Məhkəmə qərarları › İş №1(012)-547/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-547/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-547/2021 03.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 1, mənzil 21-də qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 26 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,155 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 27 iyun 2021-ci il tarixdə saat 01:00 radələrində Abşeron rayon polis idarəsinin Qobu PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu Qobu qəsəbəsində saxlanılaraq, Qobu PB-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz idman şalvarının sağ yan cibindən siqaret qutusunun içərisində olan bir ədəd siqaretin gümüşü kağızına bükülümüş təmiz çəkisi 0,155 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir il yarım olar narkotik vasitə olan heroinin qəbulu ilə məşğul olur, ona görədə üzərində narkotik vasitə saxlamışdır. 26.06.2021-ci il tarixdə saat 23-də tanışı İxtiyarla görüşmək məqsədilə Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmiş, İxtiyarı tapmadığı üçün 27.06.2021-ci il tarixdə gecə saatlarında Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yaxınlığına gəlmiş və orada gəzən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini istəmişlər. O, polis əməkdaşlarına üzərində heç bir sənəd olmadığını bildirmiş və polis əməkdaşları onu Qobu polis bölməsinə dəvət etmişlər. O, bundan sonra polis əməkdaşları ilə Qobu PB-nə getmişdir. Polis bölməsində polis əməkdaşları üzərində qanunla dövriyyəsi qadağan ediən əşya, predmet olub-olmadığını soruşmuşlar və o, da cibində olan narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 26.06.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra bölmədə xidməti otaqların birində video çəkilişlə üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan boz idman şalvarının sağ yan cibində boş siqaret qutusunun içərisində olan bir büküm siqaretin gümüşü kağızma bükülmüş narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və təqdim etdiyi narkotik vasitə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonda o, psixotrop maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu polis bölməsinin YYÇPİT qrupunun inspektoru Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron RPİ-nin Qobu polis bölməsinin YYÇPİT qrupunun inspektoru vəsifəsində işləyir. 26 iyun 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi, ev 1, mənzil 21-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsində narkotik vasitə qəbulu və üstündə gəzdirməsi ilə məşğul olması barədə məlumat alıb, dərhal həmin məlumatı Qobu polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra bölmənin yetkinlik yaşma çatmayanlarla profiliktiki işin təşkili qrupunun inspektoru Şahid1 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla Qobu polis bölməsinə gəlmişdir. Bundan sonra bölmədə xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir ədəd siqaretin gümüşü kağızma bükülü heroin olduğunu bildirmiş və əlini əynindəki boz rəngli idman şalvarının sağ yan cibinə salıb siqaret qutusunda olan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə heroin olduğu, həmin narkotik vasitəni 26.06.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunmuş ifadəsindən görünür ki,Abşeron RPİ-nin Qobu polis bölməsinin YYÇPİT qrupunun inspektoru Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam mahiyyəti üzrə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 27 iyun 2021-ci il tarixli 6/2604 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün N° 245” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş” vəs yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,155 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik-vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin İ siyahısına” daxildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli 3323 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra 0,115 qram qalmış narkotik vasitə olan heroin maddi sübut qismində tanınaraq saxlanılması üçün Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Abşeron RPİ-nin təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 27-ci bəndində metafetamin və İİ hissəsinin 6-ci bəndində yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən psixotrop maddə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini onun cəzasını yüngüllləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 27.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon prokurorunun 28.06.2021-ci il tarixli qərarı ilə müstəntiqin həbs qətiimkan tədbirinin seçilməsinə dair vəsadəti təmin edilməmiş, müstəntiqin həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin o, polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş, 07.09.2021-ci il tarixdə tutulmuş, 08.09.2021-ci il tarixdə isə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmaqla azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 08 (səkkiz) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd siqretin gümüşü rəngli kağızına bükülmüş 0,115 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Bakı şəhər Qaradağ rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 08 (səkkiz) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə xərci 109,90 (yüz doqquz manat doxsan) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi olan, tədqiqatlardan sonra qalıq qalan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,115 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Bakı şəhər Qaradağ rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar