Məhkəmə qərarları › İş №1(012)-55/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-55/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-55/2021 09.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakı ilə xx.xx.1989-cu ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Abşeron rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ünvan 3, mənzil 9 ünvanında faktiki yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı iki ədəd ov bıçağını, əldə düzəltmə üsulu ilə hazırlanmış, vurucu-əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən bir ədəd kasteti (beşbarmağı) və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,444 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3, mənzil 9 ünvanına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin, soyuq silah əldə etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:00da ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ iç cibində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,907 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 22:50-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3, mənzil 9 ünvanına özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı mənzilin yataq otağında yerləşən dolabdan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 1,537 qram çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamin, içərisində metamfetamin izləri olan uzunsov formada, kolbaya bənzər bir ədəd şüşə predmet, həmçinin zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı iki ədəd bıçaq və əldə düzəltmə üsulu ilə hazırlanmış, vurucu-əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən bir ədəd kastet (beşbarmaq) aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2019cu ilin yay aylarından etibarən psixotrop maddə metamfetamindən istifadə etmişdir. Bundan başqa silahlara marağı olduğu üçün həvəskar kimi müxtəlif yerlərdən bıçaq və digər silah qismində istifadə edilən əşyalar əldə edib yaşadığı evdə saxlamışdır. 2019-cu ilin yay aylarından etibarən “Milliön” ödəmə terminalı vasitəsilə psixotrop maddə metamfetamin əldə edib istifadə etmişdir. Belə ki, Türkiyə Respublikasının mobil operatoruna məxsus olan +**********02 və +**********80 saylı mobil nömrələrlə “Whatsapp” mesajlaşma proqramı vasitəsilə tanımadığı şəxslərlə əlaqə saxlayıb özünə lazım olan qədər metamfetamin sifariş vermişdir. Həmin şəxslər ona bank hesab nömrəsi vermiş, həmin hesaba pul köçürməsi etdikdən sonra təsdiqedici qəbzin şəklini qeyd edilən nömrələrə göndərmişdir. Bundan sonra ona psixotrop maddənin olduğu yerin ünvanı göndərilmiş, həmin ünvandan psixotrop maddə metamfetamini götürmüşdür. Bu üsulla bir neçə dəfə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmişdir. Sonuncu dəfə təxminən xx xxxxxx 2020-ci il tarixdə qeyd edilən üsulla təxminən 4 qram metamfetamin sifariş vermiş və müqabilində 250 manat pul köçürməsi etmişdir. Bundan sonra ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedib oradan maddəni götürmüşdür. Bundan əlavə yaşadığı evdə də əvvəlcədən aldığı metamfetamin olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxslərin polis əməkdaşları olduqlarını bildikdən sonra özünü təqdim etmiş, barəsində çıxarılmış qərarla onu tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsində və soyuq silahın qanunsuz olaraq əldə edilməsində şübhəli olduğu bildirilmişdir. Polis əməkdaşlarının təklifi ilə onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, orada üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini, gödəkçəsinin sol iç cibindən 02 ədəd mobil telefonu, əynində olan şalvarın sağ yan cibindən yaşadığı evin açarlarını və pulunu təqdim etmişdir. Daha sonra üzərindən aşkar edilmiş bükümün psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilmiş və qablaşdırılmışdır. Zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. Bundan sonra mobil telefonları iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Digər əşyaları isə özünə qaytarılmışdır. Bundan sonra yaşadığı evdə psixotrop maddə metamfetamin və silahlar olduğunu bildirmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmişdir. Baxışa etirazının olmaması barədə ərizə yazıb təqdim etmişdir. Daha sonra yaşadığı ünvan 3, mənzil 9 ünvanına baxış keçirilmişdir. Mənzilin yataq otağında olan dolabın siyirtməsini açmışdır. Orada 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 02 ədəd bıçaq, 01 ədəd oraq, 01 ədəd beşbarmaq adlanan silah aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və qanunsuz olaraq soyuq silah əldə edib saxlaması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq xx xxxxxx 2020-ci il tarixdə işlədiyi şöbənin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksinə getmişlər və həmin gün saat 18:00-da onu həmin yaşayış kompleksində yerləşən 6 nömrəli binanın qarşısında saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən edib barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru Seyidov Mirata Mirmöhsün oğlu tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Raminə üzərində narkotik vasitə, psixotrop maddə, soyuq silah və ya qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər olduğu təqdirdə könüllü təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin iç sağ cibindən çıxardığı bir ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 saylı ünvanda da metamfetamin və bıçaqlar, həmçinin, beşbarmaq olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədilə həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 21:35-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs öz razılığı əsasında onun yaşadığı mənzilə baxış keçirilməyə başlanılmışdır. Raminə yaşadığı mənzildə qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Ramin iştirakçıları mənzilin yataq otağına aparıb orada olan paltar dolabının siyirtməsində gizlədib saxladığı bir ədəd şəffaf sellofan bükümü, iki ədəd bıçağı, bir ədəd beşbarmağa bənzər dəmir materialdan hazırlanmış əşyanı və bir ədəd oraq tipli aləti təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan büküm açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Digər əşyalara baxış zamanı məlum olmuşdur ki, bıçağın birinin üzərində kiril əlifbası ilə “jiznvoram” yazısı yazılmış və səkkizguşəli döymə həkk olunmuşdur. Beşbarmaq tipli dəmir materiallı əşya kustar üsulla hazırlanmışdır. Oraq formalı alət isə tam olaraq dəmir materiallı olmuş və tutacaq hissəsi yapışqan lentlə sarılmışdır. Baxış zamanı mənzilin qonaq otağında yerləşən masanın üzərindən bir ədəd silindrik formalı şüşə əşya da aşkar olunub götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə, iki ədəd bıçaq, bir ədəd beşbarmaq tipli əşya, bir ədəd oraq tipli alət və bir ədəd silindirik formalı şüşə əşya qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3346 nömrəli rəyindən görünür ki tədqiqata təqdim edilən 2 (iki) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet əldə düzəltmə üsulu ilə kastet (beşbarmaq) tipinə hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd dəryaz zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı alətdir, soyuq silah hesab edilmir, üzərində sonradan dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3347 nömrəli rəyindən görünür ki, - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm...” yazıları olan zərfdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 3,907 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir;- üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ... bir ədəd sellofan bükümdə...” yazıları olan zərfdəki (№2) 01 ədəd bükümdə təmiz çəkisi 1,537 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; bu maddə 1 №-li zərfdəki metamfetaminlə kimyəvi tərkiblərinə görə öz aralarında uyğundurlar;- üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ... bir ədəd silindrik formalı şüşə qab ...” yazıları olan zərfdəki (№3) 01 ədəd uzunsov formada kolbaya bənzər şüşə predmetin içərisində metamfetamin izləri müəyyən edildi. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən çəki və eynilik analizlərinin aparılması mümkün olmadı.(təmiz çəkisi5,444 qram, qalıq-5.384 qram,0,06 qram metamfetamin tədqiqata sərf edilmişdir). Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli 1163 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və məhkəmə kimyəvi ekspertizası tədqiqatından sonra 5,384 qram psixotrop maddə metamfetamin, iki ədəd bıçaq, bir ədəd kastet (beşbarmaq), bir ədəd kolbaya bənzər şüşə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoluna əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 4(005)-152/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində 04(dörd) ay həddinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında xx xxxxxxx 2019-cu il tarixli tələbnamə arayışdan və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(003)-298/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinin 17/65-847/7 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2017-ci il tarixdə Qaradağ rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülmüşdür. Bundan sonra məhkum Təqsirləndirilən şəxs məhkəmə hökmü ilə təyin edilmiş cəriməni tam şəkildə ödədiyi üçün xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Nəbiyev X2 Rayon Məhkəməsinin 1(012)-129/2020 saylı, xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 1(012)-129/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən, apelyasiya protesti təmin edilmədən saxlanılmışdır. Cinayət işi materiallarında olan 4 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan 4 saylı MTİİTS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı 3 azyaşlı övladı vardır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.4, 234.1-ci maddələri ilə düzgün tövsifedilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs 3 azyaşlı övladının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumemə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci işüzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 2 günə 1 gün hesabı ilə hesablanmaqla hazırki hökmlə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə qəti olaraq 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum qeyd edilən cəzadan 04 (dörd) ay 24 (iyirmi dörd) gününü çəkmiş, 01 (bir) il 01 (bir) ay 02 (iki) günü isə çəkiməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 01 ay 02 gün müddət nəzərə alınaraq, şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığının bir günü azadlığın məhrumetmə cəzasının bir günü hesabı ilə hesablanmaqla nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5,384 qram narkotik vasitə olan psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə 237 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in BMCMİninmaddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş iki ədəd bıçaq, bir ədəd kastet (beşbarmaq), bir ədəd uzunsov formada kolbaya bənzər şüşə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-129/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 2 (iki) gün müddət 2 günü azadlıqdan məhrumetmənin 1 gününə hesablanaraq, 06 ( bir) ay 16 (on altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 01 ay 02 gün müddət nəzərə alınaraq, şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığının bir günü azadlığın məhrumetmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhrumetmə cəzasına hesablanmaqla cəzasını çəkmiş hesab olunsun . Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5,384 qram narkotik vasitə olan psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə 237 (iki yüz otuz yeddi) manat 90 (doxsan) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş iki ədəd bıçaq, bir ədəd kastet (beşbarmaq), bir ədəd uzunsov formada kolbaya bənzər şüşə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar