Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-566/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, M.İbrahimov küçəsi, ev 17 yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş bir ədəd şəffaf sellofan bükümdə, çəkisi 1,773 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan kənd qəbristanlığının yaxınlığına daşımış və üzərində saxlamış, xx.xx.2024-cü idl tarixdə saat 14:50 radələrində Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan kənd qəbristanlığının yaxınlığında saxlanılaraq, orada həmin tarixdə saat 14:51-dən saat 15:00-a kimi üstünün yoxlanılması zamanı əynində olan cins şalvarın sağ yan cibində həmin bir ədəd bükümdə 1,773 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə istifadə etmişdir, lakin heroin yox marixuanadan istifadə etmişdir. 23 oktyabr 2024-cü il tarixdə saat 9-10 radələrində evdən çıxmışdır. Daha sonra polislərin adamı olan bir nəfər onu yığaraq harada olduğunu soruşmuşdur. O, həmin şəxsin ona zəng etməyindən şübhələnərək qardaşına zəng vurmuş, lakin qardaşı zəngi açmamışdır. Daha sonra evə gəlmiş və otağın dağınıq olduğunu görmüşdür. Evdə oturmağından təxminən 10-15 dəqiqə sonra 6- 7 nəfər polis əməkdaşı evə daxil olmuş və onu polis idarəsinə gətirmişdirlər. Polis idarəsində ona imza etməsi bildirilmiş, lakin o, imza etməmişdir. Daha sonra polis əməkdaşları ona qarşı zor və hədə-hədə qorxu gələrək, imza edəcəyi təqdirdə qardaşını buraxacaqlarını bildirmiş və o, sənədlərə imza etmişdir. Daha sonra onu qəbirstanlığın yanına aparmışlar və burada ona deyilənləri video-çəkilişdə deməsini bildirmişdirlər. O, razılaşmış və polislərin dediyi kimi video-çəkilişdə eyni sözləri demişdir. Video çəkiliş vaxtı ona narkotik vasitəni 60-70 manata almasını deməyini bildirmişlər, lakin sonradan guya 10 manata aldığı yazılmışdır.Hətta videoya baxış keçirəndə ayağının axsadığı görünür.Buradan da aydın olur ki, polislər ona zor tətbiq etmişdir. Bundan başqa polis əməkdaşları ilə arasına heç bir düşmənçilik və ədavətin olmadığını, lakin onların öz adamı olan bir nəfər narkotik satan şəxslə aralarında ədavətin olduğunu, həmin şəxsin daha ağır narkotik vasitə satdığını, özünün isə narkotik vasitə marixuana istifadə etdiyini bildirmişdir. Sonda yenidən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını bildirərək barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxs qismində Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və rütbəsi polis baş leytenantıdır. 23 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması, həmçinin bir qədər sonra Abşeron rayonu, Xırdalan şəhərində, Xırdalan kənd qəbristanlığının yaxınlığına gedəcəyi, üzərində də qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Abşeron RPİ-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində, Xırdalan kənd qəbristanlığının yaxınlığına gedib orada Təqsirləndirilən şəxs gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 14:50 radələrində zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs Xırdalan kənd qəbristanlığının yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə və psixotrop maddə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin olması barədə məlumatlarının olduğunu bildirib orada həmin gün saat 14:51-dən saat 15:00-a kimi şübhəli şəxs qismində videoçəkilişlə üstü yoxlanılmağa başlanmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanmazdan əvvəl ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün bir büküm halında narkotik vasitə olan heroin olduğunu bildirmiş və əlini əynindəki cins şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin sağ yan cibindən bir ədəd elektron tərəzi və bir ədəd Redmi markalı mobil telefonunu da çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üstünü yoxladıqda üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra onlar videoçəkiliş ilə onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə heroindir. O, həmin bir büküm narkotik vasitə heroini bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində alıb sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan heroinə bənzər kütlə, bir ədəd elektron tərəzi və bir ədəd Redmi markalı mobil telefon aparatı təhqiqata təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb üzəri proses iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanması başa çatdıqdan sonra proses iştirakçıları ilə birlikdə Abşeron RPİ-yə gəlmişlər və RPİ-nin rəhbərliyinə raportla müraciət edərək keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair protokol tərtib olunduqdan sonra da sonuncunun üzərindən aşkar olunaraq götürülmüş əşya və predmetlər, həmçinin əməliyyat tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması prosesininin video görüntüsünün köçürüldüyü bir ədəd disk təhqiqat aparılması üçün təqdim olunmuşdur. Sonra isə RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Rasim Məmmədov tərəfindən əməliyyat müvəkkili Şahid2, kiçik inspektor Şahid3 və onun iştirakı ilə təqdim olunmuş əşya və predmetlərə, eləcə də keçirilmiş əməliyyat tədbirlərinin videogörüntüsünə baxış keçirilmişdir. Sonra isə bu barədə protokol tərtib olunmuş və proses iştirakçıları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bir daha bildirir ki, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir büküm heroini bir gün əvvəl, yəni xx.xx.2024-cü ildə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alıb sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını, eləcə də üzərindən aşkar olunaraq götürülmüş bir ədəd elektron tərəzini də əldə etdiyi narkotik vasitəni həmin tərəzi vasitəsilə yarıya bölüb 2 dəfəyə istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini haradan və kimdən alması, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan və ya polis bölməsinə gətirilən zaman ona qarşı heç bir pisixi və ya fiziki təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Abşeron RPİ-nin CAŞnin kiçik inspektoru, polis baş serjantı Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki,o,təqsirləndirilən şəxsin anasıdır, polislər onların evinə basqın ediblər,həmin vaxt o, evdə olmuşdur. Belə ki, polislər qapını döymüş və bildirmişlər ki, Elgün və Fərid lazımdır.O, qapını açmışdır.Polislər onun oğlunun qolunu burub aparmaq istəyirdilər. O, polislərdən soruşmuşdur ki, niyə uşaqlarını tutmaq istəyirlər, polislər isə cavabında demişlər ki, özləri yaxşı bilir.Həmçinin dedilər ki, bunları tutaq ki, o da rahat yata bilsin. Oğlundan ayrı olaraq onu avtomobildə saxladılar və əlindəki mobil telefonu aldılar. O, polislərə bildirdi ki, oğulları narkotik istifadə edəndirlər, lakin satışdan məşğul deyillər. Lakin polislər ona çıxardıb tərəzi göstərdilər. Daha sonra dedilər ki, çəkiliş gələcək və o, çəkilişə düşməli deyildir. Oğlunu polislər saldılar evə, lakin nə yazıb-pozmalarını görməmişdir. Şahid X1 cavab olaraq bildirdi ki, polislər ayın 23-ü olardı gəlmişdilər,özlərini təqdim etmədilər,evə daxil olanda oğlu olan təqsirləndirilənin qolunu burub apardılar,onu kənarda avtomobildə saxladılar,dedilər ki, çəkiliş gəlir evi çəkəcəklər,hadisə 10 ay qabaq ya sentyabr, ya da ki, oktyabr ayı olardı, övladları onun yanında istifadə etməyiblər,o,hər zaman oğullarının narkotikdən istifadə etmələrinə dair şübhə edib,qış aylarında özü polisə müraciət etsə də, polislər gəlmiş daha sonra heç bir tədbir görmədən çıxıb getmişlər,digər oğlu da narkotikə görə istintaq təcridxanasında saxlanılır,onun telefonunu alsalar da,daha sonra qaytarmışlar, bu keçən müddətdə şikayət etmək ağlına gəlməyib,qeyd edir ki, evdə axtarış zamanı narkotik aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs həmin günü saat 16:40 radələrində tutulmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli, 6/4991 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,773 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə - heroin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi – 1,773 qram, tədqiqata sərf edildi - 0,01 qram, qalıq - 1,673 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir; -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Alqayıd Mikayılovun 25 oktyabr 2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 69.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Beləliklə də, Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən onun əməli cinayətlərin residivini yaratmır. -“Maddi sübut kimi tanınma haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,673 qram narkotik vasitə heroin və səthində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. -Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X8 20 noyabr 2024-cü il tarixli, 7383 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin kannabinioidlərin və psixostimulyatorların birgə qəbulu əticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. -Sübutların qiymətləndirilməsi” haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, 02 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. -Azərbaycan Respublikası Baş Prokurorluğunun 21 may 2025-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Polis İdarəsini İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclası zamanı Abşeron RPİ-nin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını bildirməsi ilə bağlı Abşeron Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Abşeron RPİnin əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi halları təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. -Abşeron Rayon Polis İdarəsinin MSY-dən məhkəmənin sorğusuna cavab məktubu və ona əlavə olunmuş MSY-də saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan və tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışlardan görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur.MSY – nə daxil olarkən tibbi müayinə zamanı hər hansı şikayəti və xəsarəti olmadığı qeyd edilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və üzərinə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə, saat 14:50 dəqiqədə Abşeon rayonu, Xırdalan şəhəri, Xırdalan kənd qəbirstanlığı yaxınlığında şübhəli şəxs qismində saxlanılmış, üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin kütlə bükümü götürülmüşdür.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroini Abşeon rayonu, Xırdalan şəhəri, Xırdalan kənd qəbirstanlığı yaxınlığında tanımadığı şəxsdən almışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntüylə, ekspert rəyi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə ünvanlanmış sorğu əsasında alınmış məlumatdan və “MSY-də saxlanılan şəxslərin uçotu kitabından”-da göründüyü kimi Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə yerləşdirilən və azad olunan zaman heç bir xəsarət və şikayəti olmamışdır. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla belə, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması faktının araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqan olan prokurorluğa məlumat verilmiş, və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Abşeron RPİ-nin əməkdaşlarının əməlində qanunsuz hərəkətlərə yol verməsi faktı öz əksini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxış iclasında verdiyi ifadəsi bağlı xüsusatları müqayisə edərək hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində narkotik vasitə olmaması və ittiham olunduğu əməlin polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zorakılıq gücü ilə boynuna qoyulması ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Narkotik maddənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlər Şahid1, Şahid2 və Şahid3 cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidlərə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid təqsirləndirilən şəxsin anasının ifadəsini məhkəmə mötəbər sübut kimi qəbul etmir, hesab edir ki, şəxsin ifadəsi ziddiyyətlidir və təqsirləndirilən şəxsin yaxın qohumu olduğu üçün onun məsuliyyətdən azad edə bilmək naminə xeyrinə ifadə verə bilmə ehtimalı yüksəkdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Məhkəmə hesab edir ki, bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılmış olması belə onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Odur ki, «Əməliyyat axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda Cinayət Məcəlləsinin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Göründüyü kimi əməliyyatçı həyata keçirdiyi əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı əsaslandırılmış, qeyd olunan əməliyyat axtarış tədbiri təxirəsalınmaz hal olduğu üçün məhkəmə qərarı olmadan həyata keçirilmiş,lakin qanuniliyin yoxlanılması üçün məhkəməyə göndərilməsi müəyyən edilməmişdir.Bu hal sözügedən pozuntuya yol vermiş şəxs barəsində xüsusi qərar çıxarılmasının əsasıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 69.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Məhkumluq ödənilməmişdir. Məhkəmə onu da qeyd edir ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivini yaratmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndiriln şəxsin əvvəllər məhkum olunmuş şəxs olmasını və məhkumluğunun ödənilmədiyini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, əməlin ictimai təhlükəliliyinə və şəxsin şəxsiyyətinə uyğun olmamaqla cəzanın məqsədini təmin edə bilməz. Azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki olaraq məhkəməyədət icraat dövründə tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 14 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 20 noyabr 2024-cü il tarixli, 7383 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,673 qram heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 20 saatın hər iş saatının 6 manatdan, 15 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 285 manat (20 saat x 6 AZN + 15 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 14 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,673 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 285 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun müvafiq hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-566/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-566/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver