Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-55/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ortaixtisas, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona, anasına və qızına təqaüd düzəldəcəyini dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən evlərində 5100 manat pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs 5100 manat məbləğdə, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron - 1” yaşayış kompleksinin park hissəsində olan uşaq əyləncə obyektini icarəyə götürüb şərikli işlədərək qazanc əldə edəcəklərinə dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bank of Baku” filialının qarşısında Zərərçəkmiş şəxs tapşırığı ilə sonuncunun qardaşı Şahid1 6131 pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs 6131 manat məbləğdə, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini,hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyi və dövlət büdcəsinə vurulmuş ziyanın 25 % həcmində ödəniş etdiyini bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2019-cu ildə “Eurohome” tikinti və inşaat materialları bazarında qapıların satışı ilə məşğul olmuşdur. Həmin vaxt onunla qonşu obyektdə Zərərçəkmiş şəxs da ev qapılarının satışı ilə məşğul olmuşdur. Həmin vaxtdan tanışlıqları olmuş və münasibətləri normal olmuşdur. O, Elnarənin azyaşlı qızının xəstə olduğunu bilirmiş. Təxminən, 2020-ci ilin əvvəllərində Elnarə anasına, qızına həm də özü üçün təqaüd düzəltmək istədiyini ona bildirmişdir. O da bu məsələ ilə maraqlnadıqda ona Samirə adlı qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində işlədiyini və təqaüd məsələlərini 4000 – 5000 manat məbləğində pul qarşılığında həll etdiyini demişdir. Buna görə də Samirənin bu məsələdə köməklik edə biləcəyini demişdir. Elnarə də köməklik etməyini xahiş etdikdə o, Elnarənin, anasının və azyaşlı qızının təqaüdə çıxarılması məsələsini həll etmək üçün Elnarədən 5100 manat məbləğində pul istəmişdir. Bu barədə Elnarəyə bildirdikdə sonuncu razılaşmışdır. Bu məqsədlə də 2020-ci ilin dekabr ayında Elnarə ona əvvəllər birlikdə işlədikləri Bakı şəhəri Binəqədi rayonunda yerləşən Eurohome tikinti bazarında 5100 manat vermişdir. O da sonradan Samirə adlı şəxsin də dələduzluqla məşğul olduğunu bilmiş və həmin pulu heç kimə vermədmişdir. Pulu Elnarəyə qaytarmaq istəsə də, şəxsi ehtiyacları üçün xərclədiyindən Elnarədən aldığı 5100 manat məbləğində pulu geri qaytara bilməmişdir. 2022-ci ildə o, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron- 1” yaşayış kompleksinin park hissəsində olan uşaq əyləncə yerlərində obyekt işlədirmiş. Elnarə onun yeni iş yerinin olduğunu, həmin yerdə işlərinin yaxşı olduğunu bildirmişdir. Həmin səbəbdən eyni yerdə Elnarə üçün də icarəyə obyekt götürüb şərikli fəaliyyət göstərməyi təklif etmişdir. Elnarə də razılaşmışdır. Bunun üçün isə 6000 (altı min) manat pul lazım olduğunu demişdir. Həmin vaxt Elnarənin kredit götürəcəyini bildikdə xahiş etmişdir ki, 10000(on min) manat kredit götürüb versin. 6000 (altı min) manatla birlikdə iş görsünlər, 4000 (dörd min) manat pulu isə o götürsün və özü krediti ödəsin. Əvvəlcə, Elnarə onunla razılaşsa da, sonradan adına kredit verilmədiyini, qardaşı Elvinin adına 5800 (beş min səkkiz yüz) manat kredit götürdüyünü bildirib 2022-ci ilin mart ayının əvvəllərində Xırdalan şəhərində həmin pulu ona vermişdir. Təxminən, bir həftə sonra isə pulu ondan geri almışdır. O da həmin səbəbdən iş qura bilməmişdir. O ümumilikdə ondan 10900 (on min doqquz yüz) manat pul almış, həmin puldan 6000 (altı min) manat qaytarmışdır. Əlavə olaraq da götürdüyü kreditin 600 (altı yüz) manat məbləğində faizini ödəmişdir. Bundan başqa da Elnarəni, anasını və qızını təqaüdə çıxarmaq adı ilə Elnarədən aldığı 5100 (beş min yüz) manat puldan 2700 (iki min yeddi yüz) manat məbləğində pul qaytarmışdır. Hal-hazırda onun Zərərçəkmiş şəxs özünü, anasını və qızını təqaüdə çıxarmaq adı ilə aldığı puldan cəmi 2400 (iki min dörd yüz) manat borclu qalmışdır. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayətlərlə bildirdiklərinin hamısı doğru deyildir. Belə ki, o, Elnarədən anasını, qızını və özünün təqaüdə çıxarmaq adı ilə 5100 manat pul almış və həmin pulun 2700 manat olan hissəsini qaytarmışdır. Birlikdə iş görmək üçün aldığı 5800 (beş min səkkiz yüz) manat pulu təxminən bir həftə sonra geri istəmişdir. O pulu özünə qaytarmışdır. O, Zərərçəkmiş şəxs, anasını və qızını təqaüdə çıxarmaq üçün Samirə adlı şəxsin köməkliyindən istifadə etmək istəmişdir. Lakin, həmin məsələ alınmadıqda o, faktiki olaraq vəd verdiyi məsələ ilə bağlı heç bir iş görə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 7 il müddətdir ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Euro Home” Tikinti və İnşaat materialları bazarında fərdi qaydada ev qapıları satışı ilə məşğul olur. 2019-cu ilin yanvar ayında işlədiyi bazarda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Ramil bazarda onun işlətdiyi dükanın yanında qapı satışı dükanı açmışdır. Ramillə münasibətləri yaxşı olmuşdur. Hətta münasibətləri dərinləşərək ailəvi dostluq da etmişlər. Təxminən 2019-cu ilin dekabr ayının sonlarında işdə olan zaman Ramil söhbət əsnasında ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Samirə adlı tanışının olduğunu, əgər ona və ailəsinə belə pensiya düzəltmək lazım olarsa bu işin həll edə biləcəyini demişdir. Ramil onun azyaşlı qızının xəstə olduğunu da bildirmişdir. O da özünə, qızı Mələk Nağıyevaya və anası Afət Həzrətquliyevaya pensiya düzəltmək istədiyini demişdir. Ramil də ona bu işdə köməklik edəcəyini bildirmişdir. Bundan sonra Ramil yanında bir nəfər şəxsə zəng edərək telefonda bu haqda danışmışdır. Ramil danışığını bitirdikdən sonra ona özünə, qızına və anasına pensiya düzəltmək üçün 5100 manat pul lazım olduğunu demişdir. O da Ramili tanıdığı üçün inanıb razılaşmışdır. Həmçinin söhbət zamanı Ramil ona iş alınmasa belə pulunu özü qaytaracağına da söz vermişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2019-cu il tarixdə səhər saatlarında işdə olan zaman o, Ramilə pensiya düzəltməsi üçün dediyi məbləği hazırladığını demişdir. Ramil də da pulu verməyini dedikdə, o, Ramilə pulun evdə olduğunu demişdir. Həmin gün saat 19 radələrində işdən çıxıb Ramil ilə birlikdə yaşadığı Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən evlərinə getmişdir. Evdə ailə üzvlərinin yanında o, 5100 manat pulu sayaraq Ramilə özünə, qızı Mələk və anası Afətə pensiya düzəltməsi üçün vermişdir. Ramil də pulu sayıb ondan almışdır. Ramil ondan pulu aldıqdan sonra 2 ay müddətində işin hazır olacağını bildirmişdir. Sonra sağollaşıb çıxıb getmişdir. Aradan iki ay keçdikdən sonra 2020-ci ilin mart ayının əvvəllərində o, Ramildən məsələnin nə yerdə olduğunu soruşduqda, Ramil, ona pensiyalarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparıldığını, bu səbəbdən gecikmə olduğunu demişdir. O da Ramilə inanıb heç bir söz deməmişdir. Bu minvalla təxminən 1 il müddətə yaxın Ramil hər dəfəsində bəhanə gətirərək pensiyaların düzələciyini demiş və onu da inandırmışdır. Sonradan Ramil işlədiyi bazarda dükanın icarə haqqını ödəyə bilmədiyi üçün dükanı bağlamışdır. 2022-ci ilin yanvar ayında Ramil Xırdalan şəhərində yerləşən parkda əyləncə üçün tir kimi nəzərdə tutulmuş obyekti işlətmişdir. Ramil tez-tez işlədiyi dükana gəlmişdir. 2022-ci ilin yanvar ayında ona işdə olan zaman söhbət əsnasında işlədiyi parkda icarəyə obyekt götürməyini və birlikdə işləyib qazanc əldə etməyi təklif etmişdir. Onlar söhbət etdikdən sonra o, Ramil ilə birlikdə Xırdalan şəhərində yerləşən parkda bir neçə obyekt icarəyə götürüb işlətmək qərarına gəlmişdir. Bu işi görmək üçün Ramil ona 10,000 manat pul lazım olduğunu demişdir. O da ona həmin məbləği düzəldə bilməyəcəyini bildirmişdir. Bu haqda o, evdə ailə üzvlərinə də məlumat vermişdir. Hətta evdə olan zaman Ramil qardaşı Elvinlə də bu mövzuda bir neçə dəfə söhbət etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Xırdalan şəhərində yerləşən Bank of Baku adlı bankdan qardaşı Elvin 6131 manat kreditə pul götürərək onun adından bankın qarşısında Ramilə vermişdir. Pulu Ramil aldıqdan sonra ona 2022-ci ilin may ayında parkda artıq işə başlayacağını və ondan sonra parkda götürdükləri obyektləri birlikdə işlədəcəyini demişdir. Aradan iki-üç gün keçdikdən sonra Ramil ilə birlikdə tanıdıqları ortaq dostu Elçin o işdə olan zaman yanına gəlmişdir. Elçin söhbət əsnasında ona Ramilin onu aldatdığını, ondan pensiya düzəltmək və parkda obyekt icarəyə götürüb işlətmək üçün aldığı ümumilikdə 11,231 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Bundan sonra o, şübhələnib Ramilə zəng edərək qızı Mələyin ürəyindən əməliyyat olunacağını verdiyi ümumilikdə 11,231 manat pulumu geri qaytarmasını bildirmişdir. Ramil də ona pulu qaytaracağına söz vermişdir. Həmin vaxtdan sonra o, dəfələrlə Ramilə zəng edərək pulunu geri tələb etdikdə, Ramil hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O, tanışı Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2019-cu il tarixdə saat 19 radələrində yaşadığı ünvan 2 ünvanda ailə üzvlərinin yanında 5100 manat pulu özü, qızı Mələk və anası Afətə pensiya düzəltməsi üçün, ikinci dəfə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Xırdalan şəhərində yerləşən Bank of Baku adlı bankın qarşısında qardaşı Elvinin yanında Xırdalan şəhərində yerləşən parkda obyekt icarəyə götürüb işlədərək qazanc əldə etmək məqsədi ilə 6131 manat pul, ümumilikdə 11,231 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi ümumilikdə 11,231 manat puldan heç bir məbləğdə pul qaytarmamışdır. Ramil ondan ümumilikdə 11,231 manat pul almışdır. Heç bir məbləğdə pul qaytarmamışdır. Ramilin dediyi 3100 manat pul onların arasında olan qapı alqı-satqısı ilə bağlıdır. Ramil həmin pulu ona qaytarmışdır. Ancaq pensiya düzəltməsi üçün verdiyi 5100 manat və iş görmək üçün verdiyi 6131 manat puldan heç bir məbləğdə pul qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki,hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində qardaşı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətinə yüngülləşdirən hal cinayət nəticəsində dəymiş ziyanın ödənilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək elan olunan ittihamda özünü tam təqsirli bildiyini, zərərçəkmiş şəxsə barışdığını, ona vurduğu ziyanı ödədiyini, həmçinin dövlət nəfinə vurulmuş ziyanın 25%-ni ödədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər, zərərçəkənin izahatı, şahidin ifadəsi, işdə olan sənədlərlə tam sübutdur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 11231 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 2810 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş “Whatsapp” tətbiqində olan danışıqların ekran görüntüləri, həmçinin “eManat” və “MilliÖn” ödəniş terminallarının ödəniş qəbzlərinin surəti maddi sübut olaraq işə əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin,onu da qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarını müdafiəçisi olmuş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi1 Məhərrəm oğlunun təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir,göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş “Whatsapp” tətbiqində olan danışıqların ekran görüntüləri, həmçinin “eManat” və “MilliÖn” ödəniş terminallarının ödəniş qəbzlərinin surəti maddi sübut olaraq işə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında hüquqlarını müdafiəçisi olmuş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi1 Məhərrəm oğluna hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-55/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-55/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver