Məhkəmə qərarları › İş №1(012)-565/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-565/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-565/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1992-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Naxçıvan MR, Şərur rayonu, Kosacan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1978-ci ildə Naxçıvan MR, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Naxçıvan MR, Culfa şəhəri, H.Əliyev prospekti, ev 26, mənzil 39-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yeni yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs2 tamah niyyətilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin dəmir şiferlə olan qapısının dəmir qıfılını qırmaqla həyətinə qanunsuz daxil olub birlikdə həyətdə olan Zərərçəkmiş şəxs məxsus “Kamaz” markalı yük avtomobilinin 4000 (dörd min) manat dəyərində 01 ədəd mühərriyini gizli olaraq talayıb oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, Mehdiabad qəsəbəsində onlarla qonşuluqda yerləşən yaşayış olmayan evin həyətində yük avtomobili mühərriyinin ehtiyat hissələrinin olduğunu görmüşdür. Həmin ehtiyat hissələrini metal qəbulu məntəqələrinin alacağını fikirləşib oğurlamaq qərarına gəlmişdir. 2024-cü ilin sentyabr ayının sonlarında bu barədə dostu Təqsirləndirilən şəxs2 demiş və Eldənizin avtomobili olduğu üçün həmin ehtiyat hissələrini oğurlamaqda ona köməklik etməsini istəmişdir. Eldəniz də onunla razılaşmış və xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Eldənizlə birlikdə Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində evləri ilə qonşuluqda yerləşən evin həyətinə dəmir şifer qapısını açaraq daxil olmuşlar və orada həyətdə olan yük avtomobili mühərriyinin “Blokunu və Valını” həyətdən çıxarıb Eldənizin “Megan” markalı **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişlər və avtomobili kənarda saxlayıb səhərin açılmasını gözləmişlər. Həmin gün səhər saat 07 radələrində Eldənizlə birlikdə oğurladıqları ehtiyat hissələrini Bakı şəhəri, Binəqədi rayonu, “Gülüstan” qəsəbəsində səyyar metal qəbulu ilə məşğul olan bir nəfər şəxsə 147 manata satmışlar. Əldə etdikləri 147 manat pulu Eldənizlə aralarında bölmüşlər. Sonda törətdiyi əməldən peşman olduğunu, ziyanlığı maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, oğurluq əməlini pula ehtiyacı olduğu üçün etməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayının sonlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan dostu Cəfərov X2 qəsəbəsində qonşuluqda yerləşən yaşayış olamayan evin həyətində köhnə yük avtomobili mühərriyi olduğunu və həmin mühərriyi oğurlamaqda kömək etməsini ona bildirmişdir. O, Düzgünün təklifi ilə razılaşmış və xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Mehdiabad qəsəbəsinə Düzgünün yaşadığı küçəyə getmişdir. Həmin küçədə Düzgünlə birlikdə hasara alınmış dəmir lay şifer qapısı olan həyətin qapısını açaraq həyətə daxil olmuşlar və orada həyətdə olan yük avtomobili mühərriyinin “Blokunu və Valını” həyətdən çıxarıb onun “Megan” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmişlər və avtomobili kənarda saxlayıb səhərin açılmasını gözləmişlər. Həmin gün səhər saat 07 radələrində Düzgünlə birlikdə oğurladıqları ehtiyat hissələrini Bakı şəhəri, Binəqədi rayonu, “Gülüstan” qəsəbəsində səyyar metal qəbulu ilə məşğul olan bir nəfər şəxsə 147 manata satmışlar. Əldə etdikləri 147 manat pulu Düzgünlə aralarında bölmüşlər. Sonda törətdiyi əməldən peşman olduğunu,maddi imkansızlıq səbəbindən ziyanı ödəyə bilmədiyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində 0,03 ha torpaq sahəsi alıb fərdi yaşayış evi tikdirmişdir. Evin təmiri olmadığı üçün evdə yaşamamışdır. Lakin özünə məxsus olan əşyaları evə və həyətə yığmışdır. Evin həyətyanı sahəsi 2,6 metr hündürlüyündə mişar daşı ilə hasara alınmışdır və dəmir list şiferdən həyət qapısı qoyulmuşdur. 2017-ci il tarixdə özünə məxsus olan Kamaz markalı yük avtomobilinə yeni müəhərrik aldığı üçün köhnə mühərriyi çıxarıb Mehdiabad qəsəbəsində yeni tikdirdiyi evin həyətinə qoymuşdur. Həmin mühərriyin köhnə ehtiyat hissələrindən, yeni mühərriyə yığıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Mehdiabad qəsəbəsində olan evinə baş çəkmiş və həmin vaxtı mühərrik yerində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Mehdiabad qəsəbəsinə evinə gedib baş çəkmiş və həmin vaxtı evin həyət qapısının kilidinin qırıldığını və həyətdə saxladığı yük avtomobili mühərriyinin oğurlandığını aşkar etmişdir. Mühərriyin oğurlanması nəticəsində ona 4000 manat ziyan dəymişdir.Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan ödənilmədiyi üçün onlardan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən “Kamaz” markalı yük avtomobilinin sökülmüş vəziyyətdə olan mühərriyini oğurlamış şəxsin və ya şəxslərin müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığı əsasında tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən “Kamaz” markalı yük avtomobilinin sökülmüş vəziyyətdə olan mühərriyini oğurlamış şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş və onlar hər ikisi Mehdiabad polisinə dəvət olunmuşlar. Bölmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraf edərək bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Mehdiabad qəsəbəsi, M.Dilbazi küçəsində yerləşən yaşayaış olmayan evin həyətinə dəmir şifer qapını açmaqla daxil olub, həyətdə sökülmüş vəziyyətdə olan mühərriyi oğurlayıb, Bakı şəhəri Binəqədi rayonu, “Gülüstan” qəsəbəsində səyyar metal qəbulu ilə məşğul olan bir nəfər şəxsə satmışlar. Bununla bağlı raport əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatlarının alınmasından ötrü Abşeron RPİ-nin təhqiqat şöbəsinə təhvil verilmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 12 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, 12 oktyabr 2024-cü il tarixdə, saat 20:00 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 12 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, 12 oktyabr 2024-cü il tarixdə, saat 21:10 dəqiqədə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 13 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 noyabr 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs2 Bakı Qarnizonu Hərbi Tribunalı tərəfindən xx.xx.1998-ci tarixdə Azərbaycan Respublikası CM-nin 243, 93-3, M.2,3 His., 193 M.3 His. ; 38-ci maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə CM-nin 333.6-cı maddəsinə tövsif edilərək cəzası 08 ilə endirilib. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CMnin 76.3.2-ci maddəsinə əsasən 7 ay 11 gün vaxtından əvvəl cəzadan şərti azad olunub. xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilib. Məhkumluğu ödənilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 dekabr 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilib və cinayət məsuliyyətindən azad edilib. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Sumqayıt Şəhər Probasiya Şöbəsinin 01 may 2025-ci il tarixli 21-2/3-2464 saylı məktubundan görünür ki, Bakı Şəhəri Qaradağ ayon Məhkəməsinin 1(002)-93/2022 saylı, 05 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasını xx.xx.2025-ci il tarixdə çəkib qurtarmış və şöbənin qeydiyyatından çıxarılmışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahid ifadələri, təqsirləndirilən şəxslərin ifadələrinin hadisə yerində yoxlanılması protokolu və digər istintaq istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - Təqsirləndirilən şəxs2 himayəsində 22 noyabr 2019-cu il təvəllüdlü X4 və 21 iyun 2011-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxslərin hər birinə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Hazırki cinayət işində dörd nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, cəzanı çəkib qurtarmadan yenidən qəsdən az ağır cinayət törətmişdir. Belə ki, təqsirləndirilən şəxs 01 oktyabr 2024cü ildə cinayət əməlini törətmiş, 10 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtardığı üçün nəzarət işi qeydiyyatdan çıxarılmışdır. Məhkəmə onu da qeyd edir ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivini yaratmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndiriln şəxsin əvvəllər məhkum olunmuş şəxs olmasını və məhkumluğunun ödənilmədiyini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilmədiyini, cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halların olmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, əməlin ictimai təhlükəliliyinə və şəxsin şəxsiyyətinə uyğun olmamaqla cəzanın məqsədini təmin edə bilməz. Azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 29 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 61-ci maddəsinə cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilmədiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, əməlin ictimai təhlükəliliyinə və şəxsin şəxsiyyətinə uyğun olmamaqla cəzanın məqsədini təmin edə bilməz. Azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və odur ki, himayəsində yetkinlik yaşına çatmayan uşağının olması nəzərə alınaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 29 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 200 manat (15 saat x 6 AZN + 10 saat x 11AZN) və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 200 manat (15 saat x 6 AZN + 10 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın, həmçinin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli 29 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın, həmçinin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli 29 may 2025-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi1 200 (iki yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi2 200 (iki yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan(həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar