmənin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gedib gözləməyə başlamışlar. Bir neçə saat sonra, yəni 03 noyabr 2023-cü il tarixdə saat 02:30 radələrində zahiri görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitə və psixotrop maddə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmiş, sonuncu heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nin Qobu PB-nə gəlmişdir. Bundan sonra Qobu PB-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi və şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu da üzərində özü istifadə etmək üçün bir büküm halında psixotrop maddə olan metamfetamin olmasını bildirmiş və əlini əynindəki qara rəngli şalvarının yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb təqdim etmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olmasını, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində olduğu zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə kağız zərfə qoyularaq ekspertizaya təqdim olunmuşdur. O proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini haradan və kimdən alması barədə müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasına dəvət edilmiş şahid Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü saat 03:50 radərində tutulmuşdur. - “Cinayət işinin başlanması haqqında” 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5888 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs götürülmüş....” və s yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,104 qram olan ağ rəngli, kristalşəkilli kustarüsulla hazırlanmış psixotrop maddə-metafetamindir. Tədqiqata təqdim olunmuş metafetaminin təmiz çəkisi - 1,104 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 1,004 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-853/2023 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - “Maddi sübut kimi tanınma” haqqında 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,104 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X7 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-370/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay azadlqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021 -ci il tarixədək çəkilməmiş 08 ay 27 gün hissəsi 6 ay azaldılmış və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X4 haqqında xx.xx.2023-cü il tarixli, 8083 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi” 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və ona əlavə olunmuş videogörüntülər 01 ədəd DVD diski, diskə baxış keçirilməsi haqqında protokol və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,004 qram psixotrop maddə metafetamin saxlanılması üçün Abşeron Rİ-nin maddi sübutların saxlanıldığı anbarına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxartdığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, ağ rəngli, kristal formalı kütlənin psixotrop maddə olan metaetamin olduğunu, özünə məxsus olmasını, tanımadığı şəxsdən Sulutəpə qəsəbəsi ərazisində 15 manata almasını, həmçinin istiadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun tərəfindən təqdim edilmiş psixotrop maddə olan metamfetaminin çəksisini mübahisələndirməsi ilə bağlı qeyd olunur ki, məhkəmə tərəfindən iş materialları tədqiq edilərkən müəyyən olunmuşdur ki, həmin vasitə videoçəkliş zamanı təqsirləndirilən şəxsin özü tərəfindən təqdim edilib, çəkiliş vaxtına qədər onun üzərinə başış keçirilməyib, götürülmüş vastitə dərhal qablaşdırılaraq, zərfin üzəri iştirakçılar, o cümlədən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla ekspertizaya göndərilmişdir. Beləliklə maddənin çəkisinin mübahisəli olması təqsirləndirilənin mülahizəsi olmaqla əsaslı deyildir. Digər hal, şahidlərdən Şahid2 xatırlamaması ilə əlaqədar qeyd olunur ki, şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş video çəkilişdə Şahid2 iştirakı olmuşdur. Həmin vaxt təqsirləndirilən şəxs onun əməliyyat tədbirində iştirakını mübahisələndirməmişdir. Əməliyyat tədbirinin keçirilməsi barədə qəbul edilmiş qərarda əməliyyat tədbirinin iştirakçısı kimi də Şahid2 adı qeyd edilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxsin qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-370/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay azadlqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(010)-741/2021 saylı qərarı ilə 02 il 03 ay azadlqdan məhrumetmə cəzasının çəkilməmiş 08 ay 27 gün hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin cəzanı çəkib qurtardığı gündən iki il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 03 noyabr 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8083 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,004 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1,004 qram psixotrop maddə olan metafetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar