Məhkəmə qərarları › İş №1(012)-553/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-553/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-553/2024 22.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksi, B Kompleksi, ev 5, mənzil 3 ünvanında kirayədə yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi evdə kirayədə yaşayan Zərərçəkmiş şəxs təmir etdirmək məqsədilə 16 sentyabr 2023-cü il tarixdə yaşadığı evdə ona verdiyi “Samsung Galaxy A 03” markalı mobil telefon aparatını götürüb, sonuncunun "xxxx" ASC-yə aid 4169 7332 2654 7631 nömrəli “Bir kart” plastik kartının bank hesabından həmin mobil telefondakı “Birbank” mobil proqramına daxil olaraq informasiya texnologiyasından istifadə etməklə 19 sentyabr 2023-cü il tarixdə 1522,5 manat, xx.xx.2023-cü il tarixdə 319,73 manat, xx.xx.2023-cü il tarixdə 720,65 manat, xx.xx.2023-cü il tarixdə 1207,85 manat, xx.xx.2023-cü il tarixdə 19,50 manat və xx.xx.2023-cü il tarixdə 75 manat, ümumilikdə 2665,23 manat pulunu özünə məxsus 4169 7387 8496 0266 nömrəli "xxxx" kartına köçürüb nağdlaşdıraraq vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2665,23 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət əvvəl o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə “Köhnə Bazar” adlanan yerdə olan telefon mağazalarının birində mobil telefonların təmiri işi ilə məşğul olsa da həmin telefon mağazasından işdən çıxdığına görə son zamanlar mobil telefonların təmiri ilə yaşadığı evdə məşğul olaraq ailəsini dolandırmışdır. Belə ki, onu tanıyan şəxslər mobil telefonların təmiri ilə məşğul olduğunu bildikləri üçün zərurət yarandıqda mobil telefonlarını yaşadığı evdə təmir etmək üçün ona verirdilər. 2023-cü ilin təxminən sentyabr ayının 16-da tanıdığı Dilarə adlı şəxs ona zəng edərək “Samsung Galaxy A 03” markalı mobil telefonunun əlindən yerə düşərək şüşəsinin sındığını bildirib, təmir etməyini xahiş etmişdir. O, Dilarəyə etiraz etməyib axşam onlara gəlib telefonunu götürərək təmir edəcəyini bildirmişdir. Həmin gün saat 23 radələrində o, Dilarənin yaşadığı evə gedərək mobil telefonunu götürmüş, sonuncu isə telefonun təmiri qarşılığında ona həmin 50 manat pul vermiş və o, yaşadığı evə qayıtmışdır. xx.xx.2023-cü ildə o, Dilarənin mobil telefonunu təmir edərkən mobil telefonunun “Birbank” mobil telefonuna baxdıqda kart hesabında təxminən 1500 manat pulunun olduğunu görmüşdür. Həmin vaxtlarda işləri yaxşı getmədiyindən pula ehtiyacı olduğu üçün o, Dilarənin plastik kartındakı həmin 1500 manat pulu oğurlamaq qərarına gəlmişdir. O, Dilarənin mobil telefonunun “Birbank” mobil tətbiqinə daxil olaraq kart hesabındakı 1500 manat pulu özünün 4169 7387 8496 0266 nömrəli kart hesabına köçürtmüşdür. Bundan sonra o, yenə də Dilarənin mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə verilən kredit limitini artıraraq pul oğurlamaq istəsə də bu mümkün olmamışdır. Buna səbəb isə kredit limitini artırmaq üçün Dilarənin şəklinin çəkilməsi və onun iştirakı ilə bəzi əməliyyatların aparılması tələb olunurdu. Bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"a məxsus bankomata yaxınlaşıb, özünəməxsus plastik kartına köçürdüyü həmin 1500 manat pulu nağdlaşdıraraq, öz ehtiyacları üçün xərcləmiş və təmir etdiyi həmin mobil telefonunu Dilarənin özünə təhvil vermişdir. Təxminən 21 sentyabr 2023-cü ildə Dilarə ona yenidən zəng edərək, mobil telefonunun cərəyan mikrosxemasının yaxşı işləmədiyini bildirdikdə o,yenidən həmin gün saat 22 radələrində yenə də Dilarənin yaşadığı evə getmişdir. Həmin vaxt o, Dilarənin mobil telefonunda olan “Birbank” proqramı vasitəsilə kart hesabının limitini artıraraq, kartından yenə də pul oğurlamaq qərarını həyata keçirmək üçün Dilarəyə guya ki, “Trend Yol” mağazalar şəbəkəsindən ucuz qiymətə alver edə bilməyi üçün telefonuna başqa bir proqram yükləyəcəyini bildirmiş və öz telefonu vastəsilə Dilarənin şəklini çəkərək “Birbank” proqramında limiti artıra bilməyi üçün lazım olan əməliyyatları aparmışdır. Beləliklə o, Dilarənin mobil telefonunda olan “Birbank” mobil proqramı vasitəsilə kart limitini artırmağa nail olmuş və təxminən 1165 manat pulu da özünə məxsus plastik kartına köçürərək nağdlaşdırmışdır. Bir neçə gün sonra o, Dilarənin mobil telefonunun elektrik yükləmə mikrosxemasını təmir edib yaşadığı evə aparmış və mobil telefonunu özünə təhvil vermişdir. Təxminən 13 oktyabr 2023-cü ildə Dilarə təxminən 2665 manat məbləğində pulunun oğurladığını bilmiş, ona və həyat yoldaşı Taciyəyə dəfələrlə zəng edərək, pulunun qaytarılmasını tələb etmişdir. O, isə Dilarəyə ona məxsus plastik kartdan pulunu çıxardığını etiraf edib, yaxın vaxtlarda həmin pulu geri qaytaracağına söz versə də, maddi imkanı olmadığı üçün vədinə əməl edə bilməmişdir. Sonda himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olduğunu, törətdiyi əməldən peşman olduğunu və hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəməyə imkanı olmasa da, azadlıqda qalarsa işləyib, ziyanı ödəyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi evdə övladları ilə birlikdə kirayədə yaşayır. 2023-cü ilin sentyabr ayında istifadəsində olan “Samsung Galaxy A 03” markalı mobil telefonu təmir etdirmək məqsədi ilə mobil telefon ustası kimi tanıdığı Məhəmməd adlı şəxsə zəng etmiş, Məhəmməd axşam onlara gəlib telfonu təmir üçün götürəcəyini bildirmişdir. Həmin gün gecə saat 23 radələrində Məhəmməd kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi evə gəlmiş və mobil telefonuna baxmış və o, telefonunun təmirinin 50 manata olacağını bildirib 50 manatı və telfonu götürüb getmişdir. Bir nüçə gün sonra axşam Məhəmməd onlara gələrək mobil telefonunu özünə təhvil vermişdir. Məhəmməd həmin vaxt onu guya ki, “Trend Yol” mağazalar şəbəkəsindən ucuz qiymətə alver edə bilməyi üçün öz mobil telefonu ilə şəklini çəkmiş və telefonuna bununla bağlı proqram yükləyəcəyini bildirmişdir. Həmin vaxt Məhəmməd bir neçə dəqiqə mobil telefonundan istifadə etdikdən sonra elektrik yükləmə yerinin yaxşı işləmədiyini deyib, mobil telefonu yenidən özü ilə aparmışdır. Təxminən 3-4 gün sonra Məhəmməd yaşadığı evə gələrək həmin “Samsung Galaxy A 03” markalı mobil telefonunu təmir etdiyini bildirib, özünə qaytarmışdır. 13 oktyabr 2023-cü ildə isə təsadüfən mobil telefonunda olan “Birbank” proqramına daxil olan zaman "xxxx"a aid 4169 7332 2654 7631 nömrəli “Birkart” hesabından 2710 manat 87 qəpik puluun çıxarıldığından xəbər tutmuşdur. Bu barədə dərhal Kapital Banka zəng edib, məlumat aldıqda ona məxsus mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə “Birkart” hesabından 2710 manat 87 qəpik pulun çıxarılması deyilmişdir. Ona görə də həmin gün DİN-in “102” xidmətinə zəng edərək və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın ödənilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Əməlin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildikdə həmin şəxslə və onun həyat yoldaşı ilə telefon əlaqəsi saxlayıb pulunu istəmiş, Məmməd etdiyi əməli etiraf edərək, plastik kartından pulunu çıxardığını etiraf etmiş, qısa müddət ərzində plastik kartından oğurladığı pulların hamısını geri qaytaracağına söz vermişdir. O, dəfələrlə Məhəmmədlə və Taciyə ilə telefon əlaqəsi saxlamasına baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi ev 100-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksi, B Kompleksi, ev 5, mənzil 3-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və birgə nigahdan 1 azyaşlı övladları var. Yoldaşı Məmməd bir müddət əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, “Köhnə Bazar” adlanan yerdə olan telefon mağazalarının birində mobil telefonların təmiri işi ilə məşğul olsa da həmin telefon mağazasından işdən çıxdığına görə son zamanlar mobil telefonların təmiri ilə yaşadıqları evdə məşğul olurdu. Yoldaşını tanıyan şəxslər mobil telefonların təmiri ilə məşğul olduğunu bildikləri üçün zərurət yarandıqda mobil telefonlarını yaşadıqları evdə təmir etmək üçün gətirib Məmmədə verirdilər. 2023-cü ilin təxminən sentyabr ayının ortalarında adını sonradan bildiyim Dilarə adlı qadın yoldaşına zəng edərək,“Samsunq Galaxy A03” markalı mobil telefonunun əlindən yerə düşərək şüşəsinin sındığını bildirərək, təmir etməyini xahiş etmiş və yoldaşı da onun telefonunu götürüb evdə təmir etmişdir. Bu minvalla yoldaşı Dilarə adlı qadının mobil telefonunu iki dəfə evə təmirə gətirdiyini bilmişdir. Təxminən 13 oktyabr 2023-cü ildə ona məlum olmuşdur ki, yoldaşı Dilarə adlı qadının mobil telefonunu təmir etmək üçün götürdüyü vaxtlarda mobil telefonunda olan “Birbank" mobil proqramı vasitəsilə kartından gizli yolla pulunu oğurlamışdır. Sonradan Dilarə adlı qadın onunla da telefonda bu barədə danışmış və ona dəfələrlə zəng edərək, pulunu qaytarmağı tələb etməyə başlamışdır. Yoldaşı Dilarəyə səhvini etiraf edərək plastik kartından pulunu çıxardığını etiraf edib yaxın vaxtlarda kartından oğurladığı pulunu geri qaytaracağına söz vermişdir. O, da dəfələrlə Dilarə ilə telefonun whatsapp proqramı ilə yazışmış və səs göndərərək yoldaşının səhv hərəkət etdiyini bildirib pulu qaytaracağını bildirmişdir. Lakin sonradan bilmişdir ki, yoldaşı pulu olmadığı üçün Dilarənin pulunu ödəyə bilməmişdir və Dilarə də yoldaşı barəsində polisə şikayət etmişdir Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Zərərçəkmiş şəxs məxsus 4169 7332 2654 7631 saylı ödəniş kartından xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:08 radələrində 1522,5 manat, xx.xx.2023-cü il tarixdə 319,73 manat, xx.xx.2023-cü il tarixdə 720,65 manat, xx.xx.2023-cü il tarixdə 1207,85 manat, xx.xx.2023-cü il tarixdə 19,50 manat və xx.xx.2023-cü il tarixdə 75 manat, ümumilikdə 2665,23 manat pulu özünə məxsus 4169 7387 8496 0266 nömrəli kartına köçürüb, zərərçəkmiş şəxsə ümumilikdə 2665,23 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. - “Cinayət işinin başlanması” barədə 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 19 sentyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək olan müddətdə naməlum şəxsin (şəxslərin) Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs məxsus "xxxx"a aid 4169 7332 2654 7631 nömrəli kart hesabına yaşadığı evdə olduğu zaman elektron məlumat daşıyıcılarından istifadə edilməklə qanunsuz müdaxilə edərək hissə-hissə olmaqla ümumilikdə 1900 manat pulunu gizli olaraq talayıb sonuncuya həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi ilə bağlı toplanmış ilkin araşdırma materialı ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - 31 oktyabr 2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - 17.11.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - 17.11.2023-cü il tarixli ittiham elan edilmək üçün “şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. - 17.11.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub, istintaqa təqdim olunanadək dayandırılmışdır. - xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİnin MSY-təhvil verilmişdir. - 23.11.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və Abşeron rayon Məhkəməsinin qərarı ilə barəsində 02 ay 14 gün müddətinə “həbs” qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4 maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. - 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd CD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd CD diskinə baxış keçirilmiş, təqdim edilmiş bir ədəd CD diskdə 27 ədəd səs yazısının olduğu, həmin səs yazılarında Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Şahid Zərərçəkmiş şəxs ilə bir-birlərinə göndərdiyi eyni məzmunlu səslərin öz əksini tapdığı müəyyən olunmuşdur. Həmçinin qeyd olunan səs yazıları dinlənilərkən müəyyən olunmuşdur ki, həmin 27 səs yazısının 11-i Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birilərinə mobil telefonun “Whatsapp” xidməti vasitəsilə göndərdikləri səs yazıları və qalan 16 səs yazısı isə Şahid ilə Zərərçəkmiş şəxs bir-birilərinə göndərdikləri səs yazılarıdır. Həmçinin həmin səs yazıları dinlənilərkən zərərçəkmiş Zərərçəkmiş şəxs plastik kartından talanmış pulları Təqsirləndirilən şəxs geri tələb etməsi, sonuncunun da etdiyi səhvi etiraf etdiyi və kartdan taladığı pulları qısa müddətdə bankdan kredit götürərək geri qaytaracağına söz verdiyi öz əksini tapmışdır. Həmçinin səs yazılarında Şahid da zərərçəkmiş Zərərçəkmiş şəxs səs göndərərək həyat yoldaşının etdiyi hərəkətlərindən əvvəlcə xəbərsiz olduğunu, buna baxmayaraq ona dəymiş maddi ziyanın qısa müddətdə ödəniləcəyini, Zərərçəkmiş şəxs polis idarəsinə gedərək ərizəsini geri götürməsini bildirməsi barədə səs yazılarının öz əksini tapdığı müəyyən olunmuşdur. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adlı uşaqları vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən, "xxxx" ASC tərəfindən verilmiş plastik debet kartını 19 sentyabr 2023-cü il tarixdə 1522,5 manat, xx.xx.2023-cü il tarixdə 319,73 manat, xx.xx.2023-cü il tarixdə 720,65 manat, xx.xx.2023-cü il tarixdə 1207,85 manat, xx.xx.2023-cü il tarixdə 19,50 manat və xx.xx.2023-cü il tarixdə 75 manat, ümumilikdə 2665,23 manat pulunu özünə məxsus 4169 7387 8496 0266 nömrəli "xxxx" kartına köçürüb, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"a məxsus bankomata yaxınlaşıb, nağdlaşdıraraq ümumilikdə 2665,23 manat məbləğində pulu çıxarıb ələ keçirməklə oğurluq etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmişin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan iki il keçməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə cəza təyin edərkən onun himayəsində azyaşlı uşağının olmasını nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar