Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-57/2021 12.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Sadıq qızının, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayon, Xırdalan şəhəri, “MD-23” yaşayış massivindəki fərdi yaşayış evinin həyətinə açıq qapıdan qanunsuz daxil olaraq oradan 400 manat dəyərində olan 1 ədəd, “Santoza” markalı velosipedi oğurlayaraq Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayon, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi 17-ci küçə, C2 saylı binanın ümumi istifadəsində olan dəhlizin pilləkənin dəmir məhəccərinə qıfıllanmış 800 manat dəyərində olan 1 ədəd, “Merkury” markalı velosipedi oğurlayaraq zərərçəkmiş şəxs Tərlan Rəhimovaya maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi-8 ünvanında yerləşən şirniyyat mağazasının plastik pəncərəsini açmaqla içəriyə qanunsuz daxil olaraq oradan 350 manat dəyərində, 1 ədəd, 26 ölçülü, idman modelli, sarı rəngli velosipedi oğurlayaraq zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs3 maddi zıyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Abşeron rayon “Gənclər” şəhərciyi 25-ci blokun qarşısında həyətdə saxladığı, 2500 manat dəyərində, qara rəngli, 2018-ci il buraxılışlı, mühərrik həcmi 125 sm/kub olan, “Mondial 125MH Motosikl” markalı, 99-B-235 dövlət qeydiyyat nişanlı motosikleti oğurlayaraq Zərərçəkmiş şəxs4 maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 04 radələrində X3 Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində yaşadığı 71 saylı binanın qarşısında, həyətdə saxladığı 2000 manat dəyərində olan “Zontes klassik” markalı, iki təkərli, tünd göy rəngli motosikletini oğurlayaraq zərərçəkmiş şəxs Məhəmməd Atayevə maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində kirayə tutduğu bir otaqlı evdə tək yaşayır. Əvvəllər Bakı şəhəri ərazisindəki avtomobil yuma yerində işləmiş, lakin sonralar iş tapa bilmədiyinə görə əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2019cu il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “MD-23” qəsəbəsində olarkən, evlərdən birinin həyət qapısının açıq olduğunu və evin həyətində 01 ədəd velosiped olduğunu görüb, həmin velosipedi oğurlamaq qərarına gəlmiş və bu məqsədlə evin qapısına yaxınlaşıb, heç kimin olmadığını görüb tez içəri daxil olaraq oradakı velosipedi götürüb sürərək oradan uzaqlaşıb getmişdir. Velosipedi elə həmin günü Abşeron rayonu, Xırdalan şəhərində, köhnə bazarın yanında tanımadığı şəxsə özünə məxsus velosiped kimi 55 manata satmış, əldə etdiyi pulu həmin günü şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir müddət sonra yenə xərcləməyə pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş və xx xxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində bu niyyətlə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksinə gedib oradakı binaların bloklarında oğurlamaq üçün velosiped axtarmağa başlamışdır. Həmin vaxtı yaşayış kompleksindəki 17-ci küçə, 2C saylı binanın qarşısına getmiş və blokun dəmir qapısının açıq vəziyyətdə olduğunu görüb içəriyə daxil olmuş, bu zaman blokun girişində dəmir mühəccərə qara rəngli “Mercury” markalı velosipedin tros qıfılla bağlandığını görüb, həmin trosu özü ilə götürdüyü dəmir kəsən kəlbətinlə kəsib, velosipedi oradan götürüb getmiş, həmin velosipedi xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə tanımadığı şəxsə özünə məxsus velosiped kimi 60 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacına xərcləmişdir. Bundan təxminən bir həftə sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə xərcləməyə pulu olmadığına görə yenə oğurluq etmək qərarına gəlmiş və həmin günü saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhərində gəzərkən küçələrin birində yolun sağ kənarında, üzərində “Çudo Peçka” yazısı olan şirniyyat evinin yanından keçərkən içəridə bir neçə velosiped olduğunu görüb, həmin velosipedlərdən birini oğurlamaq qərarına gəlmiş və ətrafa nəzər salıb küçədə heç kimin olmadığını müəyyən etdikdən sonra yoldan tapdığı dəmir parçası ilə həmin şirniyyat evinin aliminium mataldan olan qapısını sındırıb oradan içəriyə daxil olaraq giriş qapısından sağ tərəfdəki velosipedlərdən sarı rəngdə, böyük ölçüdə olan birini götürüb oradan uzadlaşmışdır. Ertəsi gün həmin velosipedi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev adına parkın yanında tanımadığı şəxsə özünə məxsus velosiped kimi 30 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir müddət sonra yenə xərcləməyə pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş və xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu “Gənclər” şəhərciyinə gedib, ətrafda heç kimin olmadığından arxayın olduqdan sonra oradakı binaların həyətində, 25-ci blokun qarşısındakı qara rəngli 99-B-235 dövlət nömrə nişanlı motosikletə yaxınlaşıb, açar yerini sökmüş və motosikletin mühərrikini işə salıb, tez sürərək kirayə yaşadığı ünvana getmiş, sonra həmin motosikleti heç kimin görməməsi üçün kirayə yaşadığı otağa salıb üzərinə qış gödəkcəsini salaraq gizlətmişdir. Bundan bir müddət sonra yenə xərcləməyə pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş və xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində bu məqsədilə kirayə yaşadığı evdən çıxıb taksi ilə Masazır kəndindəki “Qurtuluş-93” yaşayış kompleksinə getmiş və oradakı mənzillərin qarşısında oğurlamaq üçün motosikilet axtarmağa başlamış, bu zaman binalardan birinin qarşısında avtomobillərin saxlanıldığı yerdə 1 ədəd dövlət qeydiyyat nişanı olmayan iki təkərli, tünd göy rəngli motosiklet olduğunu görüb, həmin motosikleti oğurlayıb satmaq qərarına gəlmişdir. Bundan sonra ətrafa nəzər salıb, heç kimin onu görmədiyini hiss edib həmin motosikletə yaxınlaşıb, əli ilə itələyərək motoskleti saxlanıldığı yerdən xeyli kənara aparmış və özü ilə götürdüyü vintaçanı açar yerinə salmaqla motosikleti işə salıb sürərək kirayədə yaşadığı otağa aparıb, bir gün əvvəl oğurladığı digər motosikletin yanında saxlamış, həmin motosiklet daha tez işə düşdüyünə görə o, ertəsi günü saat 12 radələrində motosikleti yaşadığı otaqda olan motsiklet açarı ilə işə salmış, sonra həmin motosikletin arxa təkərinin üstündə olan qoruyucu plastik hissənin bağlandığı yerdən qopduğunu və düzəltmək mümkün olmadığını hiss edib, açaraq yaşadığı otağa qoyub motosikleti sürərək satmaq üçün Bakı şəhəri 8-ci kilometr adlanan yerə aparıb orada tanımadığı bir cavan oğlana özünə məxsus motosiklet kimi 200 manata satıb kirayə yaşadığı evə qayıtmış, xx xxxxxx 2020-ci il tarixdə qohumu Şahid2 idarə etdiyi avtomobillə mərhum qardaşının ildönümü mərasimi ilə əlaqədar Masallı rayonuna getməkdən ötrü pul lazım olduğundan bir gün əvvəl Abşeron “Gənclər” şəhərciyindən oğurladığı motosikleti satmaq üçün müştəri axtarmağa başlamış və buna görə Xəlilin vasitəsi ilə tanıdığı Şahid3 zəng edib, həmin motosikleti 200 manata satmaq istədiyimi söyləmiş, sonuncu da həmin motosikleti nə üçün ucuz satdığını soruşmuş, o da pula ehtiyacı olduğundan satdığını bildirmiş, bundan sonra Nurlan motosikleti almaq istədiyini söyləyib, onu gözləməsini xahiş etmiş, o da razılaşmışdır. Təxminən 1 saat sonra Xəlil onun yaşadığı otağa gəlib, birlikdə Masallıya gedəcəklərini xatırlatmış, o da Nurlanı gözlədiyi üçün Xəlilə bir saatlıq işi olduğunu bildirib, birlikdə Masllıya getmək üçün onu gözləməsini xahiş etmiş, Xəlil də yorğun olduğunu deyib, həmin vaxta kimi onun kirayədə yaşadığı otaqdakı kresloda mürgüləyəcəyini bildirib, yuxuya getmişdir. Təxminən 1 saat sonra o, Nurlanın gəlməsini gözlədiyi vaxt polislərin yaşadığı ünvana gəldiyini görüb pəncərədən çıxaraq otaqdan qaçıb getmişdir. Bir neçə gün sonra Abşeron rayonu Qobu qəsəbəsində yaşayan ailəsinin yanına gedərkən polis əməkdaşları onu yolda saxlayaraq Abşeron RPİ-nə gətirmişlər. Motosikletləri və velosipedləri tək oğurlamış, bu barədə heç kimin məlumatı olmamış, oğurluqdan əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 yaşayış massivində yaşayır. 400 manat dəyərində olan özümüzə məxsus “Santoza” markalı velosipedi həmişə yaşadığı evin həyətində, evin sol tərəfdə divara söykədilmiş vəziyyətdə olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 13 radələrində yaşadığı evdən həyətə çıxarkən həyət darvazasının açıq olduğunu və həmin velosipedinin həmişəki yerində olmadığını görüb, dərhal küçəyə çıxıb baxmış, həmin vaxtı küçədəki məktəbdən qayıdan tanımadığı uşaqlardan velosipedi görüb-görmədiklərini soruşmuş, uşaqlar da ona bir nəfər tanımadıqları, təxminən 28 yaşında olan, üzü az tüklü, arıq bədən quruluşlu, əynində qara rəngli şalvar və qara rəngli gödəkçə, başında isə günlüklü idman papağı olan şəxsin 1-2 dəqiqə əvvəl velosipedi yüksək sürətlə sürərək getdiyini söyləmişlər. Bundan sonra o, həmin uşaqların dediyi istiqamətə baxmış, həmin şəxsi görə bilməsə də velosipedin təkər izinin küçədəki kanalizasiya qapağında görmüş və bundan sonra telefonla DİN-nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat verib, Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, aləsi ilə birlikdə Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksindəki mənzilində yaşayır. 2019-cu ilin iyun ayının 7-də oğlu Rəşad Rəhimovun ad günü münasibəti ilə ona “AMAY” ticarət mərkəzindən 800 manata “Mercury” markalı velosiped almışdır. Oğlu həmin velosipedə əlavə olaraq 100 manat xərc də qoyulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində oğlum Rəşad velosipedlə təhsil hazırlığından gəlib, velosipedi həmişki kimi yaşadıqları binanın blokun birinci mərtəbəsində dəmir mühəccərə tros qıfılla bağlamışdır. Ertəsi günü səhər, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində o, həmin yerə baxdığı zaman velosipedin yerində olmadığını görüb oğurlandığını yəqin edib bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Oğurlanmış velosipedi rəngi qara olmaqla, üzərində narıncı rənglər olmuş, ramasının üzərində “rashad_ _ _offiacial” sözü yazılmış, velosipedə əlavə 100 manat xərc qoyulsa da istifadə olunmasını nəzərə alaraq ona 800 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birikdə Abşeron rayonu “Gənclər” şəhərciyi blok 25, mənzil 2-də yaşayır. 2018-ci il istehsalı olan, qara rəngli, “Mondial 125 MH” markalı, 99-B- 235 dövlət nömrə nişanlı motosikleti ilə kafe və restoranlardan sifariş daşıma işlərini həyata keçirir. Hər gün işdən gələndən sonra motosikletini yaşadığı binanın qarşısında saxlayır. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində işdən evə qayıdıb, motosikletini binanın qarşısında saxlayıb yaşadığı mənzilə getmiş, ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində işə getmək üçün binanın qarşısına gələrkən motosikletinin yerində olmadığını görüb, qaçırıldığını yəqin etmiş və dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Həmin motosikletinin üzərində iki ədəd kaska olmuş, hadisə nəticəsində ona 3100 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində “Çudo-Peçka” şirniyyat mağazası var. Həmin mağazaya verilən sifarişləri çatdırmaq üçün 350 manata aldığı velosipedindən istifadə edir. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində həmin velosipedini həmişəki kimi şirniyyat mağazasına qoyub qapını bağlayıb, evinə getmiş, ertəsi günü, yəni xx.xx.2019-cu il tarixdə saat 08 radələrində həmin mağazasını açmaq üçün qapısına yaxınlaşarkən qapının açıq olduğunu görmüş və dərhal içəri daxil olub ətrafa nəzər salmış, həmin vaxtı sarı rəngli velosipedinin yerində olmadığını görüb DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi ev-71, mənzil 33-də yaşayır. Bakı şəhəri 28 May metrostansiyasının yaxınlığındakı restoranlarda kuryer işləyir. Şəxsi “Zontes klassik” markalı iki təkərli motosikleti ilə restorana verilmiş sifarişləri ünvanlarına çatdırır. Hər gün səhər saat 11 radələrində gecə saat 02 radələrinə kimi işdə olur. xx.xx.2020-ci ildə saat 02 radələrində işini başa vurub yaşadığı yerə gəlmiş və həmişəki kimi motosikletini yaşadığı binanın qarşısında avtomobillərin saxlandığı sırada saxlayıb mənzilinə yatmağa getmiş, səhər saat 06 radələrində yuxudan oyanıb tualetə gedərkən yaşadığı mənzilin pəncərəsindən həyətə baxmış, həmin vaxtı motosikletinin saxladığı yerdə olmadığını görüb, tez həyətə düşüb ətrafa nəzər salmış, lakin motosikletini tapa bilməyib oğurlandığını yəqin edib, mobil telefonu ilə DİN-nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Motoskleti 2019-cu ilin dekabr ayının 24-də Bayram adlı dostundan almış, motoskletin mağazadan alınma sənədləri itirildiyinə görə həmin motoskletə dövlət qeydiyyat nişanı ala bilməmiş, motosikletini həmişə həmin yerdə saxlamış, oğurluq nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi 64 nömrəli evdə yaşayır. Təxminən 3 il olar ki, motosikileti ilə kafe və restoranlardan sifariş daşımaqla kuryer xidməti göstərir. Məhəmməd Atayevi təxminən 1 il olar ki, onun kimi kuryer xidməti göstərən şəxs kimi tanıyır. Onunla münasibəti yaxşıdır. 2019-cu ilin son aylarında bazardan aldığı “Zontes klassik” markalı, iki təkərli motoskletinin sənədlərini itirdiyinə görə həmin motoskleti satıb, özünə başqa motosikilet almaq qərarına gəlmiş və bu barədə dostu Məhəmmədə bildirmiş, sonuncu da motosikleti almaq istədiyini bildirmişdir. 2019-cu ilin dekabr ayında o, həmin motosikiletini 1800 manata Məhəmmədə satmış, 2020-ci ilin fevral ayının əvvəllərində Məhəmməd ona zəng edib, həmin motosikletinin yaşadığı binanın qarşısından oğurlandığını bildirmişdir. Həmin motosikleti 2019-cu ilin noyabr ayının axırlarında tarixini dəqiq xatırlamadığı gündə Bakı şəhəri, Badamdar qəsəbəsindəki avtomobil bazarından tanımadığı şəxsdən 1250 manta almış, lakin sonradan motosikletin mağazadan alınma sənədlərini itirdiyinə görə motosikletə dövlət qeydiyyat nişanı ala bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “X7 V7” markalı, **-PT-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun bacısı Aytənin qaynıdır. Cavidlə münasibəti həmişə yaxşı olmuş, aralarında ədavəti və düşmənçiliyi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə Cavidin kiçik qardaşının vəfatının il dönmü münasibəti ilə Masallı rayonuna getməli olduğuna görə bir gün əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Cavidin xahişi ilə onu da götürüb idarə etdiyi avtomobillə həmin yas mərasiminə getmək üçün sonuncunun Binəqədi rayonu Biləcəri şossesində yerləşən təkcə kirayə yaşadığı bir otaqlı evə getmiş, həmin vaxtı otağa daxil olub, orada divara söykənili vəziyyətdə olan biri qırmızı, digəri qara rəngli iki motosiklet görmüş, lakin ona aidiyyəti olmadığını düşünüb bu barədə Caviddən heç nə soruşmayıb birlikdə Masallı rayonuna getməli olduqlarını söyləmiş, Cavid də 1-2 saatlıq işi olduğunu və həmin işi həll etdikdən sonra gedəcəklərini bildirmiş, o da yorğun olduğunu deyib, həmin müddətdə otaqdakı kresloda yatacağını söyləmiş, təxminən 10-15 dəqiqə sonra yuxuya getmiş, bundan bir müddət sonra Abşeron RPİ-nin əməkdaşlarının Cavidin kirayə yaşadığı evin sahibəsi ilə birlikdə otağa daxil olma səsinə yuxudan oyanmış, lakin həmin vaxtı Cavidi evdə görməmişdir. Həmin vaxtı polis əməkdaşlarından Cavidin otağındakı motosikletlərin oğurluq olduğunu öyrənmişdir. Polislər onun və hal şahidlərinin iştirakı ilə motosikletlərə baxış keçirib götürmüşlər. Həmin motosikletlərin kimə məxsus olduğunu və Cavidin onları haradan oğurladığını bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ-21074 markalı, **-ZF-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 1 ay əvvəl sonuncunun taksi fəaliyyəti ilə məşğul olan qohumu Şahid2 vasitəsi ilə tanımış, amma onunla yaxın münasibəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Cavid ona zəng edərək, 800 manata motosiklet aldığını demiş, ertəsi günü isə həmin motosikleti satmaq istədiyini söyləmiş, o da Caviddən təzə aldığı motoskleti nə üçün tezliklə satmaq istəməsinin səbəbini soruşmuş, sonuncu da ona Masallı rayonunda qardaşının yas mərasiminini keçirməkdən ötrü təcili pul lazım olduğuna görə satdığını bildirmişdir. Bu zaman o, Caviddən həmin motosikleti neçiyə satmasını və sənədinin olub-olmadığını soruşmuş, sonuncu da motosikletin sənədlərinin olduğunu və 500 manata satmaq istədiyini söyləmiş, o da bu barədə fikirləşib deyəcəyini bildirmişdir. Bundan sonra o, Neftçala rayonunda yaşayan və Dağıstan Respublikasında işləyən qardaşı Kərimə zəng edərək, ona motosiklet lazım olarsa ucuz qiymətə tapdığını söyləmiş, sonuncu da ona cəmi 200 manat pulunun olduğunu bildirmişdir. Bundan sonra o, Cavidə zəng edib, həmin motosikleti almağa 500 manat pulunun olmadığını deyib, bir az ucuz qiymətə satmasını xahiş etmiş, Cavid də həmin motosikleti ona 200 manata satacağını bildirib, tez yaşadığı ünvana gələrək həmin məbləğdə pulu verməsini söyləmiş, o da razılaşıb Cavidin kirayə yaşadığı ünvana getmiş və orada olan Abşeron RPİ-nin əməkdaşlarından Cavidin ona satmaq istədiyi motosikletin oğurluq yolu ilə əldə olunduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs avtomobil təmiri ustası kimi tanımış, sonuncunun motosiklet oğurlamasından və ya başqa oğurluq etməsindən heç bir məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 5096 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən qara rəngli, 2018-ci il buraxılışlı, mühərrik həcmi 125 sm/kub olan, “Mondial 125MH Motosikl” markalı, 99-B-235 dövlət qeydiyyat nişanlı motosikletin 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 2500,00 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü şöbənin icraatına daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Abşeron Rayon Məhkəməsində istintaqı aparılan ********* nömrəli digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın 6050 manatında 5700 manatını könüllü olaraq çox hissəsini ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli ittiham hökmünün icrası müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən sonuncunun az ağır cinayət törətməyə görə 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsindən yeddi il keçməsinə baxmayaraq, hökm icra icra edilməmişdir. Buna görə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli ittiham hökmünün icrası müddəti keçdiyindən hazırda cəza təyin edilərkən məhkəmə tərəfindən nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək saxlandığı 05 (beş) ay 09 (doqquz) gün olmaqla cəmi 05 ay 11 gün barəsində həbs qətimkan tədbirinin tətbiq olunması nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Abşeron Rayon Məhkəməsində istintaqı aparılan ********* nömrəli digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd, “Mondial 125MH Motosikl” markalı, 99- B-235 dövlət qeydiyyat nişanlı motosiklet ibtidai istintaq zamanı saxlanması üçün sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 25 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 150 manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək saxlandığı 05 ay 9 günü olmaqla cəmi 05 ay 11 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin (hakim Vaqif Həsənov) xx.xx.2020-ci il tarixli qərarına əsəsən istintaqı aparılan ********* nömrəli digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd, “Mondial 125MH Motosikl” markalı, 99- B-235 dövlət qeydiyyat nişanlı motosiklet ibtidai istintaq zamanı saxlanması üçün sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat məbləğdə pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-57/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-57/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver