Məhkəmə qərarları › İş №1(012)-566/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-566/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-566/2021 24.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Abşeron rayonu Fatmayi kəndində anadan olmuş, məhkumluğu olmayan, evli, işləməyən, orta təhsilli, Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əkilib-becərdilməsi qadağan olunmuş narkotik tərkibli toxumları əldə edib 2021-ci ilin mart ayında yaşadığı Abşeron rayonu Fatmayı kəndindəki fərdi yaşayış evinin həyətində əkdikdən sonra müntəzəm olaraq suvarmaqla, gübrə verməklə, dibini yumuşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq 4 ədəd eyni tərkibli, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri xeyli miqdarda yetişdirib kultivasiya etmiş, 2021-ci ilin avqust ayının 18-də Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həyətyanı sahəsinə baxış keçirilən zaman qeyd edilən həmin kultivasiya olunmuş yaş vəziyyətdə ümumi təmiz çəkisi 1005,0 qram çətənə bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə marixuananın istifadəçisidir. 2021-ci ilin mart ayında marixuananın toxumlarını tapmış və yetişdirib marixuana çəkmək üçün həmin toxumları yaşadığı Fatmayı kəndindəki fərdi yaşayış evinin həyətində əkmişdir. Əkdiyi toxumlara mütəmadi olaraq qulluq edib suvarmışdır. 2021-ci ilin avqust ayının 18-də saat təxminən 19 radələrində yaşadığı evin qarşısında olan vaxtı mülki geyimdə gələn və özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər evində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və buna görə yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. O etiraz etməmişdir. Sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmişlər. Onun razılığı ilə polis əməkdaşları yaşadığı ünvana baxış keçirməyə başlamışlar. Baxış keçirilməzdən əvvəl ondan yaşadığı ünvanda qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşduqda könüllü olaraq evinin həyətində əkdiyi kolları onlara göstərmişdir.Həmin vaxtı polislərdən başqa baxışda aqronom və müdafiəçi iştirak etmişdir. Həmçinin üzərinə və evə baxış keçirlmiş və hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Kolları özü çəkmək üçün əkmişdir və bu barədə heç kəsin məlumatı olmamışdır. Həmin marixuanana kiməsə satmaq niyyəti və fikri olmamışdır. Həmin 4 ədəd kol polislər tərəfindən götürülmüş və qablaşdırılmışdır. Hərəkətindən peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 avqust 2021-ci il tarixdə Abşeron rayonu Fatmayi kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsində çətənə kolları əkməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, bölmənin rəisi tərəfindən təsdiq edilmiş 18 avqust 2021-ci il tarixli qərara əsasən sahə polis nəfəri polis serjantı Elşən Allahverdiyevlə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış, müvafiq sənədləşmə işləri aparıldıqdan sonra həmin günü axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı Fatmayi kəndindəki evinin yanına gəlmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib dəvət olunmuş aqronom və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələr izah olunaraq həyətyanı sahəsində çətənə kollarının əkməsində şübhəli olduğunu bildirib həyətində baxış keçirməyə başlamışlar. Çingiz həyətində hasarın kənarında ağacların arasında çətənə kolu əkdiyini etiraf etmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsində əkilmiş çətənə kolları aşkar edilmişdir. Bundan sonra həmin kollar dibindən çıxarılıb həyətdə sayıldıqda 4 ədəd olması müəyyən olunmuşdur. Həmin kollar qablaşdırılmiş və möhürlənmişdir.Bu barədə təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nin sahə polis nəfəri vəzifəsində işləyir. 18 avqust 2021-ci il tarixdə Abşeron rayonu Fatmayi kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsində çətənə kolları əkməsi barədə əməliyyat müvəkkili Şahid1 aldığı əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və o qrupa daxil edilmişdir. Bölmənin rəisi tərəfindən təsdiq edilmiş 18 avqust 2021-ci il tarixli qərara əsasən əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin günü axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı Fatmayi kəndindəki evinin yanma gəlmiş və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Dəvət olunmuş aqronom və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələr izah olunaraq həyətyanı sahəsində çətənə kollarının əkməsində şübhəli olduğunu bildirib həyətində baxış keçirməyə başlamışlar. Çingiz etiraf etmiş ki,o həyətində hasarın kənarında ağacların arasında çətənə kolları əkmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı həyətində əkilmiş çətənə kolları aşkar edilmişdir. Sonra həmin kollar dibindən çıxarılıb sayıldıqda 4 ədəd olması müəyyən olunmuşdur. Həmin kollar qablaşdırılmış və möhürlənmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirak edənlər protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 18 avqust 2021-ci il tarixdə DİN-nin Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşlarının dəvəti ilə Abşeron rayonu Fatmayi kəndində yerləşən fərdi yaşayış evdə keçirilən baxışda iştirak etməyi xahiş olunmuşdur. Mehtiabad PB-nə getmiş və iş üzrə təyin edilmiş qərara əsasən mütəxəssis qismində təyin edilmişdir. Hüquqları ona izah olunmuş və qərar ona təqdim edildikdən sonra Təqsirləndirilən şəxs adlı şəxsin həyətyanı sahəsində baxış keçirilməsi üçün polislərlə və müdafiəçi ilə birlikdə axşam saat 20 radələrində Abşeron rayonu, Fatmayı qəsəbəsindəki evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində hasarın kənarında ağacların arasında 4 ədəd kökləri üstündə olan çətənə kolları aşkar edilmişdir. O mütəxəssis kimi həmin bitkilərə baxdıqda onlara aqrotexniki qaydada qulluq edildiyini, yəni suvarıldığını, diblərinə gübrə verildiyini və ətrafının alaq otlarından təmizləndiyini görmüşdür. Bundan sonra həmin kollar dibindən çıxarılıb həyətdə sayıldıqda 4 ədəd olması müəyyən olunmuşdur. Həmin kollar polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənmişdir.O tərtib olunmuş protokola imza etmiş, sonra bununla bağlı müvafiq rəy tərtib etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli 7/810 nömrəli məhkəmə kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 4 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 1005,0 qram olan bitkilər eyni tərkibli olub,əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisidir İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07.09.2021-ci il tarixli 3302 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən 18.08.2021-ci il tarixli şəxsi baxış, axtarış və götürmə aparılması barədə iş materillarına əlavə edilən video çəkilişin olduğu disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsində aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1004,92 qram çəkidə əkilibbecərilməsi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə” dair 25 fevral 2013-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədindən asılı olmayaraq toplanmasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasının bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilənədək, tərkibində narkotik maddələr olan bitkilərin toplanmasının cinayət məsuliyyətinə səbəb olan miqdarı (o cümlədən şəxsi istehlak miqdarı) müəyyən edilərkən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasının külli miqdarının müəyyən edilməsi üçün “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ Siyahısı, həmin bitkilərin say vahidlərinin külli miqdarı müəyyən edilərkən bu Qanunun İİİ Siyahısı əsas götürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Abşeron RİHB-nın Fatmayı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon prokurorunun 20.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməkdən imtina edilmiş və barəsində 20.08.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan, əkilib-becərilməsi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİnin saxlanc anbarına təhvil verilmiş narkotik vasitə olan 1004,92 qram çəkidə çətənə bitkisi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 72 (yetmiş iki manat) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 72 (yetmiş iki manat) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi olan Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan, və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş narkotik vasitə olan 1004,92 qram çəkidə çətənə bitkisi məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar