Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-571/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunan, işsiz, Abşeron rayonu, Hökməli qəsəbəsi, Dağlıq küçəsi 2-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni, sürücülük vəsiqəsi olmadan VAZ-2106 markalı 10- RD-716 dövlət qeydiyyat nişanlı avtomobili 40-50 km/saat sürətlə idarə edib Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 14,5-ci kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib piyada keçidi ilə yolun solundan sağına keçməkdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə piyada zolağında vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol daban sümüyünün qapalı az yerdəyişən sınığı, sağ əlin üst səthinin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 14 iyul 2022-ci il tarixdə saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan VAZ-2106 markalı 10-RD- 716 dövlət qeydiyyat nişanlı avtomobillə tək rayon istiqamətindən Bakı şəhər istiqamətinə hərəkətdə olarkən Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 14,5-ci km- də avtomobilin yolun sağ zolağı ilə təxminən 50 km/saat sürətlə hərəkətdə olduğu vaxt qarşıda piyada keçidi zolaqları ilə piyada oğlanın yolu soldan sağa doğru adi yerişlə keçdiyini görüb sükanı az sola alaraq tez piyadanın yanından ötüb keçmək istəmiş, elə həmin an avtomobilinin sol tərəfi piyadaya dəymişdir. O, tez avtomobili yolun sağ tərəfində saxlayıb aşağı düşmüş, piyadaya yaxınlaşıb əhvalını soruşmuş, piyada ona yaxşı olduğunu, bildirmiş, o, piyadaya xəstəxanaya aparılmasını təklif etmiş, piyada evinə aparılmasını xahiş etdiyi üçün piyadanı oraya toplaşan vətəndaşlarla köməkləşib avtomobilinə mindirərək Hökməli qəsəbəsində yeni məhəllədəki evinə aparmışdır. O, piyadaya özü haqqında məlumatları bildirib istifadəsində olan mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra o, piyadaya iki gündən sonra gəlib ona dəyəcəyini bildirmişdir. Lakin piyadanın evinə gedə bilməmişdir. O, qeyd etmişdir ki, hadisədən az əvvəl spirtli içki qəbul etməmiş, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur və sürücülük məktəbində oxumamışdır. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyatsızlığı üzündən baş vermişdir. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 iyul 2022-ci il tarixdə axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Hökməli dairəsinin yaxınlığında olan «Kazbek inşaat» tikinti materialları olan küçənin qarşısından yolu Bakı şəhər istiqamətli yolun kənarına doğru keçərkən orta ayırıcı zolaqda dayanıb sağdan gələn avtomobillərə baxmış, yol boş olmuş, o, piyada keçidi zolaqlarına daxil olub yolu adi yerişlə keçmək istəmiş və bir neçə addım atmış, birdən sağdan gələn ağ rəngli avtomobil onu piyada keçidi zolaqlarında vurmuşdur. Onu vuran Vaz markalı avtomobil irəlidə sağda saxlayıb geri sürmüş və sürücü aşağı düşmüş, ondan harada yaşadığını soruşmuş və onu göstərdiyi ünvana evinə aparmış, Hökməlidə yaşadığını, kasıb olduğunu deyib ondan şikayət etməməsini xahiş etmiş və gəlib ona baş çəkəcəyini bildirmiş, ondan telefon nömrəsi almış, öz nömrəsini (***-***-**-**) ona vermiş və adının Nicat olduğunu bildirmişdir. O, sürücüyə şikayət etməyəcəyini bildirmişdir. Lakin heç bir yardım etməmişdir. Ona görə də o şikayət etmişdir. Evinə aparılmasını sürücüyə o demişdir. Sonra anası ilə birgə onun evinə gəlib maddi imkanı olmadığını bildirmişlər, yenə də maddi köməklik etməmişlər. Sürücü onun müalicə xərclərinin tam ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1624 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol daban sümüyünün qapalı az yerdəyişən sınığı, sağ əlin üst səthinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin X2 xidmətindən daxil olmuş bir ədəd diskə baxış keçirilən zamanı Bakı istiqamətində hərəkət edən «VAZ 2106» markalı, 10- RD-716 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində yolun solundan sağma doğru piyada keçidi zolaqlarında hərəkət edən Zərərçəkmiş şəxs vurması, zərbədən piyadanın yerə yıxılması, sürücünün «VAZ-2106» markalı avtomobilin avtomobili hadisə yerindən qabaqda saxlayaraq avtomobili arxa-arxaya hadisə yerinə hərəkət edirib saxlaması oraya toplaşan şəxslərlə birlikdə sürücünün köməkləşərək piyada Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağına mindirərək şəhər istiqamətində hərəkət etdiyi müəyyən edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 08 avqust 2022-ci il tarixli, 8/1961 nömrəli rəyindən məlum olur ki, VAZ-2106 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Sürücü N. Vəliyev VAZ-2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3- 2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-95813-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, VAZ-2106 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qanunvericiliyə görə ehtiyatsızlıqdan törədilən cinayətə görə yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işində saxlanılmalı, VAZ- 2106 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işində saxlanılsın. VAZ- 2106 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-571/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-571/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver