Məhkəmə qərarları › İş №1(012)-555/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-555/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-555/2023 31.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş,azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama və vətəndaşın şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədlərini talama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 mart 2023-cü il tarixdə saat 04 radələrində qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində yerləşən 59 nömrəli fərdi yaşayış evinin qarşısında, küçədə saxladığı Opel markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa qapısını açmaq yolu ilə salonuna daxil olub kiçik yük yerindən Zərərçəkmiş şəxs1 məxsus içərsində şəxsiyyət və sürücülük vəsiqələri, 810 manat nağd pul, 200 manat dəyərində 1 ədəd gümüş boyunbağı, həmçinin Zərərçəkmiş şəxs2 məxsus “Qaz 5312” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnaməsi olan 32 manat dəyərində iri həcmli pul kisəsini və içərisində 327 manat nağd pul olan 5 manat dəyərində kiçik həcmli pul kisəsini, avtomobilin arxa oturacağının üzərindən 150 manat dəyərində ağ rəngli gödəkçəsini gizli olaraq talayıb, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1524 manat məbləğində ziyan vurmaqla, sonuncunun rəsmi sənəd hesab edilən şəxsiyyət vəsiqəsini, digər mühüm sənəd hesab edilən sürücülük vəsiqəsini, Zərərçəkmiş şəxs2 adına olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini talama cinayət əməllərini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur və Elmar ilə əvvələr heç bir ədavəti və düşmənçiliyi olmayıb. xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində o, yaşadığı evdən küçəyə çıxarkən qonşusu Zərərçəkmiş şəxs1 idarə etdiyi Opel Astra markalı, **-TM-*** qeydiyat nişanlı avtomobilini qonşuluğunda yaşadığı evin qarşısında, küçədə saxlandığını görmüşdür. Qeyd edir ki, o, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra o, həmin avtomobilə yaxınlaşıb arxa qapısının rezin hissəsini kəsərək avtomobilin salonuna daxil olmuşdur. O, avtomobilin salonuna nəzər yetirdikdən sonra saxlanc yerində olan 1 ədəd iri həcmli və 1 ədəd də kiçik həcmli pul kisələrini, həmçinin hava soyuq olduğuna görə arxa oturacağın üzərindəki ağ rəngli gündələk geyim gödəkcəsini götürüb geyinərək avtomobili tərk etmişdir. Bundan sonra o, yaşadıqları küçədən bir qədər aralaşmış və oğurladığı həmin pul kisələrinin içərisinə baxarkən iri həcmli pul kisəsinin içərisində şəxsiyyət və sürücülük vəsiqələrinin, bankomat kartlarının, QAZ-5312 markalı, **-BX-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, gümüş boyunbağının və 810 manat pul vəsaitinin, həmçinin digər pul kisəsində də 327 manat pulun olduğunu görmüşdür. O, həmin 810 və 327 manat pulu götürüb cibinə qoymuşdur. Pul kisələrini də içərisindəki sənədlərlə birlikdə, həmçinin gümüş qolbağını və gündəlik geyim gödəkçəsini yaxınlıqda olan zibil qutusuna atmışdır. Oğurluq yolla əldə etdiyi ümumilikdə 1137 manat pulu da öz ehtyaclarına xərcləmişdir. Bir daha bildirir ki, o, həmin oğurluq hadisəsini tək törətmişdir və bu barədə heç kimin məlumatı olmamışdır. Hazırda dəymiş ziyan ödənilmişdir, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi ev 59 A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Verilmiş suallara cavab olaraq bildirir ki, “Opel Astra” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibaramə əsasında o, idarə edir və şəxsi mülkiyyətindədir. O, həmin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində o, idarə etdiyi həmin avtomobilini yaşadığı ünvan 2 ünvanının qarşısında saxlayaraq yaşadığı evə getmişdir. Bundan bir neçə saat sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 07 radələrində o, işə getmək üçün həmin avtomobilinə yaxınlaşdıqda avtomobilinin arxa qapısının rezin hissələrinin kəsilərək avtomobilinin salonuna daxil olunduğunu görmüşdür. Həmçinin avtomobilinin salonunun saxlanc yerinə baxarkən orada saxladığı içərsində şəxsiyyət və sürücülük vəsiqələri, atası Şahid baş etibarnamə əsasında idarə etdiyi QAZ- 5312 markalı, **-BX-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, bankomat kartları, 200 manat dəyərində gümüş boyunbağı və 810 manat pul vəsaiti olan 32 manat dəyərindəki pul kisəsinin, həmçinin içərisində 327 manat pulunu saxladığı 5 manat dəyərindəki digər pul kisəsinin, eləcə də avtomobilinin salonunda saxladığı ona məxsus olan 150 manat dəyərindəki ağ rəngli gündələk geyim gödəkcəsinin yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Ona görə də o, həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmişlər. Bildirir ki, həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1524 manat məbləğində maddi ziyan vurulmuşdur. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Qaraçay kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Qaz-5312 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobili əvvəllər ona məxsus olmuşdur. Lakin təxminən 13- 14 il əvvəl o, həmin yük avtomobilini baş etibarnamə əsasında Şahid satmışdır. O, həmin avtomobilini uzun müddətdir ki, Şahid satmağına baxmayaraq sonuncu həmin avtomobili öz adına qeydiyyata salmamışdır. Bu səbəbdən də həmin yük avtomobili qeydiyyat şəhadətnaməsinə əsasən hazırkı dövrədək onun mülkiyyətində qalmışdır. Qeyd edir ki, 2023-cü ilin mart ayının əvvəllərində avtomiobili satdığı şəxs Şahid ona zəng edərək Abşeron rayonu, Xırdalan şəhərində yaşadıqları evin qarşısında saxladıqları “Opel Astra” markalı avtomobillərindən gecə saatlarında oğurluq olması və həmin avtomobilin salonundan ona satdığı Qaz-5312 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnaməsinin də oğurlandığı barədə məlumat vermişdir. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi ev 59 A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs1 onun oğludur və Opel Astra markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil də oğlu Elmara məxsusdur. Qeyd edir ki, Elmar həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailələrini dolandırır. Həmçinin Elmar həmin avtomobili mütəmadi olaraq gecə saatlarında yaşadıqları evin qarşısında, küçədə saxlayır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Elmar işə getmək üçün küçəyə çıxıb həmin avtomobilinə yaxınlaşarkən avtomobilin arxa qapısının rezinlərinin kəsildiyini və avtomobildən oğurluq olduğunu görmüşdür. Bundan sonra isə Elmar DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qeyd edir ki, naməlum şəxs və ya şəxslər Elmarın həmin Opel Astra markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilindən qapısını açmaq yolu ilə salonuun saxlanc yerindən içərisində şəxsiyyət və sürücülük vəsiqələri, onun baş etibarnamə əsasında idarə etdiyi Qaz 5312 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, 810 manat pul vəsaiti, 200 manat dəyərindəki gümüş boyunbağı olan 32 manat dəyərindəki pul kisəsini, həmçinin içərisində 327 manat pul vəsaitləri olan 5 manat dəyərindəki kiçik həcmli pul kisəsini, həmçinin avtomobilin salonundan 150 manat dəyərindəki gödəkçəni oğurlamışdır. Qeyd edir ki, polisə bu barədə məlumat verməkləri ilə yanaşı o, həmin ərəfədə Qaz 5312 markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 da zəng edərək bu barədə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.1 və 326.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.1 və 326.2-ci maddələri maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsilə qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsilə qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq qazancından 20% dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar