Məhkəmə qərarları › İş №1(012)-56/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-56/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-56/2025 20.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonu, İsmayıllı şəhəri, Əliağa Vahid küçəsi ev 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə saat 04 radələrində “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər Şəhərciyi” yaşayış kompleksi ərazisində satış məqsədi olmadan, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd qara rəngli kağız bükümdə ümumi təmiz çəkisi 1,628 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,404 qram və 1,224 qram olan narkotik vasitə heroini 60 manat müqabilində qanunsuz əldə edib əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 29 avqust 2023-cü il tarixdə saat 07:00-də Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi ərazisində saxlanılaraq Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və saat 08:30-dan 08:50-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən həmin 0,404 qram və 1,224 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 29 avqust 2023cü il tarixdə saat 07:00-də Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi ərazisində saxlanılaraq Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir, üzərində narkotik vasitə olmamışdır, polis tərəfindən üzərinə qoyulmuşdur. Belə ki, 29 avqust 2023-cü il tarixdə saat 04 radələrində “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxs ona narkotik vasitəni göndərmiş, binanın ərazidə nömrəsini xatırlamadığı binanın yaxınlığında divarın dibinə qoyduğunu demişdir, dediyi əraziyə gəlmişdir. O, həmin narkotik vasitəni götürmək üçün gedərkən polis onu yaxalamışdır. Əslində isə həmin vaxt üzərində hər- hansı narkotik vasitə olmamışdır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, hal- hazırda ailəsi ilə birlikdə İsmayıllı rayonu, İsmayıllı şəhəri, Əliağa Vahid küçəsi ev 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Bundan əvvəl məhkumluğu olmamışdır.Müxtəlif narkotik vasitə və psixotrop maddələrdən əsasən də narkotik vasitə olan heroindən istifadə edir.Öz istifadəsi üçün narkotik vasitəni və psixotrop maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Narkotik vasitə heroini əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 04 radələrində “İnstagram” sosial şəbəkəsində olarkən bir nəfər tanımadığı şəxslə tanış olmuşdur. Söhbət zamanı həmin şəxsin narkotik vasitə aludəçisi olduğunu görmüşdür. Həmin şəxlə söhbət edən zaman narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu ona demişdir. O da həmin şəxsə narkotik vasitə olan “heroin”dən istifadə etdiyini demişdir. Həmin şəxs ona 60 manat müqabilində narkotik vasitə olan heroin təşkil edə biləcəyini demişdir. O da həmin şəxslə razılaşmışdır. Həmin şəxs ona şifahi şəkildə dediyi kart hesabına 60 manat pul göndərməyini və bundan sonra ona narkotik vasitə heroin təşkil edə biləcəyini demişdir. O da onunla razılaşaraq onun dediyi kart hesabına 60 manat pul göndərmişdir. Daha sonra Abşeron rayonu Xırdalan şəhərinə gələrək onun dediyi kart hesabına tanımadığı marketlərdən birində olan “Million” aparatı vasitəsi ilə 60 manat pul vurmuşdur. Daha sonra sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxslə əlaqə saxlayan zaman həmin şəxs ona narkotik vasitəni Abşeron rayonu, Xırdalan şəhərində, “Abşeron Gənclər Şəhərciyi” adlanan ərazidə nömrəsini xatırlamadığı binanın yaxınlığında divarın dibinə qoyduğunu demişdir. O da xx.xx.2023-cü il tarixdə saat 06:50 radələrində onun dediyi əraziyə gəlmişdir. Həmin şəxsin ona dediyi yerə yaxınlaşan zaman onun dediyi narkotik vasitəni gördü. Qara rəngli siqaret kağızına bükülmüş bükümü açıb içərisində heroin olduğundan əmin olmuşdur. Həmin narkotik vasitəni götürüb əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, ondan istifadə etsin. Daha sonra “Abşeron Gənclər Şəhərciyi”yində binaların arxasına keçmişdir ki, həmin narkotik vasitəni istifadə etsin. Bu zaman Post Patrul Xidmətinin əməkdaşlarının ona yaxınlaşdığını görərək cibində narkotik vasitə olduğundan özünü itirmişdir və qaçmağa başlamışdır.Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər ondan şəxsiyyətini təsdiq edən sənədi verməyi tələb etmişlər və nə üçün onları görən kimi qaçdığını soruşmuşlar.O da şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmadığını, bundan başqa narkotik vasitə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq narkotik vasitə olduğunu bildirərək qorxudğundan qaçdığını bildirmişdir.Daha sonra polis əməkdaşları onun razılığını alıb Abşeron RPİ-nə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq narkotik vasitə olduğunu bildirir. Daha sonra ona müdafiəçi dəvət etmişdirlər. O isə təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl iondan üzərində qanunsuz olaraq hər hansı əşya və predmet varsa təqdim etməsini bildirmişlər. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 02 ədəd qara rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Bükülüdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat təxminən 04 radələrində İnstagram” sosial şəbəkəsində tanımadığı şəxsin dediyi kart hesabına 60 manat pul göndərdikdən sonra onun 06:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər Şəhərciyi” yaşayış kompleksi ərazisində qoyduğu yerdən özü istifadə etmək üçün aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi iki ədəd qara rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Onun üzərinə sadəcə Abşeron RPİnin inzibati binasında vəkilin iştirakı ilə baxış keçirilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidmətinin polis nəfəri polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə 1 saylı piyada marşrutda iş yoldaşı Şahid2 ilə birlikdə saat 06:45 radələrində Abşeron Rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını və onları görən kimi qaçmağa başladığını görərək həmin şəxsi saxlayıb ona yaxınlaşıb özlərini təqdim etmişdirlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə həmin şəxs üzərində heç bir sənəd olmadığını bildirmişdir. Həmin şəxsdən adını soruşduqdan həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu onlara demişdir.Təqsirləndirilən şəxs niyə uzaqlaşdığını soruşduqda həmin şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq narkotik vasitə heroin olduğunu və ona görə də uzaqlaşdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığını alıb onu avtopatrulla Abşeron RPİ-nə dəvət etmişdilər.Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməyib rayon polis idarəsinə gəlmişdir. Polis idarəsində həmin şəxsin şəxsiyyətini dəqiqləşdirən zaman məlum olmuşdur ki, onun adı Təqsirləndirilən şəxsdur. Burada Təqsirləndirilən şəxs bir daha üzərində narkotik vasitə olduğunu və ona görə də onları görən kimi qaçdığını bildirmişdir. Abşeron rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçı İsmət Musayevin inzibati otağında ona hüquqları izah olunaraq müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinin inzibati binasında təhqiqatçı İsmət Musayev və müdafiəçi Rəhim Abbas-zadə nin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs da əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində 02 ədəd bükümdə siqaretin qara rəngli kağızına bükülmüş tünd qəhvəyi rəngli, tozşəkilli maddə, spesifik qoxuya malik narkotik vasitə heroin olan bükümləri çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümün nə olduğu və həmin bükümü hardan aldığı soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində aşkar olunmuş bükümün “kokos” adlanan narkotik vasitə heroin olduğunu və həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 04 radələrində İnstagram” sosial şəbəkəsində tanış olduğu lakin adını və digər anket məlumatlarını bilmədiyi, tanımadığı şəxsin göndərdiyi kart hesabına 60 manat pul göndərdikdən sonra onun 06:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər Şəhərciyi” yaşayış kompleksi ərazisində qoyduğu yerdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı Şahid2, ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 29 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4594 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,404 qram, 1,224 qram ümumi təmiz çəkiləri 1,628 qram olan qəhvəyi rəngli, maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi –1,628 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq –1,528 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5708 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya,intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq,narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 2484 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyi müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini dərk etmək, cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarına əlavə edilmiş şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd qara rəngli siqaret kağızı bükümündə içərisində narkotik vasitə heroin olan büküm aşkar edilərək götürülmüşdür. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd qara rəngli siqaret kağızına bülkülmüş içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli, tozşəkilli maddə olan bükümlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə saat 08:10-da şübhəli şəxs qismində tutulmuş, 30 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs olunmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanmalı, cəzasının əvvəli hökm çıxarılan gündən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,528 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 1,528 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, İsmayıllı rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar