Məhkəmə qərarları › İş №1(012)-550/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-550/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-550/2023 09.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1979-cu ildə Saatlı rayonunun Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal-1” yaşayış kompleksi, ev 7, mənzil 76-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 01 iyul 2009-cu il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2009-cu il tarixli, 2(009)-1665/2009 saylı və aliment məbləğinin artırılması ilə bağlı ondan qətnamənin qüvvəyə mindiyi gündən (xx.xx.2020-ci il tarixdən) başlayaraq övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(009)-1353/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 12050.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Fərid və Aydan adlı övladları doğulmuş, ilk dövürdə Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olsa da, sonradan pozulmuş və 2009-cu ildə faktiki ayrılmışlar. Zərərçəkmiş şəxs uşaqlarla birlikdə valideyinlərinin evinə köçərək orda yaşamışdır. Müəyyən müddətdən sonra Zərərçəkmiş şəxs yalnız bir uşağın saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2009-cu il tarixli, 2(009)-1665/2009 saylı qətnaməsinə əsasən, ondan 01 iyul 2009-cu il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs 2020-ci ildə aliment məbləğinin artırılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(009)-1353/2020 saylı qətnaməsinə əsasən, ondan qətnamənin qüvvəyə mindiyi gündən (xx.xx.2020-ci il tarixdən) başlayaraq Fəridin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün ayrı-ayrılıqda aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, ona tələbin icra olunması üçün könüllü müddət verilmiş, öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Qətnamələr üzrə qət edilmiş aliment pulu onun tərəfindən ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunmağı üçün təqdimatla məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə on beş gün müddətində inzibati qaydada həbs olunmuşdur. Daha sonra icra məmuru tərəfindən ona yenidən qətnamələri icra etmək üçün müddət verilməsinə baxmayaraq maddi imkanı kifayət qədər olmadığından ödəməli olduğu aylıq alimenti ödəyə bilməmiş və təqdimat verilən günə yəni xx.xx.2022-ci il tarixədək iki qətnamə üzrə 12050,00 manat məbləğində aliment borcu yaranmışdır. Əlavə olaraq qeyd etmişdir ki, əvvəllər qapı-pəncərə sexində işləmiş, son illər isə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, günəmuzd fəhlə kimi işləmişdir. Övladlarına baxmalı olduğunu dərk edir, özünü təqsirli bilir. Sadəcə qeyd edilən qətnamələr ilə razı deyil. Çünki qeyd edilən məhkəmələrdə iştirak etməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs uşaqları ona görsətmir. Lakin qətnamələrdən yuxarı instansiya məhkəməsinə şikayət etməmiş, uşaqlarla görüşmək üçün məhkəməyə müraciət etməmişdir. İşlə bağlı məşğulluq mərkəzində xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyata alınmış, lakin məşğulluq mərkəzinə əlaqə saxlanması üçün verdiyi ********** saylı nömrə bir müddət işləməmişdir. Zərərçəkmiş şəxs ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikahlarından Fərid və Aydan adlı övladları anadan olsa da, Zərərçəkmiş şəxs ondan ancaq bir uşağa görə yəni xx.xx.2004-cü il təvəllüdlü X7 görə aliment tələb etmişdir. Hazırda xəstədir, səhhəti ilə əlaqədar olaraq işləyə bilmir. Əmək qabiliyyəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Fərid və Aydan adlı övladları doğulmuş, ilk dövürdə Təqsirləndirilən şəxslə münasibəti yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2009-cu ildə faktiki ayrılaraq uşaqla birlikdə valideyinlərinin evinə köçmüşdür. Müəyyən müddətdən sonra yalnız bir uşağın saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2009-cu il tarixli, 2(009)-1665/2009 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 01 iyul 2009-cu il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Daha sonra 2020-ci ildə aliment məbləğinin artırımı ilə əlaqədar yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(009)-1353/2020 saylı qətnaməsinə əsasən, Sanir Əliyevdən qətnamənin qüvvəyə mindiyi gündən (xx.xx.2020-ci il tarixdən) başlayaraq Fəridin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəmələri icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Daha sonra icra məmuru tərəfindən ona yenidən qətnamələri icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən yayınmış, icra müddətində aliment üzrə cuzi ödəniş etmişdir. İcra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs 12050,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır. Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir. Təqsirləndirilən şəxs ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan Fərid və Aydan adlı övladları doğulmuşdur. Lakin Təqsirləndirilən şəxs ancaq bir uşağa görə yəni xx.xx.2004-cü il təvəllüdlü X7 görə aliment tələb etmişdir. Ona görədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2009-cu il tarixli, 2(009)-1665/2009 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 01 iyul 2009-cu il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində alimentin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(009)- 1353/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən isə aliment məbləğinin artırılaraq Təqsirləndirilən şəxs qətnamənin qüvvəyə mindiyi gündən (xx.xx.2020-ci il tarixdən) başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Digər uşağa aliment tələb etməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən məhkəmə qətnamələrindən yuxarı instansiya məhkəməsinə şikayər etməmişdir. Çünki övladları onun üçün maraqlı deyil. Hər yerdə deyir ki, uşaqlar ona görsədilmir amma bu günə kimi bir dəfədə olsun uşaqları görməyə gəlməmişdir. Uşaqlarını görmək istəyən insan istəsə məhkəməyə müraciət edər, uşaqlarla ünsiyyət tələb edər. Lakin Təqsirləndirilən şəxs bu günəkimi uşalarla ünsiyyət tələbi ilə məhkəməyə müraciət etməmişdir. Sadəcə alimenti ödəməmək üçün hər yerdə bunu bəhanə edir. Ona görədə Təqsirləndirilən şəxs ilə üz-üzə gəlmək istəmir. Hazırda digər övladı Aydana görə aliment tələb etmiş və onada aliment kəsilmişdir. Onunla bağlı icra vərəqəsi icra şöbəsinin icraatındadır. Hazırda digər övladı Aydana görə aliment tələb etmiş və onada aliment kəsilmişdir. Onunla bağlı icra vərəqəsi icra şöbəsinin icraatındadır. Qeyd edilən qətnamələr üzrə yaranmış aliment borcunu tələb edir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1665/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü Fəridin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 70,00 manat sabit pul məbləğində aliment xx.xx.2009-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixdə Saatlı rayon icra və probasiya şöbəsinin icra məmuru Cilovxan İsfəliyevin icraatına daxil olmuş, elə həmin tarixdə də icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Sözügedən icra sənədi xx.xx.2021-ci il tarixdə sabiq icra məmuru İlyas Həsənovun, xx.xx.2022-ci il tarixdə isə onun icraatına keçirilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1353/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü Fəridin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 170,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Alimentin artırılması ilə bağlı Təqsirləndirilən şəxs 170,00 manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılmalı və həmin vaxtdan hesablanmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə Saatlı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahmar Məhərləmovun icraatına daxil olmuş elə həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. Sonradan sözügedən icra sənədi xx.xx.2021-ci il tarixdə sabiq icra məmuru İlyas Həsənovun, xx.xx.2022-ci il tarixdə isə onun icraatına keçirilmişdir. Borclu tərəfindən tələb könüllü müddət ərzində təmin edilmədiyindən tələbin borclunun əmlak hesabına təmin edilməsi məqsədi ilə müvafiq orqanlara sorğular verilmiş, lakin ona məxsus hər hansı əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs yaşayış yeri məlum olmadığından onun barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul olunaraq aidiyyatı üzrə Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 8(012)-868/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun yeri müəyyən edilərək Abşeron rayon icra və probasiya şöbəsinə gətirilmiş və onun barəsində xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş və Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmənin müvafiq qərarına əsasən borclu on beş gün müddətində inzibati qaydada həbs olunmuşdur. Borcluya aliment borcunun on gün müddətində ödənilmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə bildiriş göndərilmişdir. Təqsirləndirilən şəxs icra materiallarına əsasən 12050,00 manat məbləğində aliment borcu vardır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, bir dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, bir dəfə inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon icra və probasiya şöbəsinin İcra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(009)- 1353/2020 nömrəli qətnamənin sürətindən görünür ki, 01 iyul 2009-cu il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2009-cu il tarixli, 2(009)-1665/2009 saylı və aliment məbləğinin artırılması ilə bağlı Təqsirləndirilən şəxs qətnamənin qüvvəyə mindiyi gündən (xx.xx.2020-ci il tarixdən) başlayaraq övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamələrin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Aanatomiya Elmi Təcrübə və X9 Şəxsin xx.xx.2023-cü il tarixli 1762 saylı məktubuna əlavə edilmiş 182/KEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, generizə olunmuş bronxobstruksiya”-nınolduğu müəyyən edilmiş, qeyd olunan xəstəlik uzun sürən xroniki gedişli xəstəlikdir. Təqsirləndirilən şəxs əmək qabiliyyətlidir və epidemioloji təhlükəsi olmayan işlərdə işləyə bilər. X3 X2 Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyata alınsa da qeydiyyat zamanı təqdim etdiyi ********** saylı GSM nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Şəxsi barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qəeaedan görünür ki, itidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CMP-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Nərimanov RPİ-in MSY-nə təhvil verilmişdir. İcraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (hazırkı 528.1) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx.xx.1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Həmçinin cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs aliment borcundan hər hansı bir məbləği zərərçəkmiş şəxsə ödəməkdən qəti imtina etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhər 28 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhər 28 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar