Məhkəmə qərarları › İş №1(012)-57/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-57/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-57/2022 31.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 İlyas qızının iştirakı ilə xx xxxx 1999-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkumluğu olan, Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi, ev 5, mənzil 5-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,402 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, 20.07.2021-ci il tarixdə saat 19:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə “OBA” marketin qarşısında saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd kağıza bükülümüş təmiz çəkisi 0,402 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. Adətdən narkotik vasitə heroindən istifadə etmişdir. 20 iyul 2021-ci il tarixdə səhər vaxtı Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən istifadə etmək üçün 20 manat müqabilində siqaretin gümüşü kağızına bükülü narkotik vasitə heroin almışdır. Həmin heroini siqaret qutusunun içərisinə yerləşdirib əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən “OBA” marketin yaxınlığına gəlmişdir. Həmin zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və vəsiqələrini təqdim edərək Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər, bu səbəbdən onu Abşeron RPİ-nə dəvət etmişlər. Etiraz etməyin mənasız olduğunu başa düşüb, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra xidməti otaqda vəkilin iştirakı olmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Pall Mall” markalı siqaret qutusunun içərisində bir ədəd siqaretin gümüşü kağıza bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 iyul 2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi, ev 5, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu ilə məşğul olması və hazırda Xırdalan şəhəri, 28-ci məhəllədə “OBA” marketin yanında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2 ilə birlikdə Xırdalan şəhəri, 28-ci məhəlləyə getmişlər. Həmin vaxtı küçədə dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə gəlmişlər. Bundan sonra onlar RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün 1 ədəd siqaretin gümüşü kağızına bükülü heroin olduğunu bildirmiş və əlini əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə salıb 1 ədəd siqaret qutusunu çıxarıb içində olan 1 ədəd siqaretin gümüşü kağızına bükülünü təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə heroindir, həmin narkotik vasitəni 20.07.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 20 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb, imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 21 iyul 2021-ci il tarixli 6/2995 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X2 üzərindən aşkar olunmuş” sözləri olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,402 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,352 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ). daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 24 avqust 2021-ci il tarixli 3048 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 31.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 21.09.2021-ci il tarixli 3156 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasının 2400 manat məbləğində cərimə hissəsini ödəmiş, lakin həmin cəzanın 1100 manat hisəsi ödənilməmişdir. Aministiya aktının tətbiq edilməsi haqqında 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 1100 manat məbləğində cərimə cəzasından azad edilmişdir. Abşeron rayon polis idarəsinin 20.07.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22.07.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs il həmin tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd kağıza bükülümüş vəziyyətdə olan narkotik vasitə heroini masanın üzərinə qoyub, həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20.07.2021-ci il tarixdən 22.07.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31.01.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 81 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,352 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 240 manat məbləğdə pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20.07.2021-ci tarixdən 22.07.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31.01.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 81(səksən bir) manat 82 (səksən iki) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,352 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 240 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0000001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar