Məhkəmə qərarları › İş №1(012)-562/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-562/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-562/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi – Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət verən şəxs X2, təqsirləndirilən şəxs –X1,əməli törətmiş şəxsin müdafiəçisi Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1977-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi işlə məşğul olan, Şamaxı rayonu, Qələybuğurq kəndində qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli kəndi, Abşeron küçəsində fərdi evdə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Məmmədli kəndi, Abşeron küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Firudin qızı ilə arasında, yaşadıqları evə sərxoş vəziyyətdə gəldiyi üçün ailə münasibətləri zəmində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Kəmalə Soltanovanın əvvəlcə əli ilə sifət nahiyəsinə, daha sonra isə lapatkanın dəmir hissəsi ilə baş nahiyəsinə vurmaqla, başın sol alın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən, sağlamlığın qıssa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 1997-ci il tarixdə Şamaxı rayonunda ailə qurmuş, üç övladları var. 2010-cu il tarixindən isə Abşeron rayonu, Məmmədli kəndində yaşayırlar. O, fəhlə kimi işləmiş, arvadı Zərərçəkmiş şəxs isə evdar qadındır. Bir oğlu hərbi qulluqdadır, digər iki oğlu isə işləyərək evi maddi cəhətdən təmin edirlər. O, mütamadi olmasa da, həftənin 5 günü işdən sonra yorğun olduğu üçün axşamlar spirtli içki qəbul edir, bu səbəbdən də evdə ailədə narazılıqlara səbəb olur. Zərərçəkmiş şəxs ona spirtli içki qəbul etdiyi üçün dəfələrlə irad bildirmiş, bu səbəbdən aralarında mübahisələri olmuş, lakin polisə şikayət olunmamışdır. xx.xx.2023-cü il tarixdə o, Sabunçu rayonu, Zabrat qəsəbəsində fəhlə kimi işləmiş, sonra spirtli içki qəbul etmiş və həmin gün saat 21 radələrində evə sərxoş halda gəlmişdir. Onu qapıda qarşılayan arvadı Zərərçəkmiş şəxs yenədə spirtli içki qəbul etməyinə görə ona irad bildirmişdir. Bu səbəbdən mübahisələri yaranmış, mübahisə zamanı Kamalə ona cavab qaytardığı üçün onun sifət nahiyəsinə sillə ilə vurmuşdur. Sonra Kamalə evdən qaçıb həyətə çıxmış, o da onun arxasınca həyətə çıxmış, Kəmalənin polislə danışıb onu şikayət etdiyini eşitmiş və ona əsəbləşib evin divarına süykənmiş beli (lapatkanı) götürüb onu qorxudmaq məqsədi ilə lapatkanı başına tərəf fırlatmışdır. Lakin lapatqanın dəmir uc hissəsi Kəmalənin baş nahiyyəsinə dəymişdir. Nəticədə Kəmalənin baş nahiyəsinə xəsarət yetirmiş və onun başından qanı axıb sifətinə yayılmışdır. Həmin vaxt oğlu Elnur gəlib onun əlindən lapatkanı almış, onu isə evə gətirib sakitləşdirmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib onları polis bölməsinə aparmışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkənlə barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Firudin qızı bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. 1997-ci ildə Təqsirləndirilən şəxsla rəsmi qaydada ailə həyatı qurmuş, birgə nigahdan üç övladı var. Əvvəl Şamaxı rayonunda yaşasalarda, sonradan Abşeron rayonu, Məmmədli kəndinə köçüb orada yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs fərdi tikintilərdə fəhlə kimi işləmiş, pul qazanan kimi spirtli içki alıb qəbul edərək sərxoş halda evə gəlib səbəbsiz yerə onunla mübahisə edərək dəfələrlə onu düyüb xəsarət yetirmiş, lakin ondan şikayət etməmişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən evində olarkən saat 21:30-da əri Təqsirləndirilən şəxs yenədə evə sərxoş halda gəlib onun ünvanına səbəbsiz yerə nəlaiq ifadələr işlətməyə başlamış, həmin vaxt evdə oğlu Şahid da olmuşdur. Elnur atası Asimi sakitləşdirməyə çalışsa da, lakin Asim sakitləşməmiş və onun sifət nahiyəsinə bir sillə vurmuşdur. Həmin vaxt oğlu Elnur atası Asimi tutub saxlamış, o tez evdən həyətə çıxmışdır. Həyətdə olarkən telefonla DİN-nin “102” xidmətinə zəng vurub özünü təqdim edib polis gündərmələrini bildirmişdir. Məlumatda onlarda münaqişə olduğunu demiş, həmin vaxt Asim Elnurun əlindən çıxıb həyətə gələrək divara söykənmiş lapatkanı götürüb dəmir uc hissəsi ilə onun baş nahiyəsindən vurmuş, o həmin vaxt “102” xidmətində olan qızla danışarkən məlumatı qəbul edən xanıma daha “məni öldürdü” deyib telefonu sündürüb başından qan gəldiyini görmüşdür. Sonra ayağa qalxıb küçəyə tərəf qaçmış, polis əməkdaşları gəlib onu və Asimi polis bülməsinə aparmışlar. Baş vermiş münaqişənin Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evdə baş verdiyini, münaqişənin təxminən 10- 15 dəqiqə davam etdiyini, həmin vaxtı evdə oğlu Elnurun olduğunu, başqa şəxsin olmadığını, mübahisə vaxtı o və oğlu Elnur əri Asimi vurmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs onunla əvvəllər də münaqişə və ya mübahisə olduğunu, lakin şikayət etmədiyini bildirmişdir.Hazırda əməli törətmiş şəxslə barışmışlar, ona qarşı hər hansı şikayəti, tələbi yoxdur.Odur ki, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. O, ərizə ilə məhkəməyə müraciət edərək əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi qalmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun anası və Təqsirləndirilən şəxs isə atasıdır. Onlar Abşeron rayonu, Məmmədli kəndində bir evdə yaşayırlar. Atası Asim fəhlə kimi işəyir, lakin maddi cəhətdən evə o və qardaşı köməklik edirlər. Atası Təqsirləndirilən şəxs mütamadi olaraq spirtli içki qəbul edir və evdə anası Kamalə ilə mübahisə yaradır. xx.xx.2023-cü il tarixdə saat 21:30-da Məmmədli kəndində yerləşən evlərində kompyuter arxasında olarkən atası Asimin evə sərxoş halda gəldiyini görmüş və heç bir səbəb olmadan anası Kamaləyə qarşı nalayiq ifadələr işlətmişdir. O, atasına tərəf gələndə onun anası Kamaləyə bir sillə vurduğunu görmüş, tez atasını tutub sakitləşdirməyə çalışdırıb anası Kamalə isə həmin vaxt evdən həyətə qaçıb getmişdir. Sonra atası Asim əlindən çıxıb həyətə anasının arxasınca getmiş, o da onun arxasınca getmiş, həyətdə anası telefonla danışarkən atası Asim evin divarına süykənmiş halda olan lapatkanı götürüb anası Kəmalənin baş nahiyəsinə vurmuş, o tez ona çataraq ikinci dəfə vurmaq istəyərkən onun əlindən lapatkanı almışdır. Anası Kəmalənin sifəti qan olmuş, o, küçəyə qaçıb getmişdir. Bundan sonra o atasını tutub saxlamış, bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib onları polis bölməsinə aparmışlar. Polis bölməsində TTY çağırılmış, anasını KTM-nə aparıb orada tibbi yardım göstərilmiş, xx.xx.2023-cü il tarixdə Məmmədli kəndində yerləşən evlərində atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxsm vurarkən orada ondan başqa şəxsin olmadığını, kənardan qonşulardan gələn-görən olmadığım, mübahisənin isə 3-5 dəqiqə davam etdiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 862 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Abşeron rayonu, Məmmədli kəndi, Abşeron küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Firudin qızının məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər başın sol alın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk-küt əşyanın təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı lapatka zərbəsi təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Hadisənin baş verdiyi yerə baxış keçirilərək foto-şəkillər çəkilmiş və müvafiq qaydada protokol tərtib olunaraq məhkəməyədək sadələşdirilmiş icraat işinə əlavə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 862 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Abşeron rayonu, Məmmədli kəndi, Abşeron küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Firudin qızının məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın sol alın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk-küt əşyanın təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı lapatka zərbəsi təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn şiayət verən şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və şikayət verən şəxs şəxs Zərərçəkmiş şəxs Firudin qızı arasında barışıq əldə olunması, sonuncunun əməli törətmiş şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması və hər ikisinin məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edən ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş əməli törətmiş şəxsin müdafiəçisi Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar