Məhkəmə qərarları › İş №1(012)-553/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-553/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-553/2025 07.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə internet sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə «Whatsapp» mobil tətbiqinindən əlaqə yaradaraq özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana almaq və həmin maddəni əldə etdikdən sonra 400 manat məbləğində dəyərini deyiləcəyi formada ödəmək barədə razılığa gəlib 31 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində həmin şəxsin ona göndərdiyi məkana, yəni Abşeron rayonu Masazır qəsəbəsi, “Monza” şadlıq sarayının yaxınlığındakı əraziyə qeyri-rəsmi münasibətdə olduğu onun cinayət əməlləri barədə məlumatı olmayan Şahid1 idarə etdiyi “Chevrolet Cruze” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib həmin əraziyə qoyulmuş, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı İ) daxil olan və içərisində xeyli miqdarda 310,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd bükümü götürüb əldə edərək saxlamış, həmin vaxt ərazidə xidmət aparan Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, “Monza” şadlıq sarayının yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib, orada 31 oktyabr 2024-cü il tarixdə saat 01:55-dən 02:07-dək üzərində şəxsi axtarış keçirilərkən Şahid1 əlində saxladığı Təqsirləndirilən şəxs məxsus 01 ədəd bükümdə 310,0 qram çəkidə xeyli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu bildirib, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, “X7” küçəsi ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayır. Şahid1 təxminən 2 il müddətdir ki tanıyır. Onunla bu müddət ərzində qeyri-rəsmi ər-arvad münasibətində olmuş, lakin o da, Təhminə də evlidirlər. 5-6 aydır ki, telefon vasitəsi ilə adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, onunla aradabir danışmışdır. Uzun müddətdir ki, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Sosial şəbəkədə narkotik vasitə olan marixuananın ağrılara xeyiri olmasını öyrəndiyi üçün həmin İran vətəndaşından ona narkotik vasitə olan marixuana göndərməsini xahiş etmiş, həmin şəxs də ona 400 manata narkotik maddə göndərə biləcəyini bildirmişdir. O da razılaşdıqdan sonra ona pul göndərməyini istəmiş, lakin narkotiki götürdükdən sonra pulu verə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə həmin şəxs +98 ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan nömrəyə narkotik vasitənin məkanını göndərmişdir. Məkandan anlayışı olmadığı üçün qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təhminəyə zəng edərək avtomaşını ilə onu aparmasını bildirmişdir. Təhminə ondan hara gedəcəklərini soruşduqda ona demişdir ki, maşın var yolda qalıbdır. Onu düşürtsün, maşını götürücək. Təhminəni aldatmışdır. Saat 00:30 radələrində Təhminə idarə etdiyi avtomaşınla yaşadığı Saray qəsəbəsinə gələrək onu götürmüş, məkanı Təhminənin nömrəsinə göndərmiş, amma ona nə məqsədlə oraya gedəcəklərini deməmişdir. Təhminə avtomaşını idarə edərək onları məkana, yəni “Monza Palace” şadlıq sarayının yanına gətirmişdir. O, avtomaşından düşərək narkotiki axtarmağa başlamış, tapa bilmədiyi üçün Təhminədən xahiş etmişdir ki, ona axtarmağa kömək etsin. Təhminə ondan nə axtardıqlarını soruşmuş, həmin ərazidə kiçik bir bağlama olmasını demişdir. Ona çoxlu sual verməməsini, tez tapmağa kömək etməsini demişdir. Təhminə yerdən bükümü əlinə götürüb ondan bunun nə olduğunu soruşduqda ona demişdir ki, hə budur. Təhminə ondan nə olduğunu soruşduqda ona narkotik vasitə olmasını demişdir. Elə həmin vaxt qəfildən polis əməkdaşları onlara yaxınlaşmışlar. Təhminənin əlində 1 ədəd bükümdə narkotik vasitəni, onun əlində isə mobil telefonda ekranı açıq vəziyyətdə konum adresinin (xəritə məkan) açıq olduğunu görmüşlər. Onlara yaxınlaşan əməkdaşlar onlardan şübhələnmişlər, o artıq heç nə deyə bilməmişdir. Bundan sonra, onları Abşeron RPİ-yə gətirmişlər. Polis idarəsində xidməti otaqların birində videoçəkilişlə, 2 nəfər müdafiəçinin iştirakı ilə hər birilərinə ayrı-ayrılıqda şəxsi axtarış aparılacağı bildirilmişdir. Xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyapredmet və ya narkotik vasitə olub-olmaması sorğu edilmişdir. O, üzərində qanunla qadağan edilmiş əşya predmet ve ya narkotik maddə olmamasını bildirmişdir. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla dövriyyəsi qadağan edilmiş əşya-predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra, Şahid1 aşkar edilərək qablaşdırılmış narkotik vasitə ona təqdim edilmiş, o narkotik vasitənin ona məxsus olmasını və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bir daha qeyd edir ki, Təhminəni aldadaraq həmin yerə aparmışdır. Onun narkotik vasitə üçün həmin əraziyə gəlməyini də o, bilməmişdir. xx.xx.2024-cü il tarixdə Şahid1 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan marixuana ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Monza” şadlıq sarayının yaxınlığındakı ərazidən adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq əldə etmişdir. Həmin kütləni Təhminə yerdən götürsə də, narkotik vasitə olan marixuana ona məxsusdur. Təhminənin həmin kütlənin narkotik vasitə olmasından və İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq əldə etməyindən xəbəri olmamışdır. O, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq 400 manat qarşılığında əldə edəcəyini, lakin həmin narkotik vasitəni götürdükdən sonra pulunu verəcəyini onunla razılaşdırmışdır. Qabaqcadan ona pul verməmişdir. Həmin şəxsin yalnız mobil nömrəsini bilir. +98 ***-***-**-** mobil nömrəsini işlədir. «Redmi Note 11 Pro» markalı mobil telefon ona məxsusdur. Həmin mobil telefonunun üzərində ***-***-**-** mobil nömrəsi olmuşdur. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu saxlayarkən, eləcə də bundan sonra heç bir zorakılıq göstərməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Abşeron rayon Polis İdarəsinin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. xx.xx.2024-cü il tarixdə gecə saat 01:00 radələrində ekpaj üzvü, polis serjantı Şahid3 ilə birlikdə 4765 çağırışlı avtopatrulla Masazır qəsəbəsində xidmətdə olarkən “Monzo” şadlıq sarayının yaxınlığında küçənin qaranlıq hissəsində yolun kənarında “Chevrolet” markalı avtomobilin qarşısında iki nəfər şəxsin yerdə nəsə axtardıqlarını görüb onlara yaxınlaşmış və onlardan qadının əlində narkotik vasitəyə bənzər kütlə olmasını görmüşlər və onları Abşeron RPİ-yə dəvət etmişlər. Həmin şəxslərdə heç bir etiraz etməmişlər və onlarla birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində hər iki şəxs, adları sonradan ona məlum olan Təqsirləndirilən şəxs və Şahid1 şübhəli şəxs qismində tutulmuş və üzərilərinə baxış keçirilən zaman Şahid1 əlində sellofanda olan kütlənin narkotik vasitə marixuana olmasına əsaslı şübhələr olduğu üçün ekspertizaya göndərilmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid1 əlində olan sellofanda olan kütlə həqiqətədən narkotik vasitə olan qurudulmuş marixuana olmuş və qadının özünün deməsinə görə həmin narkotik vasitə ona yox, yanında olan qeyrirəsmi yaşadığı Təqsirləndirilən şəxs məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əsədov X4 Rza Asəf oğlu ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İstintaq zamanı dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 əlində saxladığı Təqsirləndirilən şəxs məxsus 01 ədəd bükümdə narkotik vasitə - qurudulmuş marixuana götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7/1802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd sellofan bağlamada təmiz çəkisi 310,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlər»-in siyahına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxş tərəfindən təqdim edilmiş 07 yanvar 2025-ci il tarixli, 40 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 310,0 qram olan narkotik vasitə – qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 309,95 qram qurudulmuş marixuana işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Abşeron RPİ-nin anbarına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Saray qəsəbə nümayəndəliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3441 saylı arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci, 2012-ci və 2016-cı il təvəllüdlü Humay, Həsənağa və Cəsur adlı uşaqları vardır. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində üç azyaşlı uşaqlarının olması müəyyən edildi. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halın olmamasını, cəzasını yüngülləşdirən hal kimi himayəsində üç azyaşlı uşaqlarının olmasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-761/2024 saylı qərarına əsasən həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən saat 03:00-dan hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 840/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş 04 ay müddətinə “həbs” qətimkan tədbiri eyni müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu cəmi 04 ay müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəza müddətindən 04 ay müddət çıxılaraq ona qəti azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə hazırlıq iclasında seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs olunmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanmalı, cəzasının əvvəli hökm çıxarılan gündən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 309,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cəmi 20 (iyirmi) saat, hər saat 11 manat hesabı ilə, cəmi 220 (iki yüz iyirmi) manat Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 04 ay müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı 07 may 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 309,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar