Məhkəmə qərarları › İş №1(012)-560/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-560/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-560/2023 24.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən fərdi evdə yaşayan, məhkəmə istintaqında barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126.1 -ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə saat 16 radələrində tanışı Şahid idarə etdiyi “Qazel” markalı ** XH *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilində Abşeron rayonu Güzdək qəsəbəsi ərazisində hərəkətdə olan zaman salonda onun sağında əyləşmiş Zərərçəkmiş şəxs ona yığdıqları dəmir tullantılarının hesabını apardıqları kitabçanı çırmasını irad tutması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla qəsdən bir dəfə sonuncunun sifət nahiyəsindən vurduqdan sonra avtomobilin qapısını açaraq təpiklə vurub onu avtomobildən yerə yıxmış, nəticədə Zərərçəkmiş şəxs sol ayağı hərəkətdə olan avtomobilin arxa sağ təkərinin altında qalaraq sol qamış sümüyünün orta 1/3-nin, sol incik sümüyünün aşağı 1/3-nin və iç topuq sümüyünün qapalı, qəlpəli yerdəyişən sınıqları, sol diz, sağ çiyin, sağ dirsək nahiyəsinin sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4 ildir ki, tanıyır. Ramil onunla qonşuluqda yaşayır. Əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, Ramillə və tanışı Mehdi ilə boş vaxtlarında tullantı dəmirləri yığıb metal qəbul edilən yerə verərək pul qazanırlar. 08 iyul 2022-ci il tarixdə saat təxminən 16 radələrində Ramil və Mehdi ilə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində tullantı dəmirləri yığmaq üçün Mehdinin idarə etdiyi “Gazel” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla torpaq yolla daş karxanası istiqamətində saatda 40-50 km sürətlə hərəkət etmişlər. Həmin vaxt avtomaşını Mehdi idarə etmişdir. Salonda o, ortada Ramil isə sağda əyləşmişdir. Həmin vaxt o, yığdıqları dəmir tullantılarının hesabını apardıqları kitabçanı cırmışdır. Ramil bu hərəkətinə görə ona öz iradını bildirmişdir. Bundan sonra avtomaşının salonunda aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı onlar tutaşmışlar. Sonra o, Ramilin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Daha sonra əsəbi olduğu üçün avtomobilin qapısını açaraq Ramili təpik zərbəsi ilə vuraraq avtomaşından yerə atmışdır. Yerə yıxıldıqda Ramilin sol ayağı həmin avtomaşının arxa sağ təkərinin altında qalmışdır. Mehdi avtomaşını dərhal saxlamış və onlar birlikdə avtomobildən düşərək Ramilin yanına gəlmişlər. Ramilin xəsarət aldığını gördükdə Ramili avtomaşına əyləşdirərək Respublika Kliniki Xəstəxanasına aparmışlar. Xəstəxanada Ramilə tibbi yardım göstərilmişdir.hazırda dəymiş ziyan tərəfindən ödənilmişdir, özünün təqsirli bilir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi evdə yaşayır.Bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir tanıyır. Sərxan onunla qonşuluqda yaşayır. Əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, Sərxanla və tanışı Mehdi ilə boş vaxtlarında tullantı dəmirləri yığıb metal qəbul edilən yerə verərək pul qazanmışlar. 08 iyul 2022-ci il tarixdə saat təxminən 16 radələrində Sərxan və Mehdi ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində tullantı dəmirləri yığmaq üçün Mehdinin idarə etdiyi “Gazel” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla torpaq yolla daş karxanası istiqamətində saatda 40-50 km sürətlə hərəkət etmişlər. Həmin vaxt avtomaşını Mehdi idarə etmişdir. Salonda Sərxan ortada o, isə sağda əyləşmişdir. Həmin vaxt Sərxan yığdıqları dəmir tullantılarının hesabını apardıqları kitabçanı cırmışdır. Sərxanın bu hərəkətinə görə o, Sərxana öz iradını bildirmişdir. Bundan sonra avtomaşının salonunda aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Sərxan qəflətən onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Sonra avtomobilin qapısını açaraq onu təpik zərbəsi ilə avtomaşından yerə atmışdır. Yerə yıxıldıqda onun sol ayağı həmin avtomaşının arxa sağ təkərinin altında qalaraq sınmışdır. Mehdi avtomaşını dərhal saxlamış və Sərxanla birlikdə düşərək yanına gəlmişdir, onun xəsarət aldığını gördükdə onu avtomaşına əyləşdirərək Respublika Kliniki Xəstəxanasına aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Sərxan onun xəstəxana xərclərini ödəyəcəyinə dair söz verdiyi üçün o, xəstəxanada yıxılaraq xəsarət aldığını demişdir. Sonradan Sərxan xərclərini ödəmədiyi üçün o, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Dəymiş ziyan ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, şəhər şossesi döngə 5 ünvanında yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, boş vaxtlarında Sərxanla və Ramillə birlikdə tullantı dəmirləri yığıb metal qəbul edilən yerə verərək pul qazanmışlar. 08 iyul 2022-ci il tarixdə saat təxminən 16 radələrində Sərxan və Ramillə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində tullantı dəmirləri yığmaq üçün onun idarə etdiyi “Gazel” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla torpaq yolla daş karxanası istiqamətində saatda 40-50 km sürətlə hərəkət etmişlər. Həmin vaxt avtomaşını o, idarə etmişdir. Salonda Sərxan ortada Ramil isə sağda əyləşmişdir. Həmin vaxt Sərxan yığdıqları dəmir tullantılarının hesabını apardıqları kitabçanı cırmışdır. Sərxanın bu hərəkətinə görə Ramil Sərxana öz iradını bildirmişdir. Bundan sonra avtomaşının salonunda aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı onlar tutaşmışlar. X5 sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Daha sonra avtomobilin qapısını açaraq onu təpik zərbəsi ilə vuraraq avtomaşından yerə atmışdır. Ramilin yıxıldığını görən kimi dərhal əyləci basmışdır. Avtomobildən düşərək Ramilə yaxınlaşmışdır. Ramil sol ayağını hər iki əli tutaraq sındığını demişdir. O, Sərxanla köməkləşərək Ramili avtomobilə əyləşdirmişlər və Respublika Kliniki Xəstəxanasına aparmışlar. Xəstəxanada Ramilə tibbi yardım göstərilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Nərmanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2.-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. Ekspertin xx.xx.2022-ci il tarixli 44 Ə nömrəli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol qamış sümüyünün orta 1/3-nin, sol incik sümüyünün aşağı 1/3-nin və iç topuq sümüyünün qapalı, qəlpəli yerdəyişən sınıqları, sol diz, sağ çiyin, sağ dirsək nahiyəsinin sıyrıqları küt əşya (əşyalat) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomaşının təkəri ilə bər küt əşya arasında sıxılması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ancaq ona həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmadığından 20 noyabr 2022-ci il tarixdə barəsində axtarış elan edilərək Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. 24 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 26 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna vəsatətlə müraciət edilmişdir. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov Təqsirləndirilən şəxs müsbət xarakterizə olmasını və işin digər hallarını nəzərə alaraq həbs qətimkan tədbiri ilə bağlı vəsatəti təmin etməyərək həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz olunmasını məqsədə müvafiq hesab etmiş və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən həbsdən azad olunması və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 220271233 nömrəli cinayət işi üzrə icraat 08 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2023- cü il tarixdə tərəfimdən ********* saylı cinayət işinin icraatı təzələnərək istintaqı davam etdirilmişdir. Məhkəmə istintaqına gəlmədiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbri ləğv edilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron rayon RPİ Qobu PB-nə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı, dərhal məhkəmə zalında həbsdən azad edilməlidır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar