Məhkəmə qərarları › İş №1(012)-55/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-55/2024

22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-55/2024 22.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində torpaq sahəsi alaraq üzərində fərdi evlər tikib satmaqla əldə edilən qazancı aralarında böləcəyini vəd edib aldadaraq etibarından sui istifadə etmə yolu ilə sonuncudan Abşeron rayonu, Qobu qəsəbəsində 12.05. 2019-cu il tarixdə 6000 (altı min) manat, xx.xx.2019-cu il tarixdə 2500 (iki min beş yüz) manat, 2019-cu ilin iyun ayında 3000 (üç min) manat, 2019-cu ilin iyul ayında müxtəlif tarixlərdə 800 (səkkiz yüz) manat, 400 (dörd yüz) manat, 200 (iki yüz) manat və 900 (doqquz yüz) manat, 2019-cu ilin iyul ayında onun bank kartına göndərməklə 2200 (iki min iki yüz) manat, cəmi 16000 (on altı min) manat pulunu alıb ələ keçirdikdən sonra Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına X-390769, U-4476205 kordinatlı 0,04 ha torpaq sahəsini hasarlayıb üzərində dörd ədəd, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivində X-391306, U-4476366 koordinatlı 0,02 ha torpaq sahəsini hasarlayıb həmin sahənin 0,01 ha-da bir ədəd fərdi yaşayış evi qanunsuz tikərək həmin evləri satıb əldə olunan qazancı özünə götürməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq və özbaşına tikinti işləri aparmaqla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətlərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 188.2ci maddələr ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, tanışı Şahid1 təxminən altı il olar ki, tanıyır. Anar ilə Bakı şəhəri, 3-cü mikrorayon dairəsində işlətdiyi kafedə tanış olmuşdur, onunla qohumluğu və ədavəti yoxdur. Şahid1 tanıyandan təxminən 3(üç) il sonra, onun işlətdiyi kafedə Zərərçəkmiş şəxsla tanış olmuşdur. Qeyd edir ki, fərdi evlər tikib satmaqla məşğul olmuşdur. 2019-cu ilin may ayında Anarın Bakı şəhərində yerləşən kafesində Anarla və Ruslanla birlikdə çörək yeyərkən bildirmişdir ki, ev tikib satmaqla məşğul olanda Ruslana və Anara təklif etmişdir ki, pul qoysalar tikintini aparar. Onlara demişdir ki, pulu onlar qoysunlar, o, isə tikintinin aparılması ilə məşğul olsun, çünki özünün pulu yoxdur. Onlar razılaşıblar və bir neçə gün sonra Anarın kafesində Zərərçəkmiş şəxs ona Anarın yanında 6000 min manat pul vermişdir. Sonradan Ruslan ona bir neçə dəfəyə cəmi 16.000 min manat pul vermiş, həmin pulları müxtəlif yerlərdə, lakin axırıncı dəfə Qobu qəsəbəsində 300 manat olmaqla vermişdir. Həmçinin Şahid1 da ona cəmi 11000 manat pul vermişdir. Anar da pulu öz kafesində və Qobu qəsəbəsində vermişdir. Anar da axırıncı dəfə pulu ona Qobu qəsəbəsində vermişdir. Beləliklə o, Ruslan və Anardan tikinti üçün cəmi 27.000 (iyirmi yeddi min) manat pul alıb tikintiyə sərf etmişdir. Razılığa əsasən, əldə edilən qazancı üç nəfər arasında yarı bölünməliydi. Əldə etdiyi həmin puldan 6000 manat verib Hökməli qəsəbəsində, yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında 0,04 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini Ceyhun adlı şəxsdən almış, o, yalnız Ceyhunun adını bilir, onun haqqında başqa məlumatı yoxdur. Ceyhundan torpağı sənədsiz almış, torpağı alarkən ondan qəbz almışdır. Lakin həmin qəbzi saxlamamış, qəbzi bir müddət sonra cırıb atmışdır. Bundan başqa Qobu qəsəbəsində də, Elşən adlı şəxsə 2500 manat verib Hökməli qəsəbəsində, “Nübar” yaşayış massivində 0,02 ha torpaq sahəsi almış, aldığı 0,02 ha torpaq sahəsinin 0,01 ha-da bir ədəd ev tikib Elnarə adlanan qadına 16000 manata satmış, 0,01 ha torpaq sahəsini hasara alaraq tikinti aparmamışdır. Aldığı 0,04 ha torpaq sahəsində 2020-ci ilin iyun ayında bir ədəd 42 kvadratmetr sahəsi olan bir mərtəbəli ev tikib 16000 ( on altı min) manata satmışdır. Satdığı şəxs bir nəfər qadındır idi, onun adını bilmir. Həmin evin tikintisinə 10900 (on min doqquz yüz) manat pul xərcləmişdi. Evin satışından 5100 (beş min yüz) manat qazanc götürmüşdür. Əldə edilmiş həmin qazancı adambaşına 1700 manatdan olmaqla o, Ruslan və Anar arasında bölmüşlər. 2021-ci ilin axırlarında həmin 0,04 ha torpaq sahəsində daha iki ədəd ev tikdirmiş, lakin Abşeron rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən tikdiyi həmin evlər uçurulmuşdu. Ona görə də, maddi ziyana düşmüşdür. Lakin sonradan həmin uçurulmuş evlərin yerində yenidən iki ədəd ev tikdirib və satmışdır. Evlərin sökülməsinə görə borca düşdüyü üçün əldə etdiyi pulun 6.000 manatını borca qaytarmış, yerdə qalan 12.000 manatın bir hissəsini özünə götürmüş, yerdə qalanını isə, Anar və Ruslanın arasında bölmüşdür. O, Ruslanın ona verdiyi 16.000 manat puldan 7300 (yeddi min üç yüz) manatını qaytarmış, hazırda 8700 (səkkiz min yeddi yüz) manat borcu qalmış, qaytara bilməmişdir. Hökməli qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsini Zərərçəkmiş şəxs vermiş, lakin Ruslan onunla razılaşmamış, torpaq sahəsini götürməmiş, ona görə də, Zərərçəkmiş şəxs 8700 (səkkiz min yeddi yüz) manat borcu qalmışdır. İstintaq dövründə də, Ruslana 300 manat ödəmiş, hazırda Zərərçəkmiş şəxs 8400 (səkkiz min dörd yüz) manat borcu vardır. İfadəsində torpaq sahəsinin ölçüsü barədə düzgün məlumat verməmişdir, o Hökməli qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsi alıb üzərində dörd ədəd ev tikdirmiş və satmışdır. Aldığı və üzərində ev tikdirdiyi torpaq sahələrinə aid heç bir sənədi yoxdur, həmin torpaq sahələrini sənədsiz almışdır, torpaq sahələrində sənədsiz tikinti aparmışdır. Qeyd olunan torpaq sahələrində cəmi beş ədəd ev tikib müxtəlif şəxslərə satmışdır. Onlardan dördünü X8 yaxınlığında 0,04 ha torpaq sahəsində inşa etdirmişdir. Həmin ərazi əslində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində yerləşir, lakin həmin ərazi Qobu qəsəbəsinin ərazisi ilə yaxın olduğu və X9 yaxın ərazidə yerləşdiyi üçün insanlar həmin yeri Qobu ərazisi bilirlər. Əslində isə, həmin ərazi də Hökməli ərazisidir. Hökməli qəsəbəsində aldığım 0,02 ha torpaq sahəsində bir ədəd ev tikmişdir. Həmin ərazidə 0,01 ha torpaq sahəsini hasarlamış, lakin tikinti aparmamışdır. Hökməli qəsəbəsində aldığı 0,02 ha torpaq sahəsi “Nübar” yaşayış massivi adlanan ərazidə yerləşir. Hökməli qəsəbəsində tikdirdiyi dörd ədəd fərdi evlər yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi üçün bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində barəsində Azərbaycan Respublikası CM-nin 222-2.1 -ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış və barəsində olan cinayət işinin icraatına amnistiya qərarına əsasən xitam verilmişdir. Hökməli qəsəbəsində ev tikdiyi 0,02 ha torpaq sahəsi isə, yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşmir. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 20-ci küçədə fərdi nömrəsiz evdə yaşayır, Saatlı rayonu, Qaranuru kəndində qeydiyyatdadır, ailəli olmaqla iki azyaşlı uşaqları var, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Şahid1 Saatlı rayonundan uşaqlıqdan bir qonşu kimi tanıyır, onunla qohumluğu və ədavəti yoxdur, bir qonşu kimi münasibətləri yaxşı olmuşdur və indi də münasibətləri yaxşıdır, aralarında heç bir narazılığı yoxdur. 2019-cu ilin dekabr aynın əvvəllərində qonşusu Şahid1 ona demişdir ki, onun tanışı var, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olur və tikdiyi fərdi evləri satandan sonra yaxşı pul qazanır. Anarın mobil telefonu 070- ***-**-** nömrəlidir, Şahid1 Bakı şəhəri, Yasamal rayonunda yaşayır, Təqsirləndirilən şəxslə yaxındır, onların bir-birilərini haradan tanımalarını bilmir. Şahid1 ona təklif etmişdir ki, onlar da onun tanışı Təqsirləndirilən şəxs pul verib, Təqsirləndirilən şəxs torpaq alıb, fərdi yaşayış evlərini tikdirib satsın, əldə olunan qazancdan onlara da versin. Anarın təklifinə görə birlikdə Abşeron rayonun Qobu qəsəbəsinə gəliblər, Qobu qəsəbəsində Təqsirləndirilən şəxs ilə görüşüb, Rabilin mobil telefon nömrəsi ***-***-**-** olmuşdur. Qobu qəsəbəsində üçü də birlikdə söhbət zamanı Rabil ilə qonşusu Anar ona Qobu qəsəbəsində öz torpaq sahəsini göstərmiş və bildiriblər ki, həmin torpaq sahəsində ev tikib satıb qazanc əldə edərlər. O, də qonşusu Şahid1 və Rabilin deməsinə inanıb, onlarla razılaşmış və 2019-cu ilin əvvəllərində başlayaraq 2019-cu ilin may ayının axırlarına kimi hissə-hissə ilkin olaraq 5000 (beş min) manat, sonralar 1000 (min), 1500 (min beş yüz), 2500 (iki min beş yuz,) 500 (beş yüz) və 300 (üç yüz), cəmi 16000 (on altı) min manat pul ev tikib satıb qazanc əldə etməkdən ötrü Təqsirləndirilən şəxs vermişdir. Elə hallar da olub ki, pulu Anara vermiş, Şahid1 də ondan aldığı pulu aparıb Təqsirləndirilən şəxs vermişdir. Rabil və Anar ona Qobu qəsəbəsində tikilmiş evlər də göstəriblər ki, bu evlər hazırdır, satılanda əldə edilmiş xeyri üç nəfər arasında bölüşəcəkdir. Dediklərinə görə Şahid1 da pul qoymuşdur, nə qədər pul qoyması barədə məlumatı yoxdur. Aradan 7-8 ay keçəndən sonra Anar və Rabilə demişdir ki, tikdiyi evin birini versin, ziyanına satsın, pulunu götürsün. Anar və Rabil bildirdilər ki, tikdikləri evi satıb pulunu ala bilmirlər və beləliklə də onun verdiyi pulu qaytarmamışdır.2020-ci ildə qonşu X5 ona demişdir ki, fərdi ev tikdirmək üçün torpaq sahəsi münasib qiymətə almaq istəyir. O, söhbət zamanı demişdir ki, Abşeron rayonun Qobu və Hökməli qəsəbələrində tapmaq olar, buna görə də Təqsirləndirilən şəxs istifadəsində olan, onun bildiyi ofisin 050 ***-**-** nömrəsini vermişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Badamdar qəsəbəsində yaşadığı evində olarkən Elman Əhmədov ona zəng vurub, telefonda söhbət zamanı ona demişdir ki, çox sağ olsun, Abşeron rayonun, Qobu qəsəbəsində, Təqsirləndirilən şəxs torpaq sahəsi alıbdır. Eyni zamanda bildirmişdir ki, küçəyə çıxsın işi var, o, də küçəyə çıxıb, Elman ona demişdir ki, Rabil ona bildirib ki, torpağa görə 4000 (dörd min) manat pulu ona versin. X7 qəsəbəsində 4000 (dörd min) manat pulu ona verəndən sonra ayrılmışlar. Sonra o, həmin 4000 (dörd min) manat puldan tanışı və qonşusu Anara pandemiya vaxtı olduğundan, uşaqları ac qalmasın deyə Rabilin ona göndərdiyi 4000 (dörd min) manat pulun 2000 (iki min manatını nömrəsi onun yadında olmayan taksi avtomobili ilə Şahid1 göndərmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da ona 14000 (on dörd min) manat pul verməlidir və həmin pula görə onu aldatmış, pulunu verməmişdir. Ona görə də Təqsirləndirilən şəxs pulunu tələb edir. Xahiş edir ona dəymiş ziyanı Təqsirləndirilən şəxs alıb ona qaytarsınlar. İfadəsinə onu da qeyd etmək istəyir ki, onun mobil telefonunun «Whats App»-da Rabilin ona yazdıqları yazışmalar var, həqiqətən ki, darıxmasın pulu veriləcək. Ev tikmək və qazanc əldə etməkdən ötrü pulu Təqsirləndirilən şəxs Abşeron rayonun Qobu qəsəbəsində vermişdir. Şahid1 vasitəsi ilə deyəndə Təqsirləndirilən şəxs ondan pul istəyəndə o, Şahid1 zəng vurub ona «Rabil pul istəyir», Şahid1 da telefonda ver, o, də pulu aparıb Qobu qəsəbəsində Təqsirləndirilən şəxs vermişdir və ya Təqsirləndirilən şəxs kartına köçürürmüş. Şahid1 özünün ona deməsinə görə pulu Rabilə Qobu qəsəbəsində verib. 2019-cu ilin əvvəllərindən başlayaraq 2019-cu ilin may ayının axırlarına kimi hissə-hissə 16 000 (on altı min) manat pul Təqsirləndirilən şəxs ev tikdirib satmaq və əldə olunan qazancı birlikdə bölmək məqsədi ilə vermiş, həmin 16 000 manatdan 4000 (dörd min) manatını Təqsirləndirilən şəxs ona X3 vasitəsi ilə göndərib, Elman Əhmədov pulu ona verəndən sonra o, də həmin pulun 2000 (iki min) manatını Şahid1 vermişdir, ki, uşaqları pandemiya vaxtı ac qalmasınar.Ev tikdirib satmaq və qazanc əldə etmək məqsədi ilə ilkin olaraq Təqsirləndirilən şəxs 6000 (altı min) manat pul Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayondakı bazarın yaxınlığında Şahid1 icarəyə götürüb uşaqlarının işlətdiyi kafedə vermiş, həmin vaxt kafedə üçü olmuşlar. İlkin verdiyi 6000 manat puldan başqa bütün verdiyim pulları Abşeron rayonun Qobu qəsəbəsində vermiş, axırıncı verdiyim pulu da Qobu qəsəbəsində vermişdir. Tikintidə iştirak etməmiş, tikinti aparmamış, tikintini Təqsirləndirilən şəxs aparmışdır. 2019-cu ilin fevral ayından başlayıb, mart, aprel və may ayının axırlarına kimi pulları Rabilə vermiş, lakin hansı tarixdə Rabilə pulları verdiyini dəqiq bilmir və tarixlərin qeydiyyatını aparmamışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, «ünvan 4 ünvanda yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 5-6 il olar ki, Yasamal sakini kimi tanıyır, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs Saatlı rayonunda qonşusudur, uşaqlıqdan bir yerdə böyümüşlər, bir-birini yaxşı tanıyırlar, uşaqlıqdan bir-biri ilə münasibətləri var, uzaq qohumluqları var, münasibətləri normaldır, aralarında narazılıq yoxdur, Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 20-ci küçə fərdi nömrəsiz ev-də yaşayır, son vaxtlar Ruslanı görmürəm, əvvəllər tez-tez görüşürdük. Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayonda bazarın qarşısında təxminən 5-6 il olar ki, çayxana icarəyə götürmüş, çayxananın adı yoxdur, çayxana bazarla üz-üzə yerləşir. Həmin çayxananı uşaqları işlədir. Əvvəllər həmyerlisi Zərərçəkmiş şəxs çayxanaya onun yanma tez-tez gəlir, orada görüşüblər. Təqsirləndirilən şəxs də həmin çayxanaya gəlib- gedib, bir yerdə oturub çay içiblər. Tanışı Təqsirləndirilən şəxs onun icarəyə götürdüyü çayxanaya gəlib gedəndən bilibdir ki, Abşeron rayonun Qobu qəsəbəsində torpaq alıb, ev tikir satmaqla məşğul olur. 2019-cu ilin dekabr ayının əvvəllərində hər üçü onun icarəyə götürüb işlətdiyi çayxanada olarkən, orada söhbət zamanı Ruslan Raildən soruşub ki, nə işlə məşğul olur, Rabil də ona bildirmişdir ki, Qobu qəsəbəsində torpaq alıb, ev tikir satır və pul qazanır, Ruslan Təqsirləndirilən şəxs soruşub ki, əgər pul qoysalar, torpaq alıb ev tikib sata bilərlər, Ruslan orada bildirmişdir ki, o, da pul qoyub şərikli ev tikdirmək istəyir, onda o, demişdir ki, o, də pul qoyub, Rabil torpaq sahəsi alıb ev tikib satsın qazancı bölsünlər və onun bu təklifi ilə hər üçü razılaşmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər üçü Abşeron rayonu, Qobu qəsəbəsinə getmişlər, orada Təqsirləndirilən şəxs ona torpaq sahələrini göstərmiş və bildirib ki, göstərdiyi torpaq sahələri satılır. Rabilin Ruslana göstərdiyi torpaq sahələri xoşlarına gəlir, həmin torpaq sahələri münasib qiymətə satılır. Biz pul qoyub ev tikilməsinə birlikdə razı olublar, onun qonşusu Zərərçəkmiş şəxs orada, yəni Qobu qəsəbəsində Təqsirləndirilən şəxs 6000 (altı min) manat pul verib, o, də Təqsirləndirilən şəxs 11000 (on bir min) manat pul vermişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi pula torpaq sahəsi alıb, onun verdiyi pula isə ev tikdirib satar, qazancı bir yerdə böləcəklər. Bildirir ki, ilkin olaraq 2019-cu ilin dekabr aynın əvvəlləri, konkret tarixi yadına sala bilmir. Bundan sonra bir sot torpaq sahəsində Təqsirləndirilən şəxs bir ev tikmiş, evi satıb, qazancı üçü arasında bölmüşlər, ev tikilib satılmasından nə qədər qazanc olmasını dəqiq bilmir. O, hiss etmişdir ki, Ruslanla Rabil arasında narazılıq var, hər ikisindən soruşanda ki, aranızda nə kimi narazılıqlar var, desin bilsinlər. Təqsirləndirilən şəxs demişdir ki, 6000 (altı min) manatla ev tikib satmaq olmaz, pul azdır. O, orada 6000 (altı min) manat Ruslanın pulunu vermiş özünə, ona demişdir ki, gedib Rabil ilə razılaşsınlar, sonra gəlsinlər. Rabil və Ruslan ondan ayrılıb çıxıb gediblər, aradan təxminən 30-40- dəqiqə sonra yanma qayıtmışlar. Rabil və Ruslan yanma qayıdandan sonra hər ikisi ona demişlər ki, öz aralarında razılaşmışlar, narahatlıq yoxdur, iş davam edəcək, Zərərçəkmiş şəxs verdiyi 6000 (altı min) manat pulu Ruslan onun yanımda Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayonda təzədən vermişdir Təqsirləndirilən şəxs. Bundan sonra Zərərçəkmiş şəxs vermiş olduğu pulu Təqsirləndirilən şəxs birbaşa kartına köçürürdü və ona telefonla zəng vurub nə qədər pul köçürmsini demişdir. Zərərçəkmiş şəxs ona heç vaxt pul verməyib ki, Təqsirləndirilən şəxs versin, həmişə Ruslan özü pulu Rabilə vermişdir. Zərərçəkmiş şəxs 6000 min manat pulu Rabilə verəndən sonra Təqsirləndirilən şəxs Qobu qəsəbəsində altı minə alınan torpaq sahəsində iki ev tikdirmışlər. Həmin evləri də satıb, nə qədər qazanc əldə ediblərsə, üçü arasında bölüblər, narazı qalan olmamışdır. Bundan sonra yenə Təqsirləndirilən şəxs hər üçü qoyduğu pulla üç ev yüksək gərginlikli elektrik xəttin altında tikdirmiş, həmin üç evi söküblər, ziyana gediblər və daha ev tikdirə bilməmişlər. Bundan sonra Zərərçəkmiş şəxs onunla söhbət zamanı bildirmişdir ki, ev tikdirmək üçün Təqsirləndirilən şəxs ümumilikdə 16000 (on altı min) manat pul vermişdir və Təqsirləndirilən şəxs ona 16000 min manat verəcəyi var. Daha sonra Təqsirləndirilən şəxs onun yanında 2000 (iki min) manat pul verib, hansı ayı olmasını bilmir, 2019-cu ildə olub, sonra Təqsirləndirilən şəxs özünün ona deməsinə görə 3500 (üç min beş yüz), sonra da Rabil torpaq satıb, onda 2000 (iki min) manat ona 2000 (iki min) manat da Zərərçəkmiş şəxs pul veribdir. Təqsirləndirilən şəxs ona deməsinə görə onun Ruslana 8500 (səkkiz min beş yüz) pul verəcəyi qalmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 2 sot torpaq sahəsini Zərərçəkmiş şəxs vermək məqsədi ilə ona Qobu qəsəbəsində göstərib, Ruslan torpaqla razılaşmamışdır. 2019-cu ilin əvvəllərindən başlayaraq 2019-cu ilin may ayının axırlarına kimi hissə-hissə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 16000 (on altı min) manat pul vermişdir. Həmin 16000 manat pulun bir hissəsini Təqsirləndirilən şəxs deməsinə görə qaytarıb, 8500 (səkkiz min beş yüz) manat pul qalmışdır. O, də pul qoymuş, Təqsirləndirilən şəxs ev tikdirmişdir, qazancı aralarında bölmüşlər, Təqsirləndirilən şəxs ona borcu qalıb, lakin borcu ondan tələb etmir, Rabil deyir ki, verər. Zərərçəkmiş şəxs ilkin olaraq onun yanında Təqsirləndirilən şəxs 5000 (beş min) manat yox, 6000 (altı min) manat pul, Abşeron rayonun Qobu qəsəbəsində ev tikdirib satmaq üçün verib, qalan pulları da Ruslan özü Təqsirləndirilən şəxs kartına köçürmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində ev almaqdan ötrü soraqlaşarkan X6 ilə razılaşmış, onun satdığı Qobu qəsəbəsində yerləşən bir otaq, mətbəx və dəhlizdən ibarət olan evi 2022-ci ilin yay vaxtı 14500 (on dörd min beş yüz) manata almışdır. X10 etibarnamə əsasında almışdır. Xəlil Cəfərov həmin evi Rabil adlı şəxsdən aldığı qiymətə ona satdığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsində istintaqı aparılmış ********* saylı cinayət işinin icraatına xx.xx.2021-ci il tarixdə CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nə xx.xx.2024-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 16.000 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında – 4.000 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla CM-in 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsin və barəsində olan cinayət təqibinin icraatına xitam verilməsin məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığın, ona vurulmuş maddi ziyanın tam ödənildiyin göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsin xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.2.4, 188.2-ci maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.4, 188.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuş, Cinayət Məcəlləsinin 178.2.4, 188.2-ci maddələrlə elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın iyirmi beş faizi miqdarında ödəniş etdiyindən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin cinayət təqibi üzrə icraata xitam verilməli, Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdiriən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həbsdə saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344- 347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həbsdə saxlanıldığı 01 gün müddət nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar