Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-557/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X4, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Lənkəran şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs bir qrup şəxs halında birləşib ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafda olan başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, tanışı Şahid1 mərhum X1 mobil telefona görə əvvəlcədən 35 manat pulun ödənilməsini razılaşdırdıqları halda sonuncunun 3 ədəd 1 manatlıq əsginasda tədavüldə olan pul vahidi, habelə 1 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasına bənzər (saqqız məhsulunun içərisindən çıxan) kağız parçasını ona 35 manat pul əvəzinə verməsinə, bundan sonra ondan gizlənməsinə qəzəblənib sonuncuya qarşı fiziki zor göstərməklə “cəzalandırmaq” istəməsini bilmiş və öz növbəsində tanışı Şahid2 ilə birlikdə Şahid1 tərəfindən planlaşdırılan zorakı əməllərin birgə törədilməsi istəyindən çıxış edərək 21 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində Şahid2 mobil telefon vasitəsilə zəng edib Murad Şahverdiyev ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən “Uğur Market” adlı mağazanın yaxınlığında ona məxsus “Kia” markalı “Rio” modelli avtomobildə olmaları barədə məlumat verdikdən sonra Şahid1 ona və Şahid2 Murad Şahverdiyevi özü gələnə qədər bir bəhanə ilə saxlamalarını bildirmiş və həmin yerə gəldikdən sonra hər üçü Murad Şahverdiyev üzərində fiziki zor göstərilməsinə yönələn birgə niyyətdən çıxış edərək Murad Şahverdiyevin avtomobildən çıxmasının qarşısını almaq məqsədi ilə o, Şahid2 ilə birlikdə avtomobildən düşdükdən sonra X13 Qənbərov ilə ədavəti olduğunu bildirərək təkidlə avtomobili sürmək xahişinə əks olaraq pultla avtomobilin qapılarını kilidləmiş, aralarında olan münasibətlərə zor göstərməklə aydınlıq gətirməsinə, bununla Şahid1 şərait yaratmış, Şahid1 öz növbəsində ona yaradılan bu imkandan istifadə edərək avtomobilin arxa oturacağında olan Murad Şahverdiyevin yanında oturduqdan sonra öz şəxsiyyətini Murad Şahverdiyevin şəxsiyyətinin fövqündə qoyub istənilən məsələni zor gücü ilə həll etmək iqtidarında olmasını nümayiş etdirərək ictimai yerdə əsaslı bir səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə onun və Şahid2 niyyəti ilə əhatə olunmayan hərəkətlər edib üzərində gəzdirdiyi, istintaqla müəyyən edilməyən kəsicideşici xassəyə malik alətdən (bıçaqdan) silah qismində istifadə edib zor göstərərək Murad Şahverdiyevin qarın nahiyəsinə avtomobildə bir dəfə zərbə vuraraq ona qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarın nahiyəsinin sağ yarısının daxilə nüfuz edərək qalxan çənbər bağırsağı zədələyən və daxili qanaxma ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid2 və Şahid1 birgə ictimai qaydaların kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan cinayət əməllərini davam etdirib bir qrup şəxs halında ətrafda sıx yaşayış sahələri, ictimai iaşə və ticarət müəssisələrinin olmasına baxmayaraq hər üçü əməllərini bir-birinin hərəkətləri ilə uzlaşdırıb ucadan nalayiq ifadələr işlədərək zorakı əməlləri nəticəsində ətrafda qeyrimüəyyən sayda şəxslərin rahatlığının pozularaq bir qisminin oraya toplaşmasına səbəb olub ictimai qaydalara açıq etinasızlıq göstərərək özlərini ətrafdakı şəxslərin və zərərçəkmişin şəxsiyyətinin fövqündə qoyub istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmalarını nümayiş etdirməklə, birgəyaşayış və əxlaq normalarına zidd olaraq artıq bıçaq xəsarəti almış və zorakı əməllərdən yayınmaq üçün avtomobildən düşmək istəyən Murad Şahverdiyevə qarşı hər üçü zor göstərməklə müşayiət olunan əməllərini davam etdirib yumruqla çiynindən vurub avtomobildən yerə yıxmış, avtomobilin yanında Murad Şahverdiyevin bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri endirmiş, Şahid2 isə öz növbəsində zərəçəkmişin boyun nahiyəsini qolunun arasına salaraq sıxmaqla zor göstərib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərmişdir ki, evlidir, himayəsində 2 azyaşlı uşaq var. X2 və Şahid1 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Cavidi 21 yanvar 2022-ci il tarixdə baş vermiş hadisədən əvvəl yalnız bir dəfə görmüş, Lənkəran rayonundan olduğunu bilsə də, heç bir tanışlığı olmamışdır. Şahid2 isə uşaqlıqdan tanıyır. Ruslan Lənkəran şəhəri 2 saylı tam orta məktəbdə ondan yuxarı sinifdə oxumuş, eyni məktəbin şagirdləri kimi münasibətləri olmuş, bir o qədər də yaxın olmamışlar. Ruslanın kiçik qardaşı Emil onunla eyni sinifdə oxumuşdur. Ailəsini dolandırmaq məqsədilə 2021-ci ilin mart ayında Lənkəran şəhərində yerləşən evini satıb ailəsi ilə birlikdə hazırda yaşadığı Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksindəki mənzilə köçmüşdür. İş tapa bilmədiyindən 2021-ci ilin aprel ayında göy rəngli “Kia” markalı “Rio” modelli Az **- ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manat pul müqabilində icarəyə götürərək fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2021-ci ilin yay aylarında Xırdalan şəhərində yerləşən “Kristal Abşeron-2” yaşayış kompleksinin yaxınlığında müştəri gözləyərkən təsadüfən Ruslanla rastlaşıb hal-əhval tutmuşdur. Söhbət əsnasında Ruslan kombi təmiri ustası kimi fəaliyyət göstərdiyini, işlərinin yaxşı getdiyini, ehtiyac yarandıqda onu köməkçi kimi özü ilə müxtəlif ünvanlara kombi təmir etməyə aparacağını bildirmişdir. Həmin vaxt onlar daha sonra əlaqə saxlamaq üçün birbirilərinin mobil nömrələrini öyrənmişlər. Bundan 2-3 gün sonra Ruslan mobil telefonuna zəng edib sifariş qəbul etdiyini demiş və yaşadığı ünvana gedərək təmir üçün alətləri götürüb müştərinin evinə gətirməsini istəmişdir. Həmin vaxtdan mütəmadi olaraq Ruslan onu özü ilə müxtəlif ünvanlara köməkçi kimi aparmış, etdiyi köməyin qarşılığı kimi 30-50 manat pul vermişdir. 21 yanvar 2022-ci il tarixdə saat 14:00 radələrində Ruslan yenidən mobil telefonuna zəng edib iş görmək üçün avtomobillə “AAAF Park” yaşayış kompleksinin yaxınlığındakı “120-nin dayanacağı” deyilən yerə gəlməsini istəmişdir. İdarə etdiyi “Kia” markalı avtomobillə həmin yerə yollandıqda Ruslan sağ qabaq oturacağa oturmuş və Bakı şəhəri istiqamətində hərəkət etmişlər. “AAAF Park” yaşayış kompleksinin yaxınlığındakı “Bazar Store” adlı marketin qarşısına çatanda Ruslan təsadüfən yolun kənarında Murad adlı tanışını gördüyünü deyərək avtomobili saxlamasını istəmişdir. Həmin vaxt Muradın yanında sonradan adının Sərdar olmasını bildiyi şəxs də olmuşdur. Avtomobili saxladıqdan sonra Ruslan pəncərədən Muradla salamlaşmış, Murad avtomobilə əyləşmədən Ruslana yanındakı şəxsin tanışına məxsus kombi olduğunu və satmağa köməklik göstərməsini xahiş etmişdir. Ruslan başqa iş dalınca getdiklərini bildirsə də, Murad bir qəpik belə pul olmadığını deyib Ruslandan kombini satmalarına köməklik göstərməsini istəmişdir. Ruslan məcbur qalıb satlıq kombiyə gedib baxmaq üçün Murada və yanındakı şəxsə avtomobilə əyləşmələrini bildirmişdir. Murad və Sərdar avtomobilin arxa oturacaqlarına əyləşdikdən sonra X17 şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən “Uğur Market” adlı mağazanın yaxınlığına getməli olduqlarını demişdir. Ruslan ondan avtomobili həmin yerə sürməsini xahiş etmiş, adı çəkilən mağazanın qarşısına çatmağa az qalmış Ruslan siqaret almaq üçün avtomobili yolun kənarında saxlamasını bildirmiş və avtomobildən düşüb təxminən 2-3 dəqiqə sonra geri qayıtmışdır. Lakin nə o, nə də arxa oturacaqlarda əyləşmiş Murad və Sərdar həmin dəqiqələr ərzində Ruslanın hərəkətlərinin nədən ibarət olduğunu bilməmiş, eyni zamanda özü avtomobildən düşməmiş və heç kimlə əlaqə saxlamamışdır. Ruslan adını xatırlamadığı mağazadan siqaret və su alaraq qayıdıb yerinə əyləşdikdən sonra avtomobili işə salıb “Quşçuluq” yaşayış massivi istiqamətində hərəkətini davam etdirmişdir. Mağazanın qarşısına çatanda Murad və yanındakı şəxs kiminləsə telefon əlaqəsi saxlamağa çalışsalar da, bu baş tutmamışdır. Bu zaman Ruslan yenidən avtomobildən düşərək bir qədər kənara çəkilmiş və telefonla kiminləsə danışmağa başlamışdır. Təxminən 2-3 dəqiqə sonra qırmızı rəngli, “RAV10” markalı, dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobil onun avtomobilinin sol tərəfində yarım metr aralı məsafədə dayanmışdır. Əvvəllər həmin avtomobili görməmiş, kimə məxsus olduğunu və kim tərəfindən idarə edildiyini bilməmişdir. Cavid (Şahid1 ilk dəfə məhz həmin vaxt gördüyünü qeyd edir.) avtomobildən düşüb onun avtomobilinin sağ arxa qapısını açmış və Sərdardan avtomobildən düşməsini tələb etmişdir. Sərdar avtomobildən düşdükdən sonra Cavid başını avtomobilin salonuna daxil edib əlində olan, hazırda əlamətlərini xatırlamadığı iriölçülü bıçaqla Muradı vurmağa çalışmışdır. Murad zərbələrdən yayınmaq üçün təpik atmaqla özünü geri çəkmiş, bununla belə Cavid salonda Muradı paltarından dartmaqla avtomobildən çıxarmağa nail olmuşdur. Həmin vaxt Ruslan və Sərdar baş verənlərə müdaxilə etməmiş, özü isə nə baş verdiyini aydınlaşdırmaq üçün sükan arxasından düşüb onlara yaxınlaşmışdır. Bu zaman Murad yerdə yıxılmış vəziyyətdə olmuş, başı üzərində dayanan Cavid isə tələsik “RAV10” markalı avtomobilə əyləşərək çıxıb getmək istəmişdir. Bundan sonra Murad və Sərdar piyada şəkildə yola tərəf qaçmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2n elan olunmuş ifadəsindən görünür ki, 21 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində kirvəsi və yaxın dostu Sərdarla birlikdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən bazardan çıxaraq “AAAF Park” yaşayış kompleksinin qarşısına yollanmış və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinə getmək üçün taksi avtomobili sifariş etmişdir. Bu zaman əvvəllər tanıdığı Şəmi idarə etdiyi “Kia” markalı avtomobili onun yanında saxlamış və onu çağırıb salamlaşmışdır. Avtomobilə yaxınlaşanda sağ qabaq oturacaqda Şəminin əmisioğlu kimi tanıdığı Ruslanın əyləşdiyini görmüşdür. Onlar avtomobilə əyləşməsini və onu gedəyi yerədək aparmağı təklif etmiş, buna görə də sağ arxa qapını açıb özü sol arxa oturacaqda – sürücünün arxasında, Sərdar isə onun yanında, yəni Ruslanın arxasında əyləşmişdir. Avtomobil Masazır qəsəbəsi istiqamətində hərəkət etdikdən bir qədər sonra Şəmi Abşeron rayonu Xırdalan şəhərində yerləşən “119” adlanan yerdə avtomobili saxlamışdır. Ruslan evləri ilə əlaqə saxlamaq bəhanəsi ilə avtomobildən düşüb avtomobildən kənarlaşaraq telefonla danışmağa başlamışdır. Təxminən 2 dəqiqə sonra Ruslan qayıdıb avtomobilə əyləşmiş və Şəmi avtomobili “Quşçuluq” yaşayış massivi istiqamətinə sürmüşdür. Həmin yaşayış massivi ərazisində yerləşən “Uğur Market” adlı mağazanın yaxınlığına çatanda Şəmi yenidən avtomobili saxlamış və Ruslan avtomobildən düşərək telefonla danışmışdır. Bundan təxminən 2-3 dəqiqə sonra qırmızı rəngli “RAV10” markalı avtomobilin Şəminin avtomobilinin sol tərəfindən təxminən yarım metr aralıda dayandığını görmüşdür. Daha sonra əvvəllər Lənkəran şəhər sakini kimi tanıdığı Şahid1 həmin avtomobildən düşüb əyləşdiyi avtomobilin arxa tərəfindən keçərək sağ arxa qapını açmışdır. Bu zaman Sərdar yerə düşmüş, Cavid başını qapıdan içəri salıb əlində olan iriölçülü bıçağı 3 dəfə ona tərəf atmaqla vurmaq istəmişdir. Bıçaq zərbələrindən yayınmaq üçün özünü ayağı ilə müdafiə edərək avtomobildən çıxmaq üçün sol arxa qapını açmağa çalışmışdır. Lakin Şəmi onun qapını aça bilməməsi üçün həmin qapını əli ilə tutmuşdur. O, güc-bəla ilə qapını açıb avtomobildən düşsə də, Şəmi yumruqla onun sağ qolundan vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, daha sonra Cavid, Ruslan və Şəmi təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışlar. Zərbələrin sifət nahiyəsinə dəyməməsi üçün əlləri ilə üzünü tutmuşdur. Təxminən 1-2 dəqiqə sonra onlar onu yerdə döyməyi dayandırmış, ayağa qalxdıqda Cavid bir əlində bıçağı, digər əlində isə ona məxsus pul qapını tutaraq “Bıçaqla bir dəfə soxdum və ona olan borcunu götürdüm” ifadəsini işlətmişdir. Əvvəlcə heç nə hiss etməsə də, sonradan əlini sağ qarın nahiyəsinə vuranda oradan qan axdığını görmüşdür. Sərdar onu yoldan keçən taksi avtomobili vasitəsilə Xırdalan şəhər xəstəxanasına aparmış, vəziyyəti ağır olduğu üçün onu 1 saylı Klinik Xəstəxanaya göndərmiş və əməliyyat edilmişdir. Hadisə zamanı əvvəlcə, Şəmi onun sağ qolundan yumruqla vurub yerə yıxmış, daha sonra Cavid, Ruslan və Şəmi təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, sonra isə Cavid əlindəki bıçaqla onu vurmuşdur. Bütün bunlar baş verərkən ətrafda tanımadığı 3-4 nəfər şəxs də olmuşdur. Caviddən narkotik vasitə aldığına görə 30 manat borcu yarandığından Cavid pulu almaq üçün hər yerdə onu axtarmış, hadisə də məhz bu səbəbdən baş vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X12 ifadəsində göstərmişdir ki, X2n qardaşıdır. Murad sakit təbiətli insan olmuş, 2005-ci ildə Aynurə Şahverdiyeva ilə ailə qurmuş və həmin nikahdan 2 oğlan uşağı dünyaya gəlmişdir. 2019-cu ildə Murad yola getmədikləri üçün rəsmi qaydada arvadından boşanmış və Abşeron rayonu Xırdalan şəhərində kirayə ev tutaraq orada tək yaşamışdır. Murad Xırdalan şəhərində yerləşən bazarda meyvə-tərəvəz satmaqla özünü dolandırmış, demək olar ki, hər gün qardaşı ilə telefonla danışmış, arabir Murad onun evinə gəlib 1-2 gün qalmışdır. Muradın kiminləsə düşmənçiliyi və ədavəti olmamışdır. 21 yanvar 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhərində yerləşən “Keşlə” bazarında olarkən mobil telefonuna sonrada adının Sərdar olmasını bildiyi şəxs zəng edib Muradın bıçaqlandığını söyləmişdir. Qardaşının harada olduğunu soruşduqda Abşeron rayon Mərkəzi Xəstəxanasında olduğunu, ancaq oradan Bakı şəhərində yerləşən X21 aparılacağını öyrənmişdir. Dərhal Muradın istifadəsində olan mobil telefona zəng etmiş, həmin zəngə sonradan adının Ruslan olmasını bildiyi şəxs cavab vermişdir. Həmin şəxsdən qardaşının harada olduğunu və Murada məxsus telefona niyə min şəxsin cavab verdiyini soruşmuş, Ruslan isə Cavid adlı şəxsin Muradı bıçaqladığını söyləmiş, onun adını çəkməməsini xahiş etmişdir. Ancaq o, Ruslana “Orada sən də olmusan” deyə bildirmiş, Ruslan buna cavab olaraq “Bəli, orada mən, Şəmi və Cavid olmuşuq. Lakin mən Muradı vurmamışam. Onu Cavid bıçaqla vurub. Şəmi isə döyüb” demişdir. Bundan sonra xəstəxanaya getmiş, oraya çatanda Murad artıq əməliyyat olunmuşdur. Xəstəxanada hadisənin şahidi olmuş və Sərdarla tanış olmuşdur. Sərdar ona Muradla birlikdə Xırdalan şəhərində yerləşən bazardan çıxıb Masazır qəsəbəsinə getmək üçün taksi avtomobili sifariş edərkən Şəmi adlı şəxsin idarə etdiyi avtomobili saxlayaraq Muradla salamlaşdığını və onu gedəcəyi yerə qədər aparmağı təklif etdiyini, həmin avtomobilə əyləşəndə Ruslan adlı şəxsin də avtomobildə olmasını gördüklərini “Uğur Market” adlı mağazanın yaxınlığında Şəmi avtomobili saxlayanda Cavid adlı şəxsin gəlib sağ arxa qapını açdığını və əlindəki bıçaqla Muradı vurduğunu, bundan sonra Şəmi və Ruslan adlı şəxslərin Muradı döydüklərini danışmışdır. Murad xəstəxanada əməliyyat olunduğu gün o, Ruslandan Cavid adlı şəxsin mobil telefon nömrəsini öyrənib zəng etmiş və niyə qardaşını bıçaqla vurduğunu soruşmuş, Cavid isə ona “Muradın mənə 30 manat borcu var idi və vermirdi. Mən də ona görə vurdum” cavabını vermiş və “Narahat olma, nə kömək lazımdır edəcəm, mənim adımı polislərin yanında çəkməyin” deyə əlavə etmişdir. Buna baxmayaraq polislər tərəfindən sorğu-sual edilərkən bildiyi bütün xüsusatları qeyd etmişdir. Murad 3 dəfə ağır əməliyyat keçirsə də, 29 mart 2022-ci il tarixdə səhər saatlarında bacısı Mehriban Şahverdiyevanın evində vəfat etmişdir. Həmçinin o, şikayətçi olduğunu, Cavid, Ruslan və Şəmi adlı şəxslər məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılır. X2 2022-ci ilin yanvar ayında baş vermiş hadisədən təxminən 2-3 ay əvvəl tanışı İlham vasitəsilə tanımışdır. Həmin ərəfədə Murad taksi fəaliyyəti ilə məşğul olmuş, hətta bir dəfə onu sərnişin kimi mənzil başına çatdırmışdır. Qeyd olunan dövrdə pula ehtiyacı olduğu üçün özünə məxsus “Samsung” markalı mobil telefonu 50 manata satmaq qərarına gəlmişdir. Bu barədə dost-tanışlarına xəbər verdikdən bir neçə gün sonra, yəni 16 yanvar 2022-ci il tarixdə Murad onunla mobil telefon əlaqəsi yaradıb telefonunu satıb-satmadığını soruşmuşdur. Telefonu satmaq istədiyini bildirdiyi üçün həmin gün axşam saatlarında Murad təkbaşına yaşadığı Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən evə gəlmiş və mobil telefonunu 33 manat pula Murada satmışdır. Murad getdikdən sonra tanımadığı taksi avtomobilinə əyləşmişdir. Pulları cibindən çıxarıb baxarkən onlardan 1 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq kağız əskinazların saqqız kağızından çıxan və üzərində “Etibarsız” sözü yazılmış kağızlar olduğunu görmüşdür. Dərhal taksi sürücüsündən mobil telefonunu istəyib İlhama zəng etmiş və bu barədə bildirərək Murada onunla əlaqə saxlamasını deməsini xahiş etmişdir. 21 yanvar 2022-ci il tarixdə günorta saatlarında qırmızı rəngli “RAV10” markalı taksi avtomobili ilə qeyri-rəsmi münasibətdə olduğu qızla birlikdə Xırdalan şəhərində yerləşən bazardan çıxıb “Quşçuluq” yaşayış massivi istiqamətində hərəkətdə olmuşdur. “Uğur Market” adlı mağazanın yaxınlığından keçəndə əvvəllər qiyabi tanıdığı Şəminin idarə etdiyi qara rəngli “Kia Rio” markalı avtomobili həmin mağazanın qarşısında saxladığını görmüşdür. Həmin vaxt Şəmi sükan arxasında, tanışı Ruslan isə sağ qabaq oturacaqda əyləşmişlər. Onlardan başqa avtomobilin arxa oturacaqlarında daha 2 nəfər şəxsin əyləşdiklərini görsə də, kim olduqlarına fikir verməmişdir. Ruslan və Murad arasında dostluq münasibətinin olmasını bildiyi üçün Muradın ona qarşı yol verdiyi hərəkət barədə Ruslana danışmaq qərarına gəlmişdir. Bu məqsədlə taksi sürücüsündən avtomobili bircə dəqiqəlik Şəminin idarə etdiyi “Kia Rio” markalı avtomobilin qarşısında saxlamasını xahiş etmişdir. Sürücü avtomobili saxladıqdan sonra təkbaşına avtomobildən düşüb Şəminin idarə etdiyi avtomobilə əyləşmək üçün sol arxa qapını açmaq istəmişdir. Lakin qapı açılmadığı üçün digər tərəfə keçib sağ arxa qapını açmışdır. Bu zaman Şəminin arxasındakı oturacaqda Muradın, yanında isə arıq bədən quruluşlu, həmin vaxt tanımasa da, sonradan adının Sərdar olmasını bildiyi şəxsin əyləşdiyini görmüşdür. Murada “Bu nə hərəkətdir, mənə qarşı edirsən” sualını verəndə arxa oturacaqda əyləşmiş tanımadığı şəxs yerə düşmüşdür. Həddindən çox əsəbiləşdiyi üçün təpiklə Muradı avtomobilin içərisində vurmağa çalışanda Murad sol arxa qapını açaraq yerə düşmək istəmişdir. Həmin vaxt bədəninin yarısı avtomobilin içərisində, ayaqları isə avtomobildən çöldə qalmışdır. Muradın qapını açmaq istədiyini görüb üzərində gəzdirdiyi bıçaqla 1 dəfə Muradın sağ yan nahiyəsindən vurmuşdur. Lakin Murad zərbəni hiss etmədən çıxıb getmək istəmişdir. Bu zaman Murada “Bir dəfə soxdum sənə, get xəstəxanaya” desə də, Murad onu başa düşməyərək “Sonra görüşərik” deməklə hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, X2 21 yanvar 2022-ci il tarixdə baş vermiş hadisədən təxminən 6-7 ay əvvəl tanımış, aralarındakı münasibətlər normal olmuşdur. Murad tez-tez onunla eyni binada yaşayan bacısıgilin mənzilinə gəlib-getmiş, hər dəfə rastlaşdıqda salamlaşıb hal-əhval tutmuşlar. Şahid1 ilə bir yerdə hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs isə Murad və Caviddən daha əvvəl – uşaqlıqdan tanıyır. Şəmi Lənkəran şəhəri 2 nömrəli tam orta məktəbdə ondan aşağı sinifdə oxumuş, eyni məktəbin şagirdləri kimi münasibətləri olmuşlar. Bundan başqa kiçik qardaşı Emil Şəmi ilə eyni sinifdə təhsil almışlar. 2021-ci ilin yay mövsümündə Xırdalan şəhərində təsadüfən Şəmi ilə rastlaşıb hal-əhval tutmuşdur. Söhbət əsnasında Şəmi ona idarə etdiyi “Kia” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, o isə kombi ustası kimi fəaliyyət göstərdiyini, ehtiyac yarandıqda Şəmini özü ilə müxtəlif ünvanlara köməkçi kimi apara biləcəyini bildirmişdir. Həmin vaxt daha sonra əlaqə saxlayıb görüşmək üçün bir-birilərinin mobil nömrələrini öyrənmişlər. Bundan sonra mütəmadi olaraq Şəmini özü ilə müxtəlif ünvanlara köməkçi kimi aparmış, qarşılığında 30-50 manat pul vermişdir. Hadisədən təxminən 4-5 ay əvvəl usta kimi Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayaış massivində yerləşən “Uğur Market” adlı mağazanın yaxınlığında yerləşən evlərdən birinə çağırılan zaman evin sahibinin Cavid olduğunu görmüşdür. Bundan sonra Cavidlə mütəmadi əlaqə saxlamağa başlamışdır. Hadisədən təxminən 5 gün əvvəl Murad şəxsi istifadəsi üçün Caviddən narkotik vasitə almış, qarşılığında 35-40 manat pul vermək yerinə saqqız kağızından çıxan etibarsız pul verdiyindən onlar arasında mobil telefonda mübahisə yaranmışdır. Bu məsələyə görə Cavid ondan və Şəmidən Muradı görəndə xəbər etmələrini xahiş etmişdir. 21 yanvar 2022-ci il tarixdə saat 14:00 radələrində Şəminin idarə etdiyi “Kia Rio” markalı avtomobillə Xırdalan şəhərində “AAAF” park yaşayış kompleksindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Bazar Store” adlı marketin yaxınlığında Muradın tanımadıqları bir nəfər şəxslə dayandığını görmüşlər. Həmin vaxt Murad onları əli ilə yanındakı şəxsə göstərib tanışları olduqlarını söyləmişdir. Şəmi avtomobili saxladıqdan sonra mobil telefon vasitəsilə Cavidə zəng edib “Murad Xırdalan şəhəri “Bazar Store” adlı marketin qarşısındadır, haradasansa, dur bura gəl” sözlərini demişdir. Cavid “Onu maşına mindirib başını qatın, mən gəlirəm” ifadəsini işlətmişdir. Bundan sonra avtomobillə Muradın dayandığı yerə yaxınlaşıb salamlaşmış və Muraddan haraya gedəcəyini soruşmuşlar. Murad evə getmək istədiyini dedikdə Murada avtomobillə evə aparmağı təklif etmişlər. Murad və yanında olan tanışı avtomobilin arxa oturacaqlarında əyləşdikdən sonra Şəmi avtomobillə hərəkəti davam etdirmişdir. Murad sol arxa, tanışı Sərdar isə sağ arxa oturacaqda oturmuşdur. Yolda olarkən siqaret almaq üçün Şəmidən avtomobili saxlamasını xahiş etmiş, Şəmi avtomobili saxladıqdan sonra yerə düşüb bir qədər aralanmış və Cavid mobil telefonuna zəng edib harada olduqlarını soruşmuşdur. “Uğur Market” adlı mağazanın yaxınlığında olduqlarını bildirdikdən sonra o, keçib avtomobilə əyləşmişdir. Bir qədər sonra qırmızı rəngli “RAV10” markalı avtomobil oraya gəlib Şəminin avtomobilinin yanında dayanmışdır. Murad həmin avtomobildən Cavidin düşdüyünü görəndə Şəmiyə “Cavidlə problemim var” deyib avtomobili sürməsini istəmişdir. Bu zaman Murada “Gözlə görək, səninlə Cavid arasında nə problem var, həmin problemi öz aranızda həll edin” deyə cavab vermişdir. Cavid yaxınlaşıb Şəminin avtomobilinin sağ arxa qapısını açdıqda Sərdar düşüb kənarda dayanmış, həmin vaxt özü və Şəmi də avtomobildən düşmüşlər. Bu zaman Cavidin əlində bıçaq olduğunu, başını avtomobilin içərisinə salıb Murada bıçaq zərbələri atdığını, Muradın isə sol arxa qapını açıb avtomobildən düşmək istədiyini görmüşdür. Murad qapını aça bilməsin deyə Şəmi avtomobilin qapılarını kilidləsə də, Murad birtəhər qapını açıb çölə çıxmışdır. Bu zaman Muradın ayağı ilişib yerə yıxılmışdır. Şəmi yaxınlaşıb yerdə olan Muradın böyründən təpiklə vurmağa başlamışdır. Təpik zərbələrindən sonra yerdə uzanıqlı vəziyyətdə olan Murad “Siz görərsiniz, mən sizin başınıza nə oyun açacam” cümləsini işlətmişdir. Bu söz ona toxunduğu üçün yaxınlaşıb Muradın başını qoltuğunun arasına salıb 5-6 saniyə elə saxlamış, sonra isə buraxaraq Muraddan aralanmışdır. Murad üst-başını təmizləyərkən Cavid “Soxmuşam sənə, xəbərin yoxdur” desə də, Murad və Sərdar çıxıb getmişlər. Bundan başqa Şahid2 ifadəsində Muradın sol arxa qapını açıb avtomobildən düşdükdən sonra ayağı ilişib yerə yıxıldığını, bu zaman Şəminin yaxınlaşıb yerdə olan Muradın böyründən təpik zərbələri vurduğunu, özünün Murad yerdə yıxılmış vəziyyətdə olarkən təpik zərbələri vurmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı avtomobildə olsa da mübahisə vaxtı avtomobildən düşmüş, kənarda dayanmış və Təqsirləndirilən şəxs qapını bağlamasının, Muradı döyəməsini görməmişdir. İş materiallarında olan və istintaqda şahid qismində dindirilmiş Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 21 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində mərhum dostu X10 ilə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən bazardan çıxıb “AAAF Park” yaşayış kompleksinin qarşısına getmişlər. Orada olarkən Murad yaşadığı Masazır qəsəbəsinə getmək məqsədilə taksi sifariş etmişdir. Həmin vaxt sonradan adının Şəmi olmasını bildiyi şəxs idarə etdiyi “Kia” markalı avtomobili onların dayandıqları yerin yanında saxlayıb Muradı çağıraraq salamlaşmışdır. Şəminin avtomobilinin sağ qabaq oturacağında sonradan adının Ruslan olmasını bildiyi şəxs də olmuş, onlar Murada avtomobilə əyləşərək gedəcəyi yerə qədər aparmağı təklif etmişlər. O, Muradla birlikdə avtomobilin arxa qapısını açdıqdan sonra özü sağ arxa oturacaqda, Murad isə yanında, yəni sol arxa oturacaqda əyləşmişdir. Şəmi avtomobili işə salıb Masazır qəsəbəsi istiqamətində bir qədər hərəkət etdikdən sonra Xırdalan şəhərində yerləşən “119” deyilən ərazidə avtomobili saxlamışdır. Həmin vaxt Ruslan ev ilə telefonla danışmaq bəhanəsi ilə avtomobildən düşüb bir qədər aralanmışdır. Təxminən 2 dəqiqə sonra Ruslan qayıdıb avtomobilə əyləşmiş və Şəmi avtomobili “Quşçuluq” yaşayış massivi istiqamətində sürməyi davam etdirmişdir. Həmin yaşayış massivi ərazisində yerləşən “Uğur Market” adlı mağazanın yaxınlığına çatanda Şəmi avtomobili saxlamış və Ruslan avtomobildən düşərək yenidən telefonla danışmağa başlamışdır. Bundan təxminən 2-3 dəqiqə sonra qırmızı rəngli “RAV10” markalı avtomobilin Şəminin avtomobilinin sol tərəfindən təxminən yarım metr aralıda dayandığını görmüşdür. Murad avtomobili idarə edən Şəmiyə “Sür maşını, onun Cavidlə problemim var” desə də, Şəmi “Nə sür?! Düş problemini həll elə” cavabını vermişdir. Sonradan adının Cavid olmasını bildiyi şəxs həmin avtomobildən düşüb Şəminin avtomobilinin arxa tərəfindən keçərək sağ arxa qapını açmışdır. O, avtomobildən düşdükdən sonra Cavid başını qapıdan içəri salıb əlində olan iriölçülü bıçaqla 3-4 dəfə Muradı vurmaq istəmişdir. Murad bıçaq zərbələrindən yayınıb özünü ayağı ilə müdafiə edərək avtomobildən çıxmaq üçün sol arxa qapını açmağa çalışmış, lakin Şəmi qapını əli ilə tutub saxlayaraq Muradın avtomobildən düşməsinə mane olmuşdur. O, Cavidi arxa tərəfdən qucaqlayıb sakitləşdirmək istəyərkən Cavid geri çevrilib “Çəkil kənarda dur, sənlik bir şey yoxdur” demişdir. Murad güc-bəla ilə qapını açıb avtomobildən düşəndə Şəmi yumruqla Muradın sağ qolundan vurmuş və zərbənin təsirindən Murad yerə yıxılmışdır. Bundan sonra Cavid, Ruslan və Şəmi təpik zərbələri ilə Muradın bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışlar. Zərbələrin sifət nahiyəsinə dəyməməsi üçün Murad əllərini üzünə tutmuşdur. Təxminən 1-2 dəqiqə ərzində onlar Muradı yerdə döydükdən sonra dayanmışlar. Murad ayağa qalxdıqda Cavid əlində bıçağı tutaraq “Sənə bıçaqla bir dəfə soxdum və mənə olan borcunu götürdüm” ifadəsini işlətmişdir. Murad əlini sağ qarın nahiyəsinə vuranda oradan qan axdığını görmüşdür. Buna görə də yoldan keçən taksi avtomobilini saxladaraq Muradı Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Yolda olarkən Murad Cavid tərəfindən bıçaqlandığını demiş və qardaşı Azərə çatdırması üçün Ruslanın mobil telefon nömrəsini ona söyləmişdir. Xəstəxanaya çatdıqdan sonra Azərə zəng edib hadisə barəsində məlumat vermişdir. Murad vəziyyəti ağır olduğu üçün Respublika Klinik Xəstəxanasına göndərilib orada əməliyyat olunmuşdur. Muradın qardaşı Azər xəstəxanaya gəldikdən sonra Ruslanın mobil nömrəsini Azərə verərək çıxıb getmişdir. Bundan sonra Muradı yalnız bir dəfə Abşeron rayon Polis İdarəsində görmüş, bir müddət sonra isə hadisə zamanı aldığı xəsarətlərdən öldüyünü öyrənmişdir. Bundan başqa Şahid3 ifadəsində hadisə zamanı Cavidin bıçaqla Muradı vurduğunu, Şəminin avtomobildən düşdükdən sonra Muradın sağ qolundan vurub yerə yıxdığını, ardınca Ruslanla birlikdə yıxılmış vəziyyətdə olan Muradın bədəninin müxtəlif nahiyələrindən təpiklə vurduqlarını, hadisənin Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən “Uğur Market” adlı mağazanın yaxınlığında baş verdiyini, həmin vaxt ətrafda təxminən 3-4 nəfər tanımadığı şəxsin olduğunu, hadisənin baş vermə səbəbini bilmədiyini, ancaq sonradan Murad və Cavid arasında borc pul məsələsinin olmasını eşitdiyini, Şəmini hadisədən əvvəl tanımadığını, aralarında heç bir münasibət olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan mərhum X10 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X18 Abşeron rayon şöbəsinin 25 fevral 2022-ci il tarixli 321 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X5 məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsasən belə nəticəyə gəlinmişdir ki, Murad Şahverdiyevin bədən səthində aşkar edilmiş xəsarətlər – qarın nahiyəsinin sağ yarısının periton boşluğuna nüfuz edərək qalxan çənbər bağırsağı yaralayan, daxili qanaxma törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, 21 yanvar 2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan mərhum X10 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X18 Abşeron rayon şöbəsinin 29 mart 2022-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X5 məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsasən belə nəticəyə gəlinmişdir ki, Murad Şahverdiyevin bədən səthində qarın nahiyəsinin sağ yarısının daxilə nüfuz edərək çənbər bağırsağı yaralayan və daxili qanaxma ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət həyatidir, ölümlə səbəbli əlaqəlidir, 21 yanvar 2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Murad Şahverdiyevin ölümünə səbəb qaraciyərin piy və parenximatoz zülal distrofiyası, ürək əzələsinin və böyrəklərin parenximatoz zülal distrofiyası, sol böyrəyin atrofiyası, Hepatit C, bel-oma və daban nahiyələrinin yataq yaraları ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək qalxan çənbər bağırsağın zədələnməsi və daxili qanaxma ilə nəticələnən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə əlaqədar aparılmış əməliyyatdan sonra inkişaf edən yayılmış irinli peritonit nəticəsində törəyən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Murad Şahverdiyevin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə 29 mart 2022-ci il tarixdə saat 13:30-da başlamışdır) 5-8 saat əvvəl baş vermişdir. Murad Şahverdiyevin meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yara bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. Murad Şahverdiyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan metamfetamin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X18 22 fevral 2022-ci il tarixli 83/MTBŞ-2022 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X5 AB0 sistemi üzrə qan qrupu B/İİİ/-dür. Ekspertizaya təqdim edilən Murad Şahverdiyevə məxsus köynək, gödəkçə, su keçirməyən gödəkçə üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə yalnız “B” antigeni alınmışdır. Bu qan ləkələri AB0 sistemi üzrə B(İİİ) qan qruplu şəxsə, o cümlədən Murad Şahverdiyevə məxsus ola bilər. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X18 23 fevral 2022-ci il tarixli 63- MTKŞ/2022 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş X7 məxsus qolsuz gödəkçənin arxa səthində sağda 1 (bir) ədəd dəlib-keçən zədə, uzunqol gödəkçənin arxa səthində sağda 1 (bir) ədəd kənarı kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş X9 məxsus köynəyin üzərində zədə və zədə izləri aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X7 məxsus qolsuz gödəkçənin arxa səthində sağda 1 (bir) ədəd dəlib-keçən zədə, uzunqol gödəkçənin arxa səthində 1 (bir) ədəd kənari kəsilmiş zədə qrup daxilində morfoloji əlamətləri arasında oxşarlıq aşkar edilmişdir. Bu hal da güman etməyə əsas verir ki, zədələrin eyni alətlə yetirilməsi inkar olunmur. İş materiallarına əlavə edilmiş 07 may 2022-ci il tarixli AZ-İİ 272162 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29 mart 2023-cü il tarixdə çənbər bağırsağın travması səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 fotoşəkillər üzrə ona təqdim edilmiş şəxslərdən Təqsirləndirilən şəxs üz quruluşundan tanımış, onun 21 yanvar 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən “Uğur Market” adlı mağazanın yaxınlığındakı hadisə zamanı mərhum X10 yerdə yıxılmış vəziyyətdə olarkən ona təpik zərbələri endirən həmin şəxs olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 11 aprel 2023-cü il tarixli U295 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixli M-6127 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayou Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış kompleksi 22-ci küçə bina 12 mənzil 6 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 221.2.1 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində 21 yanvar 2022-ci il tarixdə baş vermiş hadisə zamanı mərhum X7 heç bir xəsarət yetirmədiyini, idarə etdiyi “Kia Rio” markalı avtomobilin sol arxa qapısını tutaraq Murad Şahverdiyevin qapını açmasına mane olmadığını, yumruqla sonuncunun sağ qolundan xəsarət yetirmədiyini, Şahid1 və Şahid2la birlikdə Murad Şahverdiyevin bədəninin müxtəlif nahiyələrindən təpik zərbələri vurmadığını, əleyhinə ifadələr verilməsinin səbəbini başa düşə bilmədiyini bildirmişdir. Ancaq Təqsirləndirilən şəxs bildirdikləri istintaq materiallarında olan ölmüş zərərçəkmiş şəxs X5, Şahid2, eləcə, Murad Şahverdiyev barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və digər mötəbər sübutlarla tam təkzib edilmiş, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi göstərilən sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Nur Bədəlov və xx.xx.2018-ci il təvəllüdlü Məryəm Bədəlova adlı 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ancaq Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmamışdır. 14 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. 01 mart 2023-cü il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs könüllü şəkildə Abşeron rayon Polis İdarəsinə gəlib özünü istintaqa təqdim etdiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi məqsədilə məhkəməyə təqdimatla müraciət edilməsi məsələsinə baxılması üçün Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımova vəsatətlə müraciət edilmiş, prokuror tərəfindən təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilərək Abşeron rayon məhkəməsinə təqdimat verilmiş, lakin Abşeron rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsindən imtina olunması haqqında qərar qəbul edilmişdir. 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətmkan tədbiri dəyişdirilməməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq onun barəsində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə zalından dərhal həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-557/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-557/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver