Məhkəmə qərarları › İş №1(012)-567/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-567/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-567/2023 19.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, məhkumluğu olmayan, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, bina 1A, mənzil 5-də yaşayan barəsində "Ev dustaqlığı" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 1,924 qram çəkidə qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhərində daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş təmiz çəkisi 1,924 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Misir” parkının yanından keçərkən yolun kənarında sellofana bükülmüş qəhvəyi rəngli kütlə diqqətini cəlb etdiyi üçün həmin büküm onda maraq kəsb etdiyindən götürmüş və üstündə gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhərində Qalubiyyə küçəsində olarkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini tədim etmişlər. Həmin şəxslə Abşeron RPİ-nin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə Abşeron RPİ-nə getməli olduğunu demişlər. O, da polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Abşeron RPİ-nə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş qəhvəyi rəngli bükümü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmiş və həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulmuşdur. O, isə həmin kütləni 2-3 gün əvvəl Xırdalan şəhərində “Misir” parkının yaxınlığında yerdən tapdığını, nə olduğunu bilmədiyini bildirmişdir. Üzərindən aşkar edilmiş içərisində olan qəhvəyi rəngli kütlə zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 3 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Hazırda əməlindən peşmandır, narkotik istifadəçisi olmadığını və 2 azyaşlı övladının olmasının nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, bina Al, ev 5-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu ilə məşğul olması, hazırda Xırdalan şəhəri, Qalubiyyə küçəsində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 və RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3lə birlikdə Xırdalan şəhəri, Qalubiyyə küçəsinə getmişlər. Həmin vaxtı Qalubiyyə küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu və əynindəki qara rəngli qış gödəkçəsinin sağ iç cibindən 01 ədəd şəffaf selofana bükülmüş kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı 01 ədəd şəffaf selofana bükülüdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkorik vasitə heroini 2-3 gün əvvəl Xırdalan şəhərində “Misir” parkının yaxınlığında yolun kənarında yerdən tapdığını və maraq kəsb etdiyi üçün götürüb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 və RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 6/2002 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 56” möhür əksi, “Təqsirləndirilən şəxs...” üzərindən aşkar olunan kütlə; Təqsirləndirilən şəxs -imza, dörd- imza, Qablaşdırıldı: A.Allahverdiyev- imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 1,924 (qalıq 1,874) qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 25 aprel 2023-cü il tarixli 2405 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra 1,874 qram qalmış narkotik vasitə olan heroin maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olunmamışdır. 05 aprel 2023-cü il tarixdə Balayev X3 RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Aslan Allahverdiyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. 07 aprel 2023-cü il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun xx.xx.2015-ci il təvəllüdlü Şəlalə və xx.xx.2014-cü il təvəllüdlü Rəsul adlı 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, narkomaniya xəstəliyinin olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 14 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,874 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 92 (doxsan iki) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 14 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,874 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 92 (doxsan iki) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar