Məhkəmə qərarları › İş №1(012)-562/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-562/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-562/2021 03.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Cəbrayıl rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,393 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanuni ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxil olan 0,357 qram psixotrop maddə metamfetamini 55 manat pul müqabilində əldə edib daşımaqla üzərində saxlamış, 06.07.2021-ci il tarixdə saat 22:50-də Abşeron RPİ-nin NMQ-un əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF» park yaşayış kompleksinin ərazisində saxlanılıb Abşeron RPİ-nin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş 0,393 qram çəkidə narkotik vasitə olan heroin və şalvarının eyni cibindən bir ədəd şəffaf sellofanın içərisində çəkisi 0,357 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 12 ünvanda ailəsi ilə birlikdə yaşayır. Tutulmazdan təxminən 6 ay əvvəldən narkotik vasitə olan heroindən və psixatrop maddə olan metafetamindən istifadə edir. 06.07.2021-ci il tarixdə təxminən saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri AAAF Park yaşayış kompleksinin yaxınlığında olan zaman orada tanımadığı bir şəxsə yaxınlaşaraq narkotik vasitə olan heroin və psixatrop maddə olan metafetaminin lazım olduğunu demiş, həmin şəxs də heroin və metafetamin olduğunu bildirmişdir. Bundan sonra o, həmin tanımadığı şəxsə 55 (əlli beş) manat pul verib 1 ədəd şəffaf sellofanın içərisində olan narkotik maddə metafetamini (şüşə) və 1 ədəd şəffaf selofanın içərisində olan narkotik vasitə heroini (kakos) öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. 06.07.2021-ci il tarixdə təxminən saat 22-23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri AAAF Park yaşayış kompleksində olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim edib onun narkotik maddənin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib, onu polis idarəsinə dəvət etmişlər. O heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-də olduğu zaman üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi ona izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. O, üzərində narkotik vasitə olduğunu bildirmiş, sonra onun üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona üzərində qanunla dövriyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmaması, varsa təqdim etməyi təklif edilmişdir. O da əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı 1 ədəd şəffaf selofanın içərisində olan narkotik maddə metafetamini (şüşə) və 1 ədəd şəffaf selofanın içərisində olan narkotik vasitə heroini (kakosu) təqdim etmişdir. Sonra həmin təqdim etdiyi narkotik maddələr olan bükümlər onun iştirakı ilə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, üzərindən aşkar edilmiş maddə çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəkdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. O, polisə də üzərindən aşkar olunmuş narkotik vasitə heroini və metafetamini tanımadığı şəxsdən hər iki bükümü birlikdə 55 manata özü istifadə etmək üçün alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitədən heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə verməmiş, öz istifadəsi üçün üzərində saxlamışdır. Ona narkotik maddələri satan şəxsi ilk dəfə görmüş, tanımır, əlamətlərini unutmuş, görsə belə tanıya bilməz. Üzərində aşkar olunmuş narkotik vasitədən əlavə, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamış, onun narkotik vasitə heroini və metafetamini əldə etməyindən heç kimin xəbəri olmamışdır. Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 12-ci binada yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupunun üzvləri, o və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin edilmişlər. Əməliyyat qrupunun iştirakı ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdən sonra 06.07.2021-ci il tarixdə saat 22:20-də Abşeron rayonu, Xırdalan şəhəri AAAF Park yaşayış kompleksinin ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qəbulunda şübhəli olduğunu bildirib birlikdə Abşeron RPİ-nə getməsini tələb etmişlər. Bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarala birlikdə polis idarəsinə gəlmişdir. Polis İdarəsində raportla rəhbərliyə məruzə edilmiş, TŞ-nin baş təhqiqatçı, polis mayoru X2 xidməti otağında video çəkilişlə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması barədə soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı iki ədəd bükümləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən bir ədəd şəfaf selofanın içərisində olan maddənin narkotik narkotik maddə metamfetaminin (şüşə) olduğunu, bir ədəd şəfaf selofanın içərisində olan vasitənin heroin (kakos) olduğunu, həmin maddələri 06.07.2021ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksinin yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 55 manat pul müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya aşkar edilməmiş, aşkar edilmiş bükümlər qablaşdırılaraq möhürlənmiş və müvafiq qaydada sənədləşdirilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitə və maddəni əldə etdiyi şəxsin və mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 digər şahid Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan 06.07.2021-ci il tarixli şəxsi «axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf selofanın içərisində olan maddənin narkotik narkotik maddə metamfetaminin (şüşə) olduğunu, bir ədəd şəfaf selofanın içərisində olan vasitənin heroin (kakos) olduğunu deyib həmin bükümləri təqdim edərək həmin vasitə və maddəni 06.07.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksinin yaxınlığında tanımadığı şəxsdən 55 manat pul müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm qablaşdırılaraq möhürlənmiş və müvafiq qaydada sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materillarında olan şəxsi axtarış və götürmə barədə 06.07.2021-ci il tarixli videogörüntüyə baxış keçirilmiş və məhkəmə prosesində tədqiq olunmuşdur İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 07.07.2021-ci il tarixli, 6/2710 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,393 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,357 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroinin təmiz çəkisi - 0.393 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq - 0.343 qram. metamfetaminin təmiz çəkisi - 0.357 qram, tədqiqata sərf edildi - 0.050 qram, qalıq - 0.307 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18.09.2021-ci il tarixli, 3509 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Əbülfət oğlunda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14.12.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi - 0,393 qram, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq - 0,343 qram narkotik vasitə heroin və təmiz çəkisi – 0,357 qram, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq - 0,307 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan 2 saylı Abşeron rayon MKİS-nin rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X3 rayonunda məcburi köçkündür və ünvan 3 ünvanında müvəqqəti qeydiyyatdadır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan 16.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, residiv olmasa da əvvəllər məhkum olunmasını onun şəxsiyyətini müəyyən edən hal kimi və təqsirləndirilən şəxsin yaşayış yerinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 06.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08.07.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 08.07.2021-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxs Əliyev X5 RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” barədə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16.08.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 16.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14.09.2021-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, icraat təzələnərək barəsində seçilmiş polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri qüvvədə saxlanılaraq 16.09.2021-ci il tarixdə Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 04 (iki) gün müddət cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 06.07.2021-ci il tarixdən 08.07.2021-ci il tarixədək, habelə 14.09.2021-ci il tarixdən 16.09.2021-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 04 (dörd) gün cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı cəzaçəkməsinin əvvəli 03.12.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq 0,343 qram narkotik vasitə olan heroin və tədqiqata sərf edildikdən sonra qalıq 0,307 psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 06.07.2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82 (səksən bir manat səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 48 (qırx səkkiz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 288 (iki yüz səksən səkkiz) manat məbləğində, məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 04 (dörd) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli məhkəmə zalında həbs olunduğu 03.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi malicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 81,82 (səksən bir manat səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 0,343 qram narkotik vasitə olan heroin və tədqiqata sərf edildikdən sonra qalıq 0,307 psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 06.07.2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 48 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 288 (iki yüz səksən səkkiz) manat məbləğində, məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar