Məhkəmə qərarları › İş №1(012)-567/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-567/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-567/2021 03.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Şamaxı rayonu, Mirikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yeni massivdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxıınlığındakı parkda istintaqa məlum olmayan şəxsdən 40 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahi İ) daxil olan 1,050 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, 11 avqust 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin yanında Abşeron RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sol cibindən həmin 1,050 qram çəkidə psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fəhləliklə məşğul olub ailəsini dolandırır. Təxminən 3-4 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. 09 avqust 2021-ci il tarixdə işi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu Neftçilər metrosunun yaxınlığına getmiş və orada tanışı ilə görüşüb işlə bağlı söhbət etməliymiş, tanışı Neftçilər parkının yanında gözləyəndə saat 21 radələrində parkda gəzəndə görmüş ki, bir neçə nəfər adam oturacağın yanında metamfetamin istifadə edir. Ətrafda heç kəs olmadığı üçün yavaşca onlara yaxınlaşmış və metamfetamin almaq istədiyini bildirmiş, onlardan biri ondan 40 manat pul istəmişdir. Üstündə pul olduğu üçün həmin oğlana 40 manat pul vermişdir.Pulu verdiyi oğlan oradan aralaşmış,bir neçə dəqiqə sonra yaxınlaşıb ona bir ədəd büküm vermişdir.İçinə baxanda metamfetamin olduğunu görmüş və cibinə qoyub oradan getmişdir. Sonra tanışı ilə görüşüb söhbətini edib evə yəni Xırdalan şəhərinə getmişdir.Aldığı metamfetamini bir qədər istifadə etmiş, qalanı isə cibində qalmışdır. 11 avqust 2021-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Quşçuluq massivindəki evdən çıxıb üzü AAAF park yaşayış kompleksinin yanına villalar olan yerin yanından keçən zaman yanına mülki geyimdə özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər yaxınlaşmış və ondan şübhələndiklərini deyib Abşeron rayon polis idarəsinə aparmışlar. Polis idarəsində dəvət edilmiş vəkilin iştirakı ilə otaqda üzərinə şəxsi axtarış aparılmışdır.Axtarış zamanı şalvarının cibindən 09 avqust 2021-ci il tarixdə aldığı metamfetamini çıxarıb polislərə təqdim etmişdir. Daha sonra həmin maddə zərfə qoyulmuşdur. Metamfetamini kiməsə satmaq nə də ki vermək fikri olmamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 elan olunmuş ifadəsindən görünür ki, 11 avqust 2021-ci il tarixdə Şamaxı rayonunda qediyyatda olan, Abşeron rayonu Quşçuluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələr saxlaması və daşıması ilə məşğul olması barədə məlumat əldə etmişdir. Məlumatın yoxlanmasına göstəriş verildikdən sonra əməliyyat qrupu yaradılmışdır. İdarənin rəisi tərəfindən təsdiq edilmiş 11 avqust 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat qrupunun üzvü kimi onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Həmin günü axşam saatlarında o və kiçik əməliyyat müvəkkili Şahid1lə birlikdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin yaxınlığında aşkar etmiş və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs psixotrop maddə istifadəs etməsi ilə bağlı şübhəli olduğu elan olundu. Bundan sonra onu Abşeron RPİ-nə dəvət etmiş və orada raport tərtib edilərək material təhqiqatçıya həvalə edilmişdir. Sonra ona hüquq və vəzifələri izah edildi, üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır.Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, həmin bükümdəki metamfetamindir, öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. Aşkar olunaraq götürülmüş metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş və təhqiqatçısı tərəfindən onların iştirakı ilə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 digər şahid Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materillarında olan şəxsi axtarış və götürmə barədə 11.08.2021-ci il tarixli videogörüntüyə baxış keçirilmiş və məhkəmə prosesində tədqiq olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 12.08.2021-ci il tarixli, 6/3459 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki tədqiqata təqdim edilmiş üzərində şübhəli şəxs Xəlilov yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,050 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi-1.050 qram, tədqiqata sərf edildi- 0.05 qram, qalıq-1.00 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07.09.2021-ci il tarixli, 3306 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan 15.10.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,00 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Şamaxı rayon Mirikənd kənd İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.06.2015-ci il təvəllüdlü Emil Xəlilzadə və 30.08.2018-ci il təvəllüdlü Nərminə Xəlilzadə adli iki azyaşlı övladı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20.05.2009-cu il tarixdə CM-nin 332.2.1-ci maddəsi ilə Gəncə Hərbi Məhkəməsinin hökmü ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan hesab edilməlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, residiv olmasa da əvvəllər məhkum olunmasını onun şəxsiyyətini müəyyən edən hal kimi və təqsirləndirilən şəxsin yaşayış yerinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 13.08.2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Xəlilov X4 RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” barədə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Nahid Mənsimovu şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 11.08.2021-ci il tarixdən 13.08.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlamılmalı, cəzaçəkməsinin əvvəli məhkəmə zalında həbs olunduğu vaxtdan yəni, 03.12.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq 1.00 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 11.08.2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə istintaqı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 03.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 1.00 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 11.08.2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə istintaqı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar