Məhkəmə qərarları › İş №1(012)-56/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-56/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-56/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Dəliquşçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya, tanışına məxsus bağlanmaqda olan mağazanın maya dəyərindən aşağı qiymətə satışa çıxardığı pərdə və lüstur məhsullarını ucuz qiymətə alaraq baha qiymətə satıb qazanc əldə etmək barədə yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Ər-Riyad” ticarət mərkəzindəki öz pərdə-tül mağazasında 15 iyun 2020-ci il və 18 iyun 2020-ci il tarixlərdə hər dəfə 5000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 10.000 manat məbləğində pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildən Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, həmin ərəfələrdə Riyad Ticarət Mərkəzində yerləşən “Saloğlu” mebel mağazasında sürücü işləmişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs onların mebel mağazasının yaxınlığında pərdə və lüstur mağazasını işlətmişdir. Həmin ərəfələrdə o, Natəvanın yanında bir nəfər qızında ara-sıra gəlib getdiyini və işlədiyini görmüşdür. O zaman subay olduğundan və Natəvanın qızı xoşuna gəldiyindən iş yoldaşı Pərvanəyə gedib Natəvanın qızı Xəyalənin sevgilisinin olubolmamasını dəqiqləşdirməsini istəmişdir. Pərvanədə bu məqsədlə Natəvanla danışdıqda sonuncu qızının sevgilisinin olmadığını bildirmişdir. Bundan sonra o, Xəyalə mağazada tək olan zaman özü ilə söhbət etmiş və söhbətləri zamanı Xəyalə ona hal-hazırda evlənmək niyyətinin olmadığını, lakin onu tanımaq istədiyini bildirmişdir. O da onunla razılaşmışdır. Bundan sonra o, Natəvanla danışan zaman sonuncu ona qızı Xəyalənin mobil telefonu olmadığını və qızına telefon almağını bildirmişdir. O da təxminən 50 manat dəyərində işlənmiş vəziyyətdə olan mobil telefon almış və Xəyaləyə verməsi üçün anası Natəvana vermişdir. Bundan bir müddət sonra o, Natəvandan telefonu Xəyaləyə verib vermədiyini soruşduqda sonuncu ona qızının telefonu götürmədiyini demişdir. O da Natəvandan telefonu geri istədikdə sonuncu ona həmin telefonu ondan geri almamağını və özündə qalmasını xahiş etmişdir. O da razılaşmışdır. Bundan təxminən bir - iki ay sonra Natəvana qızı Xəyaləylə onu görüşdürməsini demişdir. Natəvanda razılaşmış və o, Xəyaləylə görüşüb dənizkənarı parka getmişdir. Orada Xəyaləylə söhbət edən zaman sonuncu ona Xəyal adında sevgilisinin olduğunu və 7 ildir onunla münasibətdə olduğunu demişdir. O, ilk öncə inanmadığı üçün Xəyalədən həmin şəxsin mobil nömrəsini almış və zəng edib Xəyal adlı şəxslə danışmışdır. Həmin Xəyal adlı şəxs ona Xəyalənin dediklərini bir daha telefon danışıqları zamanı təsdiq etmişdir. Bundan sonra o, onlarla əlaqəni soyutmağa çalışmışdır. Lakin buna baxmayaraq Natəvan tez-tez ona zəng edib niyə danışmadıqlarını soruşmuşdur. Dəqiq vaxt xatırlamasa da, o, bundan bir müddət sonra bezib Natəvana qızı Xəyalənin münasibəti olması səbəbindən onunla danışmadığını demişdir. Natəvanda ona bunlardan xəbərinin olduğunu lakin həmin oğlana qızını verməyəcəyini bildirmişdir. O da Natəvana bunların heç birinin ona aidiyyətinin olmadığını və öz ailə daxili münasibətlərinə onu qatmamalarını izah etmişdir. Bundan bir müddət sonra öyrənmişdir ki, Natəvan onun əmisinin yanına gedərək guya onun 10.000 manat pul borcu olduğunu demişdir. Bundan sonra Natəvan ona zəng etdikdə o, Natəvandan ona hansı məqsədlə 10.000 manat pul verdiyini demişdir. Natəvanda ona guya iş qurmaq üçün pul istədiyini və ona 10.000 manatı verdiyini demişdir. Lakin bu günədək Zərərçəkmiş şəxs ona hər hansı məbləğdə pul verməmiş, sonuncunun dedikləri yalan və böhtandır. Natəvandan borca pul istəməmiş və nə də Natəvan ona borca pul verməmişdir. Natəvan ona hər hansı məbləğdə pul verməmişdir. Natəvanın qızından uzaqlaşdığı üçün və onun istədiyi kimi qızı ilə ailə həyatı qurmadığı üçün ona qisasını alacağı barədə xəbərdarlıq etmişdir. Ona görə də düşünür ki, etdiyi şikayət də Natəvanın ona qarşı olan qisasıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Riyad ticarət mərkəzində pərdə dükanı vardır. Həmin dükanla üz-üzə Saloğlu mebel dükanında işləyən Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayından tanıyır. Belə ki, Saloğlu mebel mağazasında satıcı işləyən Pərvanə həmin ərəfələrdə işlədiyi mağazaya gələrək onların mağazasında sürücü işləyən Yusif adlı şəxsin qızı Xəyaləni görüb bəyəndiyini və onun münasibətdə olduğu hər hansı bir şəxsin olub-olmadığını soruşmuşdur. O da bu barədə Xəyalə ilə danışacağını bildirmişdir. O, Xəyalə ilə danışdıqda Xəyalə özünün sevdiyi şəxs olduğu və qətiyyən başqa hər hansı bir şəxslə münasibət qurmaq istəmədiyini demişdir. Lakin o, qızı Xəyalənin münasibətdə olduğu şəxsi bəyənmədiyindən, həmçinin Pərvanə ona Yusifi çox təriflədiyindən düşünmüşdür ki, gələcəkdə qızı Xəyalə Yusiflə ciddi münasibətdə ola bilər. Bu məqsədlə o, Pərvanəyə qızı Xəyalə işdə olan zaman gəlib bir-birilərini görməsini bildirmişdir. Bu məqsədlə qızı Xəyalə mağazada olan zaman Yusif mağazaya gəlmiş, lakin həmin vaxt qızı bunu başa düşüb oradan uzaqlaşmış və daha sonra ona yenidən nə Yusif nə də başqa şəxslə münasibətdə olmaq istəmədiyini, özünün sevdiyi şəxs olduğunu demişdir. Bundan təxminən bir-iki ay sonra Yusif qızı ilə mobil telefon vasitəsilə əlaqə saxlamağa başlamışdır. Lakin qızı Xəyalə yenə də inadla Yusiflə danışmaq istəmədiyini deyib hətta yeri gəldikdə ona nalayiq ifadələr işlətmişdir. Xəyalənin dediyi nalayiq ifadələrin qarşısında Yusifin belə inadla qızı Xəyaləni qazanmaq üçün cəhd etməsi onun gözündə böyütmış və o, Yusifi daha çox istəməyə başlamışdır. Hətta o, bir dəfə mağazaya gələn gənc kişi cinsli müştəridən soruşduqda ki, əgər bir qadın ona nalayiq ifadələr işlətsə onu yenə sevərmi? Həmin şəxs ona xeyr, həmin qadınla heç vaxt danışmayacağını dediyi üçün Yusifin belə inadkarlığı ona daha çox istətmişdir. Lakin o, başa düşə bilməmişdir ki, Yusif bunlardan sadəcə onunla yaxınlaşıb onu aldatmaq niyyəti ilə istifadə edir. Həmçinin söhbətləri zamanı da Yusif ona başına gələn hadisələrdən danışıb atasının dünyasını dəyişdiyini dediyi və hər dəfə müraciət edəndə “ana” deyərək müraciət etdiyi üçün Yusifi bir oğlu kimi çox istəmişdir. Həmin ərəfələrdə Yusif 2-3 günə qaytarmaq şərti ilə ondan 5000 manat borca pul istəmişdir. O da Yusifi çox istədiyi üçün sonuncuya inanıb 5000 manat borca pul vermişdir. Yusif dediyi kimi də 2-3 günə vermiş olduğu 5000 manat borcunu qaytarmışdır. Bununla da onun Yusifə inamı daha da artmışdır. Bu qaydada müxtəlif vaxtlarda Yusif ondan 1000, 500, 400 və sair məbləğdə borca pullar alıb dediyi vaxtda da həmişə qaytarmışdır. Ona görə də artıq Yusifə oğlu kimi inanmışdır. Bir sözlə, Yusif onun etibarını tam olaraq qazanmışdır. Ama bilə-bilməzdi ki, Yusif ondan aldığı pulu elə bir müddət sonra onun özünə qaytararaq gələcəkdə ona qarşı edəcək dələduzluq üçün özünə zəmin yaratmışdır. 15 iyun 2020-ci il tarixdə Yusif həmişəki kimi onun Riyad Ticarət mərkəzində yerləşən dükanına gəlmişdir. Onunla söhbət edib dərdləşən zaman Yusif ona demişdir ki, satışda dəyərindən ucuz qiymətə satılan tekstil malları vardır. Əgər həmin gömrük mallarını alsalar üzərinə daha çox pul qoyub baha qiymətə sata bilərlər və beləcə çoxlu qazanc əldə edəcəklər. O, həmin vaxtlar Yusifə güvəndiyindən Yusifdən bu məsələ barədə maraqlanmışdır. Həmin vaxt ona aydın olmuşdur ki, Yusifin tanışına məxsus tekstil mağazası bağlanıldığından mağaza sahibi satışda olan müxtəlif pərdə və lüstrları maya dəyərindən ucuz qiymətə satışa qoymuşdur. Lakin Yusif ona həmin tanışının kim olması ilə bağlı nəisə deməmişdir. Bundan sonra Yusif ona həmin lüstr və pərdələri ümumilikdə 10.000 manat ödəyib alıb sataraq iki qat qazanc əldə edəcəklərini bildirmişdir. O da Yusifə inanıb sonuncuya 10.000 manatı həmin lüstr və pərdələri alıb sataraq birlikdə daha çox qazanc əldə etməkləri məqsədilə verəcəyini bildirmişdir. Yusif ona söz vermişdir ki, ayın sonuna kimi həmin pərdə və lüstrları gətirəcək. O, Yusifə inandığı üçün və dəfələrlə Yusifə borca pul verib vaxtında aldığı üçün, həmçinin düşünmüşdür ki, bu dəfə də verdiyi sözün üstündə duracaq. Qeyd etmək istəyir ki, o, xx.xx.2020-ci il tarixdə şəxsi ehtiyacları üçün Unibankdan 10.000 manat məbləğində kredit götürmüşdür. Həmin puldan 5000 manatını xərcləmiş, 5000 manatı isə özündə qalmışdır. Həmin 5000 manat pulu mağazanın kassasından götürüb elə həmin gün yəni ki, 15 iyun 2020-ci il tarixdə Yusifə vermişdir. Yerdə qalan 5000 manat pulu isə təxminən 3 gün sonra, yəni ki, 18 iyun 2020-ci il tarixdə isə mağazanın kassasından 5000 manat pulu götürüb Yusiflə yenə də mağazasında görüşüb vermişdir. Həmin vaxtı mağazada heç kim olmamışdır. Bununla da o, ümumilikdə Yusifə 10.000 manat pul vermişdir. Yusif pulu ondan alandan da bir daha təkrar söz vermişdir ki, bir ay ərzində malları tanışından alıb gətirəcək və birlikdə sataraq qazanc əldə edəcəklər. Həmin gündən bir neçə gün sora o, Yusifdən zəng vurub mallar haqqında soruşduqda Yusif ona demişdir ki, xəstəxanadadır, burnundan əməliyyat olmuş, təxminən 10 günə xəstəxanadan çıxıb onunla əlaqə saxlayacaq. Təxminən 15-20 gün keçməsinə baxmayaraq Yusif onunla əlaqə saxlamadığı üçün, Yusiflə yenə əlaqə saxlamışdır. Yusif ona demişdir ki, nənəsi rəhmətə getmiş, hər şey üst-ustə gəlir, ona bir az vaxt versin. Yusifin danışıqlarından hiss olunmuşdur ki, ümumiyyətlə həmin lüstr və pərdələri alıb gətirmək fikri yoxdur. Sonuncu dəfə Yusiflə telefonla danışandan sonra Yusifin istifadəsində olan və onun Yusiflə həmişə əlaqə saxladığı ***-***-**-** saylı mobil nömrəsinə zəng çatmamışdır. Həmin vaxt öyrənmişdir ki, qızı Xəyalə Yusiflə tamamilə əlaqəni kəsmişdir. Bu vaxt o, artıq başa düşmüşdür ki, Yusif artıq qızı ilə münasibət qura bilməyəcəyini başa düşdüyündən artıq verdiyi pulları qaytarmamaq üçün onunla da əlaqəni kəsmişdir. Yusif əslən Zərdab rayonunun Dəliquşçu kəndindən olduğunu dediyi üçün o, Yusifi tapmaq üçün məcbur olub Zərdab rayonuna getmişdir. Dəliquşçu kəndində Yusifin əmisi evini tapmışdır. Əmisi ilə görüşüb Yusifi axtardığını demişdir. Əmisi isə dərhal başa düşmüşdür ki, Yusifi pula görə axtarır. Əmisinin deməsinə görə onun kimi çox adam Yusifi axtarır. Yusifin əmisi ona məsləhət bilmişdir ki, Yusifə verdiyi pulun arxasınca düşməsin. Çünki, heç kim Yusifdən pulunu ala bilmir, elə o da pulu ala bilməyəcək. Yusifi yaşadığı kəndlərində tapa bilmədiyi üçün əmisi sonuncunun istifadəsində olan yeni bir nömrəsi olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb onu Yusiflə danışdırmışdır. Telefon danışığı zamanı o, Yusifdən ona olan 10.000 manat borcunu istəmişdir. Yusif isə ona demişdir ki, ona borcu yoxdur, heç kəsdən pul almamışdır. O, Yusifi nə qədər dilə tutsa da, Yusif ondan pul almağını danmışdır. O da çarəsiz qalıb bir söz tapmamış və Bakı şəhərinə geri dönmüşdür. Bakıda olan zaman da bir neçə dəfə Yusifin yeni nömrəsinə zəng etmişdir. Yusif onunla çox sərt danışmış və ona demişdir ki “sənin iki qızını da tanıyıram, evinin yerini də bilirəm sənin 10.000 manat pul verməyinlə bağlı heç bir sübutun yoxdur əgər məni polisə şikayət eləsən evinizin yaxınlığında duracam qızlarının qabağını kəsib onları elə günə salacam ki, heç sən özündə onları tanımayacaqsan ağlını yığ başına otur oturduğun yerdə nə vaxt pulum olsa sənə özüm pulunu göndərəcəm.” Lakin pulu nə vaxt verəcəyini yenə deməmişdir. O da qızlarının başına nəisə gələcəyindən qorxub bir də Yusiflə əlaqə saxlamamış və sonuncudan polisə şikayət etmişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun bir neçə il öncə Riyad Ticarət mərkəzində mebel mağazası vardır. O, orada işləyən ərəfələrdə Zərərçəkmiş şəxs tanımış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs da həmin ərəfələrdə bir neçə dəfə Natəvanın Əliəskərovanın yanında, mağazasında görmüşdür. Onunla da arasında heç bir ədavət və düşmənçilik olmamışdır. O, Yusifi Natəvanın yanında gördüyündən sonuncudan bir neçə dəfə Yusifin kim olduğunu soruşmuşdur. Natəvanda ona Yusifin yan mağazada sürücü işlədiyini, lakin ona pul verdiyini və geri ala bilmədiyini bildirmişdir. O, onların pul alış verişini görməsə də, Natəvan həmin vaxt ona bu barədə demişdir. Bildiyinə görə Natəvan Yusifə pul versə də, Yusif almış olduğu pulu boynuna almayaraq qaytarmaqdan boyun qaçırmışdır. Deyə biləcəkləri bu qədərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun təxminən 2012-ci ildən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 73 ünvanında pərdə tül mağazası vardır. Həmin mağazada həm topdan həm də pərakəndə pərdə tül satışı ilə məşğul olur. Təxminən 2015ci ildən isə Zərərçəkmiş şəxs tanıyır. Elə həmin ildən bu yana Natəvana topdan pərdə tül satır. Onun Natəvanla münasibəti normaldır. Onunla aralarında heç vaxt ədavət və münaqişə olmamış və yoxdur. Natəvanla münasibəti yaxın olduğu üçün tez-tez Natəvan ondan borca pullar götürmüş və həmişə də dediyi vaxta borcunu qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, o, tez-tez Natəvanın Riyad ticarət mərkəzində yerləşən pərdə tül mağazasına getmişdir. Həm onunla dərdləşmiş, həm də onunla alış veriş işlərini görmüşdür. Yusifi də Natəvanın mağazasına gələndə bir neçə dəfə görmüşdür. Natəvandan Yusifin kim olduğunu və nəyə görə teztez mağazasında olduğunu soruşanda, Natəvan ona demişdir ki, yetim uşaqdır, qarşı mağazada sürücü işləyir, üstəlik də Natəvanın qızından xoşu gəlir. Natəvan Yusifdən danışanda Yusifin çox yaxşı insan olduğunu onu oğlu kimi çox istədiyini və gələckdə Yusifin elə yeznəsi olmaq arzusunda olduğunu demişdir. Yusifi çox istədiyi üçün də Yusifə hər cür maddi və mənəvi köməkliklər edir. Lakin o, Yusifi görəndən heç gözü su içməmişdir. Çox dələduz və yalançı adama oxşamışdır. O, Natəvana dəfələrlə Yusifdən uzaq durmağı demişdir. Hətta Natəvana demişdir ki, Yusif heç qızına da yaraşmır. X6 necə ovsunlamışdırsa Natəvan ona qulaq asmamışdır. Yusifə maddi yardımlar etməyə davam etmişdir. Hətta bir dəfə ondan 5000 manat borca pul almışdır. Borca pul alanda həmin pulu Yusifə verdiyini deməmişdir. Natəvan bilmişdir ki, ondan aldığı borcu Yusifə verdiyini bilsə o, pulu verməz. Natəvan ondan borc alandan təxminən 2-3 gün sonra həmin borcu ona qaytarmışdır. Pulu ona qaytaranda Natəvan ona bildirmişdir ki, həmin pulu Yusifə borc vermək üçün ondan almışdır. O, yenə də Natəvana Yusifə inanmamağı demişdir. Lakin Natəvan hipnoz olmuş kimi, Yusifə özü kimi inanmışdır. 2020-ci ilin yay ayları olardı, Natəvanla həmişəki kimi sonuncunun mağazasında görüşüb söhbətləşən zaman Yusif yenə də Natəvanın mağazasına gəlmişdir. Natəvan Yusifi görüb kassadan nəsə götürüb çölə çıxmışdır. Bir neçə dəqiqə sonra mağazaya qayıtmışdır. O, Natəvandan nə baş verdiyini soruşanda Natəvan demişdir ki, Yusif ucuz pərdə və lüstür gətizdirəcək, ona görə də Yusifə 5000 manat pul vermişdir. O, Natəvana Yusifə inanmamağı onu aldadacağını demişdir. Lakin Natəvan ona qulaq asmamışdır. Həmin gündən 1-2 ay sonra yenə də Natəvanla həmişəki kimi sonuncunun mağazasında görüşüb söhbətləşən zaman Natəvan ona demişdir ki, Yusif onu aldadaraq 10000 manat pulu ələ keçirmişdir. Natəvan ona bildirmişdir ki, ondan sonra da Yusifə daha 5000 manat pul vermişdir. Lakin Yusif onu aldadaraq söz verdiyi pərdə və lüstürü gətirməyib 10000 manat pulunu ələ keçirdiyini demişdir. O isə Natəvana məsləhət etmişdir ki, Yusif barəsində şikayət etsin. Deyə biləcəkləri bu qədərdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ildən 2019-cu ilədək Riyad ticarət mərkəzində yerləşən “Saloğlu” mebel salonunda həm satıcı, həmdə mağaza müdiri kimi işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs “Saloğlu” mebel mağazasında sürücü kimi işləmişdir. Onun Yusiflə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs da işlədiyi vaxtlardan tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onların mağazasının yaxınlığında pərdə mağazası işlətmişdir. Onların mağazaları yaxın olduğundan ara-sıra Natəvan mağazalarına gəlmişdir. Onun Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan söhbətlərdən o qədərdə məlumatı olmamışdır. Bildiyinə görə X1. Çünki Yusif bu barədə ondan soruşmuş, o da Xəyaləni yaxşı qız kimi tanıdığından Yusifə Xəyalənin elə yaxşı qız olduğunu demişdir. Bundan başqa tez-tez Yusif Natəvanın mağazasına gedib gəlmişdir. X5 arasında hansı danışıqların getməsindən xəbəri olmamışdır. X7 arasında olan danışıqlardan xəbəri olmamış, həmin danışıqların heç birində iştirak etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaqa təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özlərini təqsirli bilməməsi onunun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus özgə əmlakını, müvafiq məbləğlərdə pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq etməsini təsdiq və sübut edən kifayət qədər məlumatlar qeydə alınmış, sübutlar toplanmışdır, həmin sübutların mötəbərliyi isə şübhə doğurmur. Təqsirləndirilən şəxs sadəcə olaraq özünü müdafiə etmək məqsədilə, sözdə, ittihamı qəbul etmir, hansı ki, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş təkzibolunmaz sübutlarla təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam olaraq öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəyərək, onunula barışıq əldə etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onların təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxsə aidiyyəti olmuşdur və onunun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, mübahisənin mülki xarakterli olması ilə bağlı qənaətə gəlinməsi üçün hüquqi əsaslar yoxdur, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, onlar, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxslər niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə onlar, hər bir zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə cəlb olunur. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizəsində cinayət nəticəsində vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ona tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını bəyan etmişdir. Lakin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxsnın ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut yoxdur, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, həbsdə saxlamanın 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnın üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsnın cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar