Məhkəmə qərarları › İş №1(012)-570/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-570/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-570/2021 30.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Bünyamin qızının iştirakı ilə, xx.xx.1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, Cəbrayıl rayon Uşaq Musiqi məktəbində tar müəllimi işləyən, Cəbrayıl şəhəri S.Vurğun küçəsi ev 32-də qeydiyyatda olmaqla, Bakı şəhəri Qaradağ rayonu Müşfiq qəsəbəsi ev 57-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyul 2021-ci ildə saat 01 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 13,2-ci kilometrində idarə etdiyi OPEL VECTRA minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X7» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda yolayrıcı beton piltələrin arasından yolun hərəkət hissəsinə daxil olub adi yerişlə 4,4 metr məsafə qət etmiş piyada 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan ona həyat üçün təhlükəli olan baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sağdan 5-6-7-8-ci qabırğaların və sağ baldır sümüklərinin yerdəyişən, sağ sirkə kasasının yerdəyişməyən qapalı sınıqları xəsarətlərini yetirməklə 06 avqust 2021-ci ildə saat 03:50-də «CİTİ HOSPİTAL»da ölümünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 17.08.2012-ci ildə ona 17.08.2022-ci il tarixədək etibarlı olan «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 05 iyul 2021-ci ildə saat 00:15 radələrində idarə etdiyi özünə məxsus OPEL VECTRA minik markalı 10TR208 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 13,2-ci kilometrində, küçə işıqları ilə işıqlandırılmış 2 zolaqlı yolun sağ zolağı ilə Şamaxı rayonu istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən sol tərəfdən, yəni yolayrıcı beton piltələrin arasından bir nəfər kişi adi yerişlə onun hərəkətdə olduğu yola daxil olmuşdur. Həmin anda hərəkəti üçün təhlükə yaranmış, piyada kişini vurmamaq üçün sola manevr etmiş, buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Bundan sonra tormoz edib sağa çəkərək avtomobilimi dayandırmışdır. Həmin kişi, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs xəsarət aldığı üçün tanımadığı şəxsin idarə etdiyi yol avtomobili ilə onu Respublika Xəstəxanasına aparmışdır. Həkimə həmin şəxsi idarə etdiyi avtomobillə vurduğunu demişdir. Xəstəxanadan polis əməkdaşı ilə hadisə yerinə qayıtmışdır. Hadisə yerini müstəntiqə göstərərək hadisə yerinə baxışda iştirak etmişdir. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyim avtomobildə 1 nəfər, yəni oğlu Şahid sərnişin olmuşdur. İdarə etdiyi avtomobillə vurduğu Zərərçəkmiş şəxs 06 avqust 2021-ci ildə « BAKİ CİTY HOSPİTAL»da ölmüşdür. Sonda etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Xəyyam xx.xx.1980-ci ildə Şəki rayonunun Oxud kəndində doğulmuş, orta təhsilli, evli, himayəsində 2 uşağı olmuş və ailəsi ilə birlikdə onunla bir təsərrüfatda yaşamışdır. Xəyyam "xxxx" MMC-də yük avtomobilində sürücü işləməklə «OBA» marketlərə ərzaq daşımışdır. 04 iyul 2021-ci ildə saat 17 radələrində Xəyyam yaşadığı evdən çıxaraq iş yoldaşının toyuna gedəcəyini bildirmişdir. 05 iyul 2021-ci ildə saat 01 radələrində Xəyyamın mobil telefonundan ona zəng gəlmişdir. Telefonu açdıqda Xəyyam deyil, başqa bir şəxs cavab verərək, Xəyyamı avtomobil vurduğunu və onu Respublika Xəstəxanasına apardığını bildirmişdir. Bu bədbəxt xəbəri eşidərək arvadı ilə birlikdə dərhal Respublika xəstəxanasına gedərək reanimasiya şöbəsində Xəyyamı komatoz vəziyyətdə görmüşlər. Həmin günün axşamı Respublika xəstəxanasında özünü ona Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs bildirmişdir ki, 05 iyul 2021-ci ildə saat 01 radələrində Bakı-Şamaxı- Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində idarə etdiyi OPEL VECTRA minik markalı 10TR208 dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən yolu piyada keçən Xəyyamı avtomobillə vurmuşdur. Xəyyam Respublika Xəstəxanasında 3 gün qaldıqdan sonra «Avrasiya» Klinikasına aparılmış, orada 7 gün müalicə alaraq 15 iyul 2021-ci ildə «CİTİ HOSPİTAL»a aparılmışdır. Xəyyam 06 avqust 2021-ci ildə «CİTY HOSPİTAL»da ölərək meyitini Şəki rayonunun Oxut kənd qəbiristanlığında dəfn etmişlər. Hazırda təqsirləndirilən şəxslə barışdığından ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, 05 iyul 2021-ci ildə saat 00:15 radələrində atası Təqsirləndirilən şəxs idarə etdiyi OPEL VECTRA minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturaraq Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində, küçə işıqları ilə işıqlandırılmış 2 zolaqlı yolun sağ zolağı ilə Şamaxı rayonu istiqamətində hərəkət etmişlər. Atası avtomobili 50 km/saat sürətlə idarə etmiş, bu zaman sol tərəfdən, yəni yolayrıcı beton piltələrin arasından bir nəfər kişi adi yerişlə hərəkətdə olduqları yola daxil olmuş, atası tormoz etmiş, amma buna baxmayaraq avtomobilin qabaq sağ hissəsi piyadaya dəymişdir. Həmin kişi, xəsarət aldığı üçün tanımadığı şəxsin idarə etdiyi avtomobillə atası onu xəstəxanaya aparmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 06.08.2021-ci il tarixli 86 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sağdan 5-6-7-8-ci qabırğaların və sağ baldır sümüklərinin yerdəyişən, sağ sirkə kasasının yerdəyişməyən qapalı sınıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, 05.07.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalarlamüşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə görə ölüm onun meyitinin meyitxanadakı (06.08.2021 saat 07:45) müayinəsindən təxminən 3-5 saat əvvəl, mərhumun adına tərtib olunan stasionar xəstənin tibbi kartasında qeyd olunan 06.08.2021-ci il saat 03:50-də baş verməyə uyğundur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 iyul 2021-ci il tarixli, HK-1/582 nömrəli rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində OPEL VECTRA minik markalı 10TR208 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ 07.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 05 iyul 2021-ci il tarixli, 2/8884 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. BDYPİ Qİİ-dən alınmış 07.07.2021-ci il tarixli 016-79907-1221 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 17.08.2012-ci ildə 17.08.2022-ci il tarixədək müddətə etibarlı olan AB 768846 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi 23.11.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Opel Vectra minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi veteranıdır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, 1-ci Qarabağ müharibəsi veteranı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Opel Vectra minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Bünyamin qızının oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi 180 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Opel Vectra minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Bünyamin qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi 180 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar