Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-557/2020 12.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi – Xırdalan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllə ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin içərisində Təqsirləndirilən şəxs qızı Şahid1 Fazil qızının evlərində çox qalması səbəbi ilə irad bildirməsinə görə arvadı Zərərçəkmiş şəxs ilə onun arasında ailə-məişət münasibətləri zəmnində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən əli ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir neçə dəfə zərbələr vurmaqla sonuncuya burun sümüyünün orta 1/3-nin qapalı, yerini dəyişməyən sınığı, burun nahiyyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 1995-ci ildən evlənmiş, birgə nikahlarından 5 (beş) qız övladları var. xx.xx.2020-ci il tarixdə günorta saatlarında həyətdə olan ördəklərdən birini kəsib bişirilməsi üçün evə vermiş, həmin gün saat 18 radələrinədək evdə yemək bişirilməmiş, o da gəlib Zərərçəkmiş şəxs telefonda kiminləsə danışdığını görmüş, ona yemək bişirilmədiyinə görə irad bildirib qızı Şahid2 ilə birlikdə ördəyi təmizləmiş, bundan sonra Zərərçəkmiş şəxs gəlib yemək bişirmiş, birlikdə əyləşib yemək yeyəndə 5 yaşlı qızı Nurcahan bacısı Şahid1 su istəmiş, Şahid1 ona sərt cavab qaytaran zaman o da Şahid1 irad bildirmiş, Zərərçəkmiş şəxs da Şahid1 evlərində qonaq olduğunu, bir neçə günə gedəcəyini bildirmiş, Şahid1 da acıq edib süfrədən qalxdıqda o da acıq edib yemək boşqabını masanın üstünə atıb durmuş, bundan sonra arvadı Zərərçəkmiş şəxs münaqişə yaratmış, o da əsəbləşib əli ilə bir dəfə Zərərçəkmiş şəxs sifətinə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs burnundan qan gəlmiş, Təqsirləndirilən şəxs həmçinin ifadəsində aralarında olan mübahisə zamanı əli ilə bir dəfə arvadı Zərərçəkmiş şəxs sifətinə zərbə vurmasını, nəticədə Zərərçəkmiş şəxs burnundan xəsarət almasını, qeyd olunan hadisənin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin içərisində baş verməsini, həmin vaxt qızları Şahid1 və Şahid2 yaxınlıqda olduqlarını, mübahisənin təxminən 20-30 dəqiqə müddətində davam etdiyini, mübahisə vaxtı Zərərçəkmiş şəxs onu vurmadığını, ailələrində mütəmadi olaraq ailə-məişət zəmnində münaqişələr olduğunu bildirmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi X4 onun əridir. Təqsirləndirilən şəxsla 1994-cü ildən evlənmiş, birgə nikahlarından beş qız övladları anadan olmuşdur. Qızlarından ikisi Türkiyə Cümhuriyyəti vətəndaşları ilə evlidirlər. Onlardan böyük qızı Şahid1 bir ildən çoxdur ki, sənədlərində problem olduğu üçün Azərbaycan Respublikasına deportasiya edilmiş, həmin vaxtdan da onlarla birlikdə yaşayır. Əri Təqsirləndirilən şəxs isə mütəmadi olaraq spirtli içkilər qəbul edir və evdə münaqişə yaradır. Sonuncu dəfə də xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yenə sərxoş vəziyyətdə yaşadığı evdə münaqişə yaratmış, qızı Şahid1 öz ər evinə getməməsinə görə nalayiq ifadələr işlətdikdə o, müdaxilə edib irad bildirmiş, buna görə də Təqsirləndirilən şəxs əsəbləşib onu döymüş, döyərkən isə sonuncu yumruqla bir dəfə onun burnuna zərbə vurmuş, daha sonra isə əli ilə sifətinə və başına zərbələr vurub onu qızları ilə birlikdə evi tərk etməyə məcbur etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan əlavə, məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Türkiyə Cümhuriyyəti vətəndaşı ilə evlidir. Bir ildən çoxdur ki, sənədlərində problem olduğu üçün Azərbaycan Respublikasına deportasiya edilmiş, həmin vaxtdan da valideynləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edir və evdə münaqişə yaradır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə atası Təqsirləndirilən şəxs yenə sərxoş vəziyyətdə yaşadıqları evdə münaqişə yaratmış, onun öz ər evinə getməməsi səbəbindən nalayiq ifadələr işlətdikdə anası Zərərçəkmiş şəxs da müdaxilə edib irad bildirmiş, atası Təqsirləndirilən şəxs isə yumruqla bir dəfə anası Zərərçəkmiş şəxs burnuna zərbə vurmuş, daha sonra isə əli ilə sifətinə və başına zərbələr vuraraq onu döyməyə davam etmişdir. Həmin vaxt bacısı Şahid2 isə onları ayırmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və X3 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1911 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – burun sümüyünün orta 1/3-nin qapalı yerdəyişməyən sınığı, burun nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən təqdim edilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dairməhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə,həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-557/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-557/2020
12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver