Məhkəmə qərarları › İş №1(012)-558/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-558/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-558/2020 05.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Ağdam şəhəri, Musavi küçəsi, ev 39-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Atyalı yaşayış massivi, fərdi yaşayış ünvanda yaşayır Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən yaşadıqları evin yaxınlığında, anası Şahid1 üstünə qışqırmasına görə aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs sağ əl nahiyyəsindən mətbəxt bıçağı ilə qəsdən vuraraq, ona sağ əlin ovuc səthinin kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 1 il müddətdir tanıyır. Yaşadığı evdə təbii qaz olmadığı üçün, qonşusu İsmayıl adlı şəxsə məxsus olan torpaq sahəsində yarım tikilidə, yararsız taxtalardan istifadə etməyə görə həmin evdə işləyən Cəfər adlı ustadan icazə almışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində anası Xatirə və arvad Rəna taxta parçası götürmək üçün İsmayıla aid yarımtikiliyə getmişdilər. Bir qədər sonra Rəna evə tək qayıtmışdır. Sonuncudan anası Xatirənin harada olduğunu soruşmuşdur. Bu zaman məhlədən səs eşitdiyi üçün evdən bayıra çıxmış və anası Xatirənin evə gəldiyini, Elnurun isə anasının arxasınca uca səslə qışqırdığını görmüşdür. Bu səbəbdən də Elnuru yanına çağırmış, yaşınlaşdıqda əlindəki mətbəx bıçağı ilə sonuncunun əl nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Evdə bir neçe vaxt oturduqdan sonra Xırdalan şəhərində yerləşən qəbirstanlığa gedərək bıçağı orada tullamışdır. Bundan başqa aralarındakı mübahisəyə səbəb Elnurun onun anası Xatirənin üstünə uca səslə qışqırması olmuşdur. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs təxminən 1 ildir ki tanıyır. Qonşuluqda İsmayıl adlı şəxsə məxsus olan torpaq sahəsində yarım tikilisi vardır. Həmin yarımtikilinin nəzarəti ona tapşırılmışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evə gələn zaman İsmayıl adlı şəxsə məxsus olan özünün nəzarət etdiyi yarımtikilidən səs gəldiyini eşidib və oraya yaxınlaşmışdır. Bu zaman Vüsalın anası Xatirə və həyət yoldaşı Rənanın orada olduğunu görmüşdür. Sonunculardan orada nə etdiklərini soruşduqda, onlar taxta götürmək istədiklərini bildirmişdilər. Sonunculardan bu barədə tikilinin sahibi İsmayılın məlumatlı olub-olmadığını soruşduqda, Xatirə ona İsmayılın evində işləyən Cəfər adlı ustanın məlumatı olduğunu demişdir. İsmayılın razılığı olmadığı halda Xatirəyə taxtaları oradan götürməyəcəyini bildirmişdir. Bundan sonra yaşadığı evə gəlmiş və təxminən 10 dəqiqə sonra Xatirə onun evinə gələrək baş verənlər barədə İsmayıla bildirməməsini xahiş etmişdir. Bu barədə İsmayıla bildirəcəyini dedikdən sonra Xatirə evindən çıxaraq getmişdir. Bu zaman Vüsalın nalayiq ifadələr işlədərək ona tərəf gəldiyini görüb sonuncuya yaxınlaşmışdır. Vüsalın yanına çatdıqda sonuncu mətbəx bıçağı ilə onun sağ əl nahiyyəsindən vurmuşdur. Qardaşı Natiq onu, Vüsalın anası Xatirə və həyət yoldaşı Rəna Vüsalı sakitləşdirmişlər. Bundan sonra yaşadığı evə gələrək hadisə barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Elnur və Vüsal ona məxsus Abşeron rayonu, At yalı yaşayış massivində yerləşən hasarı, darvazası və qapı-pəncərəsi olmayan yarımtikili evin qonşuluğunda yaşayırlar. Həmin ev təmirsiz olduğu üçün orada yaşamır. Arada bir həmin evə baş çəkir. Həmçinin Elnurdan həmin evə nəzarət etməsini xahiş etmiş, bundan başqa özünə məxsus evdə usta işləyən Cəfər adlı şəxs evin həyətində olan köhnə taxta parçalarından Vüsalın yaşadığı evdə təbii qaz olmadığına görə ailəsi tərəfindən istifadə edilməsinə etiraz etməmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Elnur onunla telefon vasitəsilə əlaqə saxlayaraq Vüsalın anası Xatirə və arvadı Rənanın ona məxsus evdən taxta parçaları götürmək istəyərkən, onlara irad bildirdiyini, buna görə aralarında mubahisə yarandığını, mübahisə zamanı Vüsalın bıçaqla onun əl nahiyyəsindən vurduğunu demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanıiş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs isə qonşusudur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində gəlini Rəna ilə birlikdə taxta parçası götürmək üçün İsmayıla aid yarımtikiliyə getmiş, oradan taxta götürən zaman Elnur oraya yaxınlaşaraq nə etdiklərini soruşmuşdur. Cavab olaraq evlərində təbii qazın olmadığını bildirib yandırmaq üçün taxta qırıntıları götürdüklərini demiş və taxtaları götürmək üçün icazə aldıqlarını bildirmişdir. Elnur isə cavab olaraq polisə məlumat verəcəyini demişdir. Bundan sonra gəlini Rənanı evə göndərmiş, özü isə Elnurun yaşadığı evə gedərək Elnurdan anasının evdə olub-olmadığını soruşduqda, Elnur nə üçün gəldiyini soruşarkən, həmin taxta parçalarını icazə alındığı üçün götürmək istədiyini demişdir. Bu zaman Elnur onunla qışqıraraq kobud formada danışmağa başladığına görə oradan uzaqlaşaraq yaşadığı evə doğru gəlmişdir. Bu zaman oğlu Vüsal Elnurun onunla qışqıraraq danışdığını eşidib çölə çıxaraq Elnurun üstünə doğru getmiş və əlində olan evdən götürdüyü mətbəxt bıçağı ilə Elnurun əl nahiyyəsindən vurmuşdur. Bundan sonra özü və gəlini Rəna Vüsalı sakitləşdirmişdir. Vüsal bir qədər evdə oturduqdan sonra Xırdalan şəhərində yerləşən qəbirstanlığa gedərək bıçağı oraya tullamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanıiş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanıiş üzrə şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahdlərin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA X3 Şəxsin Abşeron rayon şöbəsinin xx.xx.2020-cu il tarixli 1824 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət - sağ əlin ovuc səthinin kəsilmiş yarası iti kənara malik olan alətin (əşyanın) təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar