Məhkəmə qərarları › İş №1(012)-564/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-564/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-564/2024 01.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, xüsusi ittihamçının nümayəndəsi vəkil Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə audio və video yazı aparılmaqla açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-868/2023 nömrəli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 vəkili X3 vəsatəti təmin edilmiş, məhkəmə hazırlıq iclasında olan həmin şəxsin Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarla məhkəmənin gəldiyi qənaətə görə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240C, blok 02, mənzil 57 ünvanında qeydiyyatsız yaşayır, ona görə şikayətə dair işə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi kimi Abşeron Rayon Məhkəməsində baxılmalıdır. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: İş materialı məhkəməyə daxil olduqdan sonra, xx.xx.2024-cü il tarixdə xüsusi ittihamçının nümayəndəsi vəkil Müdafiəçi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında X5 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət olunaraq, X2 Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs X2 müdafiəçisi tərəfindən verilmiş vəsatət əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-8682023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilmiş, tərəfindən X4 qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinin və ona əlavə olunmuş sənədlərin baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işi məhkəmənin icraatındadır. Aşağıdakılara əsasən həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi qərar qəbul edərkən Abşeron City MTK tərəfindən verilmiş arayışı əsas tutmuşdur. Qeyd edilənlərə əsasən, hesab edir ki, aidiyyət qaydaları pozulduğuna görə işə apellyasiya instansiya məhkəməsi hüquqi qiymət verməlidir. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi vəkil Müdafiəçi sözügedən ərizəsinin dəlillərini müdafiə edib şikayət ərizəsinin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin və müdafiəçisinin iştirakları olmadan hazırkı mərhələdə məhkəmə iclasının keçirilməsini və aidiyyətlə bağlı mübahisənin həllini mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittihamçını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, xüsusi ittiham qaydasında işin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Belə ki, iş materiallarının öyrənilməsi ilə, eləcə də məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X5 ilə dost münasibətləri olmuşdur. Çinarə Quliyevaya mütəmadi olaraq maddi yardım etmiş, həçmçinin “Tik-Tok” sosial şəbəkəsində virtual dəstək olmuşdur. Sonradan aralarında olan münasibət pisləşdiyindən Çinarə Quliyeva onun barəsində xx.xx.2023-cü il tarixində “Tik-Tok” sosial şəbəkəsində həqiqətə uyğun olmayan, məlumatlar yayaraq, guya onu döyməsini, bədən xəsarətləri yetirməsini, qanunsuz azadlıqdan məhrumetmə tətbiq etməsini və sair məlumatlar yayaraq böhtan atmışdır. Onun belə böhtan xarakterli məlumatı və görüntüləri “Youtube” kanallarında və digər media vasitələrində dərc olunaraq yayılmışdır. Xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs X2 vəkili X6 məhkəməyə müraciət edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 yaşayış yerinin ünvan 2 ünvanı olmasını vurğulayaraq xüsusi ittiham qaydasında şikayətə baxılması üçün aidiyyəti üzrə yaşayış yeri olan Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-868/2023 nömrəli qərarı ilə vəsatəti təmin edərək iş materiallarının baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240C, blok 2, mənzil 57 ünvanında qeydiyyatsız yaşamasını bildirsə də, ünvan 3 ünvanda qeydiyyatdadır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. -Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar bir məhkəmədən digərinə əsaslandırılmış qərarla göndərilməlidir. Məhkəmə digər məhkəmədən aidiyyət qaydasında göndərilmiş cinayət işini və ya digər materialı mübahisəsiz, şərtsiz olaraq icraatına götürməlidir. Lakin, bu, heç də o demək deyildir ki, cinayət işini və ya digər materialı alan məhkəmə aidiyyət qaydaları pozulmuş olsa da belə, həmin işə və ya digər materiala hökmən baxmalıdır, çünki Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsi və CPM-in 29-cu maddəsi məhkəmə aidiyyətinin qanunsuz olaraq pozulmasını qadağan edir, həmin norma işin və ya digər materialın göndərildiyi məhkəməyə həmin işi və ya materialı geri qaytarmağı qadağan edir. Ona görə də işi və ya digər materialı digər məhkəmədən almış məhkəmə hazırlıq iclası zamanı işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə dərhal öz qərarı ilə həmin işi və ya materialı məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməlidir. Apellyasiya instansiyası məhkəməsinin sədri öz qərarı ilə həmin işi və ya digər materialı aid olduğu məhkəməyə göndərəcəkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı qeyd edilmiş Qərarından da göründüyü kimi kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə internet informasiya ehtiyatlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı nəzərdə tutulur, hüquqi ünvanı məlum olmadıqda isə barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət məhkəmənin hazırlıq iclası mərhələsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi əsassız olaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 digər rayonun ərazisində Abşeron City MTK tərəfindən verilmiş arayışı əsasında qeydiyyatsız yaşamasını əsas kimi qəbul edilməklə, işin aidiyyəti üzrə göndərilməsi qərara alınmış, bu zaman işin yuxarıda istinad olunan faktiki halları, X2 ünvan 3 ünvanda qeydiyyatda olmasını və eyni zamanda kütləvi informasiya vasitələrində və ya internet informasiya ehtiyatlarında şəxsin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyata alınmasını nəzərə alınmamış, cinayətin törədildiyi yerin Abşeron rayonunun ərazisi olması barədə əsassız nəticəyə gəlinmişdir. Beləliklə yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-868/2023 qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, aidiyyət ilə bağlı yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi üçün xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə material Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 74, 75, 77 və 321-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə material ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar