Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-552/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1991 -ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı metropoliteini mərkəzləşmə məntəqəsində növbətçi işləyən, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 45, mənzil 8- də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 19:30-da texniki cəhətdən saz vəziyyətdə olan Kia Ceed markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 13,7-ci kilometrliyində, «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkətə başlama, yerdəyişmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı kimi bu tələblərə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, mübahisə edən iki nəfər piyadadan birinin sağa, digərinin sola aralandığını görüb avtomobili dayandığı yerdən hərəkətə gətirərkən sükanı azca sağa alıb piyadaların ortasından təxminən 10-15 km/saat sürətlə keçərkən təhlükəsizliyi təmin etmədiyindən avtomobilin sol hissəsi piyada Zərərçəkmiş şəxs dəymiş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol baldır sümüklərinin (qamış sümüyünün orta 1/3-nin burulma xarakterli yerdəyişən, incik sümüyünün orta və aşağı 1/3-nin) açıq, yerdəyişən sınıqları, döş qəfəsinin yumşaq toxumalarının əziyi, sağ diz oynağı nahiyəsinin qançırı, sıyrığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 4-cü bəndinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə saat 19:30-da özünə məxsus olan Kia Ceed markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobillə müvəqqəti yaşadığı Nübar qəsəbəsindən işlədiyi Bakı Metropoliteni «avtovağzal» stansiyasına gedərkən Bakı-Şamaxı yolunun 13,7-ci km-nə, Hökməli dairəsinə çatmamış irəlidə açıq rəngli dövlət qeydiyyat nişanını və markasını bilmədiyi bir avtomobilin hərəkət hissəsinin sol zolağında dayanmış olduğunu və bir nəfər xanımın həmin avtomobilin sürücüsü ilə mübahisə etdiyinə şahidlik etmişdir. Daha sonra idarə etdiyi avtomobilin sağ tərəfindən bir nəfər oğlanın yaxınlaşdığını görmüş, kənardan yaxınlaşan oğlan xanımı tutaraq avtomobildən kənarlaşdırdıqdan sonra həmin xanımın oğlanla da mübahisə etdiyinin şahidi olmuş, oğlan xanımı yoldan çıxartmaq istəsə də qadının hərəkətlərindən buna etiraz etdiyi və əsəbi olduğu açıq şəkildə görünmüş, o, idarə etdiyi avtomobillə onlara yaxınlaşanda avtomobilini onların qarışısında dayandırmış, bundan sonra xanımı sakitləşdirib avtomobili hərəkət hissəsindən çıxartmağa çalışan oğlan ona tərəf baxdıqdan sonra xanımı buraxmış və yolun sağ tərəfınə keçmişdir. Bu zaman qadın da yolun sol tərəfınə keçmiş, mübahisə edən qadın və kişi onun yolunu boşaltdıqdan sonra o, avtomobilini hərəkətə gətirmişdir. O, avtomobilini hərəkətə gətirdikdən sonra qadın qışqırıb «qoy saxlasınlar» deyərək onun avtomobilinə zərbə endirmişdir. Avtomobilin arxa sol tərəfinə zərbə endirən qadın yerə yıxılmışdır. O, əvvəlcə avtomobili yolun sağ tərəfınə yaxınlaşdırıb yenidən dayandırmış, düşmək istəsə də sonradan qadının hərəkətlərini göz önünə gətirərək qadının ona qarşı hər hansı cinayət edə biləcəyini ehtiyat edərək, həm də işə gecikəcəyini nəzərə alaraq fikrini dəyişib yoluna davam etmişdir. O, avtomobildə tək olmuş, avtomobili texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hadisədən əvvəl spirtli içki qəbul etməmiş və hadisə vaxtı avtomobili başqa avtomobilə və yolda olan betona toxunmamışdır. Hadisə barədə polisə məlumat verməməyinin səbəbi özünü zərərçəkmiş şəxs qismində görməyi olmuş, lakin hadisədən bir-iki saat sonra atası X3 polisdən zəng gəlmiş, bundan sonra o, polisə yaxınlaşmış və polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, piyada Zərərçəkmiş şəxs sağ ayağı ilə təpiklə onun avtomobilinə zərbə vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs təkrar ifadəsində törətdiyi əməlləri ümumilikdə etiraf edərək səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 264-cü maddəsi ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə saat 19:30-da iş yerindən çıxıb Bakı-Şamaxı yolunun Bakı istiqamətli hərəkət hissəsinin sağ kənarına çıxaraq səki ilə Bakı şəhər istiqamətinə yəni Hökməli dairəsi istiqamətində evinə doğru hərəkət etmiş, istifadəsində olan mobil telefonla bir neçə dəfə qızı Çinarəyə zəng vurub vacib söz demək istəmiş, lakin telefonunda şəbəkə işləməmiş, o, bir neçə dəfə cəhd etmiş, qızı ilə telefon vasitəsilə danışa bilməmiş, özündən asılı olmayaraq əsəbləşib yolda uca səslə deyinərək yoluna davam etdikdə qarşıdan bir nəfər orta yaşlı kişi ondan problemi olub-olmadığını soruşmuş, o, telefonunun işləmədiyini, şəbəkənin tutmadığını bildirmiş, həmin oğlan onun telefonuna baxıb qaytarmış, o, deyinə-deyinə yoluna davam etmiş, həmin oğlan ona yaxınlaşıb Hökməli dairəsində telefon ustası olduğunu ona bildirmiş, o, iki gündür ki, telefonunu düzəltdirdiyini həmin oğlana bildirmiş və əsəbləşdiyindən telefonunu yolun hərəkət hissəsinə asfaltın üzərinə atmış, həmin oğlan yola çıxaraq onun telefonunu götürmək istədikdə o, da sola hərəkət hissəyə çıxmış, oğlana «telefon mənimdir, dəymə qoy maşın üstündən keçsin»-deyib həmin oğlanı əli ilə kənara itələmiş, bu zaman oğlan ondan aralanmış, o, yolun ayırıcı beton zolağa yaxın dayanıb üzünü Şamaxı istiqamətinə çevirdikdə üstünə tünd rəngli minik avtomobilinin gəldiyini görmüş və həmin avtomobil qabaq sol künc tərəfi ilə onun sol ayağından zərblə vurmuş, o, dizi üstə yıxıldıqda onu vuran avtomobilin sağa istiqamətlənib dayanmadan getdiyini görmüş, onu arxadan gələn minik avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisədən sonra sürücü Təqsirləndirilən şəxs onun müalicə xərclərinin tam ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cii il tarixdə saat 19:30-da idarə etdiyi Kia Ceed markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən Bakı şəhərinə gedərkən Bakı-Şamaxı- Yevlax yolunun Hökməli dairəsi adlanan əraziyə çatmağa az qalmış avtomobili sağ zolaqda hərəkət etdirərkən qarşıda yolun ortasına tərəf bir tünd rəngli Kia markalı minik avtomobilinin sağa doğru meyillənib sürətini artıraraq gedərkən həmin avtomobilin sol tərəfindən bir nəfər qadının asfalt üzərinə yerə yıxıldığını görüb dərhal avtomobilini saxlamış, bu zaman yolun sağ tərəfindən bir nəfər oğlanın qız tərəfə gəldiyini və həmin yerə yıxılan qadını arxadan götürüb sürüyərək yolun sağ tərəfinə doğru apardığını görmüşdür. Qadını vuran avtomobilin irəlidə sürətini yavaşıdıb və yenidən dayanmadan Bakı istiqamətinə tərəf getdiyini görmüş, o, avtomobilini saxlayıb yerə düşmüş, qadının ayaq nahiyəsindən ciddi xəsarət aldığını görüb 102 xidmətinə məlumat vermiş, həmin qadını yol kənarına çəkən oğlanla birgə qadını avtomobilinin arxa hissəsinə mindirib Bakı şəhərinə Respublika xəstəxanasına aparmışdır. Yolda qadın ona nömrələr vermişdir ki, qohumları və həyat yoldaşı ilə əlaqə saxlasın. O, hadisə barədə qadının yaxınlarına məlumat vermiş, xəstəxanaya çatarkən oğlan tələsdiyinə görə avtomobildən düşüb getmiş, həmin vaxtı o, oğlandan mobil telefonunu götürmüş, öz mobil telefonunun nömrəsini də həmin oğlana vermiş, o, qadını xəstəxanaya çatdırıb həkimlərə təhvil verdikdən sonra çıxıb getmişdir. O, qadını vuran avtomobilin sürücüsünü tanımamışdır. O. ifadəsinə əlavə olaraq göstərmişdir ki, piyada qadın avtomobilin sol hissəsi ilə vurulmuş, qadın avtomobilin sol tərəfinə yerə yıxılmış, o, piyadanın avtomobilə təpik atdığını görməmiş, qadın avtomobilin qabaq sol hissəsində dayanmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə saat 19:30-da gözətçi işlədiyi "xxxx" MMC-nin inzibati binasının qapısının yanında yerləşən gözətçi otağında oturarkən otağın qarşısındakı «Bakı-Şamaxı-Yevlax yolundan səs eşidib, tez otaqdan çıxaraq yola səs gələn tərəfə getmiş, Bakı istiqamətli yolun sağ tərəfində bir nəfər qadının yerdə uzanıqlı vəziyyətdə, həmin qadının yanında 2-3 nəfər oğlanın dayandığını görmüş. Yolun sağ tərəfində maşınlar dayanmış, orada qadının minik avtomobili ilə vurulduğu və həmin avtomobilin hadisə yerindən çıxıb getdiyi ona məlum olmuş, qadın orada olan minik avtomobilinə yerləşdirilərək xəstəxanaya aparılmışdır. O, bildirmişdir ki, piyadanın vurulduğu anı görməmiş, orada olan şəxsləri tanımamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2370 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində -sol baldır sümüklərinin (qamış sümüyünün) orta 1/3-nin burulma xarakterli yerdəyişən, incik sümüyünün orta və aşağı 1/3-nin) açıq, yerdəyişən sınıqları, döş qəfəsinin yumşaq toxumalarının əziyi, sağ diz oynağı nahiyəsinin qançırı, sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və rentgenoloji rəydə qeyd olunanlara (sol aşağı ətraf hərəkət zamanı sürətlə hərəkətdə olan avtomaşının qabaq hissələri ilə yetirilən güclü zərbə nəticəsində yarana bilərdi. Kontakt zamanı ətraf fırlanma mexaniki qüvvəyə məruz qalmışdır) əsasən demək olar ki, qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür. Məhkəmə komisyon tibb ekspertizasının xx.xx.2024-cü il tarixli T830/2024 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol baldır sümüklərinin (qamış sümüyünün) orta 1/3-nin burulma xarakterli yerdəyişən, incik sümüyünün orta və aşağı 1/3-nin) açıq, yerdəyişən sınıqları, döş qəfəsinin yumşaq toxumalarının əziyi, sağ diz oynağı nahiyəsinin qançırı, sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) bilavasitə təsirindən yaranmış, xx.xx.2024-cü ilə uyğun gəlir, avtoqəza zamanı birbaşa hərəkətdə olan avtomobillə piyadanın vurulma nəticəsində əmələ gəlməsinə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. 01 oktyabr 2024-cü il tarixli 2/53823 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2-166148/2024 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1991 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə (xx.xx.2031 -ci il tarixədək etibarlı olan) BB 203641 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 05 noyabr 2024-cü il tarixli, 8/3040 nömrəli rəyindən məlum olur ki, Kia Ceed markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Kia Ceed markalı, ** MF *** dövlət qeydiyyat nişanlı minik avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi X2 qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza, cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətmişdir. Onun əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə ona qarşı irəli sürülmüş ittihamdan CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə elan olunmuş ittihamdan zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməli, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpənməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmişi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görməmiş, başqa vasitələrlə özünü bəlli etməmiş, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən hadisə yerindən qaçmış, özü barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxsnın ilk dəfə ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət və böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi böyük ictimai təhlükə törətməyən cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Kia Ceed markalı, ** MF *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi X2 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsnın üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsnın cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsnın əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Kia Ceed markalı, ** MF *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi X2 qaytarılması nəzərə alınsın. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-552/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-552/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver